Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-529/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2-1(81)-4140/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2-1(81)- 4140/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir (hakim T.Əsədova). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-496/2020 saylı 11.03.2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2-1(81)-4140/2019 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçıya 27 avqust 2014-cü il tarixdən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 27 avqust 2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər V.Məmmədov və E.Nağıyeva). Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)-1445/2020 saylı 22.09.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-496/2020 saylı 11.03.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi K.Bədəlov, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov). Məhkəmə kollegiyasının 15.12.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 52 yaşından, 27.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranacaq fərqin 27.08.2014-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25.07.1980-cı ildən 27.10.2003-cü ilə qədər N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində toxuculuq sexində 4-cü dərəcəli vəzifəsində işləmişdir. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.07.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtina məktubu ilə onagüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin vəkilinin çıxışı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qərarında göstərmişdir ki, iddiaçı 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin, edilməsi iddiası ilə çıxış etsədə, iddiaçının işlədiyi peşə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə və 23.(Tl. 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında”, qeyd edilmiş zərərli olması müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı XX-ci bölümündə kod 2210400al7501 Yaş toxumada məşğul olan toxucu ifadəsi göstərilmişdir. Eyni zamanda 23.01.2007ci il tarixli 12 nömrəli Qərarı ilə“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında”, 26-cı paraqrafında “Yüngül- sənaye ” bölməsində üçüncü bənd “yaş toxumada məşğul olan toxucular” və 32ci paraqrafında “Toxuculuq istehsalatı” bölməsində axırıncı bənd “toxucular” qeyd olunmuşdur. Bütün bu halları məhkəmə araşdırmamış, iddiaçı barəsində tam qanunsuz və əsassız qərar qəbul etmişdir. sonradan iddiaçı apellyasiya şikayətinə əlavə verərək, bildirmişdir ki, iş materiallarına əlavə edilən əmək kitabçasına əsasən onun 27 il ümumi stajı və onun 23 ilini zərərli işdə işlədiyinə görə 52 yaşında, yəni 27.08.2014-cu il tarixdən onun əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 12 iyun tarixli 320 saylı qərarına 2 №-li Siyahı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifəlrin və göstəricilərin 2 №-li Siyahısına əsasən işlədiyim peşə 1. XX. bölümündə - 2210400a- 17501 kodla qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 12 iyun tarixli 320 saylı qərarına 2 №-li Siyahısının sonuncu bəndində Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin 2-ci siahısında Toxucular qeyd edilmişdir. Eyni zamanda 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında”, 26-cı paraqrafında “Yüngül sənaye ” bölməsində üçüncü bənd “yaş toxumada məşğul olan toxucular” və 32-ci paraqrafında “Toxuculuq istehsalatı” bölməsində axırıncı bənd “toxucular” qeyd olunmuşdur. İddiaçı apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4140/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edəilməsini xahiş etmişdir. Cavabdehin vəkili X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, 1980-ci ilin mart ayından - 30 il kadr şöbəsinin rəisi işləmişdir. Kətan sapla fərqli maşınlarda corablar, alt paltarları toxuyublar, xam-malla işləyiblər, iddiaçı kombinant ləğv olunana qədər orada işləyib, sapların materialları həm pambıq, həm də kətan idi, süd verilirdi onlara. 50 dərəcə istidə tozda işləyirdilər. İddiaçı kimi bir neçə işçi olub ki, onlar da artıq pensiya alırlar. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya pensiya təyin olunmasından imtina olunduğu üçün həmin qovluq materialları məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Qusar rayonunda doğulmuşdur. İş materiallarında olan əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1979-cu ildən 24.07.1980-cı ilə qədər TM-40 da təhsil almış, 25.07.1980-cı ildən 04.04.1989-cu ilə qədər N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 4-cü dərəcəli toxucu, 04.04.1989-cu ildən 29.05.1989-cu ilə qədər sap əyirici, 29.05.1989-cu ildən 11.06.1990-cı ilə qədər sarıyıcı, 11.06.1990-cı ilə qədər 06.12.1991-ci ilə qədər 4cü dərəcəli toxucu, 06.12.1991-ci ildən 01.12.1992-ci ilə qədər gözəm ustası, 01.12.1992-ci ildən 27.10.2003-cü ilə qədər toxuyucu, 06.11.2007-ci ildən 01.11.2011-ci ilə qədər məktəbdə xadimə vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə 02.07.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan İdarə tərəfindən iddiaçıya ünvanlanmış 20.08.2019-cu il tarixli **********2 №-li məktubda onun müraciətinin təmin olunmaması barədə bildirilmişdir.. İmtinaya səbəb kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi qeyd olunmuşdur. Hazırda iddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni 27.08.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia rədd edilməlidir.... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanununda dəyişiklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Hazırda tərəflər arasında mövcud olan mübahisə adıçəkilən Qanun qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Odur ki, məhkəmə hazırki mübahisə üzrə 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarının tətbiq olunmalı olduğunu hesab edir. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının 01.07.2017-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.07.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması; 3) İddiaçının 01.07.2017-ci ilə qədər 52 yaşının tamam olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 27.08.2014-cü ilə qədər 28 il 1 ay 20 gün ümumi iş stajı mövcuddur. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia edir ki, onun işlədiyi “toxucu” vəzifəsi zərərli peşələrin siyahısında qeyd olunmuşdur. AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının Əlavəsində yalnız “metal və sintetik tor toxuyan toxucular” peşəsi qeyd olunmuşdur. AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarla təsdiq edilmiş Siyahının 32-ci bölməsində isə “toxucular” peşəsi qeyd olunmamışdır. İddiaçı tərəfindən işlədiyi peşənin güzəştli iş stajı hesab olunmasına dair müəssisədən aydınlaşdırıcı arayışın da əldə olunması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı öz təsdiqini tapmamışdır. Bu əsasdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, onun işlədiyi “toxucu” peşəsi zərərli iş stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiya məhkəməsi qərarında hesab etmişdir ki, apelyasiya instansiya məhkəməsinin iddiaçının əmək kitabçasında göstərilən dövrü sosial sığorta stajı kimi qəbul edilməsi gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının əmək kitabçasında olan güzəştli iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri”n 2 saylı Siyahının XX.“Yüngül sənaye” (kod: ********) adlı bölmənin 1-ci bəndi “Toxuculuq sənayesi” adlanır və 2210200a kodundan 2200200b—19586 koduna qədər peşələri əhatə edir. Bu kodlar altında sadalanan peşələrin içərisində yalnız bir peşənin adında (kod 2200200a—11602: süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları) toxucu peşəsi var. Göründüyü kimi, göstərilmiş Siyahıda “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsinin adı göstərilsə də, iddiaçının peşəsinin məhz hansı sahəyə uyğun gəldiyini müəyyən etmək olmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 11.12.2017-ci il tarixdə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. İddiaçıya dəfələrlə bu cür arayışın təqdim edilməsi təklif olunsa da, belə bir arayış onun tərəfindən təqdim olunmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində ğöstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2-1(81)-4140/2019 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-529/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-529/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver