Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-531/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu, Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6690/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə (keçmiş Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********649900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Xərclərə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisini məcbur qalaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2022-ci il üzrə gəlirlərini 78.401,39 manat, xərclərini nəzərə almamış, vergiyə cəlb olunan gəliri 75.827,00 manat, gəlir vergisini isə 15.165,40 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı iddiaçının xidmətlərinin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə Gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi…» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixində cəmi, 18,7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışında “Şüşə divar arakəsmələr 46.5x2.7 sm, Şüşə divar arakəsmələr 5.16x2.7 sm və s.” qeyd olunmuş, lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda,vergi ödəyicisinin təsərrüfat subyekti (obyekt) qeydə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edərək 63189,0 manat xərc məbləği qeyd etməsinə baxmayaraq, qeyd edilmiş xərclər uçot-baza məlumatlarına əsasən təsdiqini tapmamışdır. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 15165,40 manat 75827*20% əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq vergini hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6690/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********649900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə inzibati orqan tərəfindən şərti rentabellik normasının tətbiq edilməsinə gəldikdə isə bu cür hesablama aparılarkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Görünür, birinci instansiya məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, qeyd olunan halların böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək təmin olunimasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və vergi ödəyicisi tərəfindən Nazirlər Kabinetinin 55 saylı qərarı nəzərə alınmaqla gəlir vergisi hesablanması barədə məhkəmə mübahisələri üzrə Ali Məhkəmə səviyyəsində formalaşmış məhkəmə təcrübəsinə istinadən apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına ( o cümlədən, 2022-ci ilin gəlir vergisi bəyannaməsinə) əsasən müəyyyən olnur ki, iddiaçı 2022-ci ilin hesabat dövründə sahibkarlıq fəaliyyətində apardığı əməliyyatlar üzrə xərc sənədləri olmadığından, vergi orqanına təqdim etdiyi gəlir bəyannaməsində Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına müvafiq olaraq,75.827,00 manat məbləğində dövriyyəsindən, şərti rentabellik tətbiq etməklə, gəlir vergisinə cəlb olunan dövriyəsini 12.637,84 manat məbləğinə müəyyən etmiş və həmin məbləğdən 20 faizlə (VM m.101.3) 2.527,57 manat məbləğində 2022-ci il üçün gəlir vergisi bəyannaməsini hesablamışdır. Lakin cavabdeh iddiaçının həmin hesablaması ilə razılaşmamış, kameral yoxlama aparmaqla, mübahisələndirilən qərarı ilə iddiaçının vergiyə cəlb olunan gəlirini 75.827,00 manat məbləğində, həmin məbləğdən dövlət bücdəsinə ödənilməli olan gəlir vergisinin 15.165,40 manat,iddiaçı tərəfindən büdcəyə ödənilən ödənilən 2.527,57 manat nəzərə alınmaqla ona 12.527,57 manat məbləğində əlavə gəlir vergisi hesablamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq mübahisələndirir ki, iddiaçı tərəfindən əldə olunan gəlir xərc sənədləri ilə təsdiq olunmadığı halda, onun öz-özünə münastibətdə Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən şərti rentabellik tətbiq etməklə, gəlir vergisini hesablaya bilməzdi. Çünki, Vergi Məcəlləsinin 67-ci (67.14 və 83.9-cü) maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Məhkəmə kollegiyası, cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki, Vergi Məcəlləsinin 67.14-cü maddəsi onu nəzərdə tutur ki, vergi ödəyicisinin gəlirlərini və xərclərini müəyyən etmək mümkün olmadıqda, Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanma qaydası tətbiq olunur. Məcəllənin sözügedən 83.9-cu maddəsi isə (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) qüvvədən düşənə qədər nəzərdə tuturdu ki, vergi ödəyicisi əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, burada qanunverici tərəfindən Məcəllənin 67-ci maddəsi sırf vergi orqanının sələahiyyətlərinə aid edildiyi ehtiva edilsə də, 67.14-cü maddəsinin göndəriş etdiyi 83.9cu maddəsi mənfəət (gəlir) vergisinin şərti rentabelliklə hesablanma qaydasını müəyyən edən ümumi bir norma olmaqla, burada həmin normanın vergi orqanı və ya vergi ödəyicisi tərəfindən tətbiq edilməli olmasına dair hər hansı bir göstəriş nəzərdə tutulmur. Qeyd olunmalıdır ki, artıq məhkəmə praktikasında da vergi ödəyiciləri tərəfindən həmin norma tətbiq olunmaqla, gəlir vergisinin hesablanması hallarına rast gəlinır və Ali Məhkəmə səviyyəsində vergi ödəyicisinin xeyrinə yekunlaşmış məhkəmə qərarları da vardır (Ali Məhkəmənin müvafiq qərarı işə əlavə olunur). Belə olan halda, iddiaçının qeyd olunan normadan yararlanaraq, 2022-ci il üçün gəlir vergisini Vergi Məcəlləsinin 83.9-cu maddəsinə müvafiq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş Qaydalar çərçivəsində 2022-ci ilin gəlir vergisini hesablayıb onu dövlət büdcəsinə ödəməsi qanunsuz hesab edilə bilməz. Ən azından, Vergi Məcəlləsinin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsi imperativ qaydada nəzərədə tutur ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən isə “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6690/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6690/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-531/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-531/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver