Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-532/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci qrup müddətsiz əlil kimi dövlət qeydiyyatına alınma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1316/2021 saylı iş üzrə qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız, əlil kimi 08.11.2016-cı ildən dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1316/2021 saylı iş üzrə qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından müəyyən edilir ki: - İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 08.11.2006-cı il tarixdə ilkin müayinə zamanı ikinci dərəcəli 1 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma funksiyasının pozulması. Sol budun o-1/3nin qəlpə yarası.Əmək zəmanəti: əməkqabiliyyətsiz - qeyd edilmişdir. - İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 14.01.2016-cı il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Hissi və hərəkəti pozulmalarla təzahür edən, sağ dirsək sinirin postravmatik nevriti. Sağ əlin tutma funksiyasının pozulması. Sol budun o-1/3nin qəlpə yarası. Əmək zəmanəti: əməkqabiliyyətsiz - qeyd edilmişdir. - İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 19.07.2019-cu il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: OS-Tor qişasının cırılma ilə qopması. OS Monokulyar korluq. OUfəsadlaşmış katarakta. Sağ dirsək sinirinin travmadan sonrakı nevriti. VİS OD-03 k/ilə.0.5. VİS OS-0 (sıfr). Əmək zəmanəti: görmə itiliyi tələb olmayan işlərdə işləyə bilər qeyd edilmişdir. - İddiaçı əlilliyi ilə bağlı olan sənədlərdən görünür ki, İddiaçı 12.02.2020-ci il tarixdə təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: ümumi xəstəlik, gözdən əlil qeyd edilmişdir. Diaqnoz: H33.0 Tor nişanın cırılma ilə qopması, OSTorlu qişanın qopması. VİS.OD=0.2 k/ilə.0.7.(onda yeddi) VİS OS=0 (sıfır). əmək zəmanəti barədə: görmənin aktiv iştirakı olmayan işlərdə işləyə bilər - qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 126/2021 saylı 01.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində o vaxt üçün qeyd olunmuş diaqnoz və ağırlaşmalar ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verir. Vətəndaş İddiaçı hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalara görə ümumi xəstəliklə (gözdən əlil) əlaqədar təyin edilmiş üçüncü dərəcəli əlillik onun tibbi müayinə və müalicələrinin nəticələri ilə uyğunluq təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır və hesab edir ki, məhkəmənin qərarı ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən iddia tələbinin mümkünlüyü düzgün yoxlanılmamışdır. İş materiallarından görünür ki, İddiaçı 2006-cı ildə ilkin ikinci dərəcəli əlillik verimiş, bundan sonra hər növbəti il üçün müayinədən keçirilməklə sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra iddiaçıya 2019-cu ildə tibb müəssisəsinin göndərişinə uyğun olaraq gözdən əlillik təyin edilmişdir. 12.02.2020-ci il tarixdə isə iddiaçıya təkrar müayinə zamanı üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir, əlilliyin səbəbi ümumi xəstəlik, gözdən əlil müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı məhkəməyə ilkin olaraq “onun Qarabağ müharibəsi əlilliyinin dərəcəsinin tibbi müayinələrin nəticəsi ilə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası ilə müraciət etmiş, cavabdeh orqana ilkin müraciəti də həmin iddia tələbi üzrə olmuşdur. Hazırda iddiaçının tələbi “08.11.2016-cı ildən ikinci qrup, müddətsiz əlilliyinin dövlət qeydiyyatına alınması” tələbidir. Göründüyü kimi, iddia tələbi məcburetmə haqqında iddia növünə aiddir. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır (28.1.1-ci maddə). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1-ci maddə). Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1-ci maddə). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Qeyd olunan normalara əsasən məcburetmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət etsin və cavabdeh həmin ərizəni təmin etməsin. Yəni iddiaçı inzibati orqandan müəyyən bir hərəkətlə, hazırkı halda cavabdehin faktiki hərəkətinin nəticəsi olan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğvi məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, iddiaçı bunun üçün ilk növbədə cavabdehə müraciət etməlidir. Kollegiya bildirir ki, iddiaçının hazırki tələbi üzrə cavabdehə ilkin müraciətin olunması iş materiallarından müəyyən edilmir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tərəfindən hüquqlarının pozulduğunu güman etdiyi 08.11.2016-cı il tarixli inzibati akt da hazırki iddia tələbi üzrə mübahisələndirilməmişdir. İddia tələbinin hüquqi yardım qaydasında dəyişdirilməsi ehtimalına münasibətdə isə kollegiya vurğulayır ki, hazırki tələbin “inzibati aktın mübahisələndirilməsi” qaydasında dəyişdiriləcəyi halda da iddia tələbi mümkünlük şərtlərini ödəmir. Belə ki, AR İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. (38.1-ci maddə) Cavabdeh 08.11.2016-cı ildən 5 il müddətinə iddiaçıya İİ qrup əlillik təyin etsə də, iddiaçı 2021-ci ilin iyul ayında əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı məhkəmə icraatı qaydasında mübahisə açmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26- cı bənd). Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur (5.1-ci bənd). TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır (5.4-cü bənd) TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər (5.5-ci bənd). İddiaçı ona İİ qrup əlillik təyin edilməsi barədə TSEK-in 08.11.2016-cı il qərarından İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan 30 gün müddətində məhkəməyə şikayət (iddia ərizəsi) təqdim etməmişdir. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Beləliklə, iddiaçı hüququn pozulduğu bаrədə onа məlum olаn gündən sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmadığından iddia müddəti buraxıldığına görə, həmçinin hazırki tələbi üzrə cavabdehə ilkin müraciətinin olmadığı da nəzər alınaraq, kolegiya hesab edir ki, iddia mümkün sayılmamalıdır. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, məhkəmənin mübahisələndirilən qərarı ləğv edilməli, iddia qeyri-mümkün sayılmalıdır. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1316/2021 saylı iş üzrə qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız, əlil kimi 08.11.2016-cı ildən dövlət qeydiyyatına alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-532/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-532/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver