Məhkəmə qərarları › İş №2-1(103)-534/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-534/2020

20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-534/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4191/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona təyin olunacaq əmək pensiyasının əlavələr və sığorta kapitalına əlavələr nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 63 yaşında, yəni 2017-ci ildə əmək pensiyasına çıxmışdır. Pensiyanın yenidən hesablanması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqanın cavab məktubunda qeyd olunmuşdur ki, ona xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiyanın məbləği xx.xx.2006-cı il tarixədək 29 il 03 ay 29 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən (63.305,28:144 manat=439,62) qanunla müəyyən edilmiş qaydada, yəni baza 110+sığorta stajı üçün 74,88+sığorta hissəsində qeydə almımış kapitala əsasən 439,62, ümumilikdə 624,50 manat, xx.xx.2018ci il tarixdən inflyasiya faizinə əsasən (5,7 faiz) 660,10 manat təşkil edir. Hesab edir ki, cavabdehin ona ünvanladığı imtinası əsassız və qanuna ziddir. Belə ki, ona yaşa görə pensiya təyin edilərkən sığorta kapitalı düzgün hesablanmamış və indeksləşdirmə ümumiyyətlə aparılmamışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, “Əmək pensiyası haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq iddiaçıya 63 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği qanunvericiliyə uyğun olaraq xx.xx.2006-cı il tarixə qədər sığorta stajına, xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixdən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən hesablanmışdır. Azərbaycan Respublikası Przidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərmanına əsasən xx.xx.2017-ci il tarixə qədər əmək pensiyaları hesablanarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi vətəndaşların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Qanuna edilmiş dəyişikliklərdən sonra əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən sonra yaranmış vətəndaşların pensiya məbləği hesablanarkən fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi qeydə alınır. Vətəndaşın əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yarandığı üçün onun pensiyası Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş maddələrinə uyğun olaraq hesablanmışdır. Belə ki, onun xx.xx.2006-cı il tarixə qədər olan 29 il 3 ay 29 gün sığorta stajına, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 63.305,28 manat pensiya kapitalına əsasən pensiyanın məbləği xx.xx.2017-ci il tarixə 624,50 manat (110 baza hissəsi+78,88 staja görə sığorta hissəsi+439,62 fərdi hesabda qeydə alınmış pensiya kapitalına görə hesablanmış sığorta hissəsi təşkil etmiş, xx.xx.2018-ci il tarixdən 660,10 manat (inflyasiya faizinə əsasən), xx.xx.2019-cu il tarixdən isə 679,90 manat (inflyasiya faizinə əsasən) olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının pensiyasının məbləği Qanuna uyğun olaraq xx.xx.2006-cı il tarixə qədər olan sığorta stajına və xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə uyğun olaraq pensiya məbləği hesablanarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Vətəndaşın əmək pensiyası hesablanarkən təbii olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanına əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq əmək peniyaları təyin edilərkən fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i qeydə alınır. İddiaçının əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən yarandığı üçün həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqlarının 50%-i əsas götürülməklə hesablama aparılmışdır. Fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-nin nəzərə alınması yalnız xx.xx.2017-ci il tarixdən sonra yaranmış hüquqi münasibətlərə aiddir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırıb, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvəyə mindiyi ilk redaksiyada 1.0.5-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli 1352 nömrəli Fərmanının 2.5-ci bəndi ilə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndi ləğv edilmişdir. 2017-ci il iyulun 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsi “1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;” redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.0.8. fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu, iddia ərizəsi, cavabdehin iddiaya qarşı yazılı etirazının və apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, tərəflər arasında meydana gələn mübahisə əsasən hüququn tətbiqi ilə bağlıdır. Bu hüquqi məsələyə görə, iddiaçı hesab edir ki, xx.xx.2017-ci il tarixdən əvvəl pensiyaya çıxdığı vaxt əmək pensiyası ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınması ilə hesablanmışdısa, artıq xx.xx.2017-ci il tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə 50 faiz artırılaraq 90 faizə çatdırıldığı və bu dəyişiklik onun hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minən redaksiyada 1.0.8-ci maddəsi ona da şamil olunmalıdır. Cavabdeh isə iddiaçının bu mülahizəsinə etiraz edərək, bildirir ki, sonuncunun əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən yarandığı üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin nəzərə alınması yalnız xx.xx.2017-ci il tarixdən sonra yaranmış hüquqi münasibətlərə aid olmaqla, bu tarixdən əvvəlki pensiya hüquq münasibətlərinə, o cümlədən iddiaçıya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mövqeyi qanunun səhv təfsirindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ haquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq eyni və ya oxşar vəziyyətdə olan şəxslərə eyni rəftarın göstərilməsi tələb olunur. Belə şəxslərə qarşı fərqli rəftar yalnız o halda mümkündür ki, bunun üçün obyektiv və ağlabatan əsas olsun. Həmçinin hüquqi bərabərlik prinsipi fərqli vəziyyətdə olan şəxslərə aid fərqli rəftarın göstərilməsini mümkün sayır və hətta bunu tələb də edir. (Konstitusiya Məhkəməsi Plenumunun O.Gərəkməzlinin şikayəti üzrə xx.xx.2014-cü il tarixli Qərarı). Qeyd olunmalıdır ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir. ... ... iki qrup şəxs (vəziyyət) heç vaxt tamamilə eyni olmur, yəni mümkün olan bütün müqayisə meyarlarına əsasən tam bərabərlik ola bilməz. Beləliklə, müqayisə üçün meyar seçilərkən müqayisə edilən vəziyyətlərə (şəxslərə) aid çoxsaylı xüsusiyyətlər sırasında yalnız mübahisələndirilən hal kontekstində müvafiq vəziyyətlərin bərabər olub-olmaması sualına cavab verənlər seçilməlidir.” Avropa Məhkəməsinin Böyük Palatasının “Stummerin Avstriyaya qarşı iş” üzrə xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87). Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən, Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir. (“Karson və digərləri Birləşmiş Krallığa qarşı iş” üzrə Böyük Palatanın xx.xx.2010-cu il tarixli Qərarı, §61). Avropa Məhkəməsi həmçinin bu qənaətə gəlmişdir ki, Konvensiyanın müddəaları dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya şəxslərə münasibətdə digər kateqoriyalara nisbətən fərqli davranış nümayiş etdirən dövlət siyasəti sxemlərini tətbiq etməkdə mane olmur, bu şərtlə ki, qanunvericilikdə göstərilmiş bütövlükdə şəxslər kateqoriyasına və ya qrupuna aid olan hüquqların realizəsinə olan müdaxilə Konvensiyanın tələbləri nöqteyi-nəzərindən əsaslı olsun (“Zdanoka Latviyaya qarşı iş” üzrə Böyük Palatanın xx.xx.2006-cı il tarixli Qərarı, §112). Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla yanaşı cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, dəlilləri işin halları və qanunvericiliklə təkzib olunan apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Ona görə də, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4191/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar