Məhkəmə qərarları › İş №2-1(103)-524/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-524/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-524/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı “çıxarışın ləğv edilməsi və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(81)-3958/2019 saylı qərardadından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinası qanunsuz hesab edilməklə, ünvan 1 ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyriyaşayış binasına dair “xxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsi, çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi “xxxx” ASCnin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 3958/2019 saylı iddiaçının ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək «xxxx» ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78- 06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19 iyun 2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 965 kvadrat metr sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 06.02.2020-ci il tarixli,2-1(112)-273/2020 saylı qərardadı ilə “xxxx” ASC-nin üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hərracın nəticələrinin və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmiş, Ali Məhkəmə tərəfindən mübahisə ilə bağlı yekun qərar qəbul edilmişdir. İddiaçı eyni tələblə bağlı həm Nəsimi rayon Məhkəməsinə, həm də hazırkı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, hər iki iş üzrə iddianın təmini tədbiri olaraq “xxxx” ASCnin mülkiyyətində olan əmlaka məhdudiyyət qoyulmasına nail olmuşdur. İddiaçının məqsədi işi yubatmaq, süründürməçiliyə yol vermək və bununla da, əmlak sahibinə mülkiyyət hüququndan istifadə etməklə əmlaka dair hər hansı hərəkətlərin edilməsinə maneçilik yaratmaqdır. İddiaçının məqsədi qərəzlidir və əsassız olaraq ayrı-ayrı məhkəmələrə ayrıayrı tələblə müraciət edərək iddianın təmini tədbiri kimi əmlakın üzərinə həbs qoydurmaqla hüququndan sui-istifadə edir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.06.2020-ci il tarixli, 2- 1(103)-1002/2020 saylı qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2176/2020 saylı, 04.11.2020-ci il tarixli qərarı ilə üçüncü şəxsin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 2-1(103)-1002/2020 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, binanın müəyyən edilmiş qiyməti ilə bağlı iddiaçı məhkəmələrdə iddia qaldırmış, lakin son nəticə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2(102)-8358/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, yəni, həmin mülki işin yekun nəticəsi iddiaçının əleyhinə olmuş və Ali Məhkəmənin adıçəkilən qərarı qanuni qüvvəyə minmişdir. Lakin hazırkı işə baxmış məhkəmələr sözügedən məsələni nəzərə almamış, yəni, iddiaçının hazırkı iddiasını onun mümkün olub-olmaması baxımından ümumiyyətlə araşdırmadan (İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsi), tələm-tələsik müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə 23 sentyabr 2019-cu il tarixli qərardad qəbul etmişdir. İnzibati-prosessual hüquq normalarından göründüyü kimi, nəyinsə üzərinə «həbs qoymaq» kimi müdafiə xarakterli müdafiə tədbiri ümumiyyətlə inzibati prosessual qanunvericiliklə müəyyən edilməmişdir (İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsi), yəni, burada məhkəmələr kobud prosessual pozuntuya yol vermişdir. Hazırkı mübahisənin mahiyyəti cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 965 kvadrat metr sahəsi olan qeyri-yaşayış binasına dair «xxxx» ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19 iyun 2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsi, çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədədir. İş materiallarından göründüyü kimi, “xxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmaqla “xxxx” ASC və Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qətnaməsinə əsasən qeyri-yaşayış binasına tələb yönəldilməklə hərracdan satılması qət edilmişdir. İddiaçının mübahisələndirdiyi sözügedən qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarış üçüncü şəxsə açıq hərracın keçirilməsi nəticələrinə əsasən verilmişdir. Binanın müəyyən edilmiş qiyməti ilə bağlı iddiaçı məhkəmələrdə iddia qaldırmış, lakin son nəticə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2(102)-8358/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, yəni, həmin mülki işin yekun nəticəsi iddiaçının əleyhinə olmuş və Ali Məhkəmənin adıçəkilən qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İPM-nin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonramüvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Bu normadan göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqlarının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi tətbiq oluna bilər. İPM-nin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin hər iki normada işin faktiki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) tələb edilmişdir. Həmin normaların tələbinə, əsasən müvəqqəti xarakterli müdafiə tədbiri barədə məsələ həll olunarkən ilk növbədə iddiaçının hansı növ və hansı mahiyyətli iddia qaldırdığı müəyyən olunmalıdır. Çünki bu, hansı qaydaları rəhbər tutmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunacağını müəyyən edir. Müvəqqəti xarakterli müdafiədən istifadə haqqında ərizə üzrə qərar işin konkret (faktiki) və hüquqi hallarının qiymətləndirilməsi əsasında qəbul edilir. Məhkəmə müvəqqəti xarakterli müdafiədən istifadə haqqında ərizəni yoxlayarkən işin hallarını ümumi şəkildə araşdırmalı və qiymətləndirməlidir. Bu prosesdə sübutların ayrı-ayrı tədqiq edilməsi, yeni sübut növlərinin axtarılması və ya bu qəbildən olan məsələlərin həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20 aprel 2015-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən,məhkəmə müvəqqəti xarakterli müdafiə qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkindirmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən,işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük halda ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul ediməsi üçün əsas kimi müəyyən olunmuşdur. Hazırkı iş üzrə İPM-nin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük halda ehtimalla uğurlu olacağı qənaətinə gəlinmədiyindən, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı olmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, inzibati-prosessual hüquq normalarından göründüyü kimi, nəyinsə üzərinə «həbs qoymaq» kimi müdafiə xarakterli müdafiə tədbiri ümumiyyətlə inzibati prosessual qanunvericiliklə müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi qərardadı ləğv edilməli, “İşə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi “xxxx” ASCnin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması” barədə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 3958/2019 saylı qərardadı ləğv edilsin. “İşə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi “xxxx” ASCnin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması” barədə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar