Məhkəmə qərarları › İş №2-1(103)-525/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-525/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-525/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-8953/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10 ünvanına yerləşən 19,6 kv.m qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi onun qanuni istifadəsindədir. Qeyri-yaşayış sahəsinin iddiaçıya ayrılması müvafiq olaraq həmin dövrdə səlahiyyətli şəxs tərəfindən həyata keçirilmişdir. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh heç bir hüquqi əsas olmadan müraciətin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, təqdim edilmiş sənədlər əsasında cavabdeh inzibati orqan tərəfindən qeyri-yaşayış sahəsi üzərində onun hüquqları qeydiyyata alınmalıdır. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinin dövlət əmlakı olubolmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi 4 (dörd) mərtəbəli yaşayış binası Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət əmlakıdır. Bundan başqa, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2743 nömrəli sərəncamında Puşkin küçəsi, 10 №-li evin həyətində giriş hissəsində olan qeyri-yaşayış sahəsindən qaraj kimi istifadə etmək üçün icazə verildiyi, icarə müqaviləsinin bağlanması rayonun MTİ-nə tapşırılması qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-8953/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2743 nömrəli sərəncamı əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil. Belə ki, sərəncam Puşkin küçəsi, 10 №-li evin həyətində giriş hissəsində olan qeyri-yaşayış sahəsindən qaraj kimi istifadə etmək üçün icazə verilməsi barəsindədir. Qeyd olunanların və müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 20 iyun 2022-ci il tarixli, 2-1(112)-8953/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi öz nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin təmin edilməməsi, brinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini, səhhəti ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, qanuni sahibliyində olan əmlakın fotoşəkillərini əlavə etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanında yerləşən 19,6 kv.m qeyri-yaşayış sahəsinin üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2743 nömrəli sərəncamının əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olmamasına, sərəncamın Puşkin küçəsi, 10 №-li evin həyətində giriş hissəsində olan qeyri-yaşayış sahəsindən qaraj kimi istifadə etmək üçün icazə verilməsi barəsində olmasına istinad edilməklə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin dövrdə icra hakimiyyətinin başçısı və ya Mənzil Təsərrüfat İdarəsi tərəfindən iddiaçı ilə qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanılmaması, qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi kimi qiymətləndirilməsi və bu pozuntuların vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməli olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2743 nömrəli sərəncamının əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olmaması, sərəncamın Puşkin küçəsi, 10 №-li evin həyətində giriş hissəsində olan qeyriyaşayış sahəsindən qaraj kimi istifadə etmək üçün icazə verilməsi barəsində olması ilə bağlı olmuşdur. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Həmin Qanunun 32.2-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Bundan başqa iddiaçı hal-hazırda qeydiyyatdan keçirməsini istədiyi qeyri-yaşayış sahəsinə istifadə hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ müvafiq olaraq yerli icra hakimiyyətinin sərəncamı ilə rəsmiləşdirilmişdir. Səbail rayon İcra Hakimiyyətinin Başçısının 09 iyun 1992-ci il tarixli, 2743 №-li Sərəncamından görünür ki, Puşkin küçəsi 10 №-li evin həyətinə giriş hissəsində qaraj və təsərrüfat məqsədi ilə istifadə etmək üçün Q.O.Ocaqova verilmiş qeyri-yaşayış sahəsinin bir hissəsi qaraj təşkil etmək üçün İddiaçı verilməsi, onunla icarə müqaviləsinin bağlanması rayonun MTİ-nə tapşırılması qərara alınmışdır. Göründüyü kimi yerli icra hakimiyyəti orqanı qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsində öz iradə ifadəsini nümayış etdirmişdir ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddiaçının müraciətinin təmin olunmasını həyata keçirməmişdir. Cavabdeh qeyri-yaşayış sahəsinə münasibətdə Mənzil Kommunal Təsərrüfat Birliyi ilə iddiaçı arasında icarə müqaviləsinin bağlanılmamasına və hazırda qeyri-yaşayış sahəsinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət əmlakı olmasına istinad etsə də, məhkəmənin qənaətinə görə bu hal iddiaçının ziyanına şərh olunmamalıdır. Belə ki, doğrudur ki, yuxarıda adıçəkilən Sərəncam ilə MTİ-nə (hazırda Mənzil-Kommunal Təsərrüfatı Birliyinə) qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanılması tapşırılmışdır. Həmin dövrdə, yəni qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verildiyi tarixdə icra hakimiyyətinin başçısı vətəndaş ilə icarə müqaviləsi bağlamaq səlahiyyətinə malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsinin q) hissəsinə əsasən icra hakimiyyətinin başçısı hüquqi şəxslərlə və vətəndaşlarla icarə müqavilələri və digər təsərrüfat müqavilələri bağlamaq səlahiyyətinə malik olmuşdur. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan normativ hüquqi aktların tələbləri bilavasitə vətəndaşlar ilə icarə müqaviləsinin bağlanılması səlahiyyətini icra hakimiyyətinin başçısının səlahiyyətlərinə aid etməsini təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrdə icra hakimiyyətinin başçısı və ya Mənzil Təsərrüfat İdarəsi tərəfindən iddiaçı ilə qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanılmaması, qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi kimi qiymətləndirilməli və bu pozuntular vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. İcra hakimiyyəti dövlət orqanı qismində çıxış edərək qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsini öz iradə ifadəsi ilə nümayiş etdirmiş, bununla da iddiaçı dövlət orqanının hərəkətlərinə etimad göstərərək qeyri-yaşayış sahəsinin ona məxsus olduğu və gələcəkdə həmin əmlak üzərində mülkiyyət hüquqlarının reallaşdırmaq hüququna nail ola biləcəyi qənaətinə gəlmişdir. Beləliklə, iddiaçı yerli icra hakimiyyəti orqanının sərəncamına istinad edərək cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminini həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-8953/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar