Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-527/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7616/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı və vəsiqəsi verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış cərrahi yardımın səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli 1 N-li əmrinə və Azərbaycan Tibb Universitetinin rektorunun 1992-ci və 1994-cü illərin mavafiq tarixli əmrlərinə əsasən həkim-cərrah kimi cəbhənin müxtəlif zonalarına ezam olunub: xx.xx.1992-ci il tarixli 266 №-li əmrinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Dağlıq Qarabağın cəbhə rayonlarına, xx.xx.1994-cü il tarixli 14/E N-li əmrinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994- cü il tarixə qədər Xanlar rayonuna. Onunla eyni vaxtda ezam olunan bir çox həkimlər '‘Müharibə veteranı" adını və vəsiqəsini almışdır. O, 2 dəfə (4 fevral və 4 mart 2022-ci il tarixli məktublarla) cavabdehə müvafiq ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir, xx.xx.2022-ci il tarixli imtina məktubu məktubunda isə qeydolunmuşdur ki, iş yeri üzrə müraciət etməyi məqsədəuyğundur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Çünki, o, Azərbaycan Tibb Universitetinin əmrlərinə əsasən cəbhə bölgələrinə ezam olunmuş, yaralılara ixtisaslaşdırılmış tibb yardım göstərmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, hesab etmişdir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7616/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmənin istinad etdiyi, AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarında normaya münasibətdə bildirilir ki, “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş müddəasından sonra “şəxslər” müddəası göstərilmədən durğu işarəsi (,) qoyulmuş, həmin müddəa “həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - “məzmunda müddəa ilə davam etdirilmiş və həmin müddəanın məhz “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunmuş hərbi qulluqçularda aid edildiyi aşkar olaraq təsbit olunmuşdur. Həmçinin, iddia ərizəsində iddiaçı qeyd etdiyi ərazilərdə ezamiyyətdə olması barədə “ezamiyyə vərəqəsi” iş materiallarında mövcud deyildir. Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş (01 02.2022-ci il tarixli, 1277 nömrəli) arayışın hansı hüquqi əhəmiyyətli sənədlər əsasında tərtib edilməsi işin mübahisə doğuran hallarına aiddir. Bütün bunları nəzərə alaraq bildirmək istəyirik ki, arayışın mötəbərliyini şübhə altına alan ziddiyyətlər müəyyən edilmişdir. Həmçinin (xx.xx.1992-ci il tarixli 266 №-li əmrinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Dağlıq Qarabağın cəbhə rayonlarına) qeyd olunmuş ezamiyyə haqqında məlumatlar özü özlüyündə şübhə doğurur. Çünki, konkret olaraq hansı rayona ezam olunduğu, bu barədə ezam olunduğu rayonun müvafiq icra hakimiyyəti orqanının və ya hərbi komissarlığının, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı və ya qeydi iş materiallarında mövcud deyildir. İş materiallarında olan arayışa əsasən, döyüş bölgələrində yaralılara göstərilən ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə Dağlıq Qarabağın cəbhə rayonlarına və Xanlar rayonuna ezam edilməsi qeyd edilsə də, o, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər, həmçinin özünümüdafiə dəstələrinin tərkibində döyüşməsi barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki o, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun. Həmçinin analoji iş üzrə iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 428/2022 nömrəli qərarının 21 və 26-cı bəndlərini göstərmək olar. Sözügedən qərara əsasən, iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1712/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, irəli sürülən faktlar iddiaçı tərəfindən mötəbər sübutlarla sübut edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış və ziddiyətli məqamları müəyyən etməmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər olmadığından, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddiaçının iddia tələbi təmin edilməməlidir.» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Səfərli apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, Tibbi Universitetinin əmrləri əsasında Qazax rayonu və Xanlar rayonuna döyüş bölgələrinə ezam olunaraq yaralılara tibbi yardım göstərdiyini, ezamiyyə vərəqədərini hospitalda qeydə aldırdığını və qayıtdıqda Universitetə təhvil verdiyini, bunu təsdiq edə bilən şahidlərinin olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdəiştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan məzmunundan göründüyü kimi, o cümlədən, döyüş əməliyatları aparan bölgələr hesab edilən Göygöl (keçmiş Xanlar) və Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər. İddiaçının iş materiallarında olan 23 fevral 1972-ci il tarixdə Nəsimi RHK tərəfindən verilmiş 039655 saylı hərbi biletindən görünür ki, 1948-ci il təvəllüdlü İddiaçı, 1972-ci il tarixdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitrmiş, 18 may 1972-ci il tarixdə ona “tibbi xidmət leytenantı” hərbi rütbəsi verilmiş, xx.xx.1972-xx.xx.1974-cü illərdə tibb məntəqəsinin rəisi kimi həqiq hərbi xidmət keçmişdir. Eyni zamanda, iş üzrə birinci instansiya məhkəməsinə və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş və məhkəmənin öz təşəbbüsü ilə toplanmış sənədlərə əsasən aşağıdakılar müəyyən olunur. N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin 25 avqust 1992-ci il tarixli 62/E nömrəli, 7 noyabr 1992-ci il tarixli 266 nömrəli və 02 mart 1994-cü il tarixli 14/E nömrəli əmrlərinə, habelə xx.xx.2022-ci il tarixli 1277 saylı və xx.xx.2022-ci il tarixli 1551 saylı arxiv arayışlarına əsasən müəyyən olunur ki, İddiaçı: - xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinə qədər döyüş bölgəsində yaralılara göstərilən ixtisaslaşdırılmış tibb yardım göstərilməsi məqsədilə Qazax rayonunda ezamiyyətdə olmuş, 30 faiz ələvə əmək haqqı verilməklə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Dağlıq Qarabağın cəbhə rayonlarından yaralı döyüşçülərə tibbi yardım göstərmiş; -xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək isə döyüş bölgələrinədə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi məqsədilə Xanlar rayonunda ezamiyyətdə olmuşdur. İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ezamiyyə vərəqələrini ezam olunduğu cəbhə bölgələrində hospitalda qeydə aldırmış, qayıtdıqda universitetə təhvil vermiş, onun bunu təsdiq edəcək şahidləri vardır. Hazrkı mərhələdə məhkəmənin iddiaçının qeyd olunan ezamiyyə vərəqələri ilə bağlı Azərbaycan Tibb Universiterinə verilmiş sorğuya sonuncu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 01.20/288 nömrəli cavab məktubunda bildirilmişdir ki, Universitetin “xx.xx.2000-ci il tarixli aktına əsasən arxivdə saxlanılan mühasibatlığın 1984- 1996-cı illəri tam və qismən əhatə edən, tarixi, elmi və ezamiyyət vərəqədərinin əldə əhkəmə kollegiyası əməli əhəmiyyətini hərtərəfli itirmiş sənədlərin məhv edilməsinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 1. İdarəçilik sisteminin təşkilinin 20-ci maddəsinin “v” bəndinə əsasən saxlama müddəti bitdiyinə görə ləğv edilmişdir.” Tibb Universitetinin həmin məktubuna əlavə olunmuş istinad olunan həmin Aktın 17-ci bəndindən də görünür ki, “1992-1996-cı illər üzrə ezamiyyə və məzuniyyət xərclərinin ödənilməsinə dair əmrlər, hesab kartoçkaları cədvəllər və sair məhv edilmişdir.” Məhkəmə kollegiyası iddiaçıya verilmiş ezamiyyə vərəqələrin həmin cəbhə bölgələrində təsbit olunmasına aydınlıq gətirilməsi üçün məhkəməyə təqdim etdiyi şahidlər dindirilərkən və onlara sullar verilərkən: -şahid X4 ifadəsində göstərmişdir ki, “uzun müddət iddiaçı ilə bir işləmişdir. Onları baş həkim çağırıb ezamiyyə yazdı. Həmin vaxt Xocalıdan donmuşlar gəlirdi. Onları Gəncə hospitalına göndərdilər.Hospitalda onları qəbul edib ezamiyyə vərəqələrində qeyd aprıldı. İddiaçı ilə eyni otaqda qalırdılar, bir hospitalda işləyib xəstələrə yardım göstərirdilər. Gedibgəldikdən sonra ezamiyyə vərəqələrini buxalteriyaya təhvil verdilər.” -X5 da, həmçinin, ifadəsində və ona verilən sualları cavablandırarkən, iddiaçı ilə Xanlar rayonunda rastlaşdığını, onu tibb Universitəteindən ezam olunmuş əməkdaş kimi tanıdığını, ora-bura, o cümlədən, “Murov” dağına onla bir getdiyini, sonuncunun yüzlərlə yaralının həyataını qurtardığını bildirmişdir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, bir-birini tamamlayır və iddiaçının həqiqətən, sözügedən tarixlərdə qeyd olunan cəbhə bölgələrinə ezam olunduğuna və orada yaralılara ixtisaslaşdırılmış tibb yardım göstərdiyinə inandırıcı yanaşmağa imkan verir. Odur ki, həmin sübutlarla müəyyən olunan məlumatları məhkəmə kollegiyası, iddiaçının sözügedən cəbhə bölgələrində olduğunu və yaralılara tibbi yardım göstərdiyini təsdiq edən mötəbər məlumatlar kimi qiymətləndirir. Beləliklə də, sübutlarla müəyyən olunan hallarla cavabdeh tərəfindən iddiaçıya veteran adı və vəsiqəsi verilməsindən imtina olunması əsassız olduğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-nin 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir (Ali Məhkəmənin işə əlavə olunmuş qərarlarından görünür ki, oxşar işlər üzrə müvafiq məhkəmə qərarları mövcuddur.) Ona görə də məhkəmə cavabdehin apellyasiya şikayətinin - məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmadığını, habelə, qəbul etdiyi qərarla maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7616/2022 saylı xx.xx.2022-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7616/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-527/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-527/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver