Məhkəmə qərarları › İş №2-1(103)-530/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-530/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-530/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçınn nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştiraklları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi) qarşı “sərəncamın qismən ləğv edilməsi” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2072/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı (bundan sonra –İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının “Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 136 nömrəli Sərəncamının ləğv edilməsi hissəsində” ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddiası üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə "Bakı-52" hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (özü də daxil olmaqla) mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır ki, nəticə etibarı ilə ona göstərilən binada 8 saylı mənzil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, 136 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 8 saylı mənzil xidməti mənzillər fondundan çıxarılaraq onunla daimi icarə müqaviləsi bağlanmışdır. Bundan sonra isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona həmin mənzildən daimi istifadə hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göstərilən binada mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə sakinlər həm birlikdə, həm də ayrıayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzillərini əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki həmin mənzillərdə yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, o, 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə onun arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqaviləsinə çevrilməsi və yaxud da, DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onunla daimi icarə müqaviləsi bağlanmasına dair Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, 130 nömrəli sərəncamı cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Və cavabdehin həmin sərəncamı barədə ona heç bir məlumat verilməmişdir. Digər tərəfdən, iddia üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 8 saylı mənzil ona yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən, habelə həmin mənzil üzərində onun daimi istifadə hüququ dövlət qeydiyyatına alındığından, Bakı şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli Sərəncamı tam qanunsuz və ədalətsizdir. Yəni cavabdehin yuxarıda göstərilən sərəncamı ilə o, və onunla yaşayan ailə üzvləri tamamilə əlverişsiz bir vəziyyətə salınmış, nəticə etibarı ilə daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüququnun pozulmasına yönələn inzibati akt qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2072/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0. maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2)... inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6); qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam (2.0.8.); aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt (2.0.9).; əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt (2.0.10.); əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt (2.0.11). “İnzibati icraat haqqında" AR Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Lakin, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçıya qanuni əsaslarla daimi istifadəsinə verilmiş mənzilin Müdafiə Nazirliyinin Xüsusi təyinatlı Mənzil Fonduna qaytarılması məqsədi ilə iddiaçının adına verilmiş əlverişli inzibati aktının ləğv edilməsi ilə bağlı icraat barədə, eləcə də dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə iddiaçının iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Faktiki olaraq cavabdeh digər səlahiyyətli orqanları tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı (xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, iddiaçının daimi istifadəsinə verilmiş mənzil üzrə hüqquqları Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, yəni iddiaçının qanuni istifadəsində olan mənzilin halhazırkı statusu - dövlət mənzil fonduna aid olan yaşayış sahəsidir. Belə olan halda mənzilin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi iddiaçının əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Habelə nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.2.-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikasi Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 153 nömrəli, 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.2-ci bəndinə əsasən 2.2. həmin Məcəllənin 21.5-ci, 24.5-ci maddələrində, 28.4-5-ci maddəsində birinci halda, 49.2-ci, 49.5-ci, 51.7- ci, 62.2-ci, 91.2-ci, 92-ci, 99.8-ci, 138.2-ci, 138.3-cü, 141.5-ci, 141-1.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı tərəf izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin hallarından məlum olur ki, Bakı şəhəri Cavabdeh Başçısının 136 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılmış, ünvan 1 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən ümumi sahəsi 103,5 kv.metr olan 8 saylı mənzil (Yeni qaydalarla: AZ 1073, ünvan 3B, M2, m1) üzərində İddiaçı daimi istifadə hüququ qeydə alınmışdır. Daha sonra Bakı şəhəri Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş olunmuşdur. İddiaçı barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının “Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 136 nömrəli Sərəncamının ləğv edilməsi hissəsində” ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixdə 3055 nömrəli məktubla Cavabdehnə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 18 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli, Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir. Yalnız bundan sonra şəxs yerli icra hakimiyyəti orqanına müraciət edə və onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edə bilər. İşin hallarından isə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 8 saylı mənzil xidməti mənzil olmuş, onun xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etmək səlahiyyəti balanssaxlayıcı olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olduğu halda, müvafiq qərar Cavabdeh tərəfindən qəbul edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 8 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması və iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Cavabdeh Başçısının 136 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı qanunsuz inzibati akt olmuşdur. Eyni zamanda işdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə X3 və X1 müraciətləri əsasında Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə tapşırılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli əsgər kazarması məqsədli şəkildə dövlət büdcəsinin 3.287.391 manat məbləğində vəsaiti əsasında əsaslı təmir edilərək xidməti yaşayış sahəsinə aid edilməklə, təmir işləri başa çatdırılıb istismara verilmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qəran ilə təsdiq olunmuş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın və “Azərbaycan Respubliksı Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin tələbləri pozularaq Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019- cu il tarixli 18 №-li protokolu ilə mülkiyyətlərində daşınmaz əmlak olduğu halda mənzilsiz, kirayədə yaşayan, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi, növbəlilik prinsipi pozulmaqla 20 ədəd mənzil Nazirliyin yüksək rütbəli və digər vəzifəli şəxslərinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qərarının tələbləri pozulmaqla həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmadan Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsinin xx.xx.2019-cu il tarixli müraciəti əsasında Yasamal RİH Başçısının xx.xx.2019-cu il tarixli 121-140 saylı sərəncamları ilə qeyd olunan 20 mənzil gələcəkdə özəlləşdirilməsi məqsədilə xidməti mənzillər siyahısından çıxarılaraq sosial təyinatlı mənzil fonduna keçirilməklə Nazirliyin 6 nömrəli Mənzil İstismar sahəsi tərəfindən hərbi qulluqçular mülki şəxs statusunda göstərilərək həmin mənzillərə dair daimi (müddətsiz) sosial kirayə müqavilələri bağlanılmışdır. Göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmiş və bu fakt əsasında ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İşdən görünür ki, cavabdeh Müdafiə Nazirliyinin yuxarda qeyd edilən müraciətini nəzərə alaraq “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən icraatı təzələmiş və əvvəl qəbul etdiyi qanunsuz inzibati aktı ləğv etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən: - Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1- ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. - Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, qanunverici qanunsuz inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilməsini nəzərdə tutsa da, bununla yanaşı qeyd edilmişdir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Lakin yuxarda sadalanan normalarda etimad hüququna istinadın yol verilmədiyi hallar da sadalanmışdır. Qeyd olunan normalara nəzərə alan birinci instansiya məhkəməsi doğru istiqamətdə araşdırma apararaq müəyyən etmişdir ki, İddiaçı, yəni iddiaçının adına, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1, 22 saylı mənzil (hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır) və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, 26 saylı mənzil (hüququ xx.xx.2004-cü il tarixli müqavilə əsasında yaranmışdır) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolundan görünür ki, həmin iclasda Mənzil komissiyasının qarnizonun уaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) komissiyaya daxil olan sənədlər əsasında yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılması barədə məlumatı dinlənilmiş və yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılaraq, cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və həmin protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmış, cədvəldə iddiaçının adı 9-cu sırada qeyd olunmuşdur. Burdan da aydın olur ki, iddiaçı yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi müvafiq mənzillə təmin edilmişdir. Lakin yuxardada qeyd edildiyi kimi, iddiaçının adına həmin dövrdə iki mənzil qeydiyyatdan keçmiş və hazırkı dövrə qədərdə həmin mənzillər iddiaçının mülkiyyətindədir. Odur ki, iddiaçı səhv məlumat təqdim etməklə barəsində əlverişli inzibati akt qəbul edilməsinə nail olduğundan, “İnzibati İcraat Haqqında Qanunun” 67.5-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən inzibati icraat aparılarkən pozuntulara yol verildiyini bildirsə də, Kollegiya hesab edir ki, iddiaçının qeyd etdiyi prosessual pozuntular cavabdeh tərəfindən qəbul edilmiş inzibati ləğvinə əsas vermir. Belə ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göründüyü kimi, inzibati akt o zaman ləğv oluna bilər ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Lakin, iddiaçının qeyd etdiyi prosessual pozuntular qərarın nəticəsinə hər hansı təsir göstərmədiyindən, həmin inzibati aktın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2072/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar