Məhkəmə qərarları › İş №2-1(103)-529/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-529/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-529/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8045/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 01.07.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək ona və ailəsinə ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və həyat yoldaşı bir neçə aydır ki, işləyirlər. Ailəsi 5 nəfərdən ibarətdir. Ailəsinin gəlir yeri onun 250 manat, həyat yoldaşının 300 manat aylıq əmək haqqından ibarətdir. Adambaşına düşən aylıq gəlir minimum həddən çox aşağıdır. Hazırda ailələrinin maddi vəziyyəti çox pisdir. O ünvanlı dövlət sosial yardımı proqramından yararlanmaq, ünvanlı dövlət sosial yardımı almaq üçün təmsilçi ərizəsi alaraq ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna elektron müraciət edib. Ailəsi bundan əvvəl də ünvanlı dövlət sosial yardımı alıb. Ərizəsi qurumun sistemi tərəfindən yoxlanılaraq heç bir kənarlaşma olmamışdır. Maddi-məişət şəraitinin yoxlanması məqsədi ilə nümayəndə gəlib ailəsinin maddi-məişət vəziyyətini yoxlayıb. Maddi vəziyyətlərini görüb müsbət rəy yazıb onlara ünvanlı sosial yardım düşdüyünü bildiriblər, 3-4 gün sonra isə onlara imtina veriblər. Ərizədə göstərilənlərdən heç bir kənarlaşma yoxdur. Buna baxmayaraq, ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina verilib. O yenidən ərizə ilə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ünvanlı dövlət sosial yardım almaq üçün elektron müraciət edib. Beləliklə, 3 dəfə müraciət edib, hər dəfə də imtina edilir. 30.08.2021-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 01 aprel 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8045/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia qismən təmin edilmiş, İddiaçı 01.04.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı qərarla razılaşaraq, qərardan apellyasiya şikayəti verməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müayinə məqsədiylə İddiaçı ünvanına 20.08.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı ailənin maddi-məişət şəraitinin müayinəsi ilə bağlı müayinə aktı tərtib olunmuşdur. Aktda evin təmsilçinin həyat yoldaşının babasına məxsus olduğu qeyd edilmişdir. Ev iki mərtəbədən ibarətdir. Aşağı mərtəbədə təmsilçi və ailəsi, yuxarı mərtəbə də isə təmsilçinin qaynanası yaşayır. İşıq sayğacı ayrı qaz sayğacı ümumidir lakin işlək vəziyyətdə deyil. Qapı bağlı olduğu üçün su sayğacını müşahidə etmək mümkün olmamış və yuxarı mərtəbəyə baxış keçirilə bilməmişdir. Maddi-məişətin müayinəsi mərhələsində vətəndaş müayinənin aparılması zamanı səlahiyyətli şəxsə öz vəzifə səlahiyyətlərini həyata keçirilməsinə maneə olmamalı və zəruri hallarda yardım göstərməlidir. İmtina məktubunda qeyd olunduğu kimi iddiaçı abonent kodunu gizlətmiş və baxış keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İddiaçı ona 01 aprel 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “iddia qismən təmin edilmiş, İddiaçı 01.04.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ona 01 aprel 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı 01.04.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ondan gözlənilən araşdırma həddini aşmış, araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8045/2021 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8045/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona 01 aprel 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi” barədə tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar