Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-528/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-90/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 20 dekabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarı ilə iddiaçıya 238 saylı BTK-nə məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha ibarət olan 1851 saylı bağ sahəsi ayrılmışdır. 238 saylı BTK tərəfindən verilmiş 14 saylı orderin surətindən göründüyü kimi, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha ibarət olan 1851 saylı bağ sahəsi ayrılmışdır. Uzun müddətdir ki, həmin bağ sahəsi iddiaçının və ailəsinin istifadəsindədir. Sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibatı orqana 17 iyul 2018-ci il və 07 avqust 2018-ci il tarixlərdə ərizə ilə müraciət etmiş, müraciətinə 02.08.2018-ci il tarixli və 28 avqust 2018-ci il tarixli məktublar ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə ərizənizə yenidən baxılacağı, digər məktubda isə bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 1719 saylı bağın ərazisinə düşdüyü əsas gətirilərək imtina edilmişdir. Cavabdeh inzibati orqanın mütəxəssislərinə şərait yaradılsa da, gəlib bağ sahəsinə baxmamışlar. Ölçü işləri aparmadan formal olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişlər. Cavabdeh təşkilatın bu cür hərəkəti qeyri- qanunidir və ona ayrılmış bağ sahəsinin hüquqi qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi cavabdeh təşkilatın birbaşa vəzifə borcudur. Sonradan iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın, habelə plan və ölçünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-882/2019 saylı, 15.08.2019-cu il tarixli qərardadı ilə (hakim X.İmanov) iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-1200/2020 saylı, 26.02.2020-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iş üzrə təkrarən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. 09.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.06.2021-ci il tarixli,10/1843 №-li ekspert rəyi məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-90/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, habelə plan və ölçünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “1719” saylı bağın ərazisinə düşür. Bundan əlavə, Ali Məhkəmənin 29.01.2014-cü il tarixli 2-2(102)-75/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26.09.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********76 saylı, 28.08.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İşin apellyasiya icraatı zamanı iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-90/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Bağlar Təsərrüfatı İdarəsinin X3 238 saylı kooperativ tərəfindən verilmiş 14 nömrəli orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 1992-ci il tarixli 378 saylı qərarına əsasən Ləhiş Bağlar sahəsində 238 saylı BTK-nın nəzdində ölçüsü 0.12 hektar olan 1851 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 28.08.2018-ci il tarixli **********76 saylı məktubu ilə bildirilmişdir ki, “aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “1719” saylı bağın ərazisinə düşür. Ali Məhkəmənin 29.01.2014-cü il tarixli 2- 2(102)-75/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26.09.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır”. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 28.04.2017-ci il tarixli **********05 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 1851 saylı bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı baxış keçirilməsi barədə ********** nömrəli, 13.04.2017-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsinin yeri tərəfinizdən təyin edildikdən və naturada istifadənizdə olan bağ sahəsinin künc nöqtələrinin mərz nişanları göstərildikdən sonra müraciətinizə yenidən baxılacaqdır”. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.04.2019-cu il tarixli **********77 saylı məktubu ilə bildirilmişdir ki, bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1200 kv.m təşkil edir, üzərində tikili mövcud deyil. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən ərazi 1719 saylı bağın yerinə uyğundur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.06.2020-ci il tarixli **********97 saylı məktubu ilə bildirilmişdir ki, bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1200 kv.m təşkil edir, üzərində tikili mövcud deyil. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 1851 kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1719 saylı bağ sahəsini yerinə uyğundur. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2-1(82)-186/2019 nömrəli məktubunun icrası ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edilənlər kimi cavab verilmişdir. Bildirilmişdir ki, göstərilən bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1200,0 m2 təşkil edir, üzərində tikili mövcud deyil. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mühəndisin təyin etdiyi koordinatlar üzrə yerləşən ərazi 1719 saylı bağın yerinə uyğundur. - Bakı şəhər İcra Hakimiyyətinin 16.10.2014-cü il tarixli 36/1461 saylı arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 13.03.1992-ci il tarixli 378 saylı Sərəncamı ilə İddiaçı Ləhiş bağ massivinin 238 saylı bağlar təsərrüfatı kooperativinin bag massivindən bag sahəsi ayrılmışdır. - 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 14.02.2013-cü il tarixli 2in(82)279/2013 saylı qərarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 14 saylı orderə əsasən iddiaçı X1 istifadəsinə verilmiş Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1851 saylı bağ sahəsinə müvafiq plan-sxemin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-895/13 saylı qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.02.2013-cü il tarixli 2in(82)-279/2013 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2014-cü il tarixli 2-2(102)-75/2014 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-895/13 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1200/2020 saylı, 26.02.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.06.2021-ci il tarixli, 10/1843 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: - Qərardadın birinci və ikinci sualları üzrə: "xxxx" MMC-nin 12 mart 2021-ci il tarixli, 19 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı (1719 saylı) bağ torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla bağ torpaq sahələrinin ərazisidir. Həmin bağ sahəsi Ləhiş bağ massivinin bağ sahələrinin sxeminə əsasən yerləşmə mövqeyinə görə 1719 saylı bağ torpaq sahəsinin üzərinə düşür. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncam və orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin 13.03.1992-ci il tarixli 378 saylı Sərəncamı əsasında Bağlar Təsərrüfatı İdarəsinin X3 238 saylı kooperativi tərəfindən verilmiş 14 nömrəli orderlə Ləhiş Bağlar sahəsində 238 saylı BTK-nın nəzdində ölçüsü 0.12 hektar olan 1851 saylı bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının iddia tələbi ilə bağlı bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili olan sxematik xəritə ilə bağlı uyğunsuzluğa münasibətdə qeyd edir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Məhkəmə kollegiyası torpaq sahəsinin 1719 sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, bu faktın müəyyən olunması üçün ekspertiza keçirilmişdir. Ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1851 saylı (1719 saylı) bağ torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla bağ torpaq sahələrinin ərazisidir. Həmin bağ sahəsi Ləhiş bağ massivinin bağ sahələrinin sxeminə əsasən yerləşmə mövqeyinə görə 1719 saylı bağ torpaq sahəsinin üzərinə düşür. Bundan başqa, rəyin təsviri hissəsinə əsasən naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə və Ləhiş bağ massivinin bağçılıq sxeminə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, bağ sahələrinin sxemi hazırlanarkən texniki səhvə yol verilərək həmin sxemdə orderə əsasən iddiaçıya ayrılmış 1851 saylı bağ sahəsi 1719 saylı bağ sahəsi kimi qeyd edilmişdir. 1851 saylı bağ torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan bağ torpaq sahəsinə perpendikulyar yerləşir və həmin bağ torpaq sahələrinin arasında yol keçir. Bağların bölgü sxeminə əsasən 1851 saylı bağ torpaq sahəsi başqa şəxsin istifadəsindədir. Araşadırma zamanı o da məlum oldu ki, 1851 saylı bağ sahəsinə bitişik yerləşən 1852 saylı bağ torpaq səhəsinin də order nömrəsi əvvəllər fərqli olmuş və həmin bağ sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış müvafiq məhkəmə qərarı əsasında verilmişdir. İddiaçının bağ sahəsinə bitişik yerləşən 1920 saylı bağ torpaq sahəsi də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunanlardan məlum oldu ki, İddiaçı faktiki istifadəsində olan bağ sahəsinin nömrəsi Ləhiş bağ massivinin bağ sahələrinin sxeminə əsasən 1719 kimi qeydə alınmalıdır Beləliklə, sxematik xəritə ilə hər hansı uyğunsuzluq olduğu təqdirdə belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarət olsa da, bu vəzifəyə əməl edilməmişdir. Eyni zamanda iddiaçıya ayrılmış 1851 saylı bağ sahəsi ilə 1719 saylı bağ sahəsini faktiki eynilik təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin cavabdehin 09.07.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, 1719 saylı bağ sahəsinə dair sənəd (order və ya müqavilə) arxivdə aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-90/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-90/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-528/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-528/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver