Məhkəmə qərarları › İş №2-1(103)-523/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-523/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-523/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5400/2024 nömrəli, 19 iyul 2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 310 saylı sərəncamı ilə 30 sentyabr 1988-ci il tarixindən mənzil növbəsi saxlanılmaqla, yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Göründüyü kimi, onun növbəyə götürülməsindən 35 ildən yuxarı vaxt keçmişdir. İddiaçı növbəyə götürüldüyü vaxt olduğu kimi, ailə üzvləri ilə birlikdə hal-hazırda da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, yaşayış sahəsi 38 kv.metr olan 2-otaqlı 19-cu mənzilində yaşayır. Onun və ailəsinin mənzil və yaşayış şəraiti çox ağırdır. 35 ildən çox bir vaxtda onun mənzillə təmin olunması üçün heç bir hərəkət edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, Cavabdeh 01 iyun 2005-ci il tarixli, 310 saylı sərəncamına əsasən X2 mənzil uçot işi yaşayış yeri üzrə qəbul edilməklə növbəyə götürülmə tarixi xx.xx.1988-ci il saxlanılmaqla 6 nəfər ailə üzvü ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Vətəndaş İddiaçı mənzil növbəsi ümumi siyahıya əlavə edilmişdir. Hazırda RİH-də ümumi siyahıda 2003 nəfər mənzil növbəsindədir. İddiaçının umumi siyahıda 1396-cı sıradadır. Rayon İcra Hakimiyyətinin balansında mənzil yoxdur. Bu səbəbdən iddiaçının tələbinin təmin edilməsi imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5400/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, növbəyə götürülməyindən 35 ildən yuxarı vaxt keçib. Bildirir ki, növbəyə götürüldüyü vaxt olduğu kimi, ailə üzvləri ilə birlikdə hal-hazırda da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, yaşayış sahəsi 38 kv.metr olan 2-otaqlı 19-cu mənzilində yaşayır. İzah etmək lazım deyil ki, onun və ailəsinin mənzil və yaşayış şəraiti çox ağırdır. 35 ildən çox bir vaxtda onun mənzillə təmin olunması üçün heç bir hərəkət edilməmişdir. Bakı İnzibati Məhkəməsində onun iddiasına baxılarkən, vəkili tərəfindən Cavabdeh tərəfindən onun mənzil növbəsində olduğu dövrdə növbə əsasında başqa şəxslərə mənzil verilməsi məsələsinin dərindən araşdırılmasını xahiş etsə də, (məlumat üçün bildirir ki, cavabdeh məhkəmədə guya bu dövrdə heç kimə növbə əsasında mənzil verilmədiyini bildirmiş, lakin bunu əsaslandıran heç bir sübutu məhkəməyə təqdim etməmişdir), yəni başqa müvafiq orqanlardan bu barədə məlumatların məhkəmə tərəfindən tələb olunmasını xahiş etsə də, hakim işə baxılmanı təxirə salaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini təmin etmək üçün göstərilənləri araşdırmaq əvəzinə, tələsik məhkəmə baxışı iclası təyin edərək, tələsik qərar çıxarmaqla, qanunun ona verdiyi hüquqlarından istifadə etməyi üçün ona şərait yaratmamışdır. Əslində hakim göstərilənləri nəzərə alaraq, işin ədalətli həllinin təmin olunması üçüm zəruri sübutların toplanmasını təmin etmək məqsədi ilə məhkəmə iclasını təxirə salaraq, bu sübutların əldə olunması üçün tədbirlər görməli idi. Bu hərəkətləri ilə hakim onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuş və onun işə Bakı İnzibati Məhkəməsində baxılarkən təqdim etdiyim sübutlar məhkəmədə araşdırılmadan və digər sübutların araşdırılması üçün şərait yaradılmadan, ədalətsiz qərar qəbul olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşdə olan və məhkəmə iclasında tədqiq edilən Nərimanov Rayon XDS İk-nın xx.xx.1988-ci il tarixli 25/534a nömrəli qərarından görünür ki, X4 5 nəfər ailə üzvü ilə (özü, əri, 3 uşağı) mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 208 saylı sərəncamından görünür ki, vətəndaş X3 ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil uçotunun yaşayış yeri üzrə Cavabdehnə köçürülməsini xahiş etmişdir Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 30.09 1988-cı il tarixli 25 №li Qərarına əsasən 5 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, 2 qızı) iş yeri üzrə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin "xxxx" MMC-də mənzil növbəsinə götürülmüşdür. O xx.xx.2003-cü il tarixdə ştat cədvəlindəki ixtisarla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin «b» bəndinə əsasən işdən azad edilmişdir. Hazırda 6 nəfərlik ailə tərkibi ilə (özü, əri, 2 oğlu, 2 qızı) Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsindəki 27 saylı evin yaşayış sahəsi 38,0 kv.m olan 2 otaqlı 19-cu mənzilində yaşayır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti BTİM MMC-nın rəhbərliyinin və Həmkarlar İttifaq Komitəsinin 23 02 2005-ci il tarixdə keçirilmiş birgə iclasında vətəndaş İddiaçı mənzil uçotunun yaşayış yeri uzrə Cavabdehnə köçürülməsi məqsədəuyğun hesab edilmişdir. Buna görə də həmin sərəncama əsasən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti BTİM MMC-nin rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2005-cı il tarixdə keçirilmiş birgə iclasının protokolu təsdiq edilmiş və vətəndaş X1 mənzil uçot sənədlərinin Azərbaycan Gözdən Əlillər Cəmiyyəti BTİM MMC-dən əvvəlki ış yerində uçota götürülmə tarixi saxlanılmaqla yaşayış yeri uzrə Cavabdehnə köçürülməsi qərara alınmışdır. Bakı şəhər Cavabdeh xx.xx.2005-ci il tarixli 310 saylı sərəncamından görünür ki, vətəndaş X4 5 nəfər ailə üzvü ilə (özü, h/yoldaşı, oğlu və 2 qızı) Nərimanov rayon XDS İKnin xx.xx.1988-ci il tarixli, 25 saylı qərarı ilə iş yeri (Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin "xxxx" MMC) üzrə mənzil növbəsinə götürülmüşdür. X4 xx.xx.2003-cü il tarixdə ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilmişdir. Halhazırda o, 6 nəfər ailə üzvü ilə (özü, h/yoldaşı, 2 oğlu və 2 qızı) Sabunçu rayonu, Aydınbəyov küçəsində yerləşən 27 saylı evin, yaşayış sahəsi 38,0 kv.metr olan 2 otaqlı 19-cu mənzilində yaşayır. X2 əvvəllər işləmiş olduğü müəssisənin müdiriyyəti və HİK-si onun mənzil uçot işinin yaşayış yeri üzrə Cavabdehnə köçürülməsi barədə qərar qəbul etmiş və həmin qərarın təsdiq olunmasını Nərimanov rayon İcra Hakimiyyətindən xahiş etmişlər. Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 208 saylı sərəncamı ilə müəssisə müdiriyyəti və HİK-nin qərarı təsdiq edilərək, İddiaçı mənzil növbəsinə götürülmə tarixi saxlanılmaqla mənzil uçot işinin Cavabdehnə köçürülməsi qərara alınmışdır. Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı xx.xx.2005-ci il tarixli, M-61 saylı məktubla vətəndaş İddiaçı mənzil uçot işinin yaşayış yeri üzrə qəbul edilməsinə köməklik göstərilməsi barədə Cavabdeh Başçısına müraciət etmişdir. Göstərilənlərə əsasən, həmin sərəncam ilə X2 mənzil uçot işi yaşayış yeri üzrə qəbul edilməsi, onun əvvəlki növbəyə götürülmə tarixi (xx.xx.1988-ci il) saxlanılmaqla 6 nəfər ailə üzvü ilə (özü, h/yoldaşı, 2 oğlu və 2 qızı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və onun mənzil növbəsi ümumi siyahıya əlavə edilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbində 1988-ci ildən etibarən mənzil uçotuna alındığını bildirməklə onun cavabdeh tərəfindən mənzillə təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.(48.1, 48.2) Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (56.1) Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir (56.3). İddia ərizəsindən görünür ki, iddiaçı ona növbədənkənar yaşayış sahəsi verilməli olmasını iddia etmir. Mənzil Məcəlləsinin tələbinə görə də o və ailə üzvləri 56.2-ci maddədə nəzərdə tutulan növbədənkənar yaşayış sahəsi verilməli olan şəxslər kateqoriyasına aid deyillər. İddiaçı 35 ildən artıq mənzillə təmin olunmadığını iddia edərək onun mənzillə təmin edilməsini xahiş edir. Lakin işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uzun illərdir vətəndaşlara mənzil verilmədiyindən sonuncu dəfə hansı tarixdə mənzil verilməsi barədə RİH-də məlumat yoxdur. Həmçinin Cavabdeh balansında boş mənzil yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mənzillə təmin edilməsi üçün onun balansında boş mənzil olmalı və həmin mənzillər növbəlilik qaydasında mənzil uçotuna alınmış şəxslərin istifadəsinə verilməlidir. İşdən görünür ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmış şəxslərin istifadəsinə verməsi üçün boş mənzili yoxdur, həmçinin belə bir mənzil fondu olsa belə, iddiaçı mənzil uçotuna alınmış 2003 nəfərdən 1396-cıdır və yalnız siyahıda əvvəlki 1395 nəfər mənzillə təmin edildikdən sonra İddiaçı mənzillə təmin edilmək hüququ yaranacaqdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə Cavabdehnə sorğu ünvanlanaraq 2005-ci ildən sonra tərəflərindən mənzil növbəsində olan şəxslərə mənzil verilib-verilməməsi barədə, əgər verilmişdirsə bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin, o cümlədən 2005-ci ildən sonra mənzil komissiyasının keçirdiyi iclaslarla bağlı protokolların məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 03 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 2005-ci ildən sonra Cavabdeh tərəfindən mənzil növbəsində olan şəxslərə mənzil verilməsi barədə məlumat yoxdur, əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Daha sonra AR Milli Arxiv İdarəsinə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, 2005-ci ildən sonra Cavabdeh tərəfindən mənzil növbəsində olan şəxslərə mənzil verilmişdirsə, bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin, o cümlədən 2005-ci ildən sonra mənzil komissiyasının keçirdiyi iclaslarla bağlı protokolların, həmçinin Cavabdehnə yenidən sorğu ünvanlanaraq son 5 il ərzində (5 ili tamam olmamış) mənzil komissiyasının keçirdiyi iclaslarla bağlı protokolların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. AR Milli Arxiv İdarəsinin sorğuya 04 mart 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər kağız əsaslı olmaqla mövcuddur, odur ki, əldə etmək istədiyiniz informasiyanın həcmi iri olduğundan və sənədlər çoxluq təşkil etdiyindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 21.2.3.-cü bəndinin (“sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa...”) tələbinə əsasən xahişinizin müsbət həlli imkan xaricindədir. Cavabdeh 19 mart 2025-ci il tarixli sorğuya cavab məktubu ilə Sabunçu RİH başçısının yanında Mənzil məsələləri üzrə Komissiyanın iclasının protokolundan çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş protokollar mənzil növbəsində olan şəxslərə mənzil verilməsi ilə deyil, müxtəlif şəxslərin ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi ilə bağlı olmuşdur. Daha sonra AR Milli Arxiv İdarəsinə yenidən sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, 2005-2006-cı illər üzrə Cavabdeh tərəfindən mənzil növbəsində olan şəxslərə mənzil verilmişdirsə, bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin, o cümlədən 2005-2006-cı illər üzrə mənzil komissiyasının keçirdiyi iclaslarla bağlı protokolların məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 10 aprel 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər kağız əsaslı olmaqla müvafiq İcra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır, 2005-2006cı illərə dair arxiv sənədləri çoxluq təşkil etdiyindən və əldə etmək istədiyiniz arxiv sənədi barədə dəqiq məlumat verilmədiyindən xahişinizin müsbət həlli imkan xaricindədir, Mənzil Komissiyasının protokolları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsində icraat zamanı verilmiş sorğularla da 2005-ci ildən sonra cavabdeh inzibati orqan tərəfindən mənzil növbəsində olan şəxslərə mənzil verilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5400/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar