Məhkəmə qərarları › İş №2-1(103)-527/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-527/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-527/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “mərhum anasının şəxsi hesab vərəqəsində olan məbləğin ona qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “mərhum X4 şəxsi hesab vərəqəsində olan məbləğin iddiaçıya qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergi ödəyicinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə şəhadətnamə verilmişdir (VÖEN **********). 001817 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi qızı (hazırkı iş üzrə iddiaçı) İddiaçıdır. Şəhadətnamə verilən miras əmlakın Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********68000 saylı məktubunda dövlət büdcəsinə artıq ödənilmiş 2200 manat məbləğində pul vəsaitindən ibarət olduğu göstərilmişdir. İşdə olan X4 Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən müəyyən edilmişdir ki, Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi qrafasında VM-nin 85.5ci maddəsinə əsasən 6298,70 manat qeyd olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, 1. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat; 2. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 600 (altı yüz) manat; 3. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat; 4. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat olmaqla, xx.xx.2022-ci il tarixə yaranmış cəmi 1800 manat artıq ödəmələrin geri qaytarılmasını xahiş etmişdir. Dövlət Vergi Xidmətinin ünvan 3 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, uçot baza məlumatlarına əsasən X4 (VÖEN: **********) xx.xx.2022-ci il tarixinə şəxsi hesab vərəqəsində 5400,00 manat vergilər üzrə artıq ödəmə olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bildirilir ki, vergi ödəyicisinin vergilər üzrə vərəqəsində 3200,00 manat artıq ödəmənin yarandığı tarixdən 5 il keçdiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 şəxsi hesab vərəqəsində olan 11000 (on bir min) manat pulun İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə vəsatət ünvanlayaraq cavabdehin əsl cavabdeh Xidmətin Bakı şəhəri X13 üzrə Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2834/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin Xidmətin Bakı şəhəri X13 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “X4 şəxsi hesab vərəqəsində olan 9200 manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması” şəklində icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası vergi ödəyicisi olmuşdur. Vergi ödənişləri daim vaxtı-vaxtında aparılmış, bunun nəticəsində artıq ödəmələr yaranmışdır. X10 xx.xx.2019-cu ildə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra notariat ofisində vərəsəlik işi açılmış, İddiaçı vərəsə kimi tanınmış və bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmişdir. Bundan sonra iddiaçı sənədlərini toplayıb adiyyəti üzrə cavabdehə müraciət etmiş, ancaq bu günə qədər ərizəsi təmin edilməmişdir. İddiaçıda olan məlumatlara görə artıq ödəmə 11000 (on bir min) manatdan artıq olmuşdur. Cavabdeh orqan notariat ofisinə məlumat verərək qeyd edir ki, şəxsi hesab vərəqəsində 5400 manat pul vəsaiti vardır. İddiaçı qeyd edir ki, hesabda 11000 manat pul vardır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, araşdırma zamanı vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 11000 manat artıq ödəmə məbləğinin mövcud olmadığı müəyyən edilmişdir. Bildirilir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi ödəyicisinin son 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanması və hesablanmış məbləğin yenidən hesablanması, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi barədə müraciətinin olmadığını nəzərə alaraq, xx.xx.2021-ci il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 9898,70 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğindən 6298,70 şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********210800 nömrəli bildiriş göndərilmişdir. Həmin məbləğin 3600,0 manat miqdarında olan hissəsi isə “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənildikdən sonra vergi ödəyicisinə müvafiq bildirişin göndərilməsi təmin ediləcəkdir. Göründüyü kimi, hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qaytarılmalı olan 11000 manat məbləğində vergi məbləği müəyyən edilməmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan 1800 manata münasibətdə isə bildirilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq ərizə forması ilə vergi orqanına müraciət edilərək həmin məbləğin qaytarılması tələb edilmiş, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” Rəy tərtib edilməklə xx.xx.2022-ci il tarixli **********162400 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmiş və qeyd olunan məbləğin iddiaçıya qaytarılması təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2024 saylı 15 avqust 2024-cü il tarixli qərarı ilə iddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “X4 şəxsi hesab vərəqəsində olan məbləğin iddiaçıya qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq göstərilmişdir ki, cavabdeh orqan qeyd edir ki, 1800 manat ödəniş edilmişdir. Lakin cavabdeh barəsində müvafiq şikayətlər etdikdən sonra ödənişi bank vasitəsilə etmişdirlər. İnzibati işdə olan X4 Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən müəyyən edilmişdir ki, Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi qrafasında VM-nin 85.5ci maddəsinə əsasən 6298,70 manat qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 9898,70 manat artıq ödəmə məbləği müəyyən edilmişdir. Bu qədər vəsait ola -ola o, özünə aid olan vəsaiti almaqda çətinlik çəkir. Birinci instansiya məhkəməsidə cavabdehin mövqeyi ilə razılaşaraq iddianı tam həcmdə təmin etməmişdir. Burada qismən də iddia təmin edilə bilərdi, sadəcə olaraq məhkəmə bunu nəzərə almaqdan imtina etmişdir. Cavabdeh həmin məbləğin 3600,0 manat miqdarında olan hissəsi barədə məlumat da vermişdir, ancaq silinmədiyini qeyd etmişdir, məhkəmə bu hissədə də münasibət bildirməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilk dəfə xx.xx.2022-ci il tarixdə müvafiq ərizə forması ilə vergi orqanına müraciət etmiş və ərizəsində 1800 manat məbləğin qaytarılmasını tələb etmişdir. X4 şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə görmək olur ki, həmin tarixdən geriyə doğru baxdıqda vergi ödəyicisinin 5 illik müddəti ötməyən ödənişləri xx.xx.2017-ci il tarixdə edilən 400 manat, xx.xx.2017-ci il tarixdə 600 manat, xx.xx.2017-ci il tarixdə 400 manat, xx.xx.2017-ci il tarixdə 400 manat olmaqla ümumilikdə 1800 manat təşkil edir. Hansı ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” Rəy tərtib edilməklə xx.xx.2022-ci il tarixli **********162400 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmiş və qeyd olunan məbləğin iddiaçıya qaytarılması təmin edilmişdir. xx.xx.2017-ci il tarixdən öncə edilmiş hər bir ödənişin tarixlərinə baxdıqda isə aydın görmək mümkündür ki, həmin tarixlərdən vergi ödəyicisinin ərizə ilə müraciət etdiyi tarixə qədər (xx.xx.2022- ci il) olan müddət 5 ili ötmüşdür. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 9898,70 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğindən 6298,70 manat hissəsi şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021ci il tarixli **********210800 nömrəli bildiriş göndərilmiş, qalan 3600 manat məbləğin də “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********989700 nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qaytarılmalı olan 9200 manat məbləğində vergi məbləği müəyyən edilməmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri X6 və X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiya hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı tələbi “X4 şəxsi hesab vərəqəsində olan 9200 manat məbləğində pulun İddiaçı ödənilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçının anası X10 vergi ödəyicisi olmuşdur. X10 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və xx.xx.2022-ci il tarixdən İddiaçı onun qanun üzrə vərəsəsi olmuşdur. İddiaçı mərhum anası tərəfindən cavabdeh quruma ödənilən artıq ödəmələrin geri qaytarılması ilə əlaqədar sonuncuya xx.xx.2022-ci tarixdə müraciət etmiş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ var. Həmin Məcəllənin 24.1.10-cu maddəsinə əsasən vergi orqanlarının vəzifələrindən biri vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməkdir. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.1 və 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda “vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar” dedikdə, tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur. 2.1-ci bəndinə görə Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1 və 3.2-ci bəndlərinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.4-cü bəndə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. 4.4-1-ci bəndə əsasən, icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Hazırkı iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, 1. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat; 2. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 600 (altı yüz) manat; 3. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat; 4. Sadələşdirilmiş vergi – 114327, xx.xx.2017-ci il, əlavə ödəniş 400 (dörd yüz) manat olmaqla, xx.xx.2022-ci il tarixə yaranmış cəmi 1800 manat artıq ödəmələrin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh inzbati orqan da yazılı etirazında və apellyasiya şikayətinə etirazında da bildirmişdir ki, xx.xx.2021-ci il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 9898,70 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğindən 6298,70 şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********210800 nömrəli bildiriş göndərilmişdir. Həmin məbləğin qalan 3600 manat hissəsi də “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025ci il tarixli **********989700 nömrəli bildiriş göndərilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş X4 Şəxsi hesab vərəqəsi məlumatlarından müəyyən edilmişdir ki, X4 11698,70 manat məbləğində artıq ödəməsi olmuş, bunun 6298,70 manat hissəsi hələ Ema Əliyevanın sağlığında 5 il tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə olduğundan VM-nin 85.5-ci maddəsinə əsasən silinmiş, bu barədə mərhuma xx.xx.2021-ci il tarixli **********210800 nömrəli bildiriş göndərilmişdir. Həmiçinin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində də buna uyğun qeydlər aparılmışdır. Bununla yanaşı, yerdə qalan 5400 manatın (11698,70 – 6298,70 = 5400 m) 3600 manatı üzrə də 5 il tələbetmə müddəti, yəni iddiaçının xx.xx.2022-ci il tarixdə müraciət etməsi nəzərə alınmaqla, bundan 5 il əvvəlkixx.xx.2017-ci il tarixdən daha əvvəlki tarixə yarandığı üçün və qeyd olunduğu kimi, 5 il tələbetmə müddəti keçdiyi üçün vergi orqanı tərəfindən silinmişdir. Həmin məsələ ilə də bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli **********989700 nömrəli bildiriş göndərilmişdir. Bununla yanaşı Kollegiya qeyd edir ki, 5400 manatın qalan 1800 manatı (5400 – 3600 = 1800 m) üzrə iddiaçının xx.xx.2022-ci il tarixdə müraciət etməsi nəzərə alınmaqla, həmin tarixdən əvvəlki 5 il müddətində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə mərhumun xx.xx.2017-ci il tarixə 400 manat; xx.xx.2017-ci il tarixə 600 manat; xx.xx.2017-ci il tarixə 400 manat və xx.xx.2017-ci il tarixə 400 manat məbləğində artıq ödəmələri olmuşdur, bu fakt vergi ödəyicisin şəxsi hesab vərəqəsindən də açıq-aydın görünür. Qeyd olunan 1800 manat artıq ödəmənin tələb olunması ilə bağlı iddiaçı (vergi ödəyicisinin qanuni vərəsəsi qismində) qanunla müəyyən olunmuş 5 illik tələbetmə müddətini ötürmədiyi üçün həmin məbləğ vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” Rəy tərtib edilməklə xx.xx.2022-ci il tarixli **********162400 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmiş və qeyd olunan məbləğin iddiaçıya qaytarılması təmin edilmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının artıq ödəmə olaraq geri qaytarılmasını tələb etdiyi məbləğin yalnız 1800 manatını tələb etməyə haqqı çatmışdır ki, həmin məbləğin də qanunla müəyyən olunmuş qaydada ona qaytarılması təmin olunmuşdur. Belə olan halda hazırki vəziyyətdə iddiaçının tələbi əsassızdır və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh qurumun adı dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi olsa da, məhkəmə qərarının nəticəvi hissəsində əvvəlki cavabdeh qurumun adı göstərilmişdir. Kollegiya hesab edir ki, bu hal texniki səhv kimi qiymətləndirildiyindən birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğvi üçün də əsas yaratmır. Bu baxımdan məhkəmənin qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi hesab edilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2024 saylı 15 avqust 2024-cü tarixli qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar