Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-526/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Dairəsinin Cavabdeh (üçüncü şəxs: "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “siyahıya alınmış əmlakın satılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Dairəsinin Cavabdeh (üçüncü şəxs: "xxxx" MMC) qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7861/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. xx.xx.2022-ci il tarixində vergi borclarını ödəməyən Cavabdeh (bundan sonra – cavabdeh) (VÖEN:**********) əmlakının siyahıya alınması barədə **********7 nömrəli qərar qəbul edilmişdir.
2. Əmlakın siyahıya alınması haqqında xx.xx.2022-cü il tarixli **********7 nömrəli protokola əsasən Qobustan rayonu, Bakı-Qazax yolunun 97-ci km ünvanında yerləşən “Qobulənd istirahət mərkəzində” fərqləndirici əlaməti “Aksa” markalı olan generator siyahıya əlavə edilmişdir. Protokola əsasən siyahıya alınmış əmlakı məsul saxlamaya alan şəxs X1 qeyd olunmuşdur.
3. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixdə əmlakın siyahıya alınması haqqında protokol və digər sənədləri X3 (cavabdehin nümayəndəsi) imzalamış, həmin sənədlərin bir nüsxəsi ona təqdim edilmiş və eyni tarixli aktlarla siyahıya alınmış əmlaklar cavabdehin nümayəndəsinə məsul saxlanmaya verilmişdir.
4. Şəxsi hesab vərəqəsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixə cəmi 35.451,00 manat borcu var.
5. Məhkəmə sorğusuna cavab olaraq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Dairəsi (bundan sonra – iddiaçı) tərəfindən bildirilmişdir ki, cavabdehin dövlət büdcəsinə ümumilikdə 34.980,74 manat (o cümlədən: vergilər üzrə - 7.278,86 manat, maliyyə sanksiyaları üzrə - 9.080,00 manat, faizlər üzrə - 3.475,43 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə - 15.146,45 manat) borcu vardır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 19.743,08 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 25.000 manat məbləğində siyahıya alınmış əmlakının (“AKSA” generator) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022 tarixə yaranan 20.765,55 manat borcuna görə 25.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli, **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 19.743,08 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.2-ci maddəsinə görə vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə müvafiq olaraq baxılır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-478/2022 nömrəli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın satılması ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud ödənilməsinin təmin olunması məqsədilə verg ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması ilə bağlıdır. Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin - vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir. İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı) səlahiyyətlərinə və VM-in müvafiq müddəalarına istinad etmişdir. Belə ki, VM-in 89.1 və 89.7- ci maddələrindən (bax yuxarıda § 25) aydın olur ki, istənilən vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında vergi orqanın qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi (bax yuxarıda § 28) anlamında inzibati aktdır. Çünki: 1. inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir; 2. ümumi (publik) hüquq sahəsinə (vergi qanunvericiliyinə) aid olan müəyyən məsələni (hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə ödənilməsinin təmin olunmasını) həll etmək məqsədilə qəbul edilmişdir; 3. ünvanlandığı hüquqi şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr (sərəncam vermək hüququndan məhrum etmə, əmlakdan istifadənin vergi orqanının nəzarəti ilə həyata keçirmə, israf, dəyişdirmə, gizlətmə hallarında cinayət məsuliyyətinə cəlb edilmə və sair) yaratmışdır; 4. qərar formasında qəbul edilmiş hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2851/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia təmin edilmiş, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 19743,08 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 25000 manat məbləğində siyahıya alınmış əmlakı (“AKSA” generator) ticarət şəbəkələrində satılması qərara alınmışdır.
10. "xxxx" MMC (bundan sonra – üçüncü şəxs) tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim olunaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2851/2023 nömrəli qərarı ilə Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 19743,08 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 25000 manat məbləğində siyahıya alınmış əmlakının (“AKSA” generator) ticarət şəbəkəsində satılması qərara alınmışdır. Bununla bağlı bildirilir ki, qərarda öz əksini tapan generator "xxxx" MMC-yə məxsusdur, hansı əsasla Bakı inzibati Məhkəməsinin həmin generatoru Cavabdeh borcunun ödənilməsinə yönəltdiyi məlum deyildirdir. Qeyd edilən məhkəmə qərarının olması "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixində vergi əməkdaşlarının idarənin ərazisinə daxil olub əmlakların siyahısını aparmaq istərkən məlum olmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qərarı "xxxx" MMC-nin kobud şəkildə mülkiyyət hüququ pozur. Odur ki, "xxxx" MMC mülkiyyətçi olaraq Bakı inzibati Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəkdir. Hal-hazırda Bakı İnzibatı Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(1112)-2851/2023 nömrəli Qərarının surətini "xxxx" MMC-yə rəsmi qaydada təqdim olunması və qərarın icrasını təxirə salması üçün aidiyyati quruma rəsmi məlumat verilməsini xahiş edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7861/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7861/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Əmlakın siyahıya alınması haqqında xx.xx.2022-cü il tarixli, **********7 nömrəli protokoldan görünür ki, vergi orqanı tərəfindən Cavabdeh vergi borcuna görə siyahıya alınmış fərqləndirici əlaməti “Aksa” markası olan generator Qobustan rayonu, Bakı-Qazax yolunun 97-ci km ünvanında yerləşən “Qobulənd istirahət mərkəzində” yerləşir və əmlakın siyahıya alınması barədə qərar qəbul edilməsi üçün əsas olmuş müvafiq əmlakın Cavabdeh məxsusluğuna dair hər hansı dəlil təqdim edilməmişdir. Digər tərəfdən siyahıya alınmış əmlaka (fərqləndirici əlaməti “Aksa” markası olan generatora) münasibətdə "xxxx" MMC tərəfindən ərizə təqdim edilərək buna dair hər hansı sübut təqdim etmədən əmlakın cəmiyyətə məxsusluğu iddia edilmişdir.
14. Lakin məhkəmə iş materiallarına əsasən vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın ödəyiciyə məxsusluğunu hər hansı şəkildə müəyyən etməmiş, bununla bağlı cavabdehin (nümayəndəsinin) ən azı hər hansı təsdiqedici izahatı inzibati icraat materiallarına əlavə olunmamışdır. Məhkəmə həm də onu nəzərə alır ki, siyahıya alınmış əmlak “Qobulənd istirahət mərkəzində” yerləşir və istirahət mərkəzinin fəaliyyətinin xüsusiyyəti nəzərə alınaraq generatorun mülkiyyətçiyə məxsusluğunu ehtimal etmək mümkündür.
15. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7861/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, hazırkı iddianın predmetini Cavabdeh vergi borcuna görə siyahıya alınmış əmlakın satılması təşkil edir. Bununla bağlı əvvəlcə də Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş vəBakı İnzibati Məhkəməsinin 2-1(112)- 2851/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia tələbimiz təmin edilərək Cavabdeh məxsus “Aksa” markalı generatorun satılmasına qərar verilmiş, məhkəmənin Qərarı xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbi kifayət qədər araşdırılmış, cavabdeh tərəfindən iddiaya qarşı hər hansı etiraz məhkəməyə təqdim edilməmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən icraat zamanı "xxxx" MMC üçüncü şəxs kimi məhkəməyə cəlb edilsə də, bu cəlb etmənin "xxxx" MMC-nin həqiqətən də maraqlarına toxunması sübut edilməmişdir. Həmçinin məhkəmənin özü tərəfindən artıq qüvvəyə minmiş məhkəmə qərarlarının yenidən mübahisələndirilməsi məhkəmə qərarlarının sabitliyi prinsipini pozur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında qüvvəyə minmiş məhkəmə qərarlarının yenidən mübahisələndirilməsinin yolverilməz olduğu birbaşa ifadə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 iyun 2017-ci il tarixli “S.Orucovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında “...Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir.... Beləliklə, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməsinin meyarı kimi həmin aktların yalnız qanuna və dəyişməz sübutlara əsaslanmasını göstərir. Bu prinsipin əsası Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsindən qaynaqlanır və məhkəmə aktlarının obyektiv və qərəzsiz qəbul edilməsini nəzərdə tutur, habelə mülki proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur...Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir....” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan Qərardan da məlum olur ki, məhkəmələr tərəfindən qanuni qüvvəyə minmiş qərarlar istənilən halda deyil, yalnız kifayət qədər əsas və sübutlar olduqdan sonra yenidən mübahisələnidirilə və baxıla bilər. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə göstərilən dəlillər əsassızdır. Sözügedən inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsi məhkəmə baxışı zamanı işin faktiki hallarını obyektiv araşdırmış, iddia üzrə təqdim olunmuş mötəbər sübutlara və digər hallara qanunvericiliyin tam tələbləri əsasında düzgün hüquqi qiymət verərərk və müvafiq qanun normalarına düzgün istinad edərək Azərbaycan Respublikası adından ədalətli qərar qəbul etmişdir. Belə ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Dairəsi Cavabdeh istifadəsində olan obyektin yaranmış 19,743.08 manat borcuna görə 25,000 manat dəyərində əmlak siyahıya almışdır. Həmin əşyalardan “AKSA” markalı generator cavabdehin istifadəsində olan obyektin mülkiyyətçisinə, yəni "xxxx" MMC-yə aid olmuşdur. Bununla yanaşı generatorun Cavabdeh mülkiyyətində olmasını təsdiq edən sənəd olmamışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının 21-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə iş materiallarına əsasən vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın ödəyiciyə məxsusluğunu hər hansı şəkildə müəyyən etməmiş, bununla bağlı cavabdehin (nümayəndəsinin) ən azı hər hansı təsdiqedici izahatı inzibati icraat materiallarına əlavə olunmamışdır. Məhkəmə həm də onu nəzərə alır ki, siyahıya alınmış əmlak “Qobulənd istirahət mərkəzində” yerləşir və istirahət mərkəzinin fəaliyyətinin xüsusiyyəti nəzərə alınaraq generatorun mülkiyyətçiyə məxsusluğunu ehtimal etmək mümkündür. Həmin qərarın 22-ci maddəsində məhkəmə qeyd edir ki, vergi qanunvericiliyində vergi ödəyicisinin borcları üzrə məhz ona məxsus olan əmlakın siyahıya alınaraq satılması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə mübahisədə siyahıya alınmış əmlakın Cavabdeh məxsusluğu mötəbər dəlillərlə təsdiq edilmədiyindən və əmlaka dair mübahisə olduğundan iddia tələbi təmin edilməməlidir. İddia tələbinin təmin edilməməsi cavabdehin mülkiyyətində olduğu müəyyən edilən əmlakın dövlət büdcəsinə olan borcun ödənilməsi üçün siyahıya alınmasını istisna etmir. Odur ki, bütü bunları nəzərə alaraq inzibati iş üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Dairəsi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etmədən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 7861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını qüvvədə saxlanılmasını Sizdən xahiş edirəm.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər … 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. ... Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ... 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. ... Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. ...
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.4 Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.
27. Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur.
28. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, bir-biri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması.
29. Qanunvericiliyin tələblərinə görə yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına bilər. Buna görə də siyahıya alınma mərhələsində əmlakın vergi ödəyicisinə əmlak hüquqları əsasında məxsus olduğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Əmlaka daşınar və daşınmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər.
30. Siyahıya alınmaya münasibətdə qanunvericinin riayət edilməsi məcburi olan şərt kimi müəyyən etdiyi hallardan biri də mütənasiblik və ardıcıllıqla bağlı tələblərə əməl olunmasıdır. Buna görə, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Digər tərəfdən, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla və yenə Məcəllənin 89.6-cı maddəsində müəyyənləşdirilmiş ardıcıllığı riayət edilməklə həyata keçirilməlidir.
31. Kollegiya qeyd edir ki, siyahıya alınma barədə qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu iddia edən maraqlı şəxslər siyahıya alınma barədə qərarı mübahisələndirməklə hüquqi müdafiə imkanlarından istifadə edə bilərlər. Çünki, həmin qərar vergi ödəyicisinin əmlakları barəsində hüquqlarının müəyyən dərəcədə məhdudlaşdırılması nəticəsini yaradır.
32. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
33. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır.
34. Bundan başqa, yalnız siyahıya alınmış əmlakların satılması barədə qərar çıxarıla bilər, siyahıya alınmamış əmlaklar barəsində belə qərar verilə bilməz.
35. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir.
36. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.
37. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
38. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
39. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.
40. Şəxslərin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulmuşdursa, tələb yönəldilə bilməyən əmlaklar satıla bilməz. Müvafiq olaraq siyahıya alınmasından asılı olmayaraq məhkəmələr belə əmlakların satılması barədə qərar verməməlidirlər. Bundan başqa, şəxslər satılma zamanı ardıcıllıqla bağlı tələblərə riayət olunmasını, eləcə də əmlakların dəyərinin düzgün müəyyənləşdirilməsini də tələb edə bilərlər. Dəyərin düzgün müəyyənləşdirilməsi ona görə əhəmiyyət kəsb edir ki, borcun ödənilməsi üçün kifayət edən əmlak satışa çıxarılmalıdır.
41. Digər tərəfdən, ödəyicilər diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını da tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir.
42. Kollegiya xüsusilə qeyd edir ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da verə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.
43. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.
44. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.
45. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən yuxarıda göstərilən qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, Əmlakın siyahıya alınması haqqında xx.xx.2022-cü il tarixli **********7 nömrəli protokoldan görünür ki, vergi orqanı tərəfindən Cavabdeh vergi borcuna görə siyahıya alınmış fərqləndirici əlaməti “Aksa” markası olan generator Qobustan rayonu, Bakı-Qazax yolunun 97-ci km ünvanında yerləşən “Qobulənd istirahət mərkəzində” yerləşir və əmlakın siyahıya alınması barədə qərar qəbul edilməsi üçün əsas olmuş müvafiq əmlakın Cavabdeh məxsusluğuna dair hər hansı dəlil təqdim edilməmişdir. Digər tərəfdən siyahıya alınmış əmlaka (fərqləndirici əlaməti “Aksa” markası olan generatora) münasibətdə "xxxx" MMC tərəfindən ərizə təqdim edilərək buna dair hər hansı sübut təqdim etmədən əmlakın cəmiyyətə məxsusluğu iddia edilmişdir. Lakin məhkəmə iş materiallarına əsasən vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın ödəyiciyə məxsusluğunu hər hansı şəkildə müəyyən etməmiş, bununla bağlı cavabdehin (nümayəndəsinin) ən azı hər hansı təsdiqedici izahatı inzibati icraat materiallarına əlavə olunmamışdır. Məhkəmə həm də onu nəzərə almışdır ki, siyahıya alınmış əmlak “Qobulənd istirahət mərkəzində” yerləşir və istirahət mərkəzinin fəaliyyətinin xüsusiyyəti nəzərə alınaraq generatorun mülkiyyətçiyə məxsusluğunu ehtimal etmək mümkündür.
46. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ona görə əsassızdır ki, siyahıya alınma zamanı ardıcıllıqla bağlı tələblərə riayət edilməsi üçün ilk növbədə, ödəyiciyə məxsus bir neçə əmlak mövcud olmalıdır. Hazırkı iş üzrə isə məhkəmənin özü tərəfindən siyahıya alınmış əmlaka (fərqləndirici əlaməti “Aksa” markası olan generatora) münasibətdə buna dair hər hansı sübut təqdim etmədən əmlakın cəmiyyətə məxsusluğu qeyd edilmişdir.
47. Həmçinin, Bakı İnzibati Məhkəməsi tərəfindən icraat zamanı "xxxx" MMC üçüncü şəxs kimi məhkəməyə cəlb edilsə də, bu cəlb etmənin "xxxx" MMC-nin həqiqətən də maraqlarına toxunması sübut edilməmişdir.
48. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunun meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır.
49. Hazırkı iş üzrə isə məhkəmə sözügedən qaydada araşdırma və qiymətləndirmə aparmadan iddianı təmin etməmişdir. Bu səbəbdən məhkəmə qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
50. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1617/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında da qeyd edilmişdir.
51. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
52. Həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
53. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7861/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.