Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-53/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs “xxxx” MMC) qarşı “bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(82)-3918/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1375 saylı bağ sahəsi ləğv edilmiş Bağlar Təsərrüfati İdarəsi ilə iddiaçı arasında 26.12.2005-ci ildə bağlanmış 36531 saylı müqavilə əsasında onun istifadəsinə verilmiş, qeyd olunan vaxtdan bağ sahəsi onun tərəfindən təyinatı üzrə istifadə edilir. İddiaçı müvafiq qaydada sənədlərini toplayaraq, sözügedən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 27.09.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqanın 18.10.2019-cu il tarixli **********55 saylı cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edilməsinə istinad edilmişdir. İddiaçıya görə cavabdehin imtinası əsassız və qanunsuz olmaqla onun qeyd olunan torpaq sahəsi üzərində istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, bağların bölgüsünə dair sxematik xəritə hər hansı səlahiyyətli dövlət orqanı tərəfindən tərtib və təsdiq edilməmiş, məhz həmin xəritə bəsit vasitələrlə tərtib edilmiş, yekunda isə Ləhiş bağları ərazisində yerləşən bağların 90 faizi üzrə sürüşmə yaranmışdır ki, demək olar ki, bütün bağ sahələri məhkəmə qərarları əsasında icraya yönəlmişdir. Cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır ki, bağ sahəsi 4 tərəfdən hasara alınmaqla iddiaçının faktiki istifadəsindədir və bununla bağlı hər hansı məhkəmə çəkişməsi və ya qonşu mübahisəsi mövcud deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(82)- 3918/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1375 saylı bağ sahəsi ləğv edilmiş Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında 26.12.2005-ci ildə bağlanmış 36531 saylı müqavilə əsasında onun istifadəsinə verilmişdir. İddiaçı Vəliyev X3 rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1375 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27.09.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsi İdarənin elektron baza məlumatlarına əsasən digər şəxsin (“xxxx” MMC) istifadəsinə verilmiş 101 ha ərazi daxilində yerləşir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar əsassız olaraq nəzərə alınmamış, ekspertiza keçirilməmiş və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, “xxxx” MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-615/2020 saylı, 03 mart 2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC 3-cü şəxs qismində cəlb edilmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Ləhiş ərazisindəki 1375 nömrəli bağın istifadəyə verilməsi haqqında” İddiaçı ilə X2 və İstismarı Birliyi arasında bağlanmış 26 dekabr 2005-ci il tarixli, 36531 nömrəli müqavilənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1375 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 ünvanlanmış 18.10.2019-cu il tarixli, **********55 saylı məktubdan müəyyən edilir ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1375 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 27.09.2019-cu il tarixli ərizəyə baxılmış, cavab olaraq sözügedən bağ sahəsinin İdarənin elektron baza məlumatlarına əsasən digər şəxsin istifadəsinə verilmiş ərazidə yerləşməsi və göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsasları ilə ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Hazırkı işdə sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Yəni, inzibati orqan olan cavabdeh inzibati aktın qəbulu ilə bağlı olmayan və vətəndaşın narazılığını yaradan hərəkətin icraçısı olduğu üçün, öz davranışının qanuna əsaslandığını məhkəməyə, həmçinin iddiaçıya izah etməyə və əsaslandırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətədaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunan maddənin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri də bağ təsərrüfatı idarələri ilə vətəndaşlar arasında bağlanmış icarə müqavilələri hesab olunur. X2 və İstismarı Birliyi ilə bağlanmış 26 dekabr 2005-ci il tarixli, 36531 nömrəli müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1375 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh orqanın cavab məktubu ilə sözügedən bağ sahəsinin digər şəxsin istifadəsinə verilmiş ərazidə yerləşməsi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsasları ilə ərizənin icrasından imtina edilmiş, lakin göstərilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1., 3.0.11. və 3.0.23-cü bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Hazırkı iddia məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkəsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarı ilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin göstərilən ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmur. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya “Ləhiş ərazisindəki 1375 nömrəli bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən ayrılmış 0,12 ha torpaq sahəsi olan bağ sahəsinin koordinatlarının “xxxx” MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin koordinatları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, 12.01.2021-ci il tarixdə məhkəmə mühəndis-texniki ekpertizasının aparılmasından imtina edilməsi barədə 25 dekabr 2020-ci il tarixli məlumat inzibati işlə birlikdə məhkəməyə daxil olmuşdur. Cavabdeh şikayətində göstərilən sahənin “xxxx” MMC-nin istifadəsinə verilmiş ərazinin daxilində yerləşdiyini bildirmiş, lakin şikayətinin bu dəlili hər hansı sübutla təsdiq edilmədiyindən, məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı saymır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(82)- 3918/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-53/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-53/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver