Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-530/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Xocalı rayonunda anadan olmuş, Xocalı şəhəri ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Az1000, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 72, X2) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün hesablanıb ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2542/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 18.06.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 09.09.2008-ci ildən 13.09.2018-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixində Xocalı rayonunda anadan olmuş, 1983-1985-ci illərdə SSR Silahlı Qüvvələri sırasına müddətli həqiqi hərbi xidmətə çağırılmış və erməni silahlı birləşmələrinin Vətən torpaqlarının işğalına başlayan zaman N saylı hərbi hissənin tərkibinə daxil olmuş, döyüş əməliyyatlarında iştirak etmiş, fevral 1992-ci il tarixində yaralandıqdan sonra uzun müddət ərzində müalicədə olmuş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 12.03.2018-ci il tarixli, 569 nömrəli qərarı ilə şəhadətləndirilmişdir. Hazırda 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil və Prezident təqaüdçüsüdür. 1992-ci ildə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən qərarla təmin edilmədiyi üçün ona 2004-cü ildə 2-ci qrup hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlillik təyin edilmişdir. 2018-ci ildə iddiaçı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və ona Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası 12.03.2018-ci il tarixli, 569 nömrəli Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır qərarı verilmişdir. Xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün 13.09.2018-ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sənədləri təqdim etmiş, xəstəliyinin səbəb əlaqəsi dəyişdirilmiş, hal hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsindən Prezident təqaüdü alır, lakin qanunla Müharibə əlillərinə Azərbaycan Respublikası Prezident təqaüdünün ödənilməyən, yəni hüququ yarandığı müddətsiz əlil olduğu gündən 09.09.2008-ci ildən 13.09.2018-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. İddiaçıya 13.09.2018-ci il tarixdə verilmiş müayinə aktına əsasən təqaüd alır və bu hal mübahisələndirilmir. Yəni hazırkı iş üzrə mübahisə predmeti onun hansı orqan tərəfindən yenidən müayinə edilməyi və təqaüdün təyin edilməsi üçün əsas olan sənədin hansı orqan tərəfindən verilməsi yox, onunla əlilliklə bağlı hüququnun nə vaxtdan yaranmasıdır. Cavabdeh tərəfindən 13.09.2018-ci il tarixdən ona təqaüd verilməsi, cavabdeh tərəfindən onun təqaüd almağı üçün əsas olan əlilliyi vəziyyətinin müəyyən edən arayışın qəbul edilməsinə dəlalət edir. Lakin bu arayış iddiaçının 2018-ci ilin sentyabr ayından əlil olmağını təsdiq etmir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğunu müəyyən edir ki, onun hərbi xidmət vəzifələrinə 1994-cü ildə son qoymuş, 2004-cü ilin aprel ayında müddətsiz əlil olmuş, belə olan halda, cavabdehin 2008-ci ilin sentyabr ayından etibarən ona təqaüd verilməsindən imtina edilməsini əsassız hesab edir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə 08.05.2019-cu ildə müraciət etmiş, lakin cavabdeh “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 10-cu maddələrinin tələblərini pozaraq müraciətinə cavab verməmişdir, bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 2542/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 13.09.2018-ci ildən əvvəlki üç illik dövr nəzərə alınmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 21 №-li TSEK tərəfindən 17.02.2004-cü il tarixdən ömürlük «Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar» əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 12 mart 2018-ci il tarixli Qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK tərəfindən 13.09.2018-ci il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» əlillik təyin edilmişdir. Həmin tarixdən də 31.03.2019-cu il tarixə kimi 158 manat, 01.04.2019-cu il tarixdən isə ömürlük 230 manat prezident təqaüdü təyin olunmuşdur. Əvvəlki dövr üçün təqaüdün ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2020 saylı, 09.01.2020-ci il tarixli qərarı ilə (hakimlər C.Yusifov, V.Ağayev, A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2542/2019 saylı 25.09.2019-cu qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2- 1(102)-1172/2020 saylı, 30.09.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2020 saylı iş üzrə 09 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması barədə mərkəzi hərbi həkim komissiyası tərəfindən 12 mart 2018-ci il tarixli qərarın nə vaxt TSEK-ə təqdim edilməsi, gec göndərilmişsə, onun səbəbləri, TSEK tərəfindən göndərişə baxılması müddəti, Əsasnamənin müddəalarının pozulması, pozulmanın iddiaçının təqsirindən baş verib-verməməsi araşdırılmalı, bundan sonra 12 mart 2018-ci il tarixdən təqaüdün iddiaçıya ödənilməsinin mümkünlüyü müzakirə edilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019cu il tarixli, 2-1(82)-2542/2019 nömrəli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya 21 №-li TSEK tərəfindən 17.02.2004-cü il tarixdən ömürlük «Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar» əlillik təyin edilmiş, sonradan, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 12.03.2018-ci il tarixli qərarı ilə onun əlilliyinin səbəb əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. qərarı verilmişdir.» kimi şəhadətləndirilmiş, AR ƏƏSMN Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13.09.2018-ci il tarixli qərarı ilə də onun əlilliyinin səbəb əlaqəsi də İİ qrup «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi müəyyən edilmişdir. Həmin tarixdən də cavabdeh tərəfindən ona «Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanına müvafiq olaraq müharibə əlili kimi prezident təqaüdü verilməyə başlanılmışdır. İddiaçı bundan əvvəlki dövrə görə ona prezident təqaüdünün ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: «Sosial müavinətlər haqqında» Qanunun: 1.0.1-ci maddəsində deyilir ki, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. «Sosial müavinətlər haqqında» Qanunun 4-cü maddəsinə əsasən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə göstərilir ki, həmin Fərman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçıya prezident təqaüdünün verilməsinə əsas - AR ƏƏSMN Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13.09.2018-ci il tarixli qərarı ( İİ qrup «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır») olmuşdur. Cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq həmin tarixdən də ona «Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanına müvafiq olaraq müharibə əlili kimi prezident təqaüdü verilməyə başlanılmışdır. “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, müharibə əlilləri onlara əlillik təyin olunduqdan sonra qanunvericilikdə əlilliklə bağlı nəzərdə tutulmuş hüquqdan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Göründüyü kimi, müharibə veteranlarına verilməsi nəzərdə tutulmuş təqaüd, sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki , iddiaçıya əvvəlki üç il üçün ödəmələrin aparılması qanunvericiliklə nəzərdə tutulmadığından, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi, 09.09.2008-ci ildən 13.09.2018-ci ilədək fərq məbləğin tam şəkildə birdəfəlik ödənilməsinin həyata keçirilməsi mümkün deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2542/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 2542/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 09.09.2008-ci ildən 13.09.2018-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-530/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-530/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver