Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-527/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4712/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 25.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4712/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 25.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək kitabçasından aydın olur ki, o, 04.12.1989-01.01.2006-cı illərdə “Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Lokomotiv Deposunda “motor vaqon maşinisti" peşəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci bölməsi “Nəqliyyat" (kod: ********) adlanır. Həmin bölmənin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan (kod: ********) 1ci bəndində dəmiryol nəqliyyatında güzəştli iş stajı verən peşələr sadalanır. Qeyd edilən bənddə “motor vaqon maşinisti” peşəsi öz əksini tapmamışdır. Təsadüfi deyildir ki, İddiaçının təqdim etdiyi "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunnun tərtib etdiyi 343 saylı, 11.06.2020-ci il tarixli Arayışda İddiaçınnı çalışdığı peşənin hansı bənd (kod) altında nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə, NK- nın müvafiq qərarına istinad edilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 46.801,16 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin İddiaçının sahib olduğu pensiya kapitalı cəmi. 39.722,48 manat təşkil edir. Odur ki, Filialın imtinası bu hissədə “Əmək pensiyaları haqqında” qanunun 9.1,6.2, 6.3 və 45-ci maddələrinə uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 14.06.2021-ci il tarixli məktubda qeyd olunur: Məktubunuza baxaraq bildiririk ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18228,12 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 23618,28 manat olmaqla cəmi pensiya kapitalı 41846,40 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 01.01.2006-cı il tarixinədək olan 23 il 11 ay 1 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18228,12 manat müəyyən edilmişdir. İddiaçı həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 23618,28 manat pensiya kapitalı qeydə alınmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 57 yaşının tamam olduğu 25.05.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - Azərbaycan SSR X6 Təhsili Komitəsi tərəfindən 06.03.1982-ci ildə verilmiş A seriyalı 763149 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01.09.1980-ci ildə 87 nömrəli Texniki peşə məktəbinə daxil olmuş və 06.03.1982-ci ildə “Elektrik qatarlarının maşinist köməkçisi" peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona elektrik qatarlarının maşinist köməkçisi 3-cü dərəcəli çilingəri ixtisası verilmişdir. - İddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 10.05.1982-ci ildən 15.05.1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun 343 saylı 11.06.2020-ci il tarixli açıqlama-arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bakı Lokomotiv Deposunda 17.10.1984- 25.08.1986, 22.01.1987-04.12.1989-cu illərdə elektrik qatarlarının maşinist köməkçisi, 04.12.1989-01.11.2009-cu illərdə elektrik qatarlarında maşinist, 01.11.2009-06.09.2017-ci illərdə növbətçi maşinist peşələrində işləmişdir. İddiaçı əmək kitabçası üzrə Bakı Lokomotiv Deposunda güzəştli iş stajı - maşinist köməkçisi kimi 04 il 08 ay, maşinist kimi 19 il 11 ay, növbətçi maşinist kimi 07 il 10 ay, ümumi 32 il 05 ay təşkil edir. Qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4-cü maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış 338 saylı 04.06.2020-ci il tarixli arayışda qeyd edilir: Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Bakı Lokomotiv Deposunda hal-hazırda maşinist köməkçisi işləyən X1 əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS hal-hazırda tərcümə olunaraq “elektrik qatarları” adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. - Azərbaycan Dəmir Yolları QSC tərəfindən İddiaçı ünvanlanmış 48618 nömrəli 11.03.2021-ci il tarixli arayışda qeyd edilir: Verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən 03.12.1981-ci il tarixdən 21.04.1982-ci il tarixədək və 18.06.1984-cü il tarixdən 17.10.1984-cü il tarixədək Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, 17.10.1984-cü il tarixdən 25.08.1986-cı il tarixədək və 22.01.1987-ci il tarixdən 19.02.1987-ci il tarixədək elektrik qatarının maşinist köməkçisi, 19.02.1987-ci il tarixdən 01.11.2009-cu il tarixədək elektrik qatarının maşinisti, 01.11.2009-cu il tarixdən 06.09.2017-ci il tarixədək növbətçi maşinist (ümumilikdə 33 il 02 ay 10 gün olmaqla) peşələrində çalışmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına daxildir. - Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 37 nömrəli 26.05.2021-ci il tarixli arayışda qeyd edilir: Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. - İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1980-ci ildən 06.03.1982-ci ilədək müddətdə təhsil almışdır, 03.12.1981-ci ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 21.04.1982-ci ildə Sovet ordusuna çağırıldığı üçün işdən azad edilmiş, 10.05.1982-ci ildən 11.05.1984-cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 18.06.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 17.10.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisinin dublyoru keçirilmiş, 31.10.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisi vəzifəsinə sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, 25.08.1986-cı ildə Azərbaycan SSR Bakı Texniki Məktəbinin maşinistlər və motorvaqon bölməsi üzrə kurslara getdiyi üçün işdən azad edilmiş, 25.08.1986-cı ildə Azərbaycan Dəmir Yolları Bakı Texniki Məktəbi elektrik qatarı maşinistlərinin kurslarına daxil olmuş, 21.01.1987-ci ildə elektrik qatarı maşinistlərinin kurslarını bitirmiş, 22.01.1987-ci ildə Azərbaycan SSR Bakı Texniki Məktəbinin motorvaqon bölməsi üzrə maşinistin köməkçisi qəbul edilmiş, 19.02.1987-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Texniki Məktəbi motorvaqon bölməsi üzrə maşinist ixtisası verilmiş, 04.12.1989-cu ildə motorvaqon bölməsi üzrə maşinist keçirilmiş, 24.03.1994-cü ildə MVB maşinistə 3-cü dərəcə verilmiş, 01.03.1996-cı ildə MVB maşinistə 2-ci dərəcə verilmiş, 01.11.2009-cu ildə İstismar sexində depoda növbətçi maşinist keçirilmiş, 06.09.2017-ci ildə Depoda növbətçi təyin edilmişdir və (17.06.2020-ci il) hal-hazıra kimi işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı 4 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Filiala təqdim etdiyiniz 7 dekabr 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan 04.12.1989-01 01,2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı Lokomotov Deposunda işlədiyiniz motor vaqon maşinisti vəzifəsi həmin qurumun Sizə dair 11.06.2020-ci il tarixli 343 nömrəli arayışında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisı»nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 46801,16 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39722,48 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 57 yaşının tama olduğu, 25.05.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Apelyasiya şikayətindən də göründüyü kimi, cavabdeh orqan ilk növbədə iddiaçının 04.12.1989-01.01.2006-cı illərə aid olan iş stajını güzəştli olmasını mübahisələndirərək, iddiaçının qeyd edilən illərdə işlədiyi “motor vaqon maşınisti” vəzifənin adının güzəştli peşələrin müvafiq siyahısında olmaması ilə əsaslandırır. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 37 nömrəli 26.05.2021-ci il tarixli arayışa əsasən Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılması və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil etməsi təsdiq edilmişdir. Sadalananlardan göründüyü kimi, iddiaçının 04.12.1989-01.01.2006-cı illərdə işlədiyi motor vaqon maşınisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) peşəsinə uyğun olması faktı məhkəmə araşdırması ilə öz təsdiqini tapır. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olub və 57 yaşının tamam olduğu 25.05.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. 20.02.1980-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər, hərbi xidmət və təhsil dövrü də daxil edilməklə, iddiaçının ümumilikdə 25 il 05 ay 07 gün sığorta stajı mövcuddur, ((06.03.1982 – 01.09.1980 = 1 il 06 ay 05 gün) + (21.04.1982 – 03.12.1981 = 04 ay 18 gün) + (11.05.1984 – 10.05.1982 = 2 il 01 gün) + ( 01.01.2006 – 18.06.1984 = 21 il 06 ay 13 gün) = 25 il 05 ay 07 gün)) İddiaçı əmək fəaliyyətinin 20 il 10 ay 29 gününü isə əmək şəraiti zərərli və ağır olan işlərdə (kod: 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri)) işləmişdir. ((25.08.1986 – 17.10.1984 = 1 il 10 ay 08 gün) + (01.01.2006 – 22.01.1987 = 19 il 21 gün) = 20 il 10 ay 29 gün Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu 28.06.2018ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Cavabdehin apelyasiya şikayətindəki iddiaçının pensiya kapitalının yetərsiz oması mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının tam əmək stajı 01.01.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu 01.07.2015ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.” Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4712/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azad İmanov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-527/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-527/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver