Məhkəmə qərarları › İş №2-1(103)-529/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-529/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-529/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)- 10251/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin müavinət verməkdən imtina etməsi barədə 10 yanvar 2024-cü il tarixli 3-17-1/2-İ3339/2024 nömrəli məktubun ləğv edilməsini və birdəfəlik pul müavinəti təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Hüseyn adlı xx.xx.2013-cü il təvəllüdlü, Raul adlı xx.xx.2017-ci il təvəllüdlü 2 (iki) uşağı var. Həyat yoldaşı işsiz evdar qadındır. Adına əmlak yoxdur, yaşamağa şəxsi evi yoxdur, mənzil məişət şəraiti əlverişsizdir, heç bir yerdən gəliri yoxdur. Uşaqlıqdan xəstədir, gənc yaşından əmək qabiliyyətsizdir, 2004-cü ildən "psixopatiya effektiv tipli", "oynaq tipli psixopatiya, tez-tez baş verən dekompensasiya ilə", "psixopatiya effektiv tipli dekompensasiya vəziyyəti, özünü kəsmələrlə" diaqnozu ilə xəstəxanalarda müalicə almış, ayrı kəskin xəstəlikləri var, rəsmi tibb arayışlarda əksini tapır, bədənində müxtəlif xəsarət izləri, tikişlər var, faktiki sağlam deyil. Həbs edildiyinə görə o, vaxtında həkim komissiyasından keçə bilməmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 201 nömrəli A formalı arayışının surətinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Lakin şəxsin cəza çəkməkdən azad edilməsi hələ ona birdəfəlik pul müavinətinin verilməsi üçün əsas deyil. Belə ki, şəxsin tibbi və sosial yardıma ehtiyacının olması iş materialları ilə öz təsdiqini tapmalıdır. Qanunda “sosial adaptasiya” ilə “sosial adaptasiyaya ehtiyacı olma” anlayışları fərqləndirilir. Belə ki, dövlətin məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 201 nömrəli A formalı arayışının surətinə əsasən İddiaçı cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı Mərkəzi filialın xx.xx.2022-ci il tarixli qərarı ilə “Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə” birdəfəlik müavinət təyin edilərək tam ödənilmişdir. Ona görə də, iddiaçıya təkrar müavinətin verilməsi mümküsüzdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10251/2024 saylı qərarı ilə (hakim B.Cəlalov) iddianın təmin edilməsi, İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun 6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsidir. İstinad olunan normanın müddəaları baxımından iddiaçıya birdəfəlik pul müavinətinin təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1) İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs olmalıdır; 2) İddiaçı tibbi və sosial yardıma ehtiyacı olan şəxs olmalıdır. Belə ki, Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər isə qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qeyd olunan iş üzrə İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 201 nömrəli A formalı arayışının surətinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cl İİ tarixli hökmü ilə 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Lakin şəxsin cəza çəkməkdən azad edilməsi hələ ona birdəfəlik pul müavinətinin verilməsi üçün əsas deyil. Belə ki, şəxsin tibbi və sosial yardıma ehtiyacının olması iş materialları ilə öz təsdiqini tapmalıdır. Sözügedən Qanunun sistematik təfsiri onu deməyə əsas verir ki, Qanunda “sosial adaptasiya” ilə “sosial adaptasiyaya ehtiyacı olma” anlayışları fərqləndirilir. Belə ki, dövlətin məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Qanun heç də cəza çəkməkdən azad edilmiş hər bir şəxsə deyil, onların arasından sosial adaptasiyaya ehtiyacı olan şəxslərə tətbiq edilir. Təsadüfi deyil ki, Qanunun 4-cü maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının ünvanlılıq prinsipinə əsaslandığı qeyd olunmuşdur. Həmin Qanunun 6.1-ci maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin siyahısı verilmişdir. Bura daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək, təhsil almalarına şərait yaratmaq və digər tədbirlər aiddir. Buna görə də Qanunun 6.2-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. İkinci aydınlaşdırılmalı olan mühüm məsələ adıçəkilən Qanunun məqsədlərinin müəyyən edilməsidir. Məlumdur ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 40-cı maddəsində də qeyd olunduğu kimi, normayaratma prosesinin mərhələlərindən biri normativ hüquqi aktın layihəsinin hazırlanmasıdır. Normativ hüquqi aktın layihəsində həmin aktın qəbul olunması zərurəti əsaslandırılmalı, layihənin hazırlanma məqsədləri qeyd olunmalıdır. xx.xx.2007-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin V sessiyası iclasında baş tutmuş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun layihəsinin birinci oxunuşunda həmin layihənin hazırlanma məqsədləri qeyd olunmuşdur. Həmin sessiyanın 48 nömrəli iclas protokolundan da məlum olur ki, sözügedən layihə məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə imkan vermək məqsədilə hazırlanmışdır. “Azərbaycan Respublikası Milli X1 təsdiq edilməsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən qanun layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin Sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. Sözügedən Qanun layihəsinin üçüncü oxunuşu xx.xx.2007-ci ildə keçirilmişdir. Həmin iclasın 54 nömrəli protokolundan aydın olur ki, ikinci oxunuşun nəticələrinə əsasən Qanun layihəsinin 3.1-ci maddəsinə “cəza çəkməkdən azad edilmiş” sözlərindən sonra “və sosial adaptasiyaya ehtiyacı olan” sözləri əlavə edilmiş və layihə həmin redaksiyada səsə qoyularaq qəbul edilmişdir. Yəni dövlətin konkret iş üzrə sosial adaptasiya tədbirini tətbiq edə bilməsi üçün şəxsin bu tədbirə ehtiyacının olub-olmadığı və həmin ehtiyacın xarakteri müəyyən edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.58-ci yarımbəndinə əsasən Nazirliyin vəzifəsi öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirməkdir. Digər məsələ həmin kateqoriyaya daxil olan şəxslər barəsində Qanunda müəyyən edilmiş tədbirlərin məqsədinin müəyyən olunmasıdır. Belə ki, həmin Qanunun 1.0.3-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsində həyata keçirilən tədbirlərin məqsədi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin: Sosial mühitə uyğunlaşdırılması; Hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması; Bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasıdır. İşin faktiki hallarından məlum olur ki, İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Adıçəkilən maddə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Bu cinayət yalnız qəsdən törədilə bilər. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 201 nömrəli A formalı arayışının surətinə əsasən İddiaçı cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167.0.1-ci maddəsinə əsasən, cəza müddəti qurtardıqda məhkumlar cəza çəkməkdən azad edilirlər. Normanın tələbinə görə, iddiaçı xx.xx.2023-cü il tarixdən cəza çəkməkdən azad edilmiş şəxsdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı Mərkəzi filialın xx.xx.2022-ci il tarixli qərarı ilə “Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə dair” birdəfəlik müavinət təyin edilərək tam ödənilmişdir. İddiaçı ona birdəfəlik müavinət ödənildikdən cəmi 2 ay sonra yeni cinayət əməli törətmişdir. Bu da onu deməyə əsas verir ki, hazırkı iş üzrə sosial adaptasiya tədbiri kimi birdəfəlik pul müavinətinin verilməsi ilə həmin tədbirin məqsədinə nail olunmamış, əksinə iddiaçının həmin vəsaitdən təyinatı üzrə sosial mühitə uyğunlaşmaq məqsədilə deyil, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan yeni cinayətin törədilməsi üçün istifadə etməsi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Buna görə də İddiaçı cəmiyyətə adaptasiyası üçün yalnız ehtiyac olduğu halda Qanunun 6.1-ci maddəsində sadalanan digər tədbirlər həyata keçirilə bilər. Bu kateqoriya işlər üzrə məhkəmənin araşdırmasının ilk mərhələsi cavabdehin gətirdiyi əsasların yararlılığını qiymətləndirməkdən ibarət olmalıdır, yəni cavabdeh dövlət qurumunun davranışının ümumi maraqlara xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır. Cavabdehin imtinası iddiaçı tərəfindən tələb edilən müavinət məbləği ilə törədilə biləcək yeni cinayətlərin və iddiaçıya təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasına yönəlmişdir və bu səbəbdən qanuni məqsəd daşıyır. Hazırkı işin halları iddiaçıya müavinətin təkrar ödənilməsi nəticəsində qüdülən məqsədlə sosial adaptasiya tədbiri arasında tarazlığın pozulacağını göstərir. Belə ki, ictimai maraqların qorunması öz hüququndan sui-istifadə etmiş iddiaçının hazırda tələb etdiyi hüquqdan daha mühümdür. Digər tərəfdən, Qanunun 15.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli Qərardadına əsasən digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Bu səbəbdən dövlətin hüquqa və haqq-ədalətə əsaslanmaq şərtilə sosial təminat hüququ sahəsində müəyyən mülahizə sərbəstliyi vardır. Hazırkı işdə tətbiq edilən hüquq normaları cavabdehə bu mülahizə sərbəstliyindən istifadə edərək ağlabatan və əsaslandırılmış qərar qəbul etməsinə imkan verir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 illik müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçıya elə həmin tarixdən etibarən 150 manat məbləğində sosial müavinət təyin edilmiş və hazıradək ödənişi davam etdirilir. Odur ki, iddiaçının sosial yardıma ehtiyacı da sübut olunmur, hətta ehtiyacı olsa belə, bu ehtiyacın adekvat qarşılığı ona müavinətin təyin edilməsi deyildir. Mövcud icraat materiallarına əsasən İddiaçı münasibətdə qanunvericiliklə tələb olunan tibbi və sosial yardıma ehtiyac ilə bağlı şərtlər mövcud deyildir. Qeyd olunan hallar İddiaçı birdəfəlik müavinətin təyinatına imkan verməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 7.1-ci, 7.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Həmin Qanununun 7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Göründüyü kimi, iddiaçıya “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 6.1.7 və 14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin ödənilməsi üçün qeydiyyata alınmalı idi. Lakin qeyd olunan iş üzrə iddiaçı qeydiyyata alınmamışdır. Odur ki, qeyd olunan qaydada qeydiyyata alınmayan şəxsin hazırkı faktiki əsaslarla iddiası təmin oluna bilməz. Əgər iddiaçı qeydiyyata alınmamasını qanunsuz sayırsa, o halda həmin hərəkəti (hərəkətsizliyi) müstəqil inzibati iddia qaldırmaqla mübahisələndirə bilər. Hazırkı iş üzrə müavinətin verilməsi qeyri-effektiv tədbir olduğundan cavabdehin imtinası qanunauyğundur. İddiaçı xx.xx.2022-ci il tarixdə birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilmə ilə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Qeyd olunanları nəzərə alaraq İddiaçı təkrarən birdəfəlik müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki; -İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinət ödənilmişdir. -İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 saylı Cəzaçəkmə müəssisəsindən 18 dekabr 2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzasının sonu ilə azad olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya xx.xx.2021ci il tarixdən xx.xx.2026-cı il tarixədək ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əmək zəmanəti əmək qabiliyyətsiz göstərilmişdir. -İddiaçı 1 saylı Bakı DOST Mərkəzindən ərizə ilə cavabdehə müraciət edərək ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. -Cavabdeh 10 yanvar 2024-cü il tarixli, 3-17-1/2-İ-3339/2024 nömrəli məktubla iddiaçıya birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “ ...sizə xx.xx.2022-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2023-cü il tarixində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməyinizlə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir”. İşin faktiki hallarından məlum olur ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinət ödənilmişdir. İddiaçı azad edildikdən iki ay sonra yenidən həbs edilmiş və 18 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İddiaçı ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2023-cü il tarixində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməsi ilə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qanunun dispozitiv şərtlərinin mövcud olması üçün iddiaçının cəza çəkməkdən azad edilmiş şəxs olması və sosial adaptasiyaya ehtiyacının olması müəyyən edilməlidir. İddiaçının penitensiar müssəsisədə cəza çəkən şəxs olması və cəzadan azad olunması (müavinət tələb etdiyi cəzaya görə) işin mübahisələndirilməyən halıdır. Qanunun dispozisiyasında göstərilən digər şərt də (iddiaçının sosial adaptasiyaya ehtiyacının olması) iddiaçıya münasibətdə ödənilir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının iki azyaşlı uşağı var və iddiaçı ikinci dərəcə əlildir. Əlilliyin diaqnozu şəxsiyyətin emosional davamsız pozğunluğu, tez-tez dekompensasiyalarla (üzvi mənşəli), virus mənşəli xroniki “C” hepatiti. Əmək zamanəti - əmək qabiliyyətsizdir. Hər iki əməl ayrı-ayrı olmaqla, iddiaçının hazırda cəzaçəkməkdən azad olmuş şəxs olması və sosial adaptasiyaya ehtiyacının olması sübuta yetirildiyinə və qanunvericilikdə belə bir məhdudiyyət olmadığına görə, cavabdehin imtinası əsassızdır. Mövcud icraat materiallarına əsasən iddiaçıya münasibətdə qanunvericiliklə tələb olunan tibbi və sosial yardıma ehtiyac ilə bağlı şərtlər mövcuddur. Qeyd olunan hallar iddiaçıya birdəfəlik müavinətin təyinatına imkan verir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq və işin hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun: 3.1. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. 15.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Qanun heç də cəza çəkməkdən azad edilmiş hər bir şəxsə deyil, onların arasından sosial adaptasiyaya ehtiyacı olan şəxslərə tətbiq edilir. Hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun: -40-cı maddəsinə əsasən normayaratma prosesinin mərhələlərindən biri normativ hüquqi aktın layihəsinin hazırlanmasıdır. -48.3. Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir: 48.3.1. normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti; Məhkəmə kollegiyası qeyd edir ki, normativ hüquqi aktın layihəsində həmin aktın qəbul olunması zərurəti əsaslandırılmalı, layihənin hazırlanma məqsədləri qeyd olunmalıdır. xx.xx.2007-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin V sessiyası iclasında baş tutmuş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun layihəsinin birinci oxunuşunda həmin layihənin hazırlanma məqsədləri qeyd olunmuşdur. Həmin sessiyanın 48 nömrəli iclas protokolundan da məlum olur ki, sözügedən layihə məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə imkan vermək məqsədilə hazırlanmışdır. “Azərbaycan Respublikası Milli X1 təsdiq edilməsi haqqında" Qanunun 18-ci maddəsinə əsasən qanun layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. Sözügedən Qanun layihəsinin üçüncü oxunuşu xx.xx.2007-ci ildə keçirilmişdir. Həmin iclasın 54 nömrəli protokolundan aydın olur ki, ikinci oxunuşun nəticələrinə əsasən Qanun layihəsinin 3.1-ci maddəsinə “cəza çəkməkdən azad edilmiş” sözlərindən sonra “və sosial adaptasiyaya ehtiyacı olan” sözləri əlavə edilmiş və layihə həmin redaksiyada səsə qoyularaq qəbul edilmişdir. Yəni dövlətin konkret iş üzrə sosial adaptasiya tədbirini tətbiq edə bilməsi üçün şəxsin bu tədbirə ehtiyacının olub-olmadığı və həmin ehtiyacın xarakteri müəyyən edilməlidir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1 və 67.1ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Bu cinayət yalnız qəsdən törədilə bilər. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 201 nömrəli A formalı arayışının surətinə əsasən İddiaçı cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə cəza müddətini tam çəkdiyindən cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı Mərkəzi filialın xx.xx.2022-ci il tarixli qərarı ilə “Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə dair” birdəfəlik müavinət təyin edilərək tam ödənilmişdir. İddiaçı ona birdəfəlik müavinət ödənildikdən cəmi 2 ay sonra yeni cinayət əməli törətmişdir. Bu da onu deməyə əsas verir ki, hazırkı iş üzrə sosial adaptasiya tədbiri kimi birdəfəlik pul müavinətinin verilməsi ilə həmin tədbirin məqsədinə nail olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10251/2024 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10251/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar