Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-532/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5179/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əyani müayinənin nəticəsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il göndəriş əsasında müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, bəhs edilən sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Cavabdeh cavab məktubunda əlilliyin müddətsiz təyin edilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndərişin rəsmiləşdiriləcəyinin və onun dövlət tibb müəssisəsi tərəfindən müayinə olunmalı olduğunun zəruri olduğunu bildirmişdir. Halbuki cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də ona münasibətdə mövcud olmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yazılı etirazda işin faktiki halları və qanunvericilik normaları sadalanmış, lakin etiraz əsaslandırılmamış, iddianın rədd edilməsi barədə dəlillər göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5179/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə (B.Cəlalov) iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasına hüquqa zidd aparmışdr. Həmçinin bildirmək istəyirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirlər ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən, atrofiya, hərəkət məhdudluğu izlənilməmiş, göbəkətrafı nahiyyədə cərrahi əməliyyat çapığı qeyd edilmiş, bazu nahiyyəsində osteomielitə aid aktiv fistula müəyyən edilməmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən görünür ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir, odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya ilk dəfə xx.xx.2011-ci il tarixdə əlillik təyinatı aparılmışdır. Cavabdehin təqdim etdiyi tibbi sənədlərdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2014- cü il tarixdə 1 il müddətinə, “Sağ bazu sümüyünün orta 1/3-in yerdəyişən qapalı sınığı, c\e-dan s\v. UİX-yi gərginlik stenokardiyası İİ fs. Sağ yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə “Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün aşağı 3\1-nin yerdəyişmiş qəlpəli bitişmiş sınığı. Mil sinirinin zədələnməsi. Sağ bazunun postravmatik osteomieliti” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, “KKBT davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Kəskin təzahür edən asteno-nevrotik sindrom.tea-tea təkrarlanan vegetativ damar paroksizmləri ilə Hipertoniya xəst.İİ mər”” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin xx.xx.2021-ci ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi yetərli deyil” göstərilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Diaqnozun mətni: “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sağ bazunun travmadan sonrakı qeyri düzgün bitişmiş sınığı.Xroniki osteomielit.Bazu səviyyəsində mil sinirinin travması, Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər xroniki osteomielit, Sağ bazu sümüyünün xroniki osteomieliti.Bazu səviyyəsində mil sinirinin travması, Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bərpa müalicəsini davam etmək məsləhət bilindi.” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubunun 18-ci bəndində qeyd edilir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Həmin icmal məktubunun 20-ci bəndində qeyd edilir ki, Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Həmin icmal məktubunun 22-ci bəndində qeyd edilir ki, bu baxımdan, məhkəmələr tərəfindən qeyd edilən halda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən ilk növbədə göndərişdəki məlumatların natamamlığının va ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır: Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiasiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Əgər imtina qərarında göstərilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı natamamlıq və ya yanlışlıq kimi bildirilən halların mövcud olmadığı müəyyən edilirsə, bu halda, cavabdehin hərəkəti əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirilməli və mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün 30 gün müddət təyin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsasən verən ağırlaşmalar aşkar edilmədiyi əsası iləiddiaçıya əlillik təyinatı aparılmamış və “Tam reabilitasiya olması” barədə 01 fevral 2024-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması gedişatında inzibati orqan tərəfindən iddiaçı əyani müayinəyə cəlb edilmiş və yekun olaraq inzibati orqanın imtina qərarı məhkəməyə təqdim edilmişdir. İddiaçı hazırki tələbində cavabdehin həmin qərarını mübahisələndirmiş və son göndəriş, yəni xx.xx.2023-cü il tarixli göndəriş əsasında ona müddətsiz əlillik dərəcəsinin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sağ bazunun travmadan sonrakı qeyri düzgün bitişmiş sınığı.Xroniki osteomielit.Bazu səviyyəsində mil sinirinin travması, Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər xroniki osteomielit, Sağ bazu sümüyünün xroniki osteomieliti.Bazu səviyyəsində mil sinirinin travması, Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi” diaqnozu qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, T 418/2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli D00147025HGE №li Forma 088 saylı göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: S44-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması. Sağ bazunun travmadan sonrakı qeyri-düzgün bitişmiş sınığı. Xroniki osteomielit; Ağırlaşmalar: M24.5- Oynaqların kontrakturası. Sağ mil-bilək oynağının açısı (10 dərəcə, bükücü (20 dərəcə) kontrakturası, dirsək oynağının açıcı (160 dərəcə.) kontrakturası; M62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Yuxarı ətraf əzələlərinin hipotrfoyası.; R52.2- Digər daimi ağrı, damimi ağrı sindromu. S44.2-Bazu səviyyəsində mil sinirinin travması. Sağ bazu sümüyünün xroniki osteomieliti.; Z73.6-Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Yuxarı ətraf funksiyasının pozulması. M21.8-Ətrafların dəqiqləşdirilmiş, digər deformasiyaları. Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi”. diaqnoz ona stasionarda qoyulduğundan onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz və xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar. Qeyd edilən diaqnoz onun X2 və Ortopediya İnstitutunun xx.xx.2023- cü il tarixli ********** nömrəli arayışında olan diaqnozla ümumən eynilik təşkil edir. İş materiallarında olan tibb sənədlərdə (TSEK-ə göndərişdə) onun yanaşı xəstəliklər-Ürəyin İşemik xəstəliyi, Gərginlik stenokardiyası İİ f.s.Xroniki hiperasid qastrit”dən də əziyyət çəkdiyi qeyd edilmişdir. X2 və Ortopediya İnstitutunun xx.xx.2023- cü il tarixli ********** nömrəli arayışında da diaqnoz “Sağ bazunun travmadan və cərrahi əməliyyatdan sonrakı çapığı, bazu sümüyünün aşaöı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, xroniki osteomieliti, dirsək oynağının valgus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi, yuxarı ətraf əzələlərinin hipotrofiyası, mil-bilək oynağının açıcı , bükücü kontrakturası, dirsək oynağının açıcı kontrakturası, daimi ağrı sindromu, yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd edilmişdir. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, TSEK-in iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyin olunmasından imtina barədə əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi xx.xx.2024-ci il tarixli qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Bu nöqteyi-nəzərdən, məhkəmə əyani müayinənin nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıb-aparılmadığı halından çıxış etməklə, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğun qənaətinə gəlir. Belə ki, iddiaçı ““Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sağ bazunun travmadan sonrakı qeyri düzgün bitişmiş sınığı.Xroniki osteomielit.Bazu səviyyəsində mil sinirinin travması, Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər xroniki osteomielit, Sağ bazu sümüyünün xroniki osteomieliti.Bazu səviyyəsində mil sinirinin travması, Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi” xəstəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bölmə 6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.9 Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması – XBT kodu S44 Ağırlaşmaları: bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə), mil və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə); mil və dirsək sinirləri (dominant ətrafın nəzərə alınması ilə); mil və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); dirsək və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); mil, dirsək və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə). İddiaçı barəsində tərtib edilən sonuncu göndərişin mətnindən də aydın görünür ki, şəxsdə əsas diaqnozla yanaşı bir sıra ağırlaşmalar qeyd edilmiş və həmin ağırlaşmalar hətta əvvəllər təyin edilmiş əllliklərdə də əksini tapmışdır. Bölmə 13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 13.3 Ətrafların digər qazanılma deformasiyaları – XBT kodu M21 Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vuruğu), dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən, atrofiya, hərəkət məhdudluğu izlənilməmiş, göbəkətrafı nahiyyədə cərrahi əməliyyat çapığı qeyd edilmiş, bazu nahiyyəsində osteomielitə aid aktiv fistula müəyyən edilməmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda olan xəstəliklər 2009-cu ildə istehsalatda baş vermiş bədbəxt hadisə zamanı yaranmış, iddiaçıya ilk dəfə 2011-cü il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2021-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İş materiallarında olan tibbi sənədlərə və ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin (əsas diqanoz və ağırlaşmaların) hazırda da mövcud olması və həmin xəstəliklərin reabilitasiya olunmaması müəyyən edilir. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2008-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, kollegiya hesab edir ki, eyni diaqnozla iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, məhkəmə qərarının təsviriəsaslandırıcı hissəsində məhkəmə iddiaçının ilk əlillik təyinindən (xx.xx.2011), sonuncu təyinat tarixinə qədər (xx.xx.2021) fasiləsiz 10 il müdətində İİ dərəcə əlilliyinin olmamasına istinad edərək, müddətsiz əlilliyin təyin edilməsi hissəsində iddia tələbini əsassız hesab etməsinə baxmayaraq, qərarın nəticə hissəsində müddətsiz əlilliyin təyin olunması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərarın nəticə hissəsində texniki səhvə yol verilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər, o cümlədən iddiaçının nümayəndəsi və vəkili qərarın nəticə hissəsində texniki yanlışlıq olduğunu bildirmiş, iddiaçıda 10 il əlillik müddəti tamamlanmadığından müddətsiz əlilliyin təyin edilməməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razı olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5179/2024 nömrəli, 04 sentyabr 2024cü il tarixli qərarı qərarın nəticə hissəsində 3-cü abzasdan “müddətsiz” sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5179/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı qərarın nəticə hissəsində 3-cü abzasdan “müddətsiz” sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-532/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-532/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver