Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-53/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Füzuli rayonunun Veysəlli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2-1(82)-1262/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 04.02.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 03 yanvar 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin 03 yanvar 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 yanvar 1973-cü il tarixdən 30 oktyabr 2004-cü il tarixə qədər müxtəlif yerlərdə əmək fəaliyyəti göstərmiş və 31 il əmək stajı vardır. 18 noyabr 1976-cı ildən 01 fevral 1998-ci ilə kimi Bakı "xxxx" (sonradan Elektriktökmə ASC adlandırılmış) zavodunda zərərli sexlərdə işləmişdir. 22 il zərərli sexdə işlədiyinə görə 55 yaşında, yəni 2010-cu il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməliydi. Buna görə də, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbə **********9 saylı, 31 yanvar 2019-cu il tarixli məktubu ilə imtina edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin etmək mümkün olmadığını bildirmişdir. Həmin imtina əsassızdır və onun sosial təminat hüququnu pozur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, 2010-cu ildə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, 9.8-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3cü bəndinə, 60-cı, 71-ci, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, istinad edərək, iddiaçıya 03 yanvar 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini və yaranacaq fərqin 03 yanvar 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2-1(82)- 1262/2019 nömrəli qərarı ilə (hakim E.Mustafayev) iddia tələbi təmin edilmiş,İddiaçı 03 yanvar 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 03 yanvar 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 21.05.2019-cu il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar; kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda iddiaçının tələb olunan güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Vətəndaşın 1990-1997-ci illərə aid əmək stajı yerində qarşılıqlı olaraq araşdırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının həmin müəssisədə işləməsini araşdırmadan, həmin müəssisənin arxiv sənədlərinin saxlanıldığı arxiv idarəsindən müvafiq arayışı tələb etmədən qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1661/2019 saylı, 09.08.2019-cu il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1262/2019 saylı, 03.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 17.09.2019-cu il tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3142/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli 2-1(103)-1661/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin qeyd edilən qərarında hüquqi göstəriş ondan ibarət olmuşdur ki, “apellyasiya instansiya məhkəməsi iddiaçının "xxxx" ASC-də fəaliyyəti zamanı tutduğu peşə və vəzifələrin xarakterinin metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edib-etməməsi istiqamətində araşdırma aparmalı və bundan sonra iddiaçının güzəştli iş stajı olması məsələsinə qiymət verməlidir.” Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi (mətnə uyğun) Kollegiyasının 2- 1(103)-229/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2-1(82)- 1262/2019 saylı qərarı dəyişdirilmiş, İddiaçı 03 yanvar 2011-ci il tarixdən 56 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 03 yanvar 2011-ci il tarixdən hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. 27.02.2020-ci il tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.09.2020-ci il tarixli, 2-1(102)-1118/2020 saylı qərarı ilə (hakimlər X.Məmmədov, Z.Quliyev, İ.Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 21 yanvar tarixli 2-1(103)-229/20 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarının dəyişidirilərək iddiaçıya 56 yaşdan pensiyanın təyin edilməsi İPM-in 52-ci maddəsinin (bax 25-ci bənd) tələblərinin pozulması ilə nəticələnmiş, məhkəmə bu zaman iddia tələbindən kənara çıxmışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının tələbi ona 55 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsindən ibarətdir. Bu halda, məhkəmə ilk növbədə həmin tələb üzrə araşdırmasını aparmalı, bununla bağlı işin hallarını iddiaçı ilə müzakirə edərək zəruri hesab etdikdə ona iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım etməlidir. Sözügedən qaydada işin halı müzakirə aparılmadan və iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım edilmədən iddiaçının tələb etmədiyi qaydada iddianın təmin edilməsi məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi məhkəməyə təqdim edilərək, ona 57 yaşdan, 03.01.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 09.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 5/596-5/597-4/797 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Füzuli rayonu, Veysəlli kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı "xxxx" ASC-nin 15 yanvar 2019-cu il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı 18.11.1976-cı ildən 30.06.2004-cü ilədək "xxxx"ASC-də işləyib. 18.11.1976 - 21.12.1976-cı ilədək Tökmə sexində tökmə sexinin yığışdırıcısı peşəsində zərərli əmək şəraitində, tam iş günü rejimində işləyib. 21.12.1976 - 28.01.1985-ci ilədək Qəlibləmətökmə sexində, 4 saylı əlvan metaltökmə sexində, qeyri-standart avadanlıqları sahəsində tam iş günü rejmində, zərərli əmək şəraitində təmirçi çilingər-çilingər montajçı peşəsində çalışıb. 28.01.1985 - 01.06.1991-ci ilədək qeyri-standart avadanlıqları sahəsində sahə ustası vəzifəsində zərərli əmək şəraitində, tam iş günü rejimində çalışıb. 01.06.1991 - 01.02.1998-cı ilədək sex rəisi vəzifəsində tam iş günü rejimində, zərərli əmək şəraitidə işləyib. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin və göstəricilərin siyahısı”na əsasən 11-ci bölüm” Metal emalı”, 11.1 “Tökmə istehsalı”-nda (səh.89-92) təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-ci il tarixindən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən Mərkəzielektrotökmə zavodunun bazasıda Bakı "xxxx"ASC yaranmışdır. - iddiaçıya məxsus 25 yanvar 1974-cü il tarixli əmək kitabçasının təsdiq və tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 19 yanvar 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 29 aprel 1979-cu ilədək X6 İşləri İdarəsində 3-cü dərəcə üzrə neft və qaz boruları qazmaçı köməkçisi və Alət meydançasına yükləyən fəhlə vəzifəsində, 03 iyul 1976-cı ildən 10 noyabr 1976-cı ilədək fəhlə, 18 noyabr 1976-cı ildən 30 iyun 2004-cü ilə kimi 2-ci dərəcəli süpürgəçi, çilingər şagirdi, 1-ci dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli çilingər təmirçi, 3-cü dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli quraşdırıcı-çilingər, 3-cü dərəcəli quraşdırıcı-çilingər, 1-ci qrup usta, sahə rəisi, 10-cu dərəcəli sahə rəisi, 11-ci dərəcəli sahə rəisi vəzifələrində çalışmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 49 nömrəli, 19 fevral 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 05.1974-cü il tarixdən 06.1976- cı il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ehtiyyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. - SOCAR tərəfindən verilən 26 fevral 2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin "Pesçaniy” X7 idarəsində 19 01 1973-cü ildən 29.04.1974-cü il tarixinə kimi və 08.07.1976-cı ildən- 10.11.1976-cı il tarixinə kimi işləmişdir. “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin 111 saylı 26.05.1991-ci il tarixli əmri ilə “Pesçaniy" X7 idarəsinin adı tərcümə edilərək "xxxx" X7 idarəsi olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 51 saylı 12.03.2007-ci il tarixli və 60 saylı 14.03.2007-ci il tarixli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış və "xxxx" X7 idarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 18.11.2010-cu il tarixli 148 saylı əmri ilə "xxxx" X7 İdarəsi yenidən təşkil edilərək, onun maddi-texniki bazasında birbaşa trestə tabe olan, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qazmaservis və Logistika İdarəsi yaradılmışdır.19 yanvar 1973-cü ildən 11 sentyabr 1973- cü ilədək “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Pesçaniy" DQİİ Buruğa 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib, 11 sentyabr 1973-cü ildən 29 aprel 1974-cü ilədək Alətlər meydançasının yükləyicisi peşəsinə keçirilib, 29 aprel 1974-cü ildə işdən azad edilmişdir, 08 iyul 1976-cı ildən 10 noyabr 1976-cı ilədək “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Pesçaniy” DQİİ Alətlər meydançasının yükləyicisi peşəsinə işə qəbul edilib, 10 noyabr 1976-cı ildə işdən azad edilmişdir. İş stajı 01 il 07 ay 12 gündür. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən: - "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, “X8” MMC-yə sorğular ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının "xxxx" ASC-də işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci, yəni Metal emalı bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil edib-etməməsi, iddiaçının bu müəssisədə fəaliyyəti zamanı tutduğu peşə və vəzifələrin xarakterinin metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edibetməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - "xxxx" ASC-yə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının "xxxx" ASC-də işlədiyi peşələrin kodları, hansı bölməyə aid olması (ayrı-ayrı göstərilməklə), iddiaçının işə qəbulu, işdən azad olması barədə əmrlərin təsdiq olunmuş surətləri, əmrlərin verilməsinə əsas olmuş sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - “X8” MMC-yə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə işin nəticəsində maraqlı olmayan anoloji bir müəssisə kimi cavab verməsi xahiş olunaraq, iddiaçının "xxxx" ASC-də işlədiyi peşələrin polad tökmə ilə bağlı nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil edib-etməməsi, iddiaçının bu müəssisədə fəaliyyəti zamanı tutduğu peşə və vəzifələrin xarakterinin metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edib-etməməsi barədə rəyin qısa müddətdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Sorğulara cavab olaraq daxil olmuş: - "xxxx" ASC-nin 03.12.2021-ci il tarixli, 67 №-li məktubuna əsasən müəssisədə metal tökmə sexi olmadığı üçün sorğuya ətraflı cavab verə bilmirlər. Bu sahə "xxxx" ASCyə aiddir. - “X4” ASC-nin cavab məktubuna əsasən hazırda "X4" ASC fəaliyyət göstərmir və cəmiyyətin istehsal sahəsi təsisçisi olan "X8" MMC-nin icarəsindədir. Bununla əlaqədar qaldırılan məsələnin baxılması üçün "X8" MMC-ə müraciət edilməsi tövsiyyə olunur. - “X8” MMC-nin X-Y-0671 saylı,08.12.2021-ci il tarixli cavab məktubuna əsasən "X8" MMC-nin "xxxx" ASC ilə heç bir hüquqi bağlılığı və ya əlaqəsi yoxdur. Bu səbəbdən sözügedən məktubda qeyd olunmuş "xxxx" ASC-nin əməkdaşı İddiaçı haqqında Şirkətdə hər hansı məlumat öz əksini tapmır. - "xxxx" ASC-nin 13.12.2021-ci il tarixli, 26 №-li məktubunda qeyd edilmişdir ki, “Sizin 01 dekabr 2021-ci il tarixli məktubunuza cavab olaraq bildirmək istəyirik ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, həqiqətən 18.11.1976-cı il tarixindən (əmr 841,17.11.1976) 30.06.2004cü il tarixinədək (əmr 25, 05.07.2004) "Mərkəzielektrotökmə” zavodunda işləyib, 18.11.1976-21.12.1976-dək Tökmə sexində tökmə sexinin yığışdırıcısı peşəsində zərərli əmək şəraitində çalışıb, (əmr 841,17.11.1976) (kod 2150100a-19252) 21.12.1976- 28.01.1980-dək tökmə sexində, əlvan metal tökmə sexində, Qeyri standart avadanlıqları sahəsində. Qəlib avadanlıqlarının təmiri sahəsində zərərli əmək şəraitində təmirçi çilingər peşəsində çalışıb.(əmr 614,23.12.1976) (kod 21501 OOa-18559) 04.12.81-28.01.1985dək Qeyri-standart avadanlıqları sahəsində zərərli əmək şəraitində çilingər sazlayıcı peşəsində çalışıb. (əmr 855,14.12.1981) (2150100a-14923) 28.01.1985-01.10.1987-dək Qeyri-standart avadanlıqları sahəsində zərərli əmək şəraitində usta vəzifəsində çalışıb, (əmr 98.08.02.85) ( kod 2150100b-23428) 01.06.1991-01.02.1998-dək Qeyri-standart avadanlıqları sahəsində zərərli əmək şəraitində sahə rəisi vəzifəsində çalışıb.(əmr 402,31.05.1991) (kod2150100b-24097). Mərkəzielektrotökmə zavodu keçmiş SSRİ Elektrotexnika və Cihazqayırma Nazirliyinin yeganə xüsusiləşdirilmiş metaləritmə zavodu olduğu üçün burada iş rejimi çox intensiv olmuş, cuqun tökükləri üzrə illik istehsal həcmi 62 min ton, alüminium tökükləri isə 3 min tona qədər olmuşdur. Müəssisənin adından bəlli olduğu kimi burada işləyən qəlibçilər, metal tökənlər, çilingər və sazlayıcılar,sex yığışdırıcıları , sex və sahə rəisləri, onların müavinləri, mexaniklər, ustalar, baş ustalar və başqaları insan sağlamlığı üçün zərərli və xüsusi zərərli əmək şəraitində işləmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin , vəzifələrin və göstəricilərin siyahısı”- na əsasən XİV bölmə “Metal emalı” “ Tökmə istehsalı” üzrə (2150100a-19252; 2150100a-18559; 2150100b- 23428; 2150100b-24097 kodlarla ) təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə”zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır.” Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 29.12.2020-ci il tarixli, 23 №-li araşdırıcı arayışda qeyd edilmişdir ki, “Verilir xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, ondan ötəri ki. o həqiqətən 18.11.1976-cı il tarixindən (əmr 841,17.11.1976) 30.06.2004dək (əmr 25.05.07.2004) "xxxx" zavodunda işləyib. 18.11.1976-21.12.1976-dək Tökmə sexində tökmə sexinin yığışdırıcısı peşəsində zərərli əmək şəraitində çalışıb.(əmr 841,17.11.1976) 21.12.1976-28.01.1985-dək tökmə sexində, əlvan metal tökmə sexində, Qeyri standart, avadanlıqları sahəsində, Qəlib avadanlıqlarının təmiri sahəsində zərərli əmək şəraitində təmirçi çilingər peşəsində çalışıb.(əmr 614,23.12.1976) 28.01.1985- 01.06.1991-dək Qeyri standart avadanlıqları sahəsində (QSAS) zərərli əmək şəraitində usta vəzifəsində çalışıb, (əmr 98, 08.02.85) 01.06.1991-01.02.1998-dək Qeyri standart avadanlıqları sahəsində QSAS-də zərərli əmək şəraitində sahə rəisi vəzifəsində çalışıb.(əmr 402,31.05.1991) Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı” na əsasən Xİ bölmə 'Metal emalı” “ Tökmə istehsalı” üzrə (2150100a-19252; 21501 00a-18559; 2150100b- 23428; 2150100b-24097 kodlarla ) təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən "Mərkəzielektriktökmə”zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır.” Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 09.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 5/596-5/597-4/797 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinin tədqiqat hissəsinə əsasən “ 1. Tədqiqata təqdim edilmiş İddiaçı adına 25 yanvar 1974-cü il tarixli Əmək kitabçasının 11-12, 21-22-ci səhifələri olan vərəqlər kitabçadan qoparılmışdır. Təqdim edilmiş X1 adına 25 yanvar 1974-cü il tarixli Əmək kitabçasının 13,14,15,16,17,18,19-cu səhifələri olan vərəqlərin sonradan əlavə edilməsini göstərən əlamətlər müəyyən edilmədi. 2. Təqdim edilmiş əmək kitabçasının 10-cu vərəqindəki 16 və 17-ci qeydlər rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 3. Tədqiqata təqdim edilmiş əmək kitabçasının vərəqləri hazırlanmasında istifadə olunan kağız materialı fiziki xüsusiyyətlərinə və kimyəvi tərkiblərinə görə fərqlənmirlər. 4. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “Əmək kitabçasının 10-cu vərəqində 16 və 17-ci qeydlər eyni mürəkkəblə icra edilmişdirmi?” sualı üzrə tədqiqat aparılmadı. 5. Ekspertizaya təqdim edilmiş “Əmək kitabçası”nın 10-cu və 13-cü səhifələrində 16-cı və 17-ci sıra nömrələri qarşısında olan yazılar öz aralarında – eyni şəxs tərəfindən icra olunmuşdur. (ekspert M.Kərimov) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı ilə dək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəriclərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 26 iyun 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, dəqiqləşdirilmiş iddia tələbinə əsasən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcud olmalıdır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə müraciət etmişdir, lakin cavabdeh güzəştli əmək stajını təsdiq edən arayışın təqdim edilməməsinə əsaslanaraq müraciətini təmin etməkdən imtina etmişdir. Halbuki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 03.01.2012-ci il tarixdə yaranmışdır. Bu səbəbdən həmin tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsasını və apellyasiya şikayətinin dəlilini təşkil edən iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı aşağıdakıları qeyd edir: İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq daxil olmuş "xxxx" ASC-nin 13.12.2021-ci il tarixli, 26 №-li məktubundan müəyyən edilir ki, iddiaçı 18 noyabr 1976-cı ildən 01 fevral 1998-ci ilə qədər işləmişdir ki, onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin , vəzifələrin və göstəricilərin siyahısı”- na əsasən XİV bölmə “Metal emalı” “ Tökmə istehsalı” üzrə (2150100a-19252; 2150100a-18559; 2150100b- 23428; 2150100b-24097 kodlarla ) nəzərdə tutulmuş və iddiaçı təqaüdə çıxmaq hüququ qazanmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşının tamam olduğu 03.01.2012-ci il tarixdən yaransa da, ona pensiya “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən 3 il geriyə, yəni 16.01.2016-cı il tarixdən ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2-1(82)- 1262/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 03.01.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələbi nəzərə alınmaqla, müraciət etdiyi 16.01.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni, 16.01.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmaqla, ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olaraq 62 (altmış iki) manat tərəflərdən bərabər şəkildə tutularaq Keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: Adı – Dövlət xəzinədarlığı Agentliyi; Kodu: 210005; VÖEN **********; Müxbir hesab – AZ41NABZ********************; SFİFT BİK – CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN- **********; Hesab – AZ34OTRE******************** hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-53/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-53/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver