Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-526/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyinatından cavabdehin **********3 saylı 11.10.2019-cu il tarixli imtinasının əsassız və qanunsuz olması, 2016-cı ilin iyun ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxx 1959-cu ildə doğulmuş, 1977-ci ildən, yəni 18 yaşından əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq hazırkı vaxtadək işləmişdir. 42 illik əmək stajına malikdir və həmin əmək stajının 13 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. Bu hal yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı ilə öz təsdiqini tapır. 04.08.1977-ci il tarixdən (əmr № 130,03.08.1977) 08.05.1978-ci il tarixədək “Bakı Şin Zavodu”nun Buxar təchizatı sexində 3-cü dərəcəli elektrik qazqaynaqçısı, 15.06.1978-ci il tarixindən (əmr № 75-k, 14.06.1978) 28.09.1978-ci il tarixədək (əmr № 127-k, 28.09.1978) Buxar təchizatı sexində 3-cü dərəcəli elektrik qazqaynaqçısı, 20.10.1978-ci tarixindən 23.10.1980-ci tarixinədək hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra 01.12.1980-ci il tarixdən (əmr 169-k, 01.12.1980) 11.03.1991-ci il tarixinədək (əmr № 17-k, 07.03.1991) İstilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli çilingər kanalizatorçu işləmişdir. Hal-hazırda “Bakı Şin zavodu” üzrə verilmiş 01-k saylı 31.05.2002-ci il tarixli əmrə əsasən “Bakı Şin zavodu” “xxxx” ASC-yə çevrilmişdir. Buxar təchizatı sexinin elektrik qazqaynaqçıları, İstilik, su təchizatı və kanalizasiya sexinin təmirçi kanalizatorçuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları buxar və guc təsərrüfatı” bölməsinə və 8ci bölməsinin “Kimya istehsalatı”nın 8.3.1 punktunun “a” bəndinə aiddir. Güzəştli şərtlərlə pensiya təyin olunmasına dair verilmiş 25.09.2019-cu il tarixli müraciət ərizəsinə cavabdehin 11 oktyabr 2019-cu il tarixli cavab məktubu ilə imtina verilmişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina əsassız, qanunsuz və ədalətsiz olmaqla onun konstitusion hüquqlarını pozur. 26.11.2019-cu il tarixdə iddiaçı ərizə təqdim edərək, cavabdehin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4790/2019 saylı, 26.11.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 17.12.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 27.01.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 27.01.2020-ci il tarixli qərardadı ilə İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 05.05.2020-ci il tarixdə cavabdeh həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1214/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn, V.Ağayev, A.Nuriyeva) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. 21.07.2020-ci il tarixdə cavabdeh qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1803/2020 saylı, 29 sentyabr 2020ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova,K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1214/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2- 1(103)-526/21 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş ərizə təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 25.09.2019-cu il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş 11 avqust 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının işlədiyi istilik, su təchizatı və kanalizasiya sexində 4-cü dərəcəli çilingər kanalizatorçu vəzifəsində işlədiyi barədə məlumat qeyd olunmuşdur. İddiaçının qeyd etdiyi vəzifə yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulmamışdır.Həmçinin, iddiaçıya məxsus 11 avqust 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 6-7 –ci səhifələrində 7 nömrəli qeydə aid tarixlərdə sonradan düzəlişlərin olduğu aşkar görünür. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959- cu ildə Füzuli rayonunda doğulmuşdur. - 25 iyul 1977-ci ildə verilmiş 1170 №li attestatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01.09.1976-cı il tarixdən 23.07.1977-ci il tarixədək 19 saylı texniki peşə məktəbində təhsil almışdır - Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli 11.08.1977ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı “Bakı Şin Zavodu”nda 04.08.1977-ci il tarixindən 08.05.1978-ci il tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli əl ilə qaynaq elektrik qaynaqçısı vəzifəsində işləmiş; 08.05.1978-ci il tarixində ordu sıralarına hərbi xidmətə çağırılmış; 15.06.1978-ci il tarixində əvvəlki vəzifəsinə bərpa edilmiş; 20.10.1978-ci il tarixindən 23.10.1980-ci il tarixinədək ordu sıralarında xidmət etmiş; 01.12.1980-ci il tarixindən 11.03.1991-ci il tarixinədək “Bakı Şin Zavodu”nda İstilik təchizatı və kanalizasiya sexinə 4-cü dərəcəli ventilyasiya üzrə çilingər işinə qəbul edilməklə, həmin vəzifədə işləmiş; 11.03.1991-ci il tarixindən 01.08.1991-ci il tarixinədək zavodun 3 saylı yataqxanasında dəstə rəhbəri vəzifəsinə keçirilmiş; 01.08.1991-ci il tarixində öz xahişi ilə işdən azad edilmiş; 01.11.1991-ci il tarixindən 15.07.1997-ci il tarixinədək “Kaşı” kiçik müəssisəsində gözətçi; 14.06.1997-ci il tarixindən 15.08.2003-cü il tarixinədək “Bakı Şin Zavodu”nda İstilik, su təchizatı və kanalizasiya sexində çilingərsantexnik; 01.08.2008-ci il tarixindən 01.12.2008-ci il tarixinədək Abşeron rayon MİS-nin 3 saylı evlər idarəsində çilingərsantexnik; 02.02.2009-cu il tarixindən 01.04.2010-cu il tarixinədək həmin İdarədə nasosxanada maşinist; 12.06.2012-ci il tarixindən 01.01.2013cü il tarixinədək “xxxx” ASC Bakı Su kanal İdarəsi Nərimanov rayon su kanal departamentinin Su şəbəkələri və qurğuların istismarı xidməti nasos qurğularının 2-ci dərəcə ilə maşinist vəzifələrində işləmişdir. 01.01.2013-cü il tarixdə “xxxx” ASC-nin 25.12.2012-ci il tarixli 361 № li əmrinə və “BakıSukanal” İdarəsinin 25.12.2012-ci il tarixli 406 №li əmrinə əsasən NRSD “xxxx” ASC-nin birbaşa tabeliyinə verilmişdir. Bununla əlaqədar olaraq “xxxx” ASCnin Nərimanov rayon Sukanal Departamentinin işçilərin siyahı tərkibinə daxil edilmişdir. 20.05.2013-cü il tarixdə Su anbarları və nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə keçirilmişdir. 12.06.2013-cü il tarixdə “xxxx” ASC-nin 15.04.2013-cü il tarixli 131 №li əmrinə və 01.05.2013-cü il tarixində təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Nərimanov rayon Sukanal idarəsinin siyahı tərkibinə daxil edilmişdir. 10.01.2018-ci il tarixindən əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə ilə kadrlar, icraya nəzarət, karguzarlıq və təsərrüfat işləri şöbəsinə gözətçi peşəsinə təyin olunmuşdur. - NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 20.10.1978-ci il tarixdən 17.10.1980ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və 23.10.1980-ci ildə Bakı şəhəri Nərimanov RHK-da qeydiyyata alınmışdır - “xxxx” ASC tərəfindən verilmiş 20.12.2019-cu il tarixli 01/124 №li arayışda göstərilmişdir ki, İddiaçı Bakı Şin zavodunda 04.08.1977-ci il (əmr № 130, 03.08.1977) tarixindən 08.05.1978-ci il tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli elektrik qazqaynaqçısı,15.06.1978-ci il (əmr № 75-k, 14.06.1978) tarixindən 28.09.1978-ci il (əmr №127-k, 28.09.1978) tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli elektrik qazqaynaqçısı, 20.10.1978-ci tarixindən 23.10.1980-ci tarixinədək Sovet ordusunun tərkibində xidmət etmiş, hərbi xidmətdən sonra 01.12.1980-ci il (əmr № 169k,01.12.1980) tarixindən 11.03.1991-ci il (əmr № 17-k, 07.03.1991) tarixinədək İstilik, su təchizatı və kanalizasiya sexində 4 dərəcəli çilingər kanalizatorçu işləmişdir. Buxar təchizatı sexinin elektrik qazqaynaqçıları, İstilik, su təchizatı və kanalizasiya sexinin təmirçi kanalizatorçuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları buxar və güc təsərrüfatı” bölməsinə və 8ci bölməsinin “Kimya İstehsalatı’nın 8.3.1 punktunun “a” bəndinə aiddir, (səh. 177, abzas 1) Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı 31.05.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu “xxxx” ASC-yə çevrilmişdir.” - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 11.10.2019- cu il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab olunur. Təqdim olunmuş 11 avqust 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 7 nömrəli qeydə aid tarixlərdə sonradan düzəlişlər edilməsi aşkar görünür. Eyni zamanda 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 aylıq güzəştli iş stajı mövcud deyildir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı Bakı Şin zavodunda 04.08.1977-ci il tarixindən 08.05.1978-ci il tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli elektrik qazqaynaqçısı,15.06.1978-ci il tarixindən 28.09.1978-ci il tarixinədək Buxar təchizatı sexində 3 dərəcəli elektrik qazqaynaqçısı, 20.10.1978-ci tarixindən 23.10.1980cı tarixinədək Sovet ordusunun tərkibində xidmət etmiş, hərbi xidmətdən sonra 01.12.1980-cı il tarixindən 11.03.1991-ci il tarixinədək İstilik, su təchizatı və kanalizasiya sexində 4 dərəcəli çilingər kanalizatorçu işləmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının çalışdığı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsi, kod 2140000a-18455 ilə qeyd olunmuş qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və “Kimya İstehsalatı” bölməsi, 3-cü hissənin İ və İİ bəndləri kod 2110A030-17531; 2110A030 ilə qeyd olunmuş 2 № li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №li və 2 №li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işlərikanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr. – uyğunlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu istinadı ilə razılaşmayaraq, qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ bölməsi olan “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində iddiaçının 01.12.1980-cı il tarixindən 11.03.1991-ci il tarixinədək çalışdığı istilik, su təchizatı və kanalizasiya sexində 4 dərəcəli çilingər kanalizatorçu peşəsi qeyd edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinin 7 nömrəli qeydində tarixlərdə sonradan düzəlişlərin edildiyi vizual olaraq müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən iddiaçının Bakı Şin Zavoduna işə qəbul olunanadək 01.04.1974-cü ildən 15.07.1977-ci ilədək 19 saylı Texniki Peşə məktəbində təhsil aldığı qeyd edilsə də, 25 iyul 1977-ci ildə verilmiş 1170 №li attestatın notarial qaydada təsdiq olunmuş surətində İddiaçı 01.09.1976-cı il tarixdən 23.07.1977-ci il tarixədək 19 saylı texniki peşə məktəbində təhsil aldığı göstərilmişdir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 07.03.1991-ci il tarixli, № 17-k Əmr ilə 3 saylı yataqxanaya dəstə rəhbəri vəzifəsinə keçirildiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş əmrin surətində əmrin nömrəsinin 04№ olduğu görünür. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən o, 15.07.1997-ci il tarixli, 01 №-li Əmr ilə “Kaşı” kiçik müəssisəsində öz xahişi ilə tutduğu vəzifədən azad olunsa da, o, artıq 14.06.1997-ci il tarixində “Bakı Şin Zavodu”nda İstilik, su təchizatı və kanalizasiya sexində çilingər-santexnik vəzifəsinə qəbul olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin apellyasiya icraatı zamanı iddia tələbini əsaslandıran sübutları, iş yerindən güzəştli arayışları və s. məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-500/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.