Məhkəmə qərarları › İş №2-1(103)-534/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-534/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-534/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçıya qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi» iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçıya qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK-a məxsus yaşayış binasının zirzəmisində yerləşən 54 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə ki, "xxxx" MTK üzvlərinin 15 fevral 2018-ci il tarixli ümumi yığıncağının 2 nömrəli protokolundan çıxarışa əsasən 54 kv.m qeyriyaşayış sahəsi iddiaçı tərəfindən 140.000 manat məbləğində pul vəsaiti ödənilməklə satın alınmışdır. Bu, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışla da öz təsdiqini tapır. İddiaçı 11 oktyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ona məxsus qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar müraciət etmişdir. Lakin həmin İdarə tərəfindən göndərilmiş 15 noyabr 2022-ci il tarixli bildirişdə göstərilmişdir ki, qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası söküldüyündən, onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə yazılı ərizə ilə müraciət edərək, ona məxsus əmlaka dair kompensasiyanın hesablanaraq ödənilməsini xahiş etsə də, həmin qurumdan onun müraciətinə heç bir cavab verilməmişdir. Bakı şəhəri Xətai RİH başçısının 12 noyabr 2021-ci il tarixli 373 nömrəli sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq kompensasiyalar ödənilsə də, iddiaçıya heç bir məbləğ ödənilməmiş və bununla bağlı də tədbir görülməmişdir. İddiaçıya məxsus əmlaka qonşu ərazidə yerləşən qeyri-yaşayış sahələri üçün kompensasiya ödənildiyi halda, ona bununla bağlı hər hansı vəsaitin ödənilməməsi birbaşa olaraq onun mülkiyyətçi kimi hüququnun kobud şəkildə pozulmasıdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİHin müraciətdə qaldırllan məsələnin həllindən imtinası (hərəkətsizliyi) tamamilə qanunsuz və əsassızdır. Mülkiyyət hüququ dövlət tərəfindən qorunur və ona məxsus əmlakın sökülməsinə görə ədalətli şəkildə (ən azı onun həmin əmlakı almaq üçün ödədiyi məbləğə bərabər) kompensasiya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 26, 29, 43, 60, 71-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 157, 246, 247-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 22, 23.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq, İPMin 2, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 54 kv.m qeyriyaşayış sahəsi üçün 140.000 manat kompensasiyanın öfənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, RİH iddia ilə razılaşmır. Belə ki, İddiaçı iddia ərizəsində mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 54 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə görə 140.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı ŞİH başçısının 2 noyabr 2021-cı il tarixli 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai RİH başçısının 12 noyabr 2021-ci il tarixli 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.m üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirir. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək, yaşayış evlərinin 1 kv.m-ə 2.200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-ə isə 2.500 manat müəyyən edilmişdir. Yoxlama komissiyası tərəfindən qeyd olunan ünvanda yaşayış sahəsi və qeyri-yaşayış sahələri araşdırılan zaman İddiaçı məxsus qeyri-yaşayış sahəsi müəyyən edilməmişdir. Qyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkünsüz və ya rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən 54 kv.m qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə görə 135.000 manat məbləğində kompensasiya ödənilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazıl etiraza uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - "xxxx" MTK üzvlərinin 15 fevarl 2018-ci il tarixli Ümumi yığıncağının 02 nömrəli protokolundan çıxarışdan görünür ki, MTK üzvlərinin Ümumi yığıncağının həmin tarixli iclasında İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi və qaraj sahəsi alanların siyahısına daxil olunması, onun öz razılığı ilə MTK-nın binasında sahəsi 54 kv.m olan 08 nömrəli qaraj sahəsinin düşməsinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur. Bununla bağlı İddiaçı ilə "xxxx" MTK arasında 15 fevral 2018-ci il tarixdə müqavilə bağlanmışdır. - "xxxx" MTK ona məxsus ünvan 3 ünvanında yerləşən kooperativ yaşayış binasının zirzəmisində yerləşən sahəsi 54 kv.m olan 08 nömrəli (1-ci girişdə) qaraj sahəsinin tam dəyəri kimi 140.000 manat pul vəsaitinin İddiaçı tərəfindən ödənilməsi, adəçəkilən şəxsin MTK-ya borcunun olmaması barədə maliyyə arayışı vermişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hazırkı İddiaçı ünvanlanmış 15 noyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, ünvan 5 ünvanında yerləşən 08 saylı qeyri-yaşayış sahəsi (qaraj) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmışdır. Texniki inventarlaşdırma işləri aparılan zaman qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli binanın söküldüyü aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - hazırkı İddiaçı 23 noyabr 2023-cü il tarixdə ərizə ilə inzibati orqan Bakı şəhəri Xətai RİH-ə müraciət edərək, ünvan 1 ünvanında (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) yerləşən yaşayış binasında ona məxsus 54 kv.m qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 139-1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (139-1.1.6) mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə görə bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.3-ci maddəsinə görə torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə görə bu Məcəllənin 246 – 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. Həmin Məcəllənin 246.7-ci maddəsinə görə torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə görə torpaq – mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 1.1.3-cü maddəsinə görə tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 14.2-ci maddəsinə görə bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. Həmin Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) yerləşən bina "xxxx" MTK-ya məxsus olmuşdur. İddiaçı həmin binada 54 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə (qaraja) görə MTKya pay haqqını ödəməklə üzv qəbul olunmuşdur. Bakı ŞİH-in 2 noyabr 2021-ci il tarixli 278 saylı sərəncamına əsasən həmin binanın sökülməsi ilə bağlı cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən komissiya yaradılmış və bina sökülmüşdür. Bundan sonra iddiaçı həmin qeyri-yaşayış sahəsinin sökülməsinə görə ona kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu ona cavab verməmiş və kompensasiya ödəməmişdir. İddiaçı hazırkı iddiasında 54 kv.m qeyri-yaşayış sahəsinə görə MTKya ödədiyi 140.000 manat vəsaiti dəymiş ziyan kimi qiymətləndirərək, həmin məbləğin ona qaytarılması tələbini irəli sürür. Məhkəmə icraatında cavabdeh inzibati orqan həmin binanın RİH tərəfindən söküldüyünü inkar etmədən, binada yerləşən qeyri-yaşayış sahələrinin sökülməsinə görə ayrı-ayrı obyekt sahiblərinə hər kv.m üzrə 2.500 manat pul vəsaitinin ödənildiyini bildirir, lakin binada hazırkı iddiaçıya məxsus qarajın olmaması səbəbindən kompensasiyanın verilməməsini əsaslı sayır Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, kompensasiyanın natura yaxud digər formalardan ödənilməsi imkanı qanunvericilikdə bir mənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin, burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Həmçinin qeyd edilməlidir ki, mövcud qanunvericilik normaları daşınmaz əmlak üzərində hüquqların (o cümlədən, mülkiyyət hüququnun) qeydiyyatı üçün əsasların sırasına mənzil-tikinti kooperativi binasında yaşayış və ya qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını (müvafiq pay haqqı tam ödənilməklə) da aid etmişdir. Bu isə o deməkdir ki, yaşayış və ya qeyriyaşayış sahəsinə pay haqqını ödəməklə barəsində MTK üzvlərinin müvafiq qərarı olan şəxs həmin əmlakın mülkiyyətçisidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı "xxxx" MTK-ya ünvan 1 ünvanındakı (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) binada yerləşən 54 kv.m qeyri-yaşayış sahəsinə (qaraja) görə 140.000 manat pay haqqını ödədiyindən və onun MTK üzvlüyünə qəbulu barədə qurumun Ümumi yığıncağı müvafiq qərar qəbul etdiyindən, o, həmin əmlakın mülkiyyətçisi sayılır. Məhkəmə kollegiyası vurğulayır ki, 54 kv.m ölçüdə həmin daşınmaz əmlakın (qarajın) müvafiq binada yerləşməsi MTK-nın verdiyi sənədlərdə, o cümlədən layihədə də təsdiqini tapır, cavbdeh təşkilat isə, qeyri-yaşayış sahəsinin mövcud olmadığını iddia etsə də, nə təqdim olunmuş sənədlərin mötəbərliyinin təkzibinə, nə də ümumiyyətlə qarajın mövcud olmamasına dair hər hansı tutarlı sübut təqdim etməmiş, yalnız mülahizə irəli etmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun müddəaları və «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinin tələbləri baxmından müvafiq qeyri-ya.ayış sahəsinə (qaraja) görə ağlabatan qiymət olaraq iddiaçıya həmin binadakı digər qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə ödənilmiş məbləğə uyğun olaraq hər kv.m üçün 2.500 manat məbləğində kompensasiya ödənilməlidir. Həmin qiymət cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında əksini tapmışdır. Lakin iddiaçı iddiasında yuxarıda qeyd olunan (hər kv.m-ə görə 2.500 manat) məbləğdən artıq miqdarda kompensasiya ödənilməsini tələb edir ki, məhkəmə tələbi bu həcmdə əsaslı saymır. Nəzərə alınmalıdır ki, mülki dövriyyədə ayrıı-ayrı dövrlərdə eyni daşınmaz əmlakla bağlı dəyər meyarlarının dəyişməsi mümkündür və bu səbəbdən də hazırkı işin hallarına uyğun olaraq söküntü ilə əlaqədar digər analoji əmlak mülkiyyətçilərinə ödənilmiş kompensasiya məbləğinin əsas götürülməsi daha adekvat və ədalətli qiymətləndirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən 54 kv.m qarajın sökülməsinə görə 135.000 manat (54 kv.m x 2.500 manat) məbləğində kompensasiya məbləğinin ödəniməsini məqsədəuyğun hesab etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar