Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-528/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8070/2023 nömrəli 25 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi, iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayon Polis İdarəsində başlanılmış ********* saylı cinayət işi üzrə yekun qərar qəbul edilənədək Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) e-2-1(112)-8070/2023 nömrəli 25 iyul 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Miqrasiya Xidməti qanunsuz olaraq iddiaçının müvəqqəti olma icazəsini ləğv edib. İddiaçının 2 aylıq müvəqqəti olma icazəsi var (MOM), qanuna edilən dəyişikliyə görə karantin dövründə 2 aylıq MOM almış xarici vətəndaşlar korona xəstəliyi bitənə qədər ölkədən çıxmaya bilər (2 aydan da çox, tam karantin bitənə qədər) və cərimə olunmayacaq. Özünü bununla sığortaladı ki, 300-400 manat cərimə olunmasın, çünki bu müddətdə deport yoxdur, yalnız cərimə və sonra da 60 manat rüsum (2 aylıq MOM haqqıdır) var. Əsas olmadan Dövlət Miqrasiya Xidməti MOM ləğv edib. 13 fevral 2023-cü il tarixli qərar iddiaçının əlinə xx.xx.2023-cü il tarixdə çatıb, 30-cu gün xx.xx.2023-cü il tarixdə tamam olur (fevral ayında 28 gün var). Xətai Rayon Polis İdarəsində müstəntiq əsassız olaraq sübutsuz şübhəli şəxs kimi müvəqqəti saxlanc yerində iddiaçını 13-15 fevral 2023-cü il tarixlərdə (48 saat) saxlayıb. Xətai Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 4(011)-115/2023 saylı qərarına görə 13 fevral 2023-cü ildən Bakıdan çıxmamalıdır, Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 4(103)-168/2023 saylı qərarına görə Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə qaldı. Dövlət Miqrasiya Xidmətindən MOM ləğv olması barədə 13 fevral 2023-cü il tarixli ******* saylı qərarı poçtla əlinə, ünvanına 22 fevral 2023 tarixdə çatıb. Xətai Rayon Polis İdarəsində 01 aprel 2023-cü il və ona yaxın tarixdə araşdırma yekunlaşıb ya onun təqsirli olub-olmaması, ya araşdırmanın uzadılması barədə qərar qəbul olunmalı idi, ya da yekun qərar qəbul olunmalı idi. Hələ də Xətai Rayon Polis İdarəsindən yekun qərar barədə məktub gəlməyib. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarına əsasən, İran İslam Respublikası vətəndaşı Zahedi Samad barəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar ləğv edilmiş, İran İslam Respublikası vətəndaşı V45771647 nömrəli pasporta malik olan Zahedi Samadın üzərinə 48 saat ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs. 4.1. Bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 43.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı İran İslam Respublikasının vətəndaşıdır. Onun barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar mövcud olmuşdur. Lakin sonradan şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsasların yarandığı müəyyən edilmişdir və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri rəhbər tutularaq iddiaçının barəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar ləğv edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan əlavə “Cinayət işinin başlanılması haqqında” xx.xx.2022-ci il tarixli Xətai rayon Prokurorluğunun qərarında göstərilmişdir: ünvan 2 ünvanında yaşayan İran İslam Respublikası vətəndaşı X1 xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət edərək, İran İslam Respublikasının vətəndaşları Samad Zahedi və X6 üçün oturum alınmasında köməklik göstərəcəklərini və Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən bir sıra obyekt alacaqlarını vəd edib etibarından suiistifadə etməklə aldadıb müdxtəlif vaxtlarda sonuncusu Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində olmaqla müxtəlif məbləğdə pulu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Göründüyü kimi, cinayət işi başlanılmış və iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia əsassız hesab edilməli və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8070/2023 nömrəli 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-528/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-528/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver