Məhkəmə qərarları › İş №2-1(103)-527/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-527/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-527/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı və onun vəkili və nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 362/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2014-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbacan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 21.5-ci bəndində (metropoliten) yol nəzarətçiləri nəzərdə tutulmadığından, iddiaçıya yaşa görə güzəştli pensiyanın təyin olunması mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1391/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə qərar ləğv edilmiş, yeni qərar çıxarılaraq, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-3031/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-321/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1518/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı və onun vəkili təqdim etdikləri iddianın dəqiqləşdirilməsi barədə ərizəyə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarının tarix hissədə dəyişdirilib, qalan hissədə qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə qismən əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “İddiaçının əmək kitabçasının məlumatlarına görə, 2014-cü il 11 sentyabr tarixə onun azı 20 il ümumi stajının olduğu müəyyən olunur. İddiaçının xüsusi iş stajına gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nın 21.5-ci bəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr; metropoliten müəssisələrinin briqadirləri; metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; Drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar, böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər, elektrik mexanikləri peşələri üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur. ...iddiaçının əmək kitabçasına əsasən o, 2004-cü il 10 iyun tarixli əmrlə 2 dərəcə ilə yol fəhləsi işinə qəbul edilsə də, 2005-ci il 3 yanvar tarixli əmrlə 3-cü dərəcəli yol nəzarətçisi təyin edilmiş və 2014-cü il 18 iyul tarixli əmrlə “xxxx” QSC Yol xidməti 2 saylı Yol hissəsi 4-cü sahəsinə 3-cü dərəcə ilə yol nəzarətçisi peşəsinə işə qəbul edilmişdir. Yəni, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə” peşəsi üzrə 2004-cü il 10 iyun tarixdən 2005-ci il 3 yanvar tarixə qədər çalışmışdır. O, 2005-ci il 3 yanvar tarixdən hal-hazıradək yol nəzarətçisi peşəsində çalışsa da, həmin peşə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPMin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, “xxxx” QSC-nin 2017-ci il 6 fevral tarixli, A/45 saylı arayışına əsasən, iddiaçının “...Gecə, yeraltı xüsusi, zərərli iş şəraitində əmək stajı 12 il 07 ay 23 gündür. ...Yol nəzarətçisi - yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24% Ödənc hesablanır.”. Beləliklə, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılarkən, həmçinin iddiaçının ona əmək pensiyasının 2014-cü il 24 avqust tarixdən təyin edilməsini tələb etdiyi nəzərə alınmaqla, tələb olunan ümumi və xüsusi stajların həmin tarixədək yaxud həmin tarixdən sonra tamam olduğunu dəqiq müəyyən etməlidir. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun azı 20 il ümumi stajı (texnikumda təhsil müddəti də nəzərə alınmaqla) 2014-cü il 11 sentyabr tarixdə yaranır. Qanunla tələb olunan stajın son tarixinin ərizədə iddia olunan 2014-cü il 24 avqust tarixdən sonraya təsadüf etdiyinin müəyyən edildiyi halda, məhkəmə iddiaçının bununla bağlı mövqeyini nəzərə almaqla, iddia tələbinin dəqiqləşdirilməsinə dair məsələni həll etməlidir.” Ali Məhkəmənin iş üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Bu iş üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında da məhkəmə kollegiyası bildirmişdir ki, işə təkrar baxılarkən, həmçinin iddiaçının ona əmək pensiyasının 2014-cü il 24 avqust tarixdən təyin edilməsini tələb etdiyi nəzərə alınmaqla, tələb olunan ümumi və xüsusi stajların həmin tarixədək yaxud həmin tarixdən sonra tamam olduğunu dəqiq müəyyən etməlidir. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun azı 20 il ümumi stajı (texnikumda təhsil müddəti də nəzərə alınmaqla) 2014-cü il 11 sentyabr tarixdə yaranır. Qanunla tələb olunan stajın son tarixinin ərizədə iddia olunan 2014-cü il 24 avqust tarixdən sonraya təsadüf etdiyinin müəyyən edildiyi halda, məhkəmə iddiaçının bununla bağlı mövqeyini nəzərə almaqla, iddia tələbinin dəqiqləşdirilməsinə dair məsələni həll etməlidir. Kassasiya instansiyasının bu hüquqi mövqeyi isə Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinin göstərişi baxımından onu ehtiva edir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi, iddiaçıya hüquqi yardım göstərməli, ona işin hüquqi vəziyyətini izah etməli və iddiaçı razılaşdığı halda iddianın dəqiqləşdirilməsi haqqında ərizə almalı və buna uyğun qərar qəbul etməlidir. Lakin işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin bu hüquqi mövqeyini nəzərə almamış, iddiaçıya huquqi yardım etməmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, iddia tələbindəki 24 avqust tarixini 11 sentyabr tarixinə dəyişmişdir. Bunlan əlavə, işdə olan, iddiaçıya məxsus xx.xx.1980-ci ildə açılmış İT-İ ******* nömrəli əmək kitabçasının müvafiq təsdiqli surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildə (əmr 64, xx.xx.1979) sovxozda fəhlə işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə oxumağa getməsi ilə əlaqədar işdən azad edilmiş (əmr 53, xx.xx.1981), xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək ixtisas təhsili almış, xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək “Azmelioremmaş” İstehsalat Birliyinin RMZ (Mexaniki Təmir Zavodu) satış üzrə mühasib, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək xxxx Hərəkət xidmətində 3-cü dərəcli xadimə işləmiş, xx.xx.2004-cü ildə (əmr 64/kş, xx.xx.2004) xxxxnin Yol xidmətinə 2-ci dərəcə ilə yol fəhləsi qəbul edilmiş, işi gecə tuneldə, xüsusi zərərli iş şəraiti, xx.xx.2005-ci ildə (əmr 01-kş) 3-cü dərəcə verilmiş, xx.xx.2005-ci ildə 3-cü dərəcəli yol nəzarətçisi təyin edilmiş (əmr 02-kş), xx.xx.2014-cü ildə YH-2, 4-cü sahəyə keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin 289 saylı sərancamına əsasən səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmış, xx.xx.2014-cü ildə “xxxx” QSC-nin yol xidməti 1 saylı yol hissəsinin 4-cü sahəsində 3-cü dərəcə ilə yol nəzarətçisi peşəsində işləyir, işi gecə tuneldə xüsusi zərərli iş şəraiti. Hal-hazıradək işləyir. xx.xx.1983-cü ildə verilmiş DT-İ 773858 nömrəli diplomun notariat təsdiqli surətinə görə, iddiaçı 1981-ci ildən xx.xx.1983-cü ilədək Bakı Maliyyə Kredit Texnikumunda mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmiş və ona mühasib ixtisası verilmişdir. “xxxx” QSC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli A/45 saylı arayışa əsasən, iddiaçı həqiqətən xx.xx.2004-cü ildən xx.xx.2014-cü ilədək xxxxnin Yol xidmətinin 2 saylı yol hissəsinin 4-cü sahəsində yol nəzarətçisi peşəsində çalışmışdır. xx.xx.2014-cü ildən hal-hazıradək “xxxx” QSC-nin yol xidməti 1 saylı yol hissəsinin 3-cü sahəsində yol nəzarətçisi peşəsində işləyir. Gecə, yeraltı xüsusi, zərərli iş şəraitində əmək stajı 12 il 07 ay 23 gündür. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 21.5-ci bəndinin 1-ci bölməsinə əsasən əmək stajına görə güşəztli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Qeyd: yol nəzarətçisi - yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusilə zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24% ödənc hesablanır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinə görə, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-5491 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 21.5-ci bəndinə (metropoliten) yol nəzarətçiləri nəzərdə tutulmadığından, onun ərizəsini təmin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixədək yaranmış pensiya hüquq münasibətlərinə tətbiq olunan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, 52 yaşı xx.xx.2014-cü il tarixdə tamam olan iddiaçının xx.xx.2017-ci il tarixədək texnikum təhsili də daxil olmaqla 20 ildən çox ümumi, Siyahıda nəzərdə tutulan “21. Nəqliyyat - 21.5. Metropolitenlər - yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsində 10 ildən çox xüsusi staja malik olması əmək kitabçası, iş yerinin güzəştli arayışı və diplomla təsdiq olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissədə təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olsa da, məhkəmənin əmək pensiyasının təyin edilməsi tarixi ilə bağlı qərarı doğru olmamışdır. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, qərarın nəticə hissəsində “24 avqust” sözləri “11 sentyabr” sözləri ilə əvəz edilməli, qalan hissədə qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Məhkəmə kollegiyası yekunda, həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında pensiyanın hansı tarixdən ödənilməli olmasının göstərilməməsinə baxmayaraq, məhkəmə qərarının icrası mərhələsində bu məsələ hər bir halda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla həllini tapmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-362/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Qərarın nəticə hissəsində “24 avqust” sözləri “11 sentyabr” sözləri ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elnur Həsənov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar