Məhkəmə qərarları › İş №2-1(103)-527/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-527/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-527/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “gözdən əlil şəxs kimi mənzillə təmin edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “gözdən əlil şəxs kimi mənzillə təmin edilmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 saylı 24 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən 18 iyul 2018-ci il tarixdə verilmiş № 06732 saylı vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür. İddiaçı 1-ci qrup əlillik dərəcəsi almış şəxs kimi mənzil növbəsinə 1984-cü il tarixdən dayansa da, onun indiyənədək mənzillə təmin olunmadığına istinad edərək bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli oxşar məzmunlu məktublarında bildirilmişdir ki, Nizami rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş gözdən əlillərin növbəlik siyahısında xx.xx.1984-cü il tarixdən mənzil növbəsinə dayandığı üçün onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaqdır. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə birotaqlı mənzil olmadığından hal-hazırda mənzil təminatını həyata keçirmək mümkün deyil, Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə mənzillə təmin ediləcək. İddiaçı qeyd olunan cavab məktublarından narazı qalaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1-ci qrup əlillik dərəcəsi almış şəxs kimi mənzil növbəsinə dayanmış şəxslər siyahısında Nizami rayon İcra Hakimiyyətində 23 may 1984-cü il tarixdən 13-cü sırada olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının icrası olaraq inşa edilmiş mənzil və ya fərdi yaşayış evinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, 1-ci dərəcəli gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilmə öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci qrup gözdən əlil kimi Nizami rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanan şəxslər siyahısında 23 may 1984-cü ildən mənzil növbəsindədir. Nizami rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən mənzil növbəsinə dayanmış şəxs olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etsə də, ona xx.xx.2022-ci il tarixli **********0 saylı məktubla imtina olunaraq bildirilmişdir ki, "Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əiliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. “Nizami rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş gözdən əlillərin siyahısında iddiaçının 23 may 1984-cü il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən təqdim etdiyi sənədlərə baxılmış və onun bir otaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə bir otaqlı mənzil olmadığından, hal-hazırda onun mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə iddiaçının mənzillə təmin ediləcəyi cavabı verilmişdir. İddiaçı bildirir ki, müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 23 may 1984-cü ildən hal-hazırkı vaxtadək mənzil növbəsinə dayanmış şəxslər siyahısında Nizami rayon İcra Hakimiyyətində 13-cü sırada olmağı öz əksini tapmışdır. Cavabdeh imtina məktubunda "Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli sərəncamına istinad etsə də, iddiaçının mənzil növbəsinə dayandığı müddətdən 38 il keçir. Qeyd olunanları nəzərə alaraq, 1-ci qrup əlillik dərəcəsi almış İddiaçı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən mənzil növbəsinə dayanmış şəxslər siyahısında Nizami rayon İcra Hakimiyyətində 23 may 1984-cü il tarixdən 13-cü sırada olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cii il tarixli 569 nömrəli sərəncamının icrası olaraq inşa edilmiş mənzil və ya fərdi yaşayış evinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Bildirilir ki, Nizami Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş gözdən əlillərin növbəlilik siyahılarında iddiaçının 23 may 1984-cü il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmiş və birotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə birotaqlı mənziil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 saylı 24 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilmə öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iş materiallarına uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, vətəndaş İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 5 noyabr 2018-ci il tarixli 1-1/140 nömrəli sərəncamı ilə gözdən əlillərin siyahısına 4 nəfər ailə tərkibi (özü, bacısı, bacısı oğlu və bacısı qızı) daxil edilmişdir. Sərəncamda ailə tərkibi kimi 4 nəfərin qeyd olunmasına baxmayaraq vətəndaşa 1 otaqlı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətiçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Hesab edilir ki, məhkəmə qərarı ləğv olunaraq iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, "... Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasndan əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını. ..yoxlamalıdılar (2.3-cü bənd). inzibati orqan tərəfindən imtina olmamışdır. Birinci instansiya məhkəməsinin qərarında göstərildiyi kimi, iddiaçıya mənzil ayrılmasından imtina edilmir, lakin hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında mənzil olmadığından iddiaçının mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə iddiaçı mənzillə təmin ediləcəkdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Bu qəbildən olan iddia tələbləri mümkünsüz hesab edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia üzrə iddiaçının müraciətinə münasibətdə cavabdehin verdiyi cavab məktubları xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlidir. Həmin məktubların iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “1-ci dərəcəli gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilmə öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “iddiaçının birotaqlı mənzillə təmin olunması barədə qərar qəbul olunsa da, Nazirliyin balansında hazırda birotaqlı mənzillər olmadığından onun mənzil təminatının həyata keçirilməsinin mümkün olmaması, belə mənzillərin Nazirliyin balansına veriləcəyi təqdirdə tələbinin təmin olunacağı” səbəbindən tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Hazırki işdə İddiaçı 1-ci qrup əlil və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür, o, Nizami Rayon İcra Hakimiyyətində 1-ci qrup gözdən əlil kimi xx.xx.1984-cü ildən mənzil növbəsinə dayanan şəxslər siyahısında mənzil növbəsindədir. Belə ki, Nizami rayon X6 İcraiyyə Komitısinin 23 may 1984-cü il tarixli 53/6369 nömrəli qərarından və Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2018-ci il tarixli 1- 1/140 №li sərəncamından görünür ki, iddiaçının anası vətəndaş X2 çoxuşaqlı ana kimi (11 nəfər, özü, əri, 6 qızı, 3 oğlu) rayon icraiyyə komitəsində mənzil növbəsinə götürülmüş, sonradan 1-ci qrup gözdən əlil İddiaçı anasının ölümü ilə əlaqədar mənzil-uçot işinin onun adına keçirilməsi və mənzil növbəsində 4 nəfər ailə tərkibi ilə (özü, bacısı, bacısı oğlu, bacısı qızı) hesab edilməsi ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı hazirda 6 nəfər ailə tərkibi ilə (özü, 2 qardaşı, bacısı, bacısı oğlu, bacısı qızı) daimi qeydiyyatla mərhum anası M.M.Əzizovaya məxsus birotaqlı (18,85 kv.m) ünvan 3 ünvanında yaşayır. İddiaçı bacısı oğlu X7 da anadangəlmə xəstəliklə əlaqədar birinci qrup əlildir. Əzizovun "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu nəzərə alaraq Mədinə Əzizovanın ölümü ilə əlaqədar mənzil uçot işinin İ qrup gözdən əlil olan oğlu İddiaçı adına keçirilməsi və onun, 4 nəfər ailə tərkibində (özü, bacısı, bacısı oğlu, bacısı qızı) imtiyazlı əsaslarla mənzil növbəsində hesab edilərək imtiyaz hüququ qazandığı xx.xx.2018-ci il tarixdən gözdən əlillərinin siyahısına daxil edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik-gözdən əlil səbəbindən müddətsiz birinci dərəcə əlillik verilməsinə dair qərar qəbul edilmişdir. Digər məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı sərəncamının icrası çərçivəsində sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə vətəndaş İddiaçı Sosial Xidmətlər Agentliyinə təqdim etdiyi sənədlərə baxılmış və onun birotqalı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə birotaqlı mənzil olmadığından İ.Ə.Əzizovun mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində 3 may 2017-ci il tarixində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq mənzillə təmin edilməsi məqsədilə Sosial Xidmətlər Agentliyinə sənəd təqdim etmiş X1 da birotaqlı mənzil təqdim edilməsi qərarı verilmiş, lakin Nazirliyin balansında birotaqlı mənzillərin olmaması səbəbindən onun da mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına birotaqlı mənzillər veriləcəyi təqdirdə növbəlilik qaydasında Bakı şəhəri rayon icra hakimiyyəti orqanlarında uçota alınmış şəxslər, o cümlədən S.X.Şahverənova və İ.Ə.Əzizov mənzillə təmin ediləcəklər. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar gözdən əlil kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ vardır. İşin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildrilmişdir ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslərdən 241 nəfərə bir otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur ki, onlardan da 155 nəfərin uçota alınma tarixi İddiaçı növbəsinin tarixdən əvvəlki tarixlərə təsadüf edir. Yəni, İddiaçı ümumi sıra nömrəsi 156-dır, lakin uçota alındığı Nizami rayonu üzrə mənzil verilmə növbəsi isə 2-dir. Hazırda Abşeron rayonu Pirəkeşkül ərazi dairəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Sabunçu rayonu Ramana və Maştağa qəsəbəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi Yeni yaşayış kompleksi, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Yeni yaşayış kompleksi yerləşən ünvanlarda birotaqlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün deyildir. Nazirliyin balansına birotaqlı mənzillər verildikdən sonra İddiaçı mənzil təminatına mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Beləliklə, iş üzrə İddiaçı 1-ci qrup gözdən əlil şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər siyahısında 156-cı sıra nömrəsində, uçota alındığı Nizami rayonu üzrə mənzil verilmə növbəsində isə 2-ci olsa da, bu hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının ümumiyyətlə mənzillə təmin edilmə öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilmişdir. Bu barədə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının 1-ci qrup gözdən əlil kimi mənzillə təmin edilməli olan şəxs kateqoriyasına aid olduğu müəyyən edildiyi halda məhkəmə qərarının nəticəvi hissəsində onun mənzil növbəsində sıra nömrəsi nəzərə alınmaqla mənzillə təmin olunmalı olduğu mütləq göstərilməlidir. Əks təqdirdə həmin qeydin aparılmaması məhkəmə qərarının qeyri-müəyyən olub, onun icrasında çətinliklər yarada bilər. Odur ki, məhkəmə kollegiyası yuxarda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlarla bağlı apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 saylı 24 iyun 2023-cü il tarixli qərarı dəyişdirilməli və İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 saylı 24 iyun 2023-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar