Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-534/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı prosessual hüquq varisi X6 (xx.xx.1951-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 22 iyul 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 125 saylı bağ sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1927-ci il təvəllüdlüdür, Azərbaycan Respublikası ərazisində yaşamışdır. Keçən əsrin 80-ci illərin sonlarında Rusiya Federasiyasının Moskva şəhərinə köçmüşdür. Hazırda Rusiya Federasiyasının vətəndaşı olaraq həmin şəhərdə yaşamaqdadır. Bakı şəhərində yaşadığı zaman iş yerindəki əmək fəaliyyətinə görə, ona Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan 121 saylı bağ sahəsi verilmiş və müvafiq olaraq Bakı şəhər İcraiyyə Komitəsinin Bağçılıq Təsərrüfatı İdarəsi ilə aralarında xx.xx.1987-ci il tarixdə 59 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin tarixdən hazırkı vaxtadək, onun tapşırığına əsasən Bakıdakı yaxınları həmin bağ sahəsinə nəzarəti həyata keçirirlər. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 125 saylı bağ sahəsinə onun adına mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və onun faktiki istifadəsində olan 121 saylı, 0,25 ha bağ torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına plan-ölçünün, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və İddiaçı faktiki istifadəsində olan 0,25 ha-dan ibarət 121 saylı bağ torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına plan və ölçünün, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.İdarə tərəfindən iddiaçıya ünvanlanan **********73 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan bağ sahəsinin İddiaçı adına (əcnəbi) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hal və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş X- MЮ № 808390 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə, saat 08:15-də vəfat etmişdir.Bu barədə 2021-ci il noyabr ayının 30-da ********************1 sayla ölüm haqqında akt qeydi aparılmışdır. Vəfat etdiyi yer: Rusiya Federasiyası, Moskva şəhəri. İşin hazırkı apellyasiya icraatı zamanı Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş Vİİ-MЮ № 817451 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə 2017-ci il iyul ayının 10-da 325 sayla ölüm haqqında akt qeydi aparılmışdır. Vəfat etdiyi yer: Rusiya Federasiyası, Moskva şəhəri. xx.xx.2022-ci il tarixdə iddiaçı Qasımova X4 Elmira Adil qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, İddiaçı öldüyünə görə hazırkı məhkəmə icraatında onu qızı X12 ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş AZ-İ 043652 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X11. Məhkəmə tərəfindən X2 Emma İsaakovnanın prosessual varisi kimi tanınmış və iddiaçı qismində əvəz edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 772-038 saylı xx.xx.2001-ci il tarixdə verilmiş pasportun surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1927-ci ildə doğulmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti başçısı X3 inkişafı və istismarı birliyinin 59 saylı, xx.xx.1987-ci il tarixli müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1986-cı il tarixli 2/585 saylı sərəncamı əsasında Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,25 ha 121 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmiş, (ailə üzvləri ilə Qasımov Vaqif və Qasımova Elmira) müqavilənin qüvvədə olma müddəti xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilədək müəyyən edilmişdir. - İddiaçının hazırkı tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********73 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan bağ sahəsinin İddiaçı adına (əcnəbi) mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. – - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir” Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 206.1-ci maddəsinə əsasən əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Həmin Məcəllənin 206.2-ci maddəsinə əsasən mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir (maddə 3.2). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər (maddə 3.3). Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış (təsdiqlənmiş) xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X12 (İddiaçı adından) və X9 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan 121 saylı bağtorpaq sahəsinin alqı-satqısına dair razılığa gəlmişlər. Həmin müqavilənin 2-ci bəndinə əsasən birinci tərəf öhdəsinə götürür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan 121 saylı bağ-torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alındıqdan sonra 1 ay ərzində notarial bağlanacaq alqı-satqı müqaviləsi əsasında 25.000 manata X1 Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlili formal mülahizələrə söykənən hallardır və qərarın ləğvi üçün əsas kimi çıxış edə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-534/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-534/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver