Məhkəmə qərarları › İş №2-1(103)-533/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-533/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-533/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7255/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-05/2 nömrəli 24 yanvar 2023-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı-in 27 oktyabr 2023-cü il tarixli vəsatətini təmin edərək İddiaçı-ə və oğlu xx.xx.2009-cu il təvəllüdlü X5-a qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-7255/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İran vətəndaşıdır, 0l.10.1986-cı ildə İranın Nəqade şəhərində anadan olub və Sulduz şəhərində yaşayır. İddiaçı etnik azərbaycanlıdır və İslamın şiə etiqadına sadiqdir. İddiaçı bildirdi ki, iki dəfə evli olub, bu nikahlardan iki oğlu və iki qızı dünyaya gəlib. Hazırda boşanıb, anası vəfat edib, lakin atası, bacısı və qardaşı, həmçinin 3 uşağı hazırda İran İslam Respublikasının Sulduz şəhərində yaşayır. O, Nəqade şəhərində orta məktəbi bitirdiyini, xüsusi peşəsinin olmadığını və ticarətlə məşğul olduğunu, 9 yaşından ailəsi ilə birgə əkinçiliklə məşğul olduğunu bildirib. İddiaçı bildirdi ki, 2006-cı ildə İran İslam Respublikası X1 Korpusunda işə düzəlib, orada gizli (kəşfiyyat) xidmətlərdə çalışıb və 2010-cu ildə öz istəyi ilə işini tərk edib, sonra isə ticarətlə məşğul olub. İddiaçı 2010-cu ildə X1 Korpusunu PKK terror təşkilatı ilə əməkdaşlıq etdiyinə görə tərk etdiyini bildirib. Onun sözlərinə görə, bir il əvvəl İranda Milli Birlik Hərəkatı adlı virtual təşkilat yaradıb. O, əlavə edib ki, İranda yaşayan Azərbaycan türkləri arasında milli birlik ideyalarının təbliğində fəallıq göstərir. O, bildirib ki, həmin qurumun əsas məqsədi Quzey və Güney Azərbaycanın birləşməsi istiqamətində fəaliyyət göstərməkdir. Müsahibə zamanı ərizəçi qeyd edib ki, milli şüurun artırılması və milli oyanışın gücləndirilməsi məqsədilə Təbriz, Urmiya, Zəncan, Gilan, Ərdəbil şəhərlərində təxminən 10-15 dəfə plakatlar paylayıb. O, İranın xüsusi xidmət orqanı olan Ettelaat tərəfındən 2021-ci ilin iyununda Saxsitəpə rayonunda kürd və türk ailələri arasında baş vermiş münaqişənin lentə alınması və yayımlanmasına görə milli düşmənçilik yaratmaqda ittiham olunduğunu vurğulayıb. O, Azərbaycana oğlu ilə birlikdə gəldiyini qeyd edib. Esmatzadə Əbülfəzl 10 oktyabr 2022-ci il tarixdə barəsində cinayət işi açılaraq müdafiə hüququ təmin edilmədən məhkəmə qərarı çıxarıb. O, həmçinin iddia edib ki, 2021-ci ildən bəri mülki siyasi fəaliyyətinə görə İranın Kəşfiyyat Xidmətləri tərəfındən bir neçə dəfə həbs edilib. İddiaçı 10 noyabr 2019-cu ildə Azərbaycana gəlib. 27 oktyabr 2022ci ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini İ24-2022 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. İddiaçı bildirib ki, onun siyasi fəaliyyətlərdə iştirakına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 24 yanvar 2023-cu ildə DMX İQ-05/2 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. İddiaçı cavabdehin qərarını Bakı İnzibati Məhkəməsində mübahisələndirib. Bakı İnzibati Məhkəməsi iddiaçının iddiasını rədd edib. Məhkəmə öz qərarını cavabdehlə eyni əsaslara istinad etməklə əsaslandırıb. DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi va prosessual hüquq normalarına uygunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. COİ hesabatında İranda ərizəçiyə qarşı təhlükəsizlik orqanları tərəfindən faktiki rəftarla bağlı məlumat verilir: "Nəqadə Ölkəsi Cinayət Məhkəməsinin 101 saylı şöbəsi azərbaycanlı türk fəal Höccət Esmatzadəni şallaq və iki il yarım həbs cəzasına məhkum edib. HRANA-nın hüquq müdafiəçilərinin xəbər agentliyinin məlumatına görə, azərbaycanlı türk fəal, Nəqadə sakini Höccət Esmatzadə 2 il 6 ay həbs və 50 şallaq zərbəsi ilə cəzalandırılıb. Nəqadə Cinayət Məhkəməsinin 101-ci Bölməsinin hökmü ilə E.Esmatzadə «ictimai asayişi pozmaq» ittihamı ilə 1 il həbs və 50 şallaq zərbəsi, "internetdə foto yayımlamaq” ittihamı ilə 18 ay müddətinə azadlıqdan məhrum edilib. 2021ci il noyabrın 24-də Esmatzadə həbs olunaraq Nəqadə həbsxanasma göndərildiyi Kəşfiyyat Nazirliyinin mətbuat xidmətinə çağırılıb. Esmatzadə əvvəllər də mülki fəaliyyətinə görə başqa həbslər və çağırışlarla üzləşib” Bundan əlavə, ərizəçi Saxsitəpədə türk və kürd ailələri arasında münaqişəni lentə almağa və yayımladığına görə Ettelaat tərəfındən təqib edildiyini izah etdi. Onun sözlərinə görə, o, milli ədavət salmaqda ittiham olunub və buna görə də həbs edilib. Ərizəçi hadisəni lentə aldıqdan və yayımladıqdan sonra sözügedən video və məlumatlar bir çox xəbər agentliklərində və sosial şəbəkələrdə "Güney Azərbaycanın Sulduz şəhərinin Saxsitəpə kəndindən acı xəbər” adı altında geniş şəkildə bəyənilib. Ümumilikdə, ərizəçinin siyasi cəhətdən fəal olması və vətəndaş-siyasi fəaliyyətlərdə iştirakı ilə mənşə ölkəsində təhlükəsizlik problemlərinin olması etibarlı kimi qiymətləndirilir. DMX-nin qərarında aşağıdaki fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin siyasi fəaliyyətlərdə iştirakına görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: l-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqİb qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Cavabdeh «İnzibati icraat haqqında» qanunun 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfındən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bundan əlavə, cavabdeh «İnzibati icraat haqqında» qanunun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da həmin qanunun 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları həmin qanunun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uygun qiymətləndirilməyib və araşdırılmayıb. Həmçinin, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq, həmin qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları va bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-05/2 nömrəli 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq İran İslam Respublikasının vətəndaşı İddiaçı ailə üzvü (oğlu, xx.xx.2009-cu il təvəllüdlü X5) ilə birlikdə qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İran İslam Respublikasının vətəndaşı (pasport № Z********), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ailə üzvü (oğlu, xx.xx.2009-cu il təvəllüdlü X5) ilə birlikdə 27 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İran İslam Respublikasının Nəqədə şəhərində anadan olduğunu, milliyyətcə azərbaycanlı, dini etiqadına görə müsəlman (şiə) olduğunu, orta məktəbi Nəqədə şəhərində bitirdiyini, xüsusi bir peşəsinin olmadığını, ticarətlə məşğul olduğunu, 9 yaşından ailəsi ilə birlikdə əkinçiliklə məşğul olduğunu, 2006-cı ildə İran İslam Respublikasının X1 Korpusuna işə düzəldiyini, kəşfiyyatçı olaraq fəaliyyət göstərdiyini, 2010-cu ildə öz istəyi ilə işindən ayrıldığını, daha sonra ticarətlə məşğul olduğunu bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi iki dəfə evli olduğunu, ümumilikdə bu nikahlardan iki oğlan və iki qız övladının dünyaya gəldiyini, hal-hazırda boşanmış olduğunu, anasının vəfat etdiyini, atası, bacısı və qardaşının, eləcə də 3 övladının İran islam Respublikasında yaşadığını qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçi İran İslam Respublikasının “PKK” terror təşkilatı ilə əməkdaşlıq etməsinə görə 2010-cu ildə X1 Korpusundan ayrıldığını, təxminən 1 il bundan öncə Milli birlik hərəkatı adlı virtual təşkilat yaratdığını, İranda yaşayan Azərbaycan türkləri arasında milli birlik ideyalarının təbliğ olunması üçün fəaliyyət göstərdiyini, 2021-ci ilin iyun ayında İranın Sulduz şəhəri yaxınlığında Saxsıtəpə kəndində kürd mənşəli ailə ilə türk mənşəli ailə arasında olan münaqişəni video qeydiyyata alaraq yaydığı üçün İranın xüsusi xidmət orqanı olan Ettelaat (İnformasiya) Nazirliyi tərəfindən milli ədavət yaratmaq və şəxslərin icazəsi olmadan onların videoçəkilişini aparmaq ittihamı ilə barəsində cinayət işi açıldığını, məhkəmə orqanları tərəfindən müdafiə hüququ təmin edilmədən haqqında məhkəmə qərarı verildiyini əsas gətirərək 10 oktyabr 2022-ci il tarixdə oğlu X5 ilə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı haqqında həbs qətimkan tədbiri barədə məhkəmə hökmünün olmasına baxmayaraq İran İslam Respublikasının sərhədini 3 dəfə (Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası istiqamətində) keçdiyi və bu zaman hər hansı bir maneə ilə üzləşmədiyi məlum olmuşdur. Bu isə onun ölkəsində dövlət orqanları tərəfindən təqib olunmasına dair iddialarının əsassız olduğunu göstərir. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 9-cu bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibə keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə təqib olunmasının təsdiq edilməsi üçün yetərli sayıla bilməz. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı istinad etdiyi dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmur, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7255/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar