Məhkəmə qərarları › İş №2-1(103)-526/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-526/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-526/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair ünvan 2əsinin 2-1(112)-5912/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 2əsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qanunazidd olaraq imtinası nəticəsində vurulmuş maddi ziyan olaraq 504.000 AZN (beş yüz dörd min manat) vəsaitin xeyrinə tutulması, iddia ərizəsi məhkəməyə təqdim edilən gündən çıxarılacaq məhkəmə qərarı icra edilənədək Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi uçot dərəcəsi ilə illik 5% hesablanmaqla tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. ünvan 2əsinin 2-1(112)-5912/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən və iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən göründüyü kimi həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatda olmaqla MKİS-nə kommunal xərclər, yəni ərazinin təmizlənməsi və məişət tullantılarının daşınması üçün Kommunal Xidmətlər Müəssisəsinə ödənişlər edilməsi qəbzinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bundan əlavə faktiki mülkiyyətində və çıxarış əsasında qeydə alınmış torpaq sahəsinə müddətsiz istifadə hüququna əsaslanaraq İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin **********1 nömrəli arayışından göründüyü kimi Təssərüfat subyektinin İcarə olmaqla Bakı şəhəri, M.A.Əliyev küçəsi, 43 ünvanınna **********-13001 nömrəli kod verilməklə həmin ünvanda müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Eyni zamanda, o həmin ünvanda, rəsmi Dövlət qeydiyyatına alınmaqla əmək müqaviləsi əsasında mühafizəçi vəzifəsində işçi fəaliyyət göstərməklə maaş alır. Həmin ünvanda tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qanuni əsaslarla istifadəsində olan torpaq sahəsindən Dövlət Vergi Xidmətinin verdiyi rəsmi icazə kodu əsasında Avtodayancaq xidməti üzrə fəaliyyət göstərir və bununla bağlı icarə müqavilələri məhkəməyə təqdim edilmişdir. Bundan əlavə qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində Dövlət Vergi Xidmətinin verdiyi rəsmi icazə kodu ilə meyvə tinglərinin və tərəvəz şitillərinin istehsalı, torpaqların istismara və kirayəyə verilməsi fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi yuxarıda qeyd edilən sahibkarlıq fəaliyyət növləri həm faktiki həm də icazəli şəkildə həyata keçirilir. Cavabdehin vermiş olduğu çıxarışa əsasən onun tikiliyə mülkiyyət və torpaq sahəsinə istifadə hüquqları tanınır. Belə olan halda torpağa dair isitfadə hüquqları mövcud olduğu halda və faktiki həmin torpaq sahəsi isitfadəsində olduğu halda iddianın rədd edilməsi nə hüquqi nə də ki məntiqli ola bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçıya imtina məktubu ünvanlanmışdır. Daha sonra iddiaçı hazırkı tələblə ünvan 2əsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 43 nömrəli sahəsi 255,80 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə, 0,015580 ha dövlət torpaq sahəsi istifadədə olmaqla 3/8 hissədə İddiaçı adına xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 5/12 hissədə X1 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 5/24 hissədə Ağa X2 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin may 1965-ci il tarixli, 43 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri, M.A.Əliyev küçəsi, 43 nömrəli evin yerləşdiyi ümumi torpaq sahəsi 201,6 kv.m-dir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 43 ünvanında yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktının təsdiq edilmiş surətindən görünür ki, X8 küçəsi, 43 nömrəli fərdi yaşayış evinin çıxarışa əsasən paylı mülkiyyət ümumi sahəsi 255,8 kv.m, tikintialtı sahə 155,8 kv.m-dir. Fərdi yaşayış evi sökülüb. Ərazidə çoxmərtəbəli yaşayış binası tikilmişdir. Sökülmüş evin koordinatlarını dəqiqliklə təyin etmək mümkün deyil. Ərizəçinin məlumatlarına əsasən götürülən təxmini (dəqiq olmayan) koordinatlar əlavə edildi. -Yasamal rayonu 40 saylı MKİS-nin möhürü və mühəndisinin imzası ilə təsdiq edilmiş Yasamal rayonu 40 saylı MKİS-nin inzibati ərazisindəki M.A.Əliyev küçəsində və ona yaxın fərdi evlərin eskizində qeyd olunmuşdur ki, M.A.Əliyev küçəsində 35, 37, 39, 41, 43 və 45 saylı evlər hal-hazırda mövcud deyildir. -Yasamal rayonu 40 saylı MKİS-nin möhürü və mühəndisinin imzası ilə təsdiq edilmiş 40 saylı MKİS-nin ərazisindən çıxarılmış situasiya planında qeyd olunmuşdur ki, 35, 37, 39, 41, 43 və 45 saylı evlər hal-hazırda mövcud deyillər. -Yasamal rayonu 40 saylı MKİS-nin möhürü və rəsinin imzası ilə təsdiq edilmiş M.A.Əliyev 43 ünvanında yerləşən evin Google Maps vasitəsilə çəkilmiş fotoşəklindən görünür ki, İddiaçı məxsus olmuş M.A.Əliyev 43 saylı ev göstərilən ünvanda olmuş və sökülmüşdür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğundan görünür ki: Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 2020-ci il tarixli müayinə (baxış) aktına əsasən, M.A.Əliyev küçəsi, 43 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 255,80 kv.m, t/sahəsi 201,60 kv.m-dir. Sözügedən ünvanda yerləşən 43 saylı mülk sökülmüşdür. Sökülmüş evin yerində 16 mərtəbəli və 6+ mansard sahəsi olan çox mənzilli yaşayış binaları inşa olunmuşdur. Texniki İnventarlaşdırma Bürosunun sentyabr 1978-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 5 ünvanında,cəmi tikintinin sahəsi 158,8 kv.m, cəmi meydançanın sahəsi 201,6 kv.m-dir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********87 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 43 ünvanındakı evin yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa ünvanladığınız müraciətlərə (daxilolma qeydiyyatı: İN-D/O-Ə-982/2021, xx.xx.2021-ci il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. İddiaçı tərəfindən iddianın təmin edilməsi üçün dəlil kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin may 1965-ci il tarixli, 43 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu və Texniki İnventarlaşdırma Bürosunun sentyabr 1978-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu göstərilmişdir. Yuxarda qeyd edilən sənədlərə hüquqi qiymət verən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən texniki pasport hazırkı halda iddia olunan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi adıçəkilən Siyahıda yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır. Qeyd edilən normaları təhlil edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, texniki pasportlar fərdi yaşayış evinin yerləşmə vəziyyəti, ölçüsü və s. texniki göstəricilərini göstərən texniki sənəddir və adı çəkilən texniki pasportun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək torpaq sahəsinin qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd hesab edilməsi onunla bağlıdır ki, Qanun qüvvəyə minənədək tikilmiş, istifadədə olan fərdi yaşayış evlərinin yerləşdiyi tikintialtı və ya həyətyanı torpaq sahəsi ümumən həmin evdən faktiki istifadəyə xidmət edir və bu halda qanun həmin fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş ölçüdə torpaq sahəsinin də evlə birlikdə qanuni istifadədə olmasından (burada istifadə hüquqla yanaşı faktiki istifadə etmək imkanını nəzərdə tutur) dolayı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına əsas verir. Başqa sözlə, Fərmanda adı çəkilən texniki pasport boş torpaq sahəsi üçün deyil, üzərində fərdi yaşayış evi, bağ evi olan əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. Mövcud olmayan əmlakın texniki vəziyyətini göstərən texniki pasport öz əhəmiyyətini itirməklə orada göstərilən torpaq sahəsinin qeydiyyatını da məqbul və zəruri etmir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Kollegiya bildirir ki, Fərmanda adı çəkilən texniki pasport boş torpaq sahəsi üçün deyil, üzərində fərdi yaşayış evi, bağ evi olan əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 43 nömrəli fərdi yaşayış evi isə sökülmüşdür. Sözügedən fərdi yaşayış evinin söküldüyü istər həmin əraziyə xidmət edən Yasamal rayonu 40 saylı MKİS-nin tərtib etdiyi situasiya planlarında, istərsə də hələ xx.xx.2020-ci il tarixdə iddiaçının, eləcə də digər iki paylı mülkiyyətçinin fərdi yaşayış evinə mülkiyyət hüququnu qeydə alınarkən cavabdeh orqanın həmin ünvana yerli baxış keçirmiş mütəxəssisin tərtib etdiyi yerli müayinə aktında qeyd edilmişdir. Eyni zamanda Kollegiya tərəfindən də mübahisəli əraziyə baxış keçirilmiş və baxış zamanı iddiaçının iddia etdiyi sahənin iki hündürmərtəbəli yaşayış binasının mühafizə zolağında yerləşməsi, səhənin bir hissəsinin isə 2002-ci ildə tikilmiş binanın su anbarı olan hissəsinə düşdüyü müəyyən edilmişdir. Belə olan halda mövcud olmayan əmlakın texniki vəziyyətini göstərən texniki pasport öz əhəmiyyətini itirdiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, şikayət hər hansı mötəbər dəlilə əsaslanmamaqla yanaşı, formal mülahizələrdən ibarətdir, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvinə əsas verən hər hansı yeni sübut və ya hal qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. ünvan 2əsinin 2-1(112)-5912/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar