Məhkəmə qərarları › İş №2-1(103)-533/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-533/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-533/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2440/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən iddiaçıya məxsus Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən mövcud qeyri-yaşayış binasının eskiz həlli razılaşdırılmışdır. “Tikinti obyektinin istismarına” HS/16 saylı xx.xx.2017-ci il tarixli icazəyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən sahəsi 2370,40 kv metr olan tikinti obyektinin istismarına Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş sənəddən görünür ki, obyekt xx.xx.2007-ci ildə tikilməyə başlanmış, tikintisi xx.xx.2009-cu ildə başa çatmışdır, həmin akt obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyriyaşayış binasının memarlıq planlaşdırma bölməsinə əsasən obyektin hündürlüyü 10.150 metr təşkil edir, 3 mərtəbəli mansardı olan tikilidir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1054 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 saylı binanın qarşısındakı qeyri-yaşayış binasının yerləşdiyi 379,7 kv metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi təqdim edilməmişdir. Bundan əlavə, obyektin tikilməsinə icazə sərəncamı təqdim edilməmiş və istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin, sözügedən əraziyə digər şəxsin müraciəti mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********25 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binası yarımzirzəmili, mansardı olan 3 mərtəbəli tikilidən ibarətdir və qeyri-yaşayış binasının 1-ci və yarımzirzəmi mərtəbəsinin bir hissəsi digər şəxslərə məxsusdur. Həmçinin, elektron kadastr məlumatlarına əsasən qeyd edilən qeyri-yaşayış binasına dair digər şəxsin müraciəti qeydə alınmışdır. Bundan əlavə, obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Təqdim edilən “Tikinti obyektinin istismarına icazə” sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, qeyd edilən qeyri-yaşayış binasına dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5133/2021 nömrəli bildirişi mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı həmin ərazidə layihəyə uyğun olaraq qeyri-yaşayış sahəsini öz hesabına tikmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin istismarına Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən HS/16 nömrəli xx.xx.2017-ci il tarixli icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması haqqında çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd edilən qeyriyaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair sənədlər tam təqdim edilməmişdir. Binanın istismarına icazə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin, torpaq sahəsinin icarəyə verilməsi barədə İcra Hakimiyyətinin qərarı və tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox evlərə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Bundan başqa tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa cavab verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2440/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçı X2 adına qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehnin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, binanın istismarına icazə sənədi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Ünvana baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyri-yaşayış binası yarımzirzəmili, mansardı olan 2 mərtəbəli tikilidən ibarətdir və qeyri-yaşayış binasının 1-ci yarımzirzəmi mərtəbəsinin bir hissəsi digər şəxslərə məxsusdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən qeyd edilən qeyri-yaşayış binasına dair "xxxx" MMC-nin mraciəti qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual huquq normaları kobud surətdə pozulmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 saylı binanın qarşısındakı qeyri-yaşayış binasının yerləşdiyi 379,7 kv metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir, iddiaçı həmin torpaq sahəsində hündürlüyü 10.150 metr təşkil edən 3 mərtəbəli mansardı olan tikili inşa etmişdir, həmin tikilinin eskiz həlli Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, həmin tikilinin istismarına Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir, obyekt xx.xx.2007-ci ildə tikilməyə başlanmış, tikintisi xx.xx.2009-cu ildə başa çatmışdır, obyektdə tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilmişdir, iddiaçı icarəsində olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tikilinin iddiaçının icarəsində olan torpaq sahəsində inşa edilməsinə, tikilinin istismarına icazə verilməsinə, layihəsinin eskiz həllinin müvafiq dövlət orqanları ilə razılaşdırılmasına, obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən “1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi”. Bundan əlavə, obyektin istismara icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deyil, Nizami rayon İcra Hakimiyyəti tərəfindən imzalanmasına görə məsuliyyət iddiaçının üzərinə qoyulmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İddiaçı tikilinin istismarına icazə üçün müraciət etmiş həmin icazəni almışdır, onun müraciərinin düzgün ünvanlanmaması ilə bağlı Nizami rayon İcra Hakimiyyəti tərəfindən hüquq və vəzifələri izah edilməmiş, buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında yardım edilməmişdir, buna görə də cavabdehin imtinasının əsası kimi göstərilən rayon icra hakimiyyəti tərəfindən tikilinin istismarına görə icazənin verilməsi obyektin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına səbəb ola bilməz. Bundan əlavə, cavabdeh sözügedən əraziyə digər şəxsin müraciətinin mövcud olmasını göstərsə də, belə bir müraciətlə bağlı inzibati icraat materialını məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu baxımdan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına çıxarışın və texniki pasportun verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2440/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2440/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar