Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-531/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Mehdiyev Emin Əlixan oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6375/2021 saylı 01.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan yaşayış binasının, 1-ci qeyri-yaşayış mərtəbəsində yerləşən, 940 kv.m. qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 14.05.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 940 kv.m. olan qeyri-yaşayış sahəsini payçı qismində almışdır. Həmin qeyri yaşayış sahəsinin müqavilə üzrə müəyyən olunmuş dəyəri tam olaraq ödədikdən sonra, "xxxx"MTK tərəfindən heç bir borcunun olmamasına dair 11 may 2019-cu il tarixli, 55 saylı maliyyə arayışı və MTK-nın 11 may 2019-cu il tarixli 11/05 saylı protokolundan çıxarış ona verilmişdir. Bina 2019-cu ildən təyinatına uyğun olaraq istifadə edilir, lakin onun həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmayıb. Belə ki, həmin qeyri-yaşayış sahəsinin qeydiyyata onun adına qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, sonuncu 19 aprel 2021-ci il tarixli **********84 saylı imtina məktubu ünvanlayaraq, bildirmişdir ki, binanın istismaraına icazə sənədi və razılaşdırılmış mərtəbəlik planı təqdim edilməmişdir. Cavabdeh orqan iddiaərizəsinə yazılı etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi aşkar olunmamış, həmçinin, razılaşdırılmış mərtəbəlik planı təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bu barədə 19.04.2021-ci il tarixli imtina cavab məktubu ünvanlanmışdır. Tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlər toplusuna əlavə olunmalıdır. Daha sonra, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun müddalarına istinadən iddianın rədd olunmasını məhkəmədən məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6375/2021 saylı 01.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı F.Əliyev həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, Şans»MTK ilə iddiaçı arasında qeyri-yaşayış sahəsinin alıcıya verilməsinə dair 11.05.2019-cu il tarixli müqavilə bağlanmışdır. Bundan əlavə, həmin MTK-nın 11.05.2019cu il tarixli maliyyə arayışına əsasən qeyri-yaşayış sahəsinin dəyəri 100 faiz ödənilmişdir. İddiaçı, daha sonra, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-, 157.2, 139.1, 139.3,146, 158, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 19, 21 Konstitusiyanın 26 və 60-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyasının hazırkı iclası barədə lazımi məlumat verilmiş və gəlmədikləri təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə, mülki qanunvericiliyin normalarına, eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsini işin faktiki hallarına tətbiq etməklə qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismarına icazə verilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən ünvan 1 ünvanında olan yaşayış binasının, 1-ci qeyri-yaşayış mərtəbəsində yerləşən, 940 kv.m. qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, mübahisəli hüquq münasibətlərinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun, məhz, 8.0.10.1-ci maddəsi təşkil edir. Qanunun qeyd olunan 8.0.10.1-ci maddəsinin imperativ tələbi isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair - hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas sayılır: “Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə” Bundan əlavə, tikinti saəhəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Prezidentininn 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.21-ci bəndinə əsasən obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunur. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, istismara icazə verən orqana (quruma) təqdim edilir. “İstismara hazırlıq aktı”nın forması Nazirlik tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 75.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və barəsində icazə tələb olunan, lakin Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) və yerli icra hakimiyyətləri orqanları (birlikdə bundan sonra – icazə verən orqan) tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. Həmin Qaydanın 6.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubu və iddia ərizəsinə etirazının üstüstə düşən dəlillərində qanunvericiliyin qeyd olunan tələblərinə istinadən qeyd edir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında olan yaşayış binasının, 1-ci qeyri-yaşayış mərtəbəsində yerləşən, 940 kv.m. qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi olmadığına və razılaşdırılmış mərtəbəlik planı təqdim edilmədiyinə, (yəni, tikintinin razılaşdırılmış layihə və tikintiyə icazə sənədi və s.) görə daşınmaz əmlakın iddiaçının adına qeydə alınmasından imtina olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən, imtinanın qeyd olunan əsaslarının həqiqiliyinə aydınlıq gətirilməsi üçün mübahisəli qeyri-yaşayış sahəsinin inşa edən "xxxx" MTK-ya və Azərbaycan espublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məhkəmə tərəfindən sorğular göndərilmiş, cavablar alınmışdır. Sorğu edilən mübahisəli çoxmərtəbəli binanı tikintisini həyata keçirən "xxxx" MTK məhkəməyə ünvanladığı 05 yanvar 2022-ci il tarixli 22-01 nömrəli sorğuya cavab məktubu ilə «pilot layihəli çoxmərtəbəli yaşayış binasının yaşayış binasının tikintisinə icazə verilməsinə dair, o cümlədən, mübahəsəli qeyri-yaşayış sahəsinin çoxmərtəbəli yaşaıyış binasının eskiz layihəsi, həmin eskiz liyihəsinin razılaşdırılmasına dair AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 18.10.2017-ci il tarixli rəyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12.10.2017-ci il tarixli məktubu, Nərimanov rayon İcra Hakimiyyətinin 27.12.2016-cı il tarixli “çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi haqqında və tikintisyə icazə verilməsi barədə” 20.10.2017-ci il tarixli sərəncamları məhkəməyə təqdim edilmiş, lakin həmin yaşayış binasının istimarına icazə sənədi olmadığından məhkəməyə təqdim olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsiinin sorğuya ünvanladığı 19 yanvar 2022-ci il tarixli məktubuna əsasən də məhz müəyən olunur ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilir ki, iddiaçıya məxsus mübahisəli ünvanda üerləşən qeyri-yaşayış sahəsinin aid olduğu 2013-cü ilin yanvar ayından sonra inşa olunmuş çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi hal-hazırkı vəziyyətində “Tikintilərin Dövlət reyestri”nə daxil edilməmiş, başqa sözlə, binanın forması Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş “İstismara hazırlıq aktı” yoxdur. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun məhz, 8.0.10.1-ci maddəsinin şərtləri yerinə yetirilmədiyinə görə iddiaçıya məxsus həmin çoxmərtəbəli yaşayış binasının 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması üçün əsas mövcud olmur. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdehin dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslıdır. Qanuni imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. İşə baxan birinci instansiya məhkəməsi də məhz, qanunvericiliyin qeyd olunan tələblərindən çıxış edərək iddiaçının tələbini əsaslı olaraq təmin etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, MTK ilə bağlanmış müqaviləyə və pay haqqının tam ödənilməsinə dair maliyyə arayışına əsaslanaraq birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, hüquq normalarının düzgün tətbiq olunmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6375/2021 saylı 01.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 14, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6375/2021 saylı 01.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Emin Mehdiyev Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-531/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-531/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver