Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-525/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X14, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspubliкаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarına uyğun olaraq X8 təsisçilikdən çıxarılması və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2005-ci il tarixdə 0105-P116-42908 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmində hər biri 1 manat olmaqla 20 paydan ibarət olmuşdur. Cəmiyyətin nizamnaməsinə edilmiş sonuncu dəyişikliklərə əsasən onun təsisçilərinin nizamnamə kapitalındakı payı aşağıdakı qaydada dövlət qeydiyyatına alınmışdır: 1. İddiaçı - 45 %, 2.X15 - 22,5 %, 3. X6 - 22,5%, X16 - 10%. Nizamnaməyə edilmiş sonuncu dəyişiklikdən əvvəlki redaksiyada Cəmiyyətin iki təsisçisi – 18 paya malik X17 və 2 paya malik X16 olmuşdur. X3 xx.xx.2011- ci il tarixdə vəfat etdikdən sonra onun nizamnamə kapitalındakı payı ər-arvadın birgə mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə, 45 %), vərəsəlik hüququ əsasında qanuni vərəsələri X15 (1/4 hissə, 22,5%) və X2 (1/4 hissə, 22,5%) keçmişdir. Bundan sonra İddiaçı, X15 və X1 müvafiq paylara malik təsisçiliyə qəbul edilməsi barədə nizamnaməyə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2662/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh "xxxx" MMC-yə qarşı ümumi paylı mülkiyyət hüququ üzrə əmlaka payının müəyyən olunub ayrılması, həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC nizamnamə kapitalında 10 faiz payı olan X13 onun nizamnamə kapitalındakı payının əvəzinə cəmiyyətin digər təsisçisi X17 tərəfindən qarşılıqlı razılaşma əsasında Cəmiyyət tərəfindən inşa edilmiş binadan 2500 kv.m yaşayış sahəsi və 800 000 manat pul verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2662/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-409/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-305/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi təsisçi X9 "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının əvəzini alması faktı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilsə də, onun təsisçilikdən çıxması ilə bağlı təsis sənədlərinə müvafiq dəyişikliklər edilərək dövlət qeydiyyatına təqdim edilməmişdir. Ağstafa rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021- ci il tarixli, xx/xx-1370/76 nömrəli arayışından görünür ki, X16 xx.xx.2021-ci ildə vəfat etmiş, onun ölümü haqqında xx.xx.2021-ci ildə 08 №-li akt qeydi tərtib olunmuşdur. Təsis sənədlərinə dəyişikliklərin edilməsi ilə bağlı keçirilən yığıncaqda mərhum təsisçi R.Ə.Rəhimovun vərəsələrinin iştirakının zəruriliyi məsələsi aydınlaşdırılarkən məlum olmuşdur ki, R.Ə.Rəhimovun nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq edildiyindən faktiki olaraq o, təsisçi hüquqlarına malik olmamış, bununla yanaşı o, vəfat etdikdən sonra yığıncağa çağırıla biləcək, onun mirasını qəbul edən vərəsəsi olmamışdır. Göstərilən məlumatlar və təsdiqedici sənədlər nəzərə alınmaqla "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə nizamnaməyə müvafiq dəyişikliklər edilmişdir. Belə ki, həmin qərarla X16 təsisçilikdən çıxarılmış və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. "xxxx" MMC-nin təsis sənədlərinə edilən dəyişikliklərlə bağlı tərtib edilmiş sənədlər - təsisçilərin qərarı, nizamnaməyə edilmiş dəyişikliyin layihəsi əlavə olunmaqla həmin dəyişikliyin dövlət qeydiyyatına alınması üçün cavabdehə rəsmi qaydada müraciət edilmiş, lakin cavabdeh təqdim edilən dəyişikliyi dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixli, **********591600 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qurumun qeydiyyat qovluğunda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-305/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “...Məhkəmənin 1-ci dəlili üzrə: Təsis sənədlərindəki dəyişikliklə bağlı müvafiq məlumatları özündə əks etdirən qanunvericiliklə tələb olunan sənədlər cavabdehə təqdim edilmişdir. O ki qaldı, mərhum X9 təsisçilikdən çıxması barədə ərizəsinin olmamasına, nəzərə alınmalıdır ki, bu məsələ bilavasitə sonuncunun sağlığında öziradəsindən asılı olan məsələ olmuşdur. Əvvəlkimülkiməhkəmə icraatı üzrə qəbul edilmiş məhkəmə aktlarından da görünür ki, Rövşən Rəhimov nizamnamə kapitalındakı payının əvəzini alsa da, təsisçilikdən çıxmamışdır. Məhkəmə nəzərə almalı idi ki, Rövşən Rəhimovun nizamnamə kapitalındakı payının əvəzini aldığı halda qanunvericiliyə və öz iradəsinə uyğun təsisçilikdən çıxma barədə ərizə verməməsi, digər təsisçilərin onun təsisçilikdən çıxarmaq hüququnu məhdudlaşdıra bilməz. Məhkəmənin 2-ci dəlili üzrə: Əvvəlki mülki məhkəmə icraatı zamanı Ali Məhkəmənin çıxardığı qərara görə iddiaçı X9 iddiası yalnız o, məhkəmə qaydasında payının əvəzini tələb edərkən məhkəmədən əvvəl bu barədə iştirakçısı olduğu cəmiyyətə ərizə ilə müraciət etmədiyi üçün rədd edilmişdir. Başqa sözlə, həmin mülki məhkəmə icraatında birinci və apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi halı, yəni Rövşən Rəhimovun cəmiyyətin nizamnamə kapitalında olan payının əvəzini alması faktını Ali Məhkəmə əsas kimi qəbul etməmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun qeyd etdiyi məsələ məhkəmə aktının əsasının dəyişdirilməsi, məsələsidir ki, Ali Məhkəmənin qərarında konkret olaraq belə bir mövqe ifadə edilməmişdir. Əgər Ali Məhkəmə aşağı məhkəmələrin göstərdiyi dəlil və müəyyən edilmiş hallarla, eləcə də əsaslarla razılaşmasaydı, mülki prosessual qaydalara uyğun olaraq şikayət olunan qətnamənin əsaslarının dəyişdirilməsi ilə bağlı konkret mövqeyini ifadə edərdi. Əksinə olaraq Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədə dəlillərini əsassız sayır. Məhkəmənin 3-cü dəlili üzrə: Nizamnamə kapitalında olan payının əvəzini almış, lakin təsisçilikdən çıxma barədə ərizə verməmiş təsisçinin təsisçilikdən çıxarılması məsələsini həmin təsisçinin və onun vərəsələrinin iradəsindən asılı vəziyyətə salmaqla yanlış mövqe ifadə etmişdir. Məhkəmə yenə də nəzərə almamışdır ki, iş materiallarına əlavə edilmiş rəsmi arayışlardan göründüyü kimi, təsisçilikdən çıxarılması məsələsi qoyulmuş X16 vəfat etmiş, onun mirasının qəbul edilməsi ilə bağlı isə notariat orqanlarında hər hansı vərəsəlik işi, yəni mirası qəbul edən vərəsəsi olmamışdır. Belə olan halda vəfat etmiş təsisçinin yaxud onun vərəsəsi ola biləcək hər hansı şəxsin nə vaxtsa öz iradəsinə uyğun olaraq onun mirasını qəbul edərək vərəsəsi hesab olunmasını, bundan sonra cəmiyyətə müraciət edərək təsisçiliyə daxil olmasını və təsis sənədlərinə edilən dəyişikliklərlə bağlı qərarın qəbulunda iştirak edəəcəyini gözləmək, digər təsisçilərin hüquqlarını məhdudlaşdırmaqla sözü gedən sahibkarlıq subyekti olan məhdud məsuliyyətli cəmiyyətini əsassız olaraq fəaliyyətisiz saxlamaqdan başqa bir şey deyildir. Bir daha xatırlatmağı zəruri bilirik ki, təsis sənədlərinə edilən dəyişikliyin dövlət qeydiyyatına alınmasının zəruriliyi sözü gedən məhdud məsuliyyətli cəmiyyətin inşa etdiyi çoxmənzilli binanın istismarına icazə verilməsi prosedurasının şərtlərindən irəli gəlmişdir. Çünki binanın istismarına icazə verilməsi prosesində məhzcəmiyyətin qanuni təmsilçisi iştirak etməli, sonda istismara icazə sənədləri məhz qanuni təmsilçiyə təhvil verilməlidir. Lakin Cəmiyyətin qeydiyyatda olan qanuni təmsilçisi vəfat etmiş, onun yerini vərəsələri tutaraq təsisçiliyə daxil olmuş, lakin digər təsisçi X16 da vəfat etdiyindən, sağlığında nizamnamə kapitalında olan payının əvəzini alsa da, təsisçilikdən çıxmadığından və onun yerini tutan vərəsə olmadığından yeni tətsisçilər yeni qanuni təmsilçinin təyin edilməsində problemlərlə qarşılaşmışlar. Məhkəmənin 4-cü dəlili üzrə: Məhkəmə nəzərə almamışdır ki, iş üzrə iddiaçının tələbi mülki hüquqi mahiyyət kəsb edən təsisçinin təsisçilikdən çıxarılmasına dair deyil, bilavasitə inzibati-hüquqi mahiyyət kəsb edən təsisçilkdən çıxarılma barədə məlumatların dövlət qeydiyyatına alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair olmuşdur. Bundan başqa, məhkəmənin bu mövqeyi belə də başa düşülə bilər ki, iddiaçı sözü gedən təsisçinin təsisçilikdən çıxarılması yaxud çıxarılmış hesab olunmasına dair iddia tələbi ilə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsinə müraciət etməlidir. Lakin qeyd etdildiyi kimi bu məsələyə əvvəlki mülki məhkəmə icraatında çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verildiyindən həmin faktın əlavə olaraq yeni mülki məhkəmə icraatında təsdiqlənməsinə hüquqi lüzum qalmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, mülki prosessual qaydaların tələbinə görə iddia tələbləri bu tələblərə görə cavabdehlik daşıya biləcək şəxsə (şəxslərə) qarşı yönəlməlidir. Hazırkı iş üzrə təsisçilikdən çıxarılmalı şəxsin vəfat etməsini və onun miras əmlakını qəbul edən və bununla da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq miras qoyana qarşı yönəlmiş iddia tələblərinə cavabdehlik daşıyan vərəsənin olamaması həmin iddia tələbi ilə mülkiməhkəmə icraatı qaydasında məhkəməyə müraciəti mümkünsüz etmişdir. Məhkəmənin 5-ci dəlili üzrə: direktor dəyişikliyi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl olunmaqla, yəni məhkəmənin qanunvericiliyə istinadən qeyd etdiyi kimi, təsisçilər tərəfindən yeni direktorun seçilməsi barədə qərar və təsis sənədlərinə edilmiş mavafiq dəyişikliyi təsdiq edən zərurisənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir Birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməklə göstərilən maddi hüquq normasını , iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X9 payının əvəzini alaraq təsisçilikdən çıxması faktının müəyyən edilməsini nəzərə almamaqla, prossesual hüquq normasını pozmuşdur. İddia tələblərində təsisçilikdən çıxması faktının dövlət qeydiyyatına alınması tələb olunan təsisçi X9 "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının əvəzini alması faktını məhkəmə özlüyündə aydınlaşdıra bilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi, iş üçün əhəmiyyətli olan hal ondan ibarət olmuşdur ki, iddiaçının preyudisial məhkəmə aktları kimi istinad etdiyi aktlardan Ali Məhkəmənin qərarında təsisçilikdən çıxması faktının dövlət qeydiyyatına alınması tələb edilən təsisçinin payının əvəzini alması faktı müəyyən edilməmişdir. Halbuki, Ali Məhkəmə öz qərarında həmin faktı müəyyən edən Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla əslində həmin faktı təsdiq etmişdir. İşin hallarına görə təsisçilikdən çıxması faktının dövlət qeydiyyatına alınması tələb edilən təsisçinin payının əvəzini alması faktı müəyyən edilsə də, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin həmin halına uyğun gəlməmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1101/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2035/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1101/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “qanuni qüvvəyə minmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının 25 sentyabr 2014-cü il tarixli, 2-2(102)-305/2014 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Rövşən Rüstəmov "xxxx" MMC-nin R.Rəhimovda olarkən ona 800.000 manat nağd şəkildə ödəmiş, 2.500 kv.m. mənzil sahəsinə, yəni 20 ədəd mənzili ona vermişdir, yəni bütün bunlar MMC-nin gəliri kimi deyil, payı olaraq başa düşülməkdədir ki, bu baxımdan vərəsələrin tapılaraq müəyyənləşdirilməsi iş üçün əhəmiyyət kəsb edir. Digər tərəfdən iddiaçının iddiasında göstərildiyi kimi, mərhum Rövşən Rəhimovun təsisçilikdən çıxarılması və iddiaçının cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması (MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarına uyğun olaraq), MMC üçün son dərəcə önəmli xarakter daşıyır, belə ki, MMC bu qədər vaxt ərzində qanuni təmsilçilik funksiyasına malik olan direktor olmadan qanuni şəkildə işləyə bilməz (müxtəlif hesabatların verilməsi, müraciətlərin edilməsi, bəyannamələrin təqdim edilməsi və s.). Hətta, xüsusi olaraq qeyd edilməlidir ki, məhkəmələr hazırkı mübahisəni həll edərkən MMC-nin Nizamnaməsini də tələb edib onu əldə etməmiş, halbuki iddiada qaldırılan məsələlər, məhz Nizamnamənin müddəaları ilə tənzimlənir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Əlavə olaraq, o, Maraqlı şəxs təqdim edilmiş sənədlər əsasında X9 vərəsəsi olaraq Cəmiyyətdə 10% paya malik olmasını, bildirərək, Cəmiyyətin işinə hər hansı maneə törətmədiklərini və Ümumi Yığıncaq vasitəsi ilə yeni direktörun seçilə biləcəyini qeyd etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən müəyyən edilir ki; - xx.xx.2022-ci il tarixli, **********065700 saylı hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarışa (i.v.8) əsasən müəyyən olunur ki, sonuncu (qüvvədə olan) qeydiyyat göstəricilərinə görə - "xxxx" MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı mayalarının miqdarı müəyyən olunmuşdur: 1. İddiaçı - 45 %; 2. X15 -22.5 % ; 3. X6 -2.5 %; 4. X16 - 10 %. - Ağstafa rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından isə görünür ki, təsisçilərdən 10% paya malik olan X16 23 yanvar 2021-ci il tarixində vəfat etmişdir. - Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından aydın olur ki, təsisçi X16 ölməmişdən əvvəl məhkəmədə cavabdehlər "xxxx" MMC-yə, İddiaçı və X7 qarşı “paylı mülkiyyət üzrə əmlak payının müəyyən olunub ayrılması və həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi tələbinə dair” barədə iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)- 2662/2012 saylı, 23.11.20təsis12-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-409/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-305/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh tərəfindən iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, qurumun qeydiyyat qovluğunda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-305/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onu cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Mülki Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Yəni təsisçi X16 və ya onun vərəsələri "xxxx" MMC-nin üzvlüyündən çıxmağı tələb etdikdə bu məsələyə baxıla bilər. Odur ki, X9 vərəsələri müəyyənləşdirilməli, daha sonra onun cəmiyyətdəki payı vərəsələri arasında bölünməli və ya paya uyğun məbləği qanunvericiliyə uyğun şəkildə əldə edərək üzvlükdən çıxmalıdırlar.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 89-cu maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir; 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 95-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər; 96.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 96.3-cü maddəsinə əsasən, cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin qaydalarına uyğun aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9.2-1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz; 9.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin ümumi yığıncağının “MMC-in nizamnaməsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təsisçisi X9 nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edildiyi və onun sonradan ölməsi faktı nəzərə alınmaqla, onun adının təsiçilikdən çıxarılması, İddiaçı 45 %, X10 22.5 %, X2 isə 2.5% təsiçilik payları müəyyən edilməsi və İddiaçı direktor təyin olunması və reyestrdə müvafiq dəyişlik edilməsi üçün cavabdeh qeydiyyat orqanına müraciət edilməsi qərara alınmış və qeyd olunan dəyişiklərin təsdiq olunaraq reyestrə daxil edilməsi cavabdehdən xahiş olunmuşdur. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı X9 cəmiyyətin nizamnamə kapitalında olan payının əvəzini almasına istinad edərək, onun təsisçilər sırasından çıxarılması ilə bağlı dəyişikliyin dövlət qeydiyyatına alınması tələbini irəli sürür. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişləri nəzərə alınaraq, X8 vərəsələrinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmış, həmçinin "xxxx" MMC-nin Nizamnaməsi tələb edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamədən müəyyən edilir ki, “xx.xx.2021-ci il tarixdə vəfat etmiş – X9 vərəsələri: ünvan 1i ünvanında qeydiyyatda olan arvadı – Maraqlı şəxs və o miras əmlakdan tam hissə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ibarətdir. Şəhadətnamə verilən miras əmlak İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********065700, hüquqi ünvanı : AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 24 A,mənzil 82, VÖEN: ********** "xxxx" MMC-də olan nizamnamə kapitalının məbləği 2 manat 00 qəpik , nizamnamə kapitalındakı payı 2 pay, nizamnamə kapitalındakı faizi 10 % olan paydan ibarətdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “vəfat etmiş təsisçi X11 "F.A.D.- Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) nizamnamə kapitalında olan 10% payı üzərində vərəsəsi Maraqlı şəxs pay hüququ tanınmış və bu barədə qeyd huquqi şəxslərin dovləl reyestrinə daxil edilmişdir.” Bununla əlaqədar olaraq işin hazırkı apellyasiya baxışı zamanı X9 vərəsəsi Yaxşıxanım Həsən qızı maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Digər tərəfdən işin hazırkı apellyasiya icraatı zamanı "xxxx" MMC-nin Nizamnaməsi məhkəməyə təqdim edilmişdir. Həmin Nizamnamədən müəyyən edilir ki; 2.1. CƏMİYYƏT Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxsdir. islər Azərbaycan Respublikasında, istər də Onun hüdudlarından kənarda qüvvədə olan qanunlara uyğun olaraq hər cür əqdlər, sazişlər, müqavilələr bağlamaq, əmlak və şəxsı qeyriəmlak hüquqlarını əldə etmək hüququna malikdir. CƏMİYYƏT müstəqil balansa, möhürə, ştampa, firma işarəsinə( emblemə), bank hesabına və digər rekvizitlərə malikdir. 6.1. CƏMİYYƏTİN Nizamnamə kapitalıonun Təsisçilərinin payları hesabına yaradılır. 9.1. CƏMİYYƏTİN ali idarə orqanı CƏMİYYƏTİN Təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi Yığıncağıdır. 9.2. CƏMİYYƏTİN X4 müstəsna səlahiyyətinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişdirsə, aşağıdakılar aiddir: a) CƏMİYYƏTİN Nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; b) CƏMİYYƏTİN icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən, direktorun və baş mühasibin təyin edilməsi və geri çağrılması; c) CƏMİYYƏTİN icra orqanlarının səlahiyyətlərini kənar idarəçiyə verilməsi; ç) CƏMİYYƏTİN illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi; d) CƏMİYYƏTİN təftiş komissiyasının seçilməsi; e) üçüncü şəxslərin təsisçiliyə qəbul edilməsi; ............ 9.3. CƏMİYYƏTİN fəaliyyətinə cari rəhbərlik, CƏMİYYƏTİN icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor CƏMİYYƏTİN adından vəkalətnaməsiz fəaliyyəti göstərir, CƏMİYYƏTİN operativ idarəedilməsini həyata keçirir, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə CƏMİYYƏTİ təmsil edir, Ümumi Yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, CƏMİYYƏTİN adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, CƏMİYYƏTİN işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir, qanunvericiliklə və CƏMİYYƏTİN nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komissiyasının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. Hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qanunvericilik normalarından görünür ki, məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iştirakçıya (təsisçisinə) nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi və onunla digər hesablaşmaların aparılması yalnız iştirakçının (təsisçinin) cəmiyyətdən çıxdığı hallarda yol verilir. Qeyd edilməlidir ki, işin hazırkı məhkəmə araşdırması zamanı Maraqlı şəxs vəfat etmiş X9 vərəsəsi olması və onun "F.A.D.- Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) nizamnamə kapitalında olan 10% payı üzərində pay hüququnun tanınaraq, bu barədə qeydin huquqi şəxslərin dovləl reyestrinə daxil edilməsi müəyyən edilmişdir. Digər tərəfdən təqdim edilmiş Cəmiyyətin Nizamnaməsindən müəyyən edilir ki, CƏMİYYƏTİN fəaliyyətinə cari rəhbərliyi Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktoru tərəfindən həyata keçirilir ki, Cəmiyyətin icra orqanları yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən, direktorun təyin edilməsi və geri çağrılması məsələsi X5 həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin ümumi yığıncağının “MMC-in nizamnaməsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında təsisçisi X9 nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edildiyi qeyd edilsə də, payın əvəzləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin qeyd olunan tələb nəzərə alınmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan 2-2(102)- 305/2014 nömrəli, xx.xx.2014cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “iddiaçı (X16) cəmiyyətin təsisçiliyindən çıxmamış, onun bununla bağlı müraciəti olmamış, buna baxmayaraq ona payına uyğun əmlak hissəsinin naturada ödənilməsini tələb etmişdir. Digər tərəfdən Mülki Məcəllənin 96-cı maddəsinin tələbinə görə, çıxan iştirakçıya əmlakın dəyərinin naturada verilməsi yalnız cəmiyyət ilə razılaşmaya əsasən mümkündür. Hazırkı işin məhkəmə instansiyaları tərəfindən müəyyən edilmiş hallarından görünür ki, payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə iddiaçı (payçı) arasında hər hansı razılıq əldə olunmamışdır.” Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsisçi X9 qeyd olunan iddia tələbinin rədd olunması - nizamnamə kapitalında olan payının əvəzini alması ilə deyil, onun cəmiyyətin təsisçiliyində qalıb çıxmaması və payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə aralarında hər hansı razılığın mövcud olmaması ilə əsaslandırılmışdır. Başqa sözlə, həmin məhkəmə qərarı ilə təsisçi X9 nizamnamə kapitalındakı payının əvəzini alması təsdiq edilmir. İş materiallarına əsasən də onun nizamnamə kapitalındakı payını faktiki olaraq almasını təsdiq edən mötəbər sübutlar da mövcud deyildir. Eyni zamanda "xxxx" MMC-nin ümumi yığıncağının “MMC-in nizamnaməsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı qəbul edilməmişdən əvvəl mərhum X9 vərəsələri müəyyən edilməmiş, pay hüquqları tanınmamış, onların göstərilən yığıncaq barədə məlumatları olmamış, iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normalara əsasən yalnız təsisçi X9 vərəsəsi Maraqlı şəxs tərəfindən "xxxx" MMC-nin iştirakçılığından (təsisçiliyindən) çıxması tələb edildikdə, həmin məsələyə baxılması mümkündür. Göründüyü kimi qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən müraciət olunan dəyişikliyin qeydiyyata alınmasından imtina olunması - qanunvericiliklə üzərinə düşən öhdəliyindən irəli gəlmişdir ki, bu da iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd edilməsi mahiyyət etibarı ilə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Konkret halda, isə qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qaunvericiliklə müəyyən olunan hüquqlarının pozulduğu öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6561/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-525/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-525/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver