Məhkəmə qərarları › İş №2-1(103)-528/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-528/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-528/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maddi-məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3411/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək, 1975-ci il tarixdən 1977-ci il tarixədək Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozunda işlədiyi iş illərini, xx xxxx 1995-ci il tarixdən xx xxxxxx 1999-cu il tarixədək “ASİST Daxili və Xarici Ticarət Əlaqələri şirkətinin Bakı filialında əmtəəşünas vəzifəsində işlədiyi iş illərini və xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, məcburi dövlət sosial sığorta haqqı ödənişlərini sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-185/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1056/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. AR Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmri ilə DSMF Maddi-məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialı, DSMF Bakı şəhəri Sabunçu və Nizami rayon xidmət nümayəndəliklərinin hüquqi varisi hesab edildiyindən, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi DSMF Maddi-məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi bu nəticəyə gələrkən mübahisə ilə bağlı işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmun baxımından quruluşu onu ehtiva edir ki, bu növ işlərə baxılarkən işin hallarının araşdırılmasına, dispozisiya şərtlərinin həmin normada düzülmüş ardıcıllığına uyğun başlanmalıdır. Əvvəlcə iddiaçının pensiya yaşına çatması, sonrakı addımda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, pensiya kapitalı az olduqda isə iddiaçının zəruri sığorta stajının olması müəyyən olunmalıdır. İş materiallarından görünür ki, məhkəmə ümumiyyətlə iddiaçının pensiya kapitalını yoxlamamışdır. Bundan başqa, məhkəmələr iddiaçının pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olduğunu araşdırarkən, inzibati orqanın əmək kitabçasında və arxiv sənədlərində qeyd olunmuş çoxsaylı müəssisələrdən və müxtəlif dövrlərdən məhz hansı dövrü və nə səbəbdən staja daxil edilməsinə razı olmadığını araşdırmamışdır. Çünki cavabdeh həm iddiaçıya pensiya təyin olunmasından imtina barədə məktubunda, həm apelyasiya şikayətində iddiaçının 25 il stajının olmadığını mücərrəd şəkildə ifadə etmişdir və iddiaçının təqdim etdiyi sənədlərdəki stajı nəyə görə qəbul etmədiyi aydın deyildir. İPM-nin 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi bu normaların tələblərinə uyğun olaraq araşdırma aparmamış, iddiaçının əmək fəaliyyətinin hansı dövrünü qəbul etmədiyi barədə inzibati orqanın nümayəndəsindən yazılı və ya şifahi izahat almamışdır. Halbuki, məhkəmə araşdırmasının daha dolğun aparılması, həmçinin prosessual qənaətlilik baxımından bu vacib idi. Məhkəmələr iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapmış illəri qeyd etsə də həmin müddətlərin cəmini (hər bir iş üzrə) müəyyən etməmişdir. Əmək kitabçasında iddiaçının xx.xx.2993-cü ildə Mərkəzi Univermaq üzrə xx.xx.1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazaya keçirildiyi göstərilmiş, bu qeyddən sonra isə “ASİST” Daxili və xarici ticarət əlaqələri şirkətində əmtəəşünas vəzifəsinə qəbul olunması qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının Mərkəzi Univermaq üzrə xx.xx.1992-ci il tarixli 63 saylı əmrə əsasən Razin qəsəbəsindəki 979 saylı mağazada xx.xx.2993-cü ildən hansı tarixədək işlədiyi müəyyən deyildir. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx xxxxxx 2019-cu il tarixli 1-53 saylı arxiv arayışında göstərilmişdir ki, X1 arxiv sənədlərinin əmr kitablarında xx xxxxxx 1991-ci il tarixli, 145 L/S saylı əmrlə xx xxxxxx 1991-ci il tarixdə Qarışıq mallar mağazasının komissyon şöbəsinə müdir vəzifəsinə işə qəbul olmuşdur. Lakin, X1 arxiv sənədlərinin 1992-ci və 1993-cü il tarixlərə dair əmr kitablarında işdən azad olunması barədə heç bir məlumat əks olunmamışdır. Bakıxanov qəsəbəsində yerləşən Təsərrüfat hesablı mağazanın arxiv sənədləri arxivə təhvil verilməmişdir. İşin bu vəziyyətində məhkəmə, həmin dövrün iş stajına daxil edilməsini əsaslandırmalı idi. Lakin bu cür əsaslandırma aparılmamışdır. Bundan başqa, iş materiallarında olan Ağcabədi Dövlət Arxivinin xx xxxx 2019-cu il tarixli, 288 saylı arayışdan görünür ki, iddiaçı kolxozda 1972-ci ildə 252, 1973-cü ildə 200, 1976-cı ildə 267, 1977-ci ildə 87 adam günü işləmişdir. 1973-cü ildə kolxozda işləyib 481 manat əmək haqqı alsa da, faktik adam günü olmadığı göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının “1975-ci il trarixdən 1977-ci il tarixədək Ağcabədi rayonun Ə.Bünyadov və Caparidze kolxozunda işləməsi Ağcabədi Dövlət Arxivinin xx xxxx 2019-cu il tarixli, 288 saylı arayışı ilə ... təsdiq edildiyindən” bu dövrün sosial sığorta stajına daxil edilməsini əsaslı hesab etmişdir. Lakin bu arxiv arayışında olan məlumatlarla bağlı məhkəmənin gəldiyi nəticə tam araşdırılmamış və lazımi qaydada əsaslandırılmamış nəticədir. Əvvəla işdən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Həmçinin arxiv arayışından görünür ki, iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda 252 adam günü işləmişdir. Lakin məhkəmə həmin dövrün staja daxil edilməməsini əsaslandırmamışdır. Bundan başqa, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş və x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də eyni qayda nəzərdə tutulmuşdu. Apelyasiya instansiyası məhkəməsi bu müddəalara əsasən, iddiaçının kolxozda qazanılmış iş stajını hesablayarkən iş vaxtının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasını nəzərə almaqla hesablamalı idi. Lakin məhkəmə bu cür araşdırma aparmamış, kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçının “xx.xx.2000-ci ildən 7.02.2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq edildiyindən” ... ona yaşa görə əmək pensiyası təyin edilməsi əsaslıdır. İşin bu halı da tam araşdırılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İş materiallarına iddiaçının vergi orqanında vergi ödəyicisi kimi uçota alınması barədə hər hansı sübut yoxdur.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişlərin icrası ilə bağlı aşağıdakıları bildirir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ümumiyyətlə iddiaçının pensiya kapitalını yoxlamamışdır. Bundan başqa, həmin məhkəmə iddiaçının pensiya təyin olunmasına imkan verən sosial sığorta stajına malik olduğunu araşdırarkən inzibati orqanın əmək kitabçasında və arxiv sənədlərində qeyd olunmuş çoxsaylı müəssisələrdən və müxtəlif dövrlərdən məhz hansı dövrü və nə səbəbdən staja daxil edilməsinə razı olmadığını araşdırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının əmək fəaliyyətinin hansı dövrünü qəbul etmədiyi barədə inzibati orqanın nümayəndəsindən yazılı və ya şifahi izahat almamışdır. Halbuki, məhkəmə araşdırmasının daha dolğun aparılması, həmçinin prosessual qənaətlilik baxımından bu vacib idi. Həmin məhkəmə iddiaçının əmək fəaliyyətinin təqdim etdiyi sənədlərdə əksini tapmış illəri qeyd etsə də, bu müddətlərin cəmini (hər bir iş üzrə) müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 1975-ci il tarixdən 1977-ci il tarixədək Ağcabədi rayonunun Ə.Bünyadov və Caparidze kolxozunda işləməsi barədə Ağcabədi Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışında olan məlumatlarla bağlı gəldiyi nəticəni də tam araşdırmamış və lazımi qaydada əsaslandırmamışdır. Halbuki, iddiaçının kolxozda qazanılmış iş stajı hesablanarkən iş vaxtının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasını nəzərə alınmaqla hesablanmalı idi. Lakin məhkəmə bu cür araşdırma aparmamış, kolxozda minimum əmək iştirakı normasını müəyyən etmək üçün arxiv idarəsinə sorğu verməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2002-ci il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrün əmək pensiyasına hesablanan iş stajına aid edilməsi halını da araşdırmamışdır. Bu kontekstdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İMP-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinə münasibətdə bu vəzifə nisbi xarakter kəsb edir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin yuxarı deyil də, növbəti məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış mövqenin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə bilavasitə onların əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələm-tələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi lazımi qaydada yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında inzibati apellyasiya icraatının əsas qaydaları şərh olunaraq göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” İPM-in 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə az yaxud çox ola bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əhəmiyyətli sayda sübutları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3411/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar