Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-528/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (üçüncü şəxslər: X3 və Bakı Sağlamlıq Mərkəzi) “şikayətinə baxılmasının cavabdehə həvalə edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı öhdəliyin icrası haqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Səhiyyə Nazirliyi tərəfindən həmin nazirlyin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin tarokal cərrahiyə şöbəsinin müdiri torakal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətinə baxılmasının Sağlamlıq Mərkəzinin özünə həvalə edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməsi və şikayətinə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun baxılması vəzifəsinin nazirliyə həvalə edilməssi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin tarokal cərrahiyə şöbəsinin müdiri tarokal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətlə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciəti baxılması üçün həmin Mərkəzin özünə göndərilmişdir. Hesab edir ki, şikayəti üzrə araşdırma düzgün aparılmamış, “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri pozulmaqla müraciəti cavablandırılmışdır....” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdaılarla əsaslandırılmışdır ki, “İddiaçının Səhiyyə Nazirliyinə ünvanlandığı xx.xx.2023-ci il tarixli müraciətə baxılmasına dair “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsində qeyd olunan 15 iş günü müddətində Nazirlik tərəfindən verilən cavabı əldə etmədən birbaşa məhkəməyə müraciət etmiş və bununla da, şikayətini qanunla müəyyən edilmiş inzibati icraat qaydasında araşdırılmasından imtina ilə nazirliyi təqsirli hesab etmiş və nəticə etibarilə, iddia ərizəsində Nazirliyin inzibati icraat qaydasında araşdırma aparmamasına dair yanlış təsəvvür irəli sürülmüşdür. Lakin yuxarıda qeyd olunduğu kimi onun müraciəti inzibati icraat qaydasında araşdırılmış və bununla bağlı iddiaçı müvafıq qaydada məlumatlandırılmışdır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin Nazirliyin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin tarokal cərrahiyə şöbəsinin müdiri tarokal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətə baxılmasının Bakı Sağlamlıq Mərkəzinin özünə həvalə edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməklə İddiaçı tərəfindən verilmiş şikayətə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9-cu maddəsinə uyğun baxılması vəzifəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ilk dəfə iddia ərizəsində “Vətəndaşların müraciətləri haqqında” AR Qanunun 7.13-cü maddəsinin tələblərinin pozulduğunu vurğulamışdır. Həmin normaya görə, Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. İddiaçının bu maddəyə müraciət etməsi əsassız idi, çünki iddiaçı AR Səhiyyə Nazirliyinə ünvanladığı məktubda Bakı Sağlamlıq Mərkəzinin tarokal cərrahiyə şöbəsinin müdiri tarokal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətlərindən şikayət etmişdir. Bu zaman iddiaçı Bakı Sağlamlıq Mərkəzinin rəhbər şəxslərindən şikayət etməmişdir. O halda Şikayət AR Səhiyyə Nazirliyi tərəfindən Bakı Sağlamlıq Mərkəzinə göndərilə bilməzdi ki, iddiaçı cərrah X4 rəhbər şəxslərindən də şikayət etsin. Hazırki halda isə iddiaçı Rəhbər şəxslərdən yox, Mərkəzin işçisindən şikayət etmişdir. Səhiyyə Nazirliyi tərəfindən şikayətin araşdırılması üçün Mərkəzə göndərilməsi sözügedən Qanunun 7.13cü maddəsinin tələblərini pozmur. İkinci istiqamət üzrə isə AR Səhiyyə Nazirliyi tərəfindən “Vətəndaşların müraciətləri haqqında” AR Qanunun 9-cu maddəsinin tələblərinə əməl edilməmisi ilə bağlıdır. Belə ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2024-ci il tarixli 2-1(112)-5734/2024 saylı qərarında Səhiyyə Nazirliyi tərəfindən sözügedən Qanunun 9-cu maddəsinin tələblərini pozduğunu bildirir. Həmin normanın tələblərindən biri də Korrupsiya ilə bağlı şikayətlər zamanı barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməzliyini vurğulayır. Eyni maddənin tələbinə görə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Məhkəmə 9-cu maddəyə istinad etsə də hüquq normasını işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Məhkəmə Qərarında qeyd edir ki, “iddiaçının Səhiyyə Nazirliyinə ünvanladığı 06 dekabr 2023-cü il tarixli müraciətdə iddiaçı əməliyyat və xəstəxana xərcləri, buna dair aparılmış məbləğin razılaşması, razılaşma olsa da, müayinələrin, dərman ödənişlərinin, reanimasiyada qalma xərclərinin ödənilməsinə, Bakı Sağlamlıq Mərkəzinin Respublika İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə sığortaya dair müqaviləsi olsa da, icbari tibbi sığorta əsasında xidmət göstərilməli olsa da göstərilməməsi, ödənişlərin 10 min manatdan artıq tələb edilməsi və ödənişin həmin həddi aşması kimi hallara istinad edilmişdir ki, məhkəmə hesab edir ki, həmin xarakterli müraciət üzrə yuxarıda adıçəkilən maddənin tələblərinin gözlənilməsi zəruridir”. İddiaçının şikayəti ilə bağlı qeyd edilir ki, Bakı Sağlamlıq Mərkəzinin Respublika İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə sığortaya dair müqaviləsinin olması Mərkəz üçün tibbi yardımın göstərilməsinə dair müqavilələri bağlamağa heç bir maneə yaratmır. Bakı Sağlamlıq Mərkəzi təsərrüfat hesablı müəssisə olduğu üçün xəstələrə tibbi yardımın göstərilməsi və xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə bağlanmış müqavilənin şərtləri ilə müəyyənləşir. Yəni, Mərkəz tibbi xidmətlərin göstərilməsinə dair müqavilələr bağlaya bilər. İddiaçı ilə Mərkəz arasında tibbi xdmətlərin göstərilməsinə dair münasibətlər olmuşdur. İddiaçının şikayətində vurğuladığı məsələ korrupsiya pozuntusu deyildir. Buna görə də, bu hal korrupsiya pozuntusu hesab edilmədiyi üçün Xidməti araşdırma aparmaq üçün heç bir zərurət yox idi. Yəni, o halda şikayət Bakı Sağlamlıq Mərkəzinə göndərilmədən Xidməti araşdırma aparılması təyin edilərdi ki, bu hal korrupsiya pozuntusu hesab edilsin. Şəxsin şikayəti tibbi xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur. O, şikayətdə ödənişlərlə bağlı məsələni qeyd etsə də, yuxarıda qeyd edildiyi kimi Bakı Sağlamlıq Mərkəzi təsərrüfat hesablı müəssisə olduğu üçün bu korrupsiya elementi kimi nəzərə alınmamışdır və araşdırılması qanuna müvafiq qaydada aparılmışdır. Həmçinin iş üzrə materiallardan da aydın olur ki, Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilən cavab məktubundan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri tərəfindən Mahmud Mahmudova göstərilən tibbi yardımın səviyyəsi tibbi sənədlər (xəstəlik tarixindən çıxarış, müayinə kartları və s.) əsasında araşdırılmış, aparılmış müalicə və əməliyyat taktikasında həkim səhvinə, səhlənkarlığa yol verilmədiyi müəyyən olunmadığı barədə iddiaçıya 15 yanvar 2024-cü il tarixli 3- 28/2-M-10743/4-31- 186/2024 nömrəli məktub da ünvanlanmışdır. Məhkəmə isə yuxarıdakı Qərarında yalnız iddiaçının şikayətindən bir hissə dəlil gətirərək 9-cu maddənin tələblərinin pozulduğunu qeyd etmiş və xidməti araşdırma aparılmalı olduğunu qeyd etmişdir. Halbuki korrupsiya halının mövcud olmasını əsaslandırmamışdır. Buna görə də Məhkəmənin qərarı qanunsuz və əsassızdır...” Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən cavabdehin nümayəndəsi Səhiyyə Nazirliyin Bakı Sağlamlıq Mərkəzinə münasibətdə şikayət instansiyası olduğunu qəbul etsə də, həmin Sağlamlıq Mərkəzinin publik hüquqi şəxs olduğunu qeyd edərək, şikayətin həmin Mərkəzin özünə və ya məhkəməyə verilməli olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmə icsında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək, şikayətinin nazirlik tərəfindən baxılmasından imtina edilməsini qanunsuz hesab edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasında tərəflər (nümayəndələri), üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdeh Səhiyyə Nazirliyinə qarşı iddia tələbindən göründüyü kimi, həmin nazirlyin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinin və həmin Mərkəzin tarokal cərrahiyə şöbəsinin müdiri tarokal (ümumi) cərrah Arif Ağayevin qanunsuz hərəkətləri barəsində şikayətinə baxılmasının Sağlamlıq Mərkəzinin özünə həvalə edilməsi barədə hərəkətinin qanunsuz hesab edilməsi və şikayətinə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9cu maddəsinə uyğun baxılması vəzifəsinin Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə iddianı təmin edərəkən qeyd etmişdir ki, “qanunvericiliyin tələbinə görə vətəndaşın şikayət və ərizə xarakterli müraciətlərinə uyğun müddət ərzində baxılması və cavablandırılması cavabdehin vəzifəsidir. Müraciət edən şəxs isə müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq hüququna malikdir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla vətəndaşların müraciətlərinə yuxarıda adıçəkilən Qanunun 7-ci maddəsinə əsasən baxılır. Lakin korrupsiya ilə əlaqədar hüquqpozmalar olduğu halda vətəndaşın müraciətinə həmin Qanunun 9-cu maddəsinə əsasən baxılmalı, dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin etməli, xidməti araşdırmanın aparılması dövlət orqanında daxili nəzarət xidməti qaydasında aparılmalıdır. Qanunvericilik xidməti araşdırmanın barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə həvalə edilməsini qadağan edir. Yəni, faktiki olaraq xidməti araşdırma bilavasitə korrupsiya hüquqpozmaların yaranmasına səbəb olan şəxslər tərəfindən aparıla bilməz...” Məhkəmə kollegiyası aşağıdakılalar nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Birincisi, qeyd olunmalıdır ki, iş materialları üzrə müəyyən olunan hallar aşağıdakılardan ibarətdir: 1) İddiaçı xx.xx.2023-cü il tarixli şikayətlə Bakı Sağlamlıq Mərkəzinə müraciət edərək Mərkəzin cərrahi əməliyyat keçirmiş qardaşı Mahmud Mahudovun tarokal cərrah həkim Arif Ağayevin təqsiri üzündən ölməsi ilə bağlı araşdırma aparılıb barəsində tədbir görülmüəsini xahiş etmişdir. 2) Cavabdeh onun həmin şikayətinə baxmamış, xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, tarokal cərrah Arif Ağayev ilə bağlı Səhiyyə Nazirliyinə daxil olmuş şikayəti aidiyyəti üzrə baxılması, qaldırılan məsələnin araşdırılması və nəticəsi barədə Nazirliyə və iddiaçıya məlumat verilməsi üçün aidiyyəti üzrə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənova göndərilmişdir. 3) İddiaçı xx.xx.2023-cü il tarixli Səhiyyə Nazirliyinin ünvanına təkrar şikayət ünvanlayaraq onun şikayətinə nazirlik tərəfin baxılıb tədibr görülməsini xahiş etmişdir. 4) Bakı Sağlamlıq Mərkəzi PHŞ isə nazirlik tərəfindənbaxılması üçün göndərilmiş, iddiaçının şikayəti ilə bağlı sonuncuya, 09 yanvar 2024-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçının Nazirliyə müraciəti ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubuna aidiyyəti üzrə baxılmış, nəticəsi kimi, qeyd olunmuşdur ki, qardaşı X2 11,09.2023-cü il tarixində Mərkəzin Cərrahiyyə şöbəsinə “Tibbi proseduradan sonra həqiqi səs aparatının altında baş verən stenoz. Traxeyanın subqlottik stenozu , grade İİ. Ağciyərin postcovid fibrozu. Xroniki respirator çatmamazlıq. Xroniki tənəffüs çatışmazlığı” diaqnozu ilə daxil olmuş, “Servikotomiya , traxeyanın sirkulyar rezeksiyası və uc-uca anastomoz” əməliyyatı icra edilmiş, xx.xx.2023-cü il tarixində isə qənaətbəxş vəziyyətdə evə yazılmışdır. Şikayətə baxılmış, həkimdən müvafiq izahat alınmış və araşdırılma nəticəsində məlum olmuşdur ki, burada həkim səhvinin və yaxud səhlənkarlığının olduğunu göstərən hər hansı meyar mövcud deyildir. Xəstə 4 dəfə sarğılara və kontrol müayinələrə gəlmiş, yara yeri müayinə edilmişdir. Daha sonra ambulator müalicələr davam etdirilmiş, hətta xəstənin vəziyyətində yaxşılaşma müşahidə edilmişdir.” 5) Eyni zamanda, cavabdeh Mərkəzin həmin cavab məktubunun yazıldığı tarixdən 6 gün sonra, yəni həmin Mərkəzə baxılması çün göndərilmiş məsələnin nəticəsini bildikdən sonra, iddiaçıya, 15 yanvar 2024-cü il tarixli məktub ünvanlayraq bildirmişdir ki, onun “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin torakal cərrahı Arif Ağayev barədə Səhiyyə Nazirliyinə və müxtəlif qurumlara ünvanlanmış şikayət ərizəsinə baxıldığını bildirərək qeyd etmişdir ki, qardaşı Mahmud Mahmudova göstərilən tibbi yardımın səviyyəsi Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri tərəfindən tibbi sənədlər (xəstəlik tarixindən çıxarış, müayinə kartları və s.) əsasında araşdırılmış, aparılmış müalicə və əməliyyat taktikasında həkim səhvinə, səhlənkarlığa yol verilmədiyi müəyyən olunmuşdur. Nəzərinizə çatdırılır ki, Bakı Sağlamlıq Mərkəzi təsərrüfat hesablı müəssisə olduğu üçün xəstələrə tibb yardımın göstərilməsi və xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə bağlanmış müqavilənin şərtləri ilə müəyyənləşir. Müraciətdə qeyd olunan faktların mülki məsələ olduğunu nəzərə alaraq, təsdiqedici sənədlərlə aidiyyəti üzrə hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır” 6) Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının cavabdehə ünvanlanmış yazılı şikayətinə faktiki olaraq baxılmamış, həmin şikayəti cavabdeh nazirlik tərəfindən barəsində şikayət edilən Bakı Sağlamlıq Mərkəzinin özünə göndərilmiş və sonuncu tərəfindən də ona qardaşının cərrahi əməliyyatında həkim səhvinin olmadığı barədə 09 yanvar 2024-cü il tarixli cavab məktubu ünvanlanmış, cavabdeh nazirlik, bundan 6 gün sonra, özü heç bir əməli iş görmədən, o cümlədən, onun şikayəti ilə bağlı inzibati icraat başlamadan xx.xx.2024-cü il tarixli məktub ünvanlayraq Sağlamlıq Mərkəzinin məktubunda qeyd edilənləri təkrarlamış və iddiaçıya hüquq–mühafizə orqanlarına müraciət etməsini tövsiyə etmişdir. 7) Göründüyü kimi, qeyd olunanlardan görünən odur ki, faktiki olaraq iddiaçının Bakı Sağlamlıq Mərkəzində cərrahi əməliyyat keçirən qardaşı Mahmud Mahudovun məhz torrakal cərrah həkim Arif Ağayevin təqsiri üzündən ölməsi ilə bağlı Səhiyyə nazirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ilkin və xx.xx.2023-cü il tarixli təkrar şikayətlərinə (i.v.1cild 8-11) cavabdeh tərəfindən onun özü də dəvət olunub üçüncü şəxslərin iştirakı da təmin olunmaqla baxılmamışdır. Ümumiyyətlə, iddiaçıya ünvanlanmış 15 yanvar 2024-cü il tarixli məktubunda və hazırkı apellyasiya şikayətinin dəlillərində, habelə, nümayəndəsinin məhkəməyə verdiyi izahatında konkret olaraq hesab edir ki, Bakı Sağlamlıq Mərəkzi təsərrüfat hesablı müstəqil publik hüquq şəxs olduğunudan onun şikayətinin nazirliyə aidiyyəti yoxdur. Odur ki, şikayətinə yalnız həmin Mərkəzin özü tərəfindən və ya məhkəmə tərəfindən baxılıb öz həllini tapa bilər. Başqa sözlə, cavabdeh dolaysı ilə iddiaçının şikayəti üzrə Səhiyyə Nazirliyini əsl cavabdeh qismində görmür və bu sarıdan da hesab edir ki, iddiaçının Nazirliyə qarşı hazırkı iddia tələbinin hüquqi əsası yoxdur. 8) Məhkəmə kollegiyası, aşağıdakılara görə cavabdehin professionallıqdan uzaq olan, qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, Bakı Sağlamlıq Mərkəzi PHŞ-nin Səhiyyə Nazirliyinin Kollegiyasının 04 dekabr 2017-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş və 08 dekabr 2017-ci il tarixdə qeydə alınmış 1.1-ci və 7.1-ci bəndlərindən görünür ki, - Mərkəz Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs stasunda yaradılmışdır və Mərkəzin fəaliyyətinə nəzarət Nazirlik tərəfindən həyata keçirir. İkincisi, AR Prezidentinin 25 may 2006-cı il taixli 413 No-li Fərmanı ilə təsdiq edilmiş AR Səhiyyə Nazirliyi haqqında Əsasnamənin: 8.1-ci bəndinə əsasən - tabeliyində olan tibb müəssisələri vasitəsilə əhaliyə tibb yardımın göstərilməsini təmin etmək; 8.20-ci bəndinə əsasən - öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq; 8.25-ci bəndinə əsasən - Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək - vəzifələridir. Həmin Əsasnamənin 14.4-cü bəndinə əsasən: -Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qürumların və tabeliyində olan digər qürumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəlifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir. 22-ci bəndinə əsasən - Nazirliyin tabeliyində ictimai əsaslarla fəaliyyət göstərən, müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Elmi-Tibbi Şura, Azərbaycan Respublikasında dərman vasitələrinin və dərman maddələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün Farmakoloji və X1 və sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır. Həmin şuraların əsasnamələrini nazir təsdiq edir. 9) Qeyd olunanlardan göründüyü kimi, inzibati hüquq münasibətləri baxımından, hər bir halda Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan bir qurumdur və Nazirlik həmin Mərkəzin fəaliyyətinə nəzarət edir, rəhbərlərini vəzifəyə təyin edir, rəhbəri və intizam tənbehi tədbirləri görür, onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) işçilərindən verilən şikayətlərinə və təkrar şikayətlərinə - Nazirlik tərəfindən kollegial orqan aradılmaqla baxılır. Başqa sözlə, qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda, iddiaçının şikayətinə münasibətdə Səhiyyə Nazirliyi tabeliyində olan Bakı Sağlamlıq Mərkəzi şikayət instansiyası statusuna malikdir. 10) Maraqlı şəxlərin şikayətlərinə baxılması isə inzibati qanunvericiliklə müəyyən edilən aşağıdakı qaydalarla tənzimlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.5-ci maddəsində verilən anlayışına görə inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 36-cü maddəsinə əsasən inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçıları sayılırlar. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından istifadə etmək hüququ vardır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.3-cü maddəsinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 11)Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, inzibati orqanın hərəkət və hərəkətsizliyindən narazı qalan maraqlı şəxs hüquqlarının müdafiəsi üçün səlahiyyətli inzibati orqana, o cümlədən, şikayət instansiyasına şikayət verə bilər. 12) Konkret halda, işin hallarından göründüyü kimi, cavabdeh Səhiyyə Nazirliyinin tabeliyində olan üçüncü şəxs Bakı Sağlamlıq Mərkəzinin və onun işçisinin qanunsuz hərəkətlərindən narazı qalan iddiaçı Vidadi Məmmədovun şikayətlərinə və Səhiyyə Nazirliyin qeyd olunan Əsasnaməsinin, habelə, “İnzibati icraat haqqında” hüquq normalarının sadlanan tələbləri çərçivəsində baxmamış, hərəkətsizlik nümayiş etdirmiş, iddiaçıya ünvanlanmış formal məktubları ilə maddi və inzibati hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. 13) İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 14) Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və hüquqi əsasının olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5734/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-528/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-528/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver