Məhkəmə qərarları › İş №2-1(103)-533/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-533/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-533/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 və tərcüməçi Bağırova-Yəhyayeva Günay Akif qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “boşalan mənzil fondundan mənzil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5982/2021 saylı 25.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə),açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Cavabdeh mənzil fondundan mənzil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmidir. İddianın əsaslarına görə Bakı şəhəri, Lenin rayon İcraiyyə Komitəsinin 25 sentyabr 1987-ci il tarixli 33/22 saylı Qərarı ilə iddiaçının Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi ev 50, mənzil 12 “A” yaşayış üçün yararsızdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16.06.2017 saylı aktına əsasən mənzil qəzalıdır, orada yaşamaq mümkün deyil, sakinlərin həyatı üçün təhlükə vardır. İddiaçı 1-ci qrup əlildir, 1981-ci ildən əmək veteranıdır, 09.09.1988-ci ildən 31 ildən artıq müddətdir ki, mənzil növbəsində dayanmışdır. Onun atası X5 X6 iştirakçısıdır. Berlininin faşistlərdən azad edilməsində iştirak etmiş, “İgidlik” ordeni ilə təltif edilmişdir. Bakı şəhəri 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016 tarixli 1(82)-2202/2016 saylı iş üzrə qərarı ilə 1905-ci il tarixdə Pilot layihə üzrə Sabunçu rayonu Bakı şəhəri üzrə mənzil istismar sahələrinin, ümumi həyətlər, hamamsız və tualetsiz evlər sökülməlidir. İddiaçının mənzili qəzalıdır, ev yararsızdır, mənzil istismar sahəsinindir, 1905-ci ildə tikilib, kommunal şəraiti olmayan və Nazirlər Kabinetinin 08.10.2015-ci il tarixli 322 №-li qərarına əsasən sökülməlidir. İddiaçının məhkəməyə qədər cavabdehə ünvanladığı müraciətinə sonuncu 01.05.2019cu il tarixli məktubunda İcra Hakimiyyətinin balansında boş mənzil fondu olmadığını bildirmişdir. Eyni zamanda, cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə (25.08.2021) yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı Nəsimi rayon İHB-nın 316 saylı 10.10.2006-cı il tarixli sərəncamı ilə 4 nəfər ailə tərkibində Nizami rayonu, 8-ci km, Əli Vəliyev küçəsi, 11 saylı evin 3 otaqlı ümumi sahəsi 64,4 kv.m. olan 47 saylı mənzilləə təmin edilmiş, bundan əlavə, onun istifadəsində Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi 50 saylı evdə 14,6 kv m yaşayış sahəsi olan 11 saylı mənzil vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5982/2021 saylı 25.08.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhər Cavabdeh mənzil fondundan ona mənzil verilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhər Cavabdeh üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda Sabunçu rayon İH-də 1960 nəfər mənzil şəraitinin yaxşılaşdırılması, 28 nəfər Çernobıl əlili və 85 nəfər gözdən əlil, 105 nəfər Qarabağ müharibəsi əlili və 76 nəfər şəhid ailəsi mənzil növbəsində dayanmışmışdır. Həmin şəxslərin mənzillə təmin edilməli olduğu halda artıq dövlət tərəfindən mənzil və torpaqla təmin edilmiş şəxsə yenidən dövlət tərəfindən mənzilin verilməsi qanunvericiliyə ziddir və cavabdehin üzərinə onun mənzillə təmin edilməsi öhdəliyinin qoyulması yolverilməzdir. Bundan əlavə iddiaçı ümumi siyahıda 271-ci sırada mənzil növbəsində qalmaqdadır. Ondan öncə, 270 nəfərin mənzillə təmin edilməsi nəzərdə tutulumuşdur. Məhkəmə qərar qəbul edərkən qeyd olunan faktlar nəzərə alınmamışıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Musazadə apellyapsiya şikayətini müdafiə etdiyini bildirmiş, iddiaçı L.Smolyaninova onunla razılaşmasa da, hər bir halda, birinci instansiya məhkəməsinin qərarının ifadə olunduğu məzmunda icrasının necə olunacağının aydın olmadığını vurğulayaraq, işin yeni baxışa göndərilməsinə də etirazı olmadığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadından görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48, 50.1, 51.2 və 56.2-ci maddələrinin tələblərini və iddiaçının 31 ildən artıq mənzil növbəsində dayandığı, qəzalı mənzildə yaşadıgı və əlillər üçün güzəştli mənzil növbəsində oldugu nəzərə alınmaqla boşalan mənzil fondundan ona mənzilin verilməsini cavabdehdən tələb etdiyini, lakin sonuncu tərəfindən iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacagını bildirilmədiyini, onu qeyri-müəyyən gözləmə vəziyyətində qoyaraq, formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etdiyini qeyd edərək, «İnzibati icraat haqqında Qanunun 15.2, 23.1, İPM-in 73.1, 73.2. və 73.3-cü maddələrinə istinadən aşağıdakı nəticəyə gəlmişdir: «…işin materiallarında cavabdeh inzibati orqanın Mənzil Məcəlləsinin istinad edilən normalarının tələblərinə əməl olunduğuna dair məlumat olmadıgından, iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhər Cavabdeh mənzil fondundan mənzil verilməsi barədə müraciəti üzrə İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə əlaqədar əvvəla onu qeyd edir ki, iş materiallarına əsasən istər cavabdehin iddiaçıya ünvanlanmış imtina məktublarında, istərsə də onun məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında və apellyasiya şikayətinin dəlillərində kifayət qədər aydın şəkildə öz mövqeyini və imtinasının səbəbini göstərən, o cümlədən, iddiaçının artıq dövlət tərəfindən mənzillə və torpaq sahəsi ilə təmin edildiyi, onun ümumi qaydada növbəyə alındığı və hazırda isə siyahıda 271-ci olduğu halda balansında boş mənzil fondu olmadığı halda Cavabdeh üzərinə dövlət mənzil fondundan mənzil verilməsi vəzifəsinin qoyulması qanunvericiliyiə zidd olduğunu mübahisələndirən dəlilləri və arqumentləri mövcuddur. Məhkəmə tərəfindən İPM-in 12-ci maddəsinin tələbləri qaydasında iddiaçının qeyd olunan əsaslara söykənən dəlillərinin araşıdırılıb, onlara mənzil qanunvericiliyin tələblərinə müvafiq surətdə hüquqi qiymət verilməsi tələb olunduğu halda, məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla, cavabdehin üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması qənaətinə gəlinməsi mahiyyəti üzrə düzgün və icrası mümkün olan nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edilən nəticəyə gələrkən qərarında İPM-in 73.2-ci və 73.3-cü maddələrinin tələblərinə istinad etmişdir. İPM-in 73.2-ci maddəsi isə nəzərdə tutur ki. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin qərardan görünür ki, məhkəmə tərəfindən iddiaçının tələbi əsasında konkret qərar qəbul edilməsinin mümkün olmaması əsaslandırmamış, belə qərarın qəbul edilməsinin mümkünsüz olmasının nədə ifadə olunduğuna aydınlıq gətirməmişdir. Eyni zamanda, məhkəmə qərarda 73.3, 73.3.1 - 73.3-cü maddələrinin tələblərinə istinad etməsi, dolayısı ilə onu göstərir ki, məhkəmənin qənaətinə görə iddiaçının mənzillə təmin edilməsi məsələsi cavabdehin diskeression sələahiyyətidir. Bununla bağlı, birincisi, məhkəmə kollegiyası onu qeyd edir ki, mənzil qanunvericiliyi ilə vətəndaşların mənzillə təmin edilməsinin konkret əsasları müəyyən edilmiş və burada müvafiq dövlət orqanlarının diskression səlahiyyətlərə malik olmaları barədə müddəalara rast gəlinmir. İkincisi, məhkəmə işdə olan sübutlara, lazım gəldikdə öz təşəbbusu ilə toplanmış digər sənədlərə əsasən müəyyən edilən işin həqiqi halları və maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla, iddiaçının tələbi üzrə konkret nəticəyə gəlmək imkanına malikdir. Əgər məhkəmə, cavabdeh inzibati orqanın Mənzil Məcəlləsinin normalarının tələblərinə əməl olunduğuna dair iş materiallarında məlumat olmadıgı qənaətinə gəlmişdirsə, məsələyə aydınlıq gətirilməsi və cavabdehin bu barədə mövqeyinin müəyyən etmək üçün və ən azından vəziyyətin müsbət mənada iddiaçının xeyrinə dəyişə biləcəyini ehtimal etdiyi halda, işin mahiyyəti üzrə araşdırılması çərçivəsində prosessual qanunvericiliklə müəyyən edilən hüquqlarından istifadə etməklə də bu istəyinə nail olmaq imkanı olmuşdur. Belə ki, İPM-in 67.2-ci maddəsinin tələbinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi. Habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə borcludur. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələblərinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Birinci instansiya məhkəməsi tərəfindən isə Məcəllənin qeyd olunan normaları nəzərə alınmamış, qeyd olunan hüquqlarından istifadə etməmişdir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab ki, konkret halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun sayıla bilməz. Ən azından, məhkəmə tərəfindən qərarda cavabdehin üzərinə qoyulan, müvafiq inzibati aktı qəbul etmək vəzifəsinin nədə ifadə olunması qeyri-müəyyən olması həmin qərarın icrasını çətinləşdirir, ümumiyyətlə, onun icrasını mümkünsüz edir. Beləliklə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən iş üzrə faktlərın nəzərə alınmadığını mübahisəlndirən və qərarın ləğv edilməsini tələb edən dəlillri hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5982/2021 saylı 25.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda, İPM-in 87.9-cu maddəsinin tələbi baxımından, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin sonrakı prosessual hərəkətlərinin davamı çərçivəsində tərəflərin iştirakı təmin edilməklə, işdə olan sübutlar tədqiq edilməklə, zəruri olduqda, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında prosessual hərəkətlər çərçivəsində əlavə sübutlar əldə olunub hərtərəfli araşdırma aparılrmaqla, işin mübahisələndirilən məqamlarına aydınlıq gətirilməli və işin müəyyən edilən həqiqi hallarına hüquqi qiymət verdikdən sonra, nəticəsindən asılı olaraq iddiaçının tələbi üzrə mahiyyəti üzrə konkret nəticəyə gəlməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Bakı şəhər Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-5982/2021 saylı 25.08.2021-ci il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar