Məhkəmə qərarları › İş №2-1(103)-534/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-534/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-534/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınıb reyestrdə çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4880/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən “Bakı şəhəri Sabunçu rayonu Maştağa qəs., Savalan y/m, İİ kvartal, sahə 119 “D” ünvanında yerləşən 1183 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 19 noyabr 1993-cü il tarixli, 46 nömrəli qərarı ilə ona ayrılmış Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda ayrılmış 119 D saylı 1200 kv.m torpaq sahəsinin onun adına reyestrdə qeydiyyata alınıb çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina verərək, buna səbəb kimi bildirmişdir ki, yerli icra hakimiyyəti orqanın qərarına istinad edilməməsi qeyd olunmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında, iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilənələrə uyğun olaraq, “təqdim edilən xx.xx.1993-cü il tarixli 46 nömrəli Maştağa qəsəbə X5 İcraiyyə Komitəsinin qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməməsi əsası ilə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4880/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəs., Savalan y/m, İİ kvartal, sahə 119 “D” ünvanında yerləşən 1183 kv.m torpaq sahəsinin qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Təqdim edilən xx.xx.1993-cü il tarixli 46 nömrəli Maştağa qəsəbə X5 İcraiyyə Komitəsinin qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasınınQanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan RespublikasıPrezidentinin xx.xx.2022-ci il tarixli, 1655 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Lakin məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” İddiaçı apellyasiya şikayətinə etirazında oxşar mübahisələrə dair çoxsaylı məhkəmə aktları ilə çıxarışların verilməsini, eyni zamanda cavabdehin apellyasiya şikayətində torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyinə və bölgü sxemi təqdim edilmədiyi barədə dəlillərini əsassız hesab edərək bildirmişdir ki, torpaq sahəsinin qeydiyyata alınıb çıxarışın verilməsi üçün cavabdehə xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərkən, həmin ərizəsinə notarial qaydada təsdiq olunmuş bölgü sxemi əlavə olunduğunu bildirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə, “Bakı şəhəri Sabunçu rayonu Maştağa qəs., Savalan y/m, İİ kvartal, sahə 119 “D” ünvanında yerləşən 1183 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayətində mübahisələndiri ki, Maştağa qəsəbə X5 İcraiyyə Komitəsinin qərarının çıxarışında yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmiş, AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndinə müvafiq əsas təqdim edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki torpaqlar faktiki olaraq (de-fakto) artıq əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir, yerdə qalan məsələ yalnız, həmin torpaq sahələrinin sözügedən vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatının rəsmiləşdirilməsi (“de yure”) təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə iş materiallarına əsasən mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olduğu işə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 24 yanvar 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 19 noyabr 1993-cü il tarixli 46 nömrəli qərarından çıxarışdan və torpağın yerləşmə sxemindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı AR Nazirlər Kabinetinin 02 sentyabr 1991- ci il tarixli 293 saylı qərarına müvafiq olaraq Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda 119 D saylı 1200 kv.m torpaq sahəsi ayrılmış, və həmin torpaq sahəsinin yerləşmə sxemi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Həmin sxemdə, iddiaçıya ayrılmış torpaq sahəsi mövcud ölçüləri və koordinatları və mövcud torpaq sahəsinin yeri və ölçüləri təsbit olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Qanunun qeyd olunan 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndi isə nəzərdə tutur ki, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar – həmin torpaq sahəsi üzərində hüququn əldə edilməsini təsdiq edən sənəd sayılır. Qeyd olunanlara münasibətdə, konkret halda, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Qanunun qeyd olunan 8.0.8-ci maddəsində nəzərdə tutulan əsas, həm də, 10.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən plan-cizgisi mövcuddur. Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 19 noyabr 1993-cü il tarixli 46 nömrəli qərarında iddiaçıya ayrılan torpaq sahəsinin Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarına əsasən və Bakı şəhər XDS İK tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq ayrıldığı təsbit olunur. Hazırkı mərəhələdə məhkəməyə təqdim edilmiş Nazirrlər Kabinetinin sözügedən qərarından və Bakı şəhər XDS İK-nin Nazirlər Kabinetinin həmin qərarının icrası məqsədilə qəbul etdiyi 20 iyun 1991-ci 8/446 saylı qərarının surətlərindən də görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayonu (köhnə Lenin rayonu) Məştağa qəsbəsi ərazisində torpaq sahəsi ayrılması barədə müvafiq tapşırıqla verilmişdir ki, bütün bunlar Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 19 noyabr 1993-cü il tarixli 46 nömrəli qərarının həqiqiliyini sübuta yetirir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar mövcuddur. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə sorğusu əsasında əldə olunmuş arxiv materiallarına əsasən müəyyən olunmuşdur ki, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair başqa şəxslərin adına mülkiyyət hüququna dair çıxarışlar verilmişdir (çıxarışlar iş materiallarına əlavə edilmişdir). “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Hazırkı mərhələdə, həmçinin, məhkəməyə təqdim olunmuş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 1 102-2043/2022 saylı qərarına əsasən də müəyyən olunmuşdur ki, eyni hallar üzrə məhkəmə mübahisəsi iddiaçının xeyrinə yekunlaşmışdır. Qeyd olunanlar nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 19 noyabr 1993-cü il tarixli 46 nömrəli qərarı - Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.08-ci maddəsində əsas və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinin nəzərdə tutduğu hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilməlidir. Başqa sözlə, cavabdehin Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin həmin qərarda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilmədiyini, qərarın sözügedən Siyahının 2.7ci maddəsinin tləbinə uyğun əsas olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Onun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1655 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə İqtisadiyyat Nazirliyinə təqdim edilməsinin tapşırılmasına gəldikdə, istinad olunan həmin dəilin hazırkı mübahisəyə hər hansı bir aidiyyəti ola bilməz. Çünki, həmin məsələnin həlli cavabdehin üst qurumu ilə sözügedən yerli icra hakimiyyətləri arasında olan daxilində həll edilməli olan bir məsələdir. Beləliklə də cavabdeh iddiaçıya mübahisəli torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə rəsmiləşdirməsindən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsinin dəqiq müəyyən edilmədiyini, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4880/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4880/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar