Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-524/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağa mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağa mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X3 və İstismarı-Birliyinin xx.xx.2006-cı il tarixli, 27765 nömrəli müqaviləsinə və xx.xx.2006-ci il tarixli, 12 nömrəli protokoluna əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan, 1538 A nömrəli bağ sahəsi İddiaçı 2020-ci il tarixdə vəfat etmiş əri, X6 adına ayrılmışdır. Qeyd edilən ünvanda yerləşən 1538 A nömrəli bağın ərazisində 72,45 kv.m sahəsi olan bağ evi inşa edilmiş, ərinin vəfatından sonra bağ evi yararsız hala düşmüş, lakin həmin bağ hal-hazırda mübahisəsiz olaraq İddiaçı istifadəsindədir. “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı İddiaçı 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri 1 saylı Notariat ofisinə ərizə ilə müraciət etmiş və Bakı şəhəri 1 saylı Notariat ofisinin 28 iyul 2022-ci il tarixli, 529 nömrəli arayışına əsasən adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2. maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı, 2020-ci il tarixdə vəfat etmiş X6 adına ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum S.Hacıyevə məxsus olması haqqında arayışın verilməsi barədə ********** nömrəli ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********44 saylı məktubu ilə mahiyyəti üzrə cavab verməmiş və mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçı tərəfindən onun hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə idarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********35 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********78 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********44 xaricolma nömrəli məktublarla cavab verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritiəyə uyğun aparılmamışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, təqdim edilmiş 27765 saylı müqavilədə qeyd olunan yaşayış evi yararsız vəziyyətdədir. Etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X24 Hacı-baba qızı zəruri cəlbetmə qaydasında iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və 3-cü şəxs X24 Hacı-baba qızı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, X3 və İstismarı-Birliyinin xx.xx.2006-cı il tarixli, 27765 nömrəli müqaviləsinə və xx.xx.2006-ci il tarixli, 12 nömrəli protokoluna əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan, 1538 A nömrəli bağ sahəsi İddiaçı 2020-ci il tarixdə vəfat etmiş əri, X6 adına ayrılmışdır. İddiaçı həmin sənədlərə istinad edərək, torpaq sahəsinin mərhum ərinə məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: İşin faktiki hallarından görünür ki, xx.xx.1987-ci il tarixli 17340 nömrəli müqaviləyə əsasən Ləhiş bağ sahəsində 0,25 ha ölçülü 1539 nömrəli bağ sahəsi X4 uzunmüddətli istifadəsinə verilmişdir. V.Əliyev tərəfindən Baş bağlar birliyinin rəisinə ünvanlanmış xx.xx.1990-cı il tarixli ərizədə o, adına Ləhiş sahəsində olan 1578 nömrəli bağlın 0,12 hektarını və evin hissəsini bacanağı X7 adına keçirilməsini xahiş etmişdir. S.Əliyeva tərəfindən Baş bağlar birliyinin rəisinə ünvanlanmış xx.xx.1990-cı il tarixli ərizədə o, Ləhiş sahəsində olan 1578 nömrəli bağın 0,12 hektarının, evin hissəsinin X7 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bağ sahəsinə münasibətdə bölgü sxemi tərtib edilmiş, sxemdə bağ sahələrinin nömrələri 1538 A (sahəsi 0,12 ha) və 1538 (sahəsi 0,1144 ha) olaraq qeyd edilmişdir. Yol sxematik təsvirdə öz əksini tapmışdır. Cizginin arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Bağın icarəyə verilməsi haqqında 17340 nömrəli müqaviləyə (bağ 1538) əsasən Ləhiş qəsəbəsində 0,12 ha bağ sahəsi X5 verilmişdir. X15 Baş bağlar birliyinin rəisinə ünvanlanmış xx.xx.1990-cı il tarixli ərizəsində X4 adına olan Ləhiş bağlar sahəsindən 1578 nömrəli bağın 0,12 hektarının, evin hissəsinin onun adına keçirilməsini xahiş etmişdir. Bağın icarəyə verilməsi haqqında 27765 nömrəli müqaviləyə (bağ 1538 a) əsasən Ləhiş qəsəbəsində 0,12 ha bağ sahəsi X9 verilmişdir. X2 idarəsinin rəisinə xx.xx.2006-cı ildə ərizə ilə müraciət edərək, mərhum atası X10 adına olan 1538 a saylı bağın onun adına keçirilməsini xahiş etmişdir. X1 idarəsinə ərizə ilə müraciət edərək 1538 a saylı bağın qardaşı S.Hacıyevin adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. X12 Bakı şəhəri X3 və istismarı birliyinin rəisinə xx.xx.2006-cı il tarixli ərizə ilə müraciət edərək qardaşı Y.Hacıyevin adına olan 1538 a saylı bağın qardaşı oğlu S.Hacıyevin adına keçirilməsinə etiraz etmədiyin bildirmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının X3 və istismarı Birliyi ilə bağlanmış Ləhiş ərazisindəki 1538a nömrəli bağlı istifadəyə verilməsi haqqında 27765 nömrəli xx.xx.2006-cı il tarixli müqavilə əsasında, Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha sahəsi olan 1538 a nömrəli bağ X8 verimişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək sözügedən torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətində o hallara istinad etmişdir ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bağın istifadəyə verilməsi haqqında müqaviləyə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, bundan başqa, sözügedən müqavilə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından qeyd olunan müqavilə mötəbər sənəd kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd qismində müqavilənin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, 1538 a saylı bağ sahəsinə dair Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.m-dir. 1538 və 1538a saylı bağ sahəsi ümumi ərazidə göstərilir. Sahədə hasarlanma, mərzçəkmə işləri aparılmayıb, ara sərhəddi yoxdur. Bağ sahəsinin sərhədləri arxiv cizgisinə və sxematik xəritəyə uyğun hasarlandıqdan, məzrçəkmə işləri aparıldıqdan sonra ərizəyə yenidən baxılması məqsədəuyğundur. 1538 saylı bağ sahəsinə dair Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, vətəndaş tərəfindən sahədə hasarlanma işləri aparılmamışdır. 1538 və 1538 a saylı bağ kimi göstərilən sahələrin künc döngə nöqtələrinə mişar daşı qoyulmuşdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağ sahəsinin faktiki vəziyyətinə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək müayinə aktının və ətrafda yerləşən bağ sahələrinin qeydiyyatdan keçib-keçməməsini özündə əks etdirən ortofotogörüntünün məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş 14 yanvar 2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, 1538 və 1538 a saylı bağ kimi göstərilən sahələrin sərhədləri 3 daş hündürlüyündə 40 sm enində mişar daşı düzülərək ayrılıb. (Vətəndaşın nümayəndəsi hər iki sahənin özlərinə aid olduğunu və sahədən 1538 saylı bağ sahəsi olduğu bildirilən sahəyə şərti keçid yolu olduğu bildirilir.) Bağ sahələrinin naturada yerləşməsi bağların yerləşmə ardıcıllığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bağ sahələrinin sərhədləri arxiv cizgisinə və sxematik xəritədə göstərilənlərə uyğun ayrılmayıb. Göstərilən sahədə bağın icarə müqaviləsində və arxiv cizgisində göstərilən ölçülərə uyğun gələn ev yaşayışa yararsız vəziyyətdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq müqavilə əsasında mübahisəli bağ sahəsi mərhum S.Hacıyevin istifadəsinə verilmişdir, həmin bağ ondan öncə atasının sahibliyinə və istifadəsinə verilən zaman qonşu bağ sahəsi ilə bölgüsü aparılmış, sxematik təsvir və cizgi tərtib edilmişdir. Hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin bölgü sxemi cavabdehin arxivində mövcuddur. Arxiv nüsxələri məhkəməyə təqdim edilmişdir. Belə olan halda cavabdeh heç bir əsas olmadan formal tələblərdən çıxış edərək iddiaçının müraciətinə imtina verməklə qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan hallarla əlaqədar mötəbər sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin vəsatəti əsasında X24 Hacı-baba qızı zəruri cəlbetmə qaydasında iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilsə də, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin və iddiaçının iddia etdiyi torpaq sahələri fərqlidir. Həmçinin üçüncü şəxsin məhkəməyə ünvanladığı notariat qaydada təsdiq edilmiş **********693 nömrəli ərizədə də qeyd olunmuşdur ki, İddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir, bundan əlavə “Ləhiş” bağlar massivində yerləşən 1538 A nömrəli bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir. Beləliklə, nə qədər ki, bağ sahəsinin digər şəxslərin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması halı mövcud deyil, həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən müqavilə ləğv olunmamışdır və hazırda qüvvədədir, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifələrinə aiddir, cavabdeh inzibati orqanın qeyd edilən əsaslarla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağa mülkiyyət hüququnun iddiaçının əri mərhum X8 məxsus olması haqqında arayışın verilməsindən imtinası qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi torpaq sahəsinin mərhum X8 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquq müəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X8 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağa mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-524/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-524/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver