Məhkəmə qərarları › İş №2-1(103)-525/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-525/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-525/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(81)-4643/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni 28.06.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.09.1984-cü il tarixdən hal-hazıradək Heydər Əliyev adına Bakı X9nda işləyir. 10.05.1988-ci il tarixdən 06.07.1989-cu il tarixədək texnoloji nasosların maşinisti vəzifəsində işləmiş, 06.07.1989-cu il tarixdən halhazıradək texnoloji qurğuların operatoru vəzifəsində işləyir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilrə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (Kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması” katalik riforminqin, şistin və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidroenlərin saflaşdırılması üzrə: texnoloji qurğuların operatorları – 11000000-16081; texnoloji nasosların maşinistləri 11000000-142599) öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 21 ildən çox ümumi və 17 ildən çox xüsusi iş stajı vardır. Tərəfindən cavabdehə müraciət edilərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin “a” bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə “Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: “a” bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli öz qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən ona münasibətdə onun iş stajına topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə də, 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin 28.06.2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4643/2019 saylı, 18 dekabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, X3 52 yaşdan, yəni 28.06.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4643/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-994/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlanılmışdır. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1961/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 994/2020 saylı, 17 iyun 2020-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə iddiaçının çalışdığı peşə məlum 1 nömrəli Siyahıda “11000000-14259” kodu altında qeyd edilib. Halbuki “texnoloji nasosların maşinistləri” peşəsi “2 neft-qaz və qaz kondensatının hasilatı” alt-başlığına daxildir. İddiaçının çalışdığı zavod isə neftin, qazın hasilatı ilə məşğul deyildir. Odur ki, İdarənin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə 28 oktyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Apelyasiya məhkəməsi qərarında iddiaçının əmək kitabçasında qeyd edilmiş “Heydər Əliyev adına X9”nda çalışdığı “texnoloji qurğuların operatoru və texniki qurğuların maşinisti” peşələrinin “neftin qazılması və hasilatı neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” sahəsinə aid olduğunu bildirmiş, lakin gəldiyi nəticəni əsaslandırmamışdır. ii) İddiaçının əmək kitabçasında qeyd edilən peşəsi 1 saylı Siyahıda Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan X bölmədə, 3-cü yarımbölmədə qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilən peşələri ilə 1 saylı Siyahıda olan X bölmə və 3-cü yarımbölmədə göstərilən “texnoloji qurğuların operatoru və texniki qurğuların maşinisti” peşələrinin üst-üstə düşməsi üçün məhz iddiaçının bu bölmədə qeyd edilən Sahədəki peşədə fəaliyyət göstərməsi təsdiq edilməlidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) 01.01.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın 10-cu “Neft emalı” bölməsinin 11000000-16081 və 11000000-14259 peşə kodlarında göstərilmiş peşə üzrə güzəştli şərtlərlə işləmişdir. Onun 01.01.2006-cı il tarixədək 21 ildən artıq ümumi, 17 ildən artıq xüsusi əmək stajı vardır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən İddiaçı barəsində verilmiş SOCAR**********80020123X00147 nömrəli, 05 iyul 2019-cu il tarixli arxiv arayışdan görünür ki, iddiaçı 10.09.1984-cü ildən (işə qəbul əmri 188/şh, 10.09.1984-cü il) 23.11.1985-ci ilədək “XXİİ qurultay” adına Bakı X9 3 saylı texnoloji sexdə çilingər-şagird peşəsində işləmişdir. 23.11.1985-ci ildə (işdən çıxma əmri 206/şh, 25.11.1985-ci il) hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilib. 08.01.1988-ci ildən (işə qəbul əmri 5/şh, 08.01.1988-ci il) 01.03.1988-ci ilədək “XXİİ qurultay” adına Bakı X9 3 saylı texnoloji sexdə texnoloji qurğu operatoru peşəsində işləmişdir. 01.03.1988-ci ildən (işə qəbul əmri 67/şh, 04.03.1988-ci il) 10.05.1988-ci ilədək “Xİİ qurultay” adına Bak X9 5 saylı texnoloji sexdə əmtəə operatoru peşəsində işləmişdir. 10.05.1988-ci ildən (işə qəbul əmri 118/şh, 12.05.1988-ci il) 01.11.1988-ci ilədək “XXİİ qurultay” adına Bakı X9 5 saylı texnoloji sexdə texnoloji nasos maşinsti peşəsində işləmişdir. 01.11.1988-ci ildə (işə qəbul əmri 249/şh, 01.11.1988-ci il) 06.07.1989-cu ilədək “XXİİ qurultay” adına Bakı X9 5 saylı texnolji sexin 501 saylı texnolji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji nasos maşinisti peşəsində işləmişdir. 06.07.1989-cu ildən (işə qəbul əmri 144/şh, 11.07.1989-cu il) 01.10.2007-ci ilədək “Azərneftyağ” X9 5 saylı texnoloji sexin 501 saylı texnoloji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X.11000000-16081, 11000000-14259 bölmələrinə əsasən xüsusi zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. 01.10.2007-ci ildən (işə qəbul əmri 724/k, 01.10.2007-ci il) 25.06.2015-ci ilədək “Azərneftyağ” X9 5 saylı texnoloji sexin 51 saylı texnoloji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji qurğu operatoru peşəsində işləmişdir. 25.06.2015-ci ildə əmrlə SOCAR/15-1700/8-04-002000 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən tərəflərin razılığı ilə “Heydər Əliyev” adına X9nu 23 saylı texnoloji sahənin 501 saylı qurğusuna texnoloji qurğu operatoru peşəsinə keçirilib. Azərbaycan Respublikası Nazirlər kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X9 tərəfindən verilmiş güzəştli şərtlərlə pensiya hüququ haqqında arayışdan görünür ki, “Azərneftyağ” X6 fəhlələrinin ştat cədvəlində bütün adlardan və ixtisaslardan olan peşələrin adlarının Vahid Tarif-İxtisas; Sorğu Kitabçasına (VTİSK) uyğun olaraq düzgün adlandırılması məqsədilə 2007-ci ildən etibarən köhnə adla “texnoloji qurğu üzrə əməliyyatçı” peşəsi VTİSK-na uyğun olaraq texnoloji qurğuların operatoru adlandırılmışdır Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən texnoloji nasos maşinisti və texnoloji qurğu operatoru (əməliyyatçısı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın 10-cu “Neft emalı” bölməsinin 11000000-16081 və 11000000-14259 kodlarında göstərilmiş peşə ilə üst-üstə düşür. Lakin iddiaçının çalışdığı texnoloji qurğuların operatorları və texnoloji nasosların maşinistləri peşələri birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının 10-cu “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin müvafiq olaraq 11000000-16081 və 11000000-14259 kodlarında göstərilmiş peşələrlə deyil, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİ bölməsinin “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin “2130301a—16081” kod altında göstərilmiş “texnoloji qurğuların operatorları” və “2130200a—14259” kod altında göstərilmiş “texnoloji nasosların maşinistləri” peşələrinə uyğundur. Apellyasiya baxışı zamanı nümayəndəsi və iddiaçı özü də məhkəmə iclasında izahatı zamanı dənizdə işləmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən bunu nəzərə almamış, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olmasını qeyd etsə də, bu mövqeyini əsaslandırmamış, hansı səbəbdən iddiaçının çalışdığı peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahısında qeyd olunmuş peşələrə aid edildiyini göstərməmişdir. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahısında nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilməsindən cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 52 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(81)-4643/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4643/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar