Məhkəmə qərarları › İş №2-1(103)-528/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-528/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-528/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6683/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Vergilər Departamentinin Operativ Nəzarət İdarəsinin Operativ X6 Vergi Müfəttişi vəzifəsində çalışmışdır. Bakı şəhəri Vergilər Departamentinin 000076 saylı, 14 yanvar 2003-cü il tarixli qərarına əsasən, ünvan 1 ünvanında yerləşən “Elmar” firmasına məxsus çörək sexində xronometraj metodu ilə həmin sexin satış və istehsal dövriyyəsini müəyyən etmək vəzifəsi ona tapşırılmışdır. Çörək sexində istehsal axşam saat 00:00-dan sonra başladığı üçün iddiaçı X4 müfəttiş kimi sexə gedərkən 16 yanvar 2003-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Zığ yolu avtomobil hissələri zavodunun qarşısında X2 idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində bədən xəsarəti almışdır. Baş vermiş bədbəxt hadisə haqqında 06 iyun 2003-cü il tarixdə 01 №-li “İstehsalada baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun olaraq “İstehsalatda bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilmişdir. Aktın bədbəxt hadisənin baş verdiyi yer qrafasında Xətai rayonu, Nobel prospekti – avtomobil zavodunun yanı, işçini göndərmiş müəssisə qrafasında isə Bakı şəhəri Vergilər Departamenti qeyd olunmuşdur. İddiaçı 25 yanvar 2016-cı il tarixdə cavabdeh inzibati orqana müraciət edərək əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı nəzərə alınaraq ona dəymiş zərərə görə müvafiq ödəncin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 18 fevral 2016-cı il tarixli cavab məktubunda iddiaçının sağlamlığının pozulmasında və müvafiq olaraq əmək qabiliyyətinin itirilməsində işəgötürən kimi Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) hər hansı bir formada təqsiri müəyyən edilmədiyindən iddiaçıya aylıq ödəncin verilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar işəgötürənin maddi məsuliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Beləliklə, iddiaçının əmək qabiliyyətinin itirilməsində işəgötürən kimi Vergilər Nazirliyinin hər hansı formada təqsiri müəyyən edilmədiyindən və təhlükəsizlik texnikası qaydalarının işəgötürən tərəfindən pozulması faktlarına rastlanmaması səbəbindən iddiaçıya aylıq ödəncin verilməsi mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, iddiaçı şəxsi minik maşınından istifadə edən zaman qəza baş vermişdir. Bu hal yalnız o zaman istehsalat qəzasının təsir dairəsinə aid edilə bilər ki, işəgötürənin bununla bağlı yazılı sərəncamı olsun. Mövcud vəziyyətlə bağlı işəgötürənin hər hansı bir sərəncamı yoxdur. Həmçinin iddia tələbi qeyrimüəyyən xarakter daşıyır. İddia tələbində göstərilən “müvafiq ödəncin verilməsi” tələbi ümumi məna kəsb edir, iddiaçının hansı dövrdən, hansı miqdarda ödəniş vermək arzusunu konkret olaraq ehtiva etmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-6683/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdı ki, İddiaçı yolnəqliyyat hadisəsi baş verən zaman öz şəxsi minik avtomobilində olması və bununla bağlı işəgötürənin yazılı sərəncamının olmaması hadisənin istehsalat qəzasının təsir dairəsinə aid etmir. Bu səbəbdən də baş vermiş hadisə nəticəsində işəgötürənin işçi qarşısında hər hansı bir maddi məsuliyyəti müəyyən olunmur. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş, səhvə yol verərək, hadisə ilə bağlı təhqiqat komissiyası tərəfindən təhqiqat aparılaraq İZ formalı Aktın tərtib edilməsini və həmin aktın Bakı şəhər Vergilər Departamenti Operativ Nəzarət İdarəsinin rəisi tərəfindən möhürlənib təsdiq edilməsini, işəgötürənin istehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqatının vaxtında aparılması üçün müvafiq şəraitin yaradılmasına və İZ formalı aktın düzgün tərtib edilməsinə cavabdehliyini göstərməsi kimi qiymətləndirmişdir. Belə ki, hadisə ilə bağlı tərtib edilmiş İZ formalı Aktda “Elmar” firmasına məxsus çörək sexində vergi yoxlamasının xx.xx.2003-cü il tarixdə, saat 24:00-da başlamalı olduğu, onun guya işə gələrkən saat 00:10-da xəsarət almağı göstərilmişdir. Buradan da, əslində onun işə gecikdiyi göstərilməyə çalışmışdır. Saat 20:30-da işdən çıxmalı olduğum halda əmək rejiminə düzgün riayət etməyən işəgötürənin təqsiri üzündən saat 23:50-də işdən çıxmış, hadisə də həmin ərəfələrdə baş vermişdir. Hadisənin məhz işdən çıxandan sonra baş verməsi işəgötürənə tam məlum olmuş, lakin iş materiallarından da göründüyü kimi, işəgötürən qəsdən müvafiq sənədlərə yanlış məlumatlar daxil etməklə hadisədə işəgötürənin təqsiri olmadığı görüntüsü yaratmağa nail olmuşdur. Məhkəmə isə iş materiallarında olan şübhəli məqamları aradan qaldırmağa cəhd etmədən, işin faktiki hallarını düzgün müəyyən etmədən, hadisədə işəgötürənin təqsiri olmadığı qənaətinə gəlmişdir. İşəgötürən onun vaxtında işdən çıxmağını təmin etməmiş, iş vaxtı bitdikdən sonra 3 saatdan artıq işlədiyini sənədləşdirməmişdir. Baş vermiş hadisədə işəgötürənin təqsiri tam şəkildə müəyyən edildiyindən xəsarət almağı ilə əlaqədar ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında qeyd etdi ki, həmin vəzifə üzrə çalışan işçinin əmək haqqısının 50 faizi miqdarında hər ay ona ödənişin həyata keçirilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. - 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. - 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların: - 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. - 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. - 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. - 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə məlumat verməlidir. - 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir - 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X7 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X7 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaları, şərtləri və məbləğləri: - 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. - 3.2-ci bəndinə əsasən zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2011-ci ildə ilkin təyin edilmiş “İstehsalat zədəsi” səbəbindən ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə 6 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0063003AADKZ nömrəli göndəriş əsasında vətəndaş Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12 bəndinə müvafiq olaraq İddiaçı xx.xx.2021-ci il tarixindən “İstehsalat zədəsi” səbəbi ilə (əmək qabiliyyətinin 50% itirilməsi) müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmçinin, işdə olan “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun olaraq təhqiqat komissiyası tərəfindən təhqiqat aparılaraq xx.xx.2003-cü il tarixdə 1 №-li “İstehsalatda bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilmişdir. Həmin akt Bakı şəhər Vergilər Departamenti Operativ Nəzarət İdarəsinin rəisi tərəfindən möhürlənmiş və təsdiq edilmişdir. Göründüyü kimi, Qaydaların 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürən öz cavabdehliyini göstərmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək bildirir ki, iddiaçının hazırki mərhələdə ikinci dərəcəli əlilliyə malik olması və istehsalatda baş vermiş bədbəxt hadisə barədə İZ aktının mövcudluğu, iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin tələb edilməsi hüququnu vermir. Şəxsin bu ödənci tələb etmək hüququ yalnız o halda yarana bilər ki, əgər istehsalat qəzası nəticəsində işçinin səhhətinə vurulan zərər bilavasitə işəgötürənin təqsiri (tam və ya qismən) ilə bağlı olsun. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına əsasən: - AR Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar yaranan maddi məsuliyyət həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxıçından yanız işəgötürən təqsirli olduqda yaranır. - AR Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasında asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Məhkəmə kollegiyası həmin normaların tələblərini nəzərə alaraq qeyd edir ki, işçiyə əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclərin, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin ödənilməsi yalnız işəgötürənin təqsiri olduqda yol verilir. Həmçinin, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən edib. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda işəgötürənin təqsiri iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2-ci bəndində yalnız işəgötürənin yazılı sərəncamına əsasən əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt işçilərin səhhətinin pozulması halları təhqiq edilməli olan hallara aid edilmişdir. Bu hal ancaq işəgötürənin yazılı sərəncamına əsasən ola bilər. Mövcud vəziyyətlə bağlı olaraq işəgötürənin belə sərəncamı yoxdur. Göründüyü kimi, İddiaçı yol-nəqliyyat hadisəsi baş verən zaman öz şəxsi minik avtomobilində olması və bununla bağlı işəgötürənin yazılı sərəncamının olmaması səbəbdən baş vermiş hadisə nəticəsində işəgötürənin işçi qarşısında hər hansı bir maddi məsuliyyəti müəyyən olunmur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin: - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-6683/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar