Məhkəmə qərarları › İş №2-1(103)-525/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-525/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-525/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 qızının və İddiaçı1 Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı1 vəkili Vəkil1, İddiaçı2 qızının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7358/2024 saylı 20 avqust 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 qızına dəymiş cəmi 2133,60 manat pul məbləğində maddi ziyanın və 100 manat pul məbləğində mənəvi ziyanın, ümumilikdə 2233,60 (iki min iki yüz otuz üç manat altmış qəpik) manat pul məbləğinin İddiaçı2 qızına ödənilməsi və İddiaçı1 dəymiş cəmi 1596,75 manat pul məbləğində maddi ziyanın və 100 manat pul məbləğində mənəvi ziyanın, ümumilikdə 1696,75 (min altı yüz doxsan altı manat yetmiş beş) manat pul məbləğinin İddiaçı1 ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7358/2024 saylı 20 avqust 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı2 qızı və İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7358/2024 saylı 20 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və birgə iddiaçılar İddiaçı2 qızının və İddiaçı1 iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar İnzibati Prosessual Məcəllənin bir sıra prinsiplərə ziddir. Həmin Məcəllənin 12ci maddəsi "işin hallarının araşdırılması" prinsipinin izahını özündə əks etdirir. "İşin hallarının araşdırılması" prinsipi məhkəmə proseslərində ədalətli qərar çıxarılması üçün vacib olan əsas prinsiplərdən biridir. Bu prinsip məhkəmənin işin bütün faktiki hallarını hərtərəfli araşdırmaq borcunu əks etdirir. Prinsipə görə, məhkəmə yalnız proses iştirakçılarının təqdim etdiyi sübutlarla kifayətlənməməli, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər bütün faktiki halları xidməti vəzifəsi çərçivəsində araşdırmalıdır. Daha aydın qeyd etsək əgər, maddədə vurğulanır ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Növbəti bəndində qeyd edir, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və va inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Lakin məhkəmə verilmiş 2 vəsatəti təmin etməmiş və bununla bağlı hər hansı qərardad qəbul etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli vəsatət ilə hadisənin baş verdiyi günə dair, yəni xx.xx.2023-cü il saat 13:00-14:30 aralığında olan audio və video yazı məlumatlarının əldə edilməsini Dövlət Gömrük Komitəsindən və Heydər Əliyev X5n əldə edilməsini xahiş elmişdir. Digər vəsatətdə isə ucuş zamanı zinət əşyalarının götürülməsi ilə bağlı olan sənədlərin təqdim edilməsini xahiş elmişdir. Lakin vəsatətlər əsassız şəkildə təmin edilməmiş, təmin edilməməsinə baxmayaraq hər hansı bir qərardad qəbul edilməmişdir. Əgər məhkəmə hər hansı vəsatəti əsassız şəkildə təmin etmirsə, o zaman bu qərarın əsaslandırılmış şəkildə qəbul edilməsi vacibdir. Vəsatətin təmin edilməməsi üçün konkret hüquqi və faktiki səbəblər göstərilməli və məhkəmə qərardad qəbul etməlidir. Əks halda, məhkəmə bu prinsipin icrasını pozmuş olur. 2) İş üzrə hakim materiallarla tanış olmamışdır. Məhkəmə prosesində hakim ədalətli qərar qəbul etmək üçün işin bütün materialları ilə hərtərəfli tanış olmalı və sübutları düzgün qiymətləndirməlidir. Lakin iş materialları ilə kifayət qədər tanış olmaması və sübutları yanlış qiymətləndirməsi, bir neçə ciddi problemlərə və nəticədə ədalətsiz qərarların çıxarılmasına səbəb ola bilər. Belə ki, məhkəmə prosesi zamanı hakim qeyd edir ki, gömrük orqanının əməkdaşları tərəfindən təqdim edilən sənədlər əsasında deyə bilərik ki, təqdim edilən zinət əşyaları iddiaçılara məxsusdur. Bu zaman vəkil sual verərək bildirir ki, bu hal hansı sənəd əsasında sübuta yetirilmiş hesab edilir. Buna cavab olaraq hakim qeyd edir ki, iş materiallarında iddiaçıların izahatlarında bu məlumat əks olunmuşdur. Vəkil isə iddiaçıların izahat vermədiyini qeyd edir. İş materiallarına nəzər keçirən hakim həmin izahatların məhz gömrük əməkdaşlarının öz izahatları olduğunu görür. Bu cür hal ilə qəbul edilən qərar nə dərəcədə qanuna uyğun və ədalətli ola bilər? Sübutların yanlış qiymətləndirilməsi, məhkəmə prosesində ciddi hüquqi səhvlərdən biridir. Sübutlar faktiki vəziyyəti düzgün əks etdirməli və qanuni normalara uyğun şəkildə qiymətləndirilməlidir. Hakimin sübutları düzgün qiymətləndirməməsi və iş materialları ilə kifayət qədər tanış olmaması, məhkəmə prosesində ədalətlilik prinsipinin pozulmasına gəlirib çıxarır. Ədalətli məhkəmə çəkişməsində bütün tərəflərin bərabər hüquqlara malik olması və məhkəmənin obyektiv qərar çıxarmaq üçün bütün lazımi addımları alması tələb olunur. Hakim işin hallarını tam öyrənmədən, sübutları düzgün dəyərləndirmədən qərar verdikdə, bu, ədalətlilik prinsipinə ziddir. Nəticədə, hakimin iş materialları ilə tanış olmaması və sübutları yanlış qiymətləndirməsi məhkəmənin çıxardığı qərarın qanuniliyi və ədalətliliyi baxımından şübhələr doğurur. 3) Məhkəmə prosesində hakimlərin yalnız hüquqi məsələlərdə deyil, eyni zamanda maddi faktlar üzərində də qərarlar çıxarmaq məsuliyyəti var. Lakin hüquq sahəsində olmayan, texniki və ya elmi bilik tələb edən məsələlərdə mütəxəssislərin rəyinə əsaslanmadan öz şəxsi mülahizələrinə əsaslanan qərarlar verməsi qanuna ziddir və obyektiv qərarın qəbul edilməsini təhlükə altına alır. Bu cür vəziyyətlərdə ekspertizanın təyin edilməsi vacibdir. İş üzrə hakim isə zərgərlik məmulatlarının çəkisini təxmin etmək üçün mütəxəssis olmadan qərar verib, bu isə bir neçə səbəbdən yanlışdır. Hakim məhkəmə prossesi zamanı və qərarda da qeyd edir ki, fotoşəkillərdən görünür ki, şəkillərin birində təxminən 10 üzük, 3 qolbaq, 4 sırğa (tam cüt), 3 boyunbağı üçün klon, digərində isə 8 üzük, 7 sırğa (tam cüt) vardır. Məhkəmə qeyd edir ki, fotoşəkillərdə olan hər bir zərgərlik məmularının çəkisinin şərti olaraq 1-2 qram arası ölçüdə qəbul olunması ehtimalında belə, onların ümumi çəkisi iki şəxsə münasibətdə (hər birinə nəzərən 20 qram olmaqla, ümumilikdə 40 qram qanunvericiliklə müəyyən edilmiş ümumi normadan artıq olacaqdır. Hakim zərgər və ya zərgərlik məmulatları üzrə mütəxəssis deyil, bu səbəbdən həmin məmulatların çəkisini və qiymətini düzgün şəkildə müəyyən edə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işdə texniki bilik tələb edən məsələlərdə hakim müstəqil şəkildə qərar verməməlidir. Əksinə, belə məsələlərdə məhkəmə ekspertizası təyin edilməli və mütəxəssisin rəyi əsasında qərar qəbul olunmalıdır. Hakim zərgər olmadığından zərgərlik əşyalarının çəkisini vizual olaraq təxmin etmək onun səlahiyyətlərinə daxil deyil. Azərbaycan Respublikasının qanunvericiliyində göstərilir ki, məhkəmə texniki və ya xüsusi bilik tələb edən hallarda müvafiq sahədə ekspertlərin rəyinə müraciət elməlidir. Hakim, öz şəxsi mülahizəsinə əsaslanaraq, qanunda nəzərdə tutulmuş proscsual qaydaları poza bilməz. Hakimin belə bir texniki məsələdə öz şəxsi mülahizəsinə əsaslanması, işdə çıxarılan qərarın obyektivliyini və ədalətiiİiyini təhlükə altına alır. Çünki bu cür mülahizələr həqiqi faktlara və dəqiq məlumatlara əsaslanmır. Sübutların düzgün qiymətləndirilməsi, texniki detallara görə mütəxəssisin rəyinə əsaslanmalıdır ki, məhkəmə çıxardığı qərarda obyektiv və ədalətli ola bilsin. Nəticə etibarilə, hakim tərəfindən zərgərlik məmulatlarının çəkisinin və ya dəyərinin təxminən müəyyən edilməsi hüquqi və məntiqi səhvdir. Belə qiymətləndirmə məhkəmə qərarının əsaslı və obyektiv olmadığını göstərir, bu isə həmin qərarın apellyasiya qaydasında yenidən baxılması üçün əsasdır. Tərəflərin izahatları İddiaçı1 vəkili Vəkil1 və İddiaçı2 qızının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahatlar verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı2 qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı tələbi “İddiaçı2 qızına dəymiş cəmi 2133,60 manat pul məbləğində maddi ziyanın və 100 manat pul məbləğində mənəvi ziyanın, ümumilikdə 2233,60 (iki min iki yüz otuz üç manat altmış qəpik) manat pul məbləğinin İddiaçı2 qızına ödənilməsi və İddiaçı1 dəymiş cəmi 1596,75 manat pul məbləğində maddi ziyanın və 100 manat pul məbləğində mənəvi ziyanın, ümumilikdə 1696,75 (min altı yüz doxsan altı manat yetmiş beş) manat pul məbləğinin İddiaçı1 ödənilməsi” ilə bağlı olmuşdur. İşin faktiki hallarına görə, 3 dekabr 2023-cü il tarixində Türkiyə Respublikasının vətəndaşı X8 və Azərbaycan Respublikasının vətəndaşı İddiaçı1 Heydər Əliyev X5 gömrük zonasından keçərkən ölkə ərazisindən aparmaq istədikləri qızıldan hazırlanmış zərgərlik məmulatlarının ümumi çəkisi və miqdarı şəxsi istifadə miqdarından artıq olduğu üçün Hava Nəqliyyatında Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar və onlara sözügedən məmulatların gömrük orqanına bəyan olunması izah edilsə də, İddiaçı2 və İddiaçı1 qeyd edilən məmulatları gömrük orqanına bəyan etmək istəmədikləri üçün həmin gün ölkə ərazisini tərk etməkdən imtina etmişlər. Hazırda hər iki iddiaçı 3 dekabr 2023-cü il tarixində ölkə ərazisini tərk edə bilmədikləri üçün onlar tərəfindən avia biletlərin alınması, vəkil xərcləri və s. çəkilən xərclərə görə maddi ziyanın, eyni zamanda mənəvi ziyanın cavabdeh qurum tərəfindən ödənilməsini tələb edirlər. İş üzrə birinci instansiya məhkəməsi iddianı mahiyyəti üzrə araşdıraraq onun təmin edilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin apardığı araşdırma ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, işə iddiaçıların tələbi üzrə cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı mahiyyəti üzrə baxmaqda məhkəmə haqlı olmamışdır. Belə ki, bu zaman məhkəmə iddiaçıların tələbinin düzgün cavabdehə qarşı yönəlib-yönəlmədiyi məsələsini araşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının iddiasının düzgün cavabdehə qarşı verilməsinin əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarından müəyyən olunur ki, hazırki işdə inzibati icraat Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən aparılmışdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və məhkəmə iddiaçıların həmin cavabdehə qarşı məhkəmədən əvvəl müraciətinin olub-olmadığını, olduğu halda imtinanın mövcud olub-olmadığını araşdırmamış, imtina olduğu halda cavabdehin əsl cavabdehlə əvəz olunmasının mümkünlük məsələsi də iddiaçılarla müzakirə olunmamışdır. Qeyd olunmalıdır ki, iddianın düzgün cavabdehə qarşı yönəldilməməsi iddianın məhz qeyri-mümkün sayılması üçün əsas olduğu halda hazırki işdə birinci instansiya məhkəməsi iddianın bu mümkünlük şərtinə cavab verib-vermədiyi məsələsini sonadək araşdırmamış hesab olunur. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin İİ Əlavəsinin 2.2.1-ci bəndində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin adı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar sırasında öz əksini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdeh qurumun düzgün müəyyən edilməsi ilə bağlı müvafiq araşdırmaları aparmadığı üçün və iddianı Dövlət Gömrük Komitəsinə qarşı mümkün sayıb işə mahiyyəti üzrə baxdığı üçün bu barədə qəbul etdiyi qərar yuxarıda göstərilən araşdırmaların qanunamüvafiq qaydada aparılmadığı səbəbindən ləğv edilməli və işin təkrar baxışı zamanı düzgün cavabdehin cəlb edilmə məsələsi iddiaçılarla müzakirə edilməli, iddiaçıların həmin quruma (əsl cavabdehə) məhkəmədən öncə ilkin müraciətlərinin olub-olmaması, olduğu halda imtinanın olub-olmaması məsələləri araşdırılmalı və yalnız həmin cavabdeh işə cəlb edildikdən sonra işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməsi mümkündür. Kollegiya onu da qeyd etməyi vacib sayır ki, apelyantların apellyasiya şikayətində haqlı olaraq göstərdiyi dəlilə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən hazırki inzibati mübahisənin əsasını təşkil edən qızıl-zinət əşyalarının çəkisinin dəqiq müəyyən edilməsi ilə bağlı ətraflı araşdırma da aparılmamışdır. Belə ki, məhkəmə işə əlavə edilmiş fotoşəkillərə istinadən hesab etmişdir ki, ölkə ərazisindən aparılması istənilən qızıl-zinət əşyalarının ümumi çəkisi iki şəxsə münasibətdə (hər birinə nəzərən 20 qram olmaqla, ümumilikdə 40 qram) qanunvericiliklə müəyyən edilmiş ümumi normadan artıq olmuşdur. Həmin qızıl-zinət əşyalarının dəqiq çəkisinin müəyyən edilməsi ilə bağlı hər hansı mütəxəssis və ya ekspert rəyi alınmamışdır. Bu barədə məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırma aparılaraq Əmlak Ekspert Mərkəzinin mütəxəssisindən həmin qızıl-zinət əşyalarının çəkisinin müəyyənləşdirməsi məqsədilə müvafiq rəy də alınmışdır. Həmin rəyə əsasən 2 ədəd fototəsvirdə mövcud olan qızıl zinət əşyalarının ümumi çəkisi 274,0 (iki yüz yetmiş dörd) qram təşkil edir. İşin təkrar baxışı zamanı məhkəmə tərəfindən həmin rəyə də qiymət verilməsi labüddür. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-7358/2024 saylı 20 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 qızı və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7358/2024 saylı 20 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar