Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-535/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-4336/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin İQ-49/1 saylı x xxxx 2020-ci il tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçının vəsatəti təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi (iddiaçı) İddiaçı x xxxx 1996-cı il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərində doğulmuşdur, milliyyətcə hazaradır, dini etiqadına görə müsəlmandır (şiə), 7 yaşından İranın Məşhəd şəhərində məktəbə getmiş, 1 – 2-ci sinifləri həmin şəhərin “Şeyx Həsən” məntəqəsində yerləşən məktəbdə oxumuş, ailə üzvləri Əfqanıstana qayıtdıqdan sonra 3 sinifi Əfqanıstanın Fekrabad məntəqəsindəki “Bərək” məktəbində, 4 – 12-ci sinifləri Yolmərəb məntəqəsindəki Nəsvan məktəbində oxumuşdur. 2 il “Projeye Xalid” məntəqəsində “İdarəçilik və mühasibatlıq İnstitutu”nda təhsil almış, 2016-cı ildə Bəlx Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olmuş və 2 il 2 ay orada təhsil almışdır. Azərbaycana gələdə qədər həmin Universitetdə təhsil almağa davam etmişdir. 2015-ci ildə Yolmərəbdə yerləşən “Kövsər” kursunda riyaziyyat fənni üzrə 6 – 7 ay tədris aparmış, 2016-cı ildə Məzare Şərif şəhərinin Balşəhr məntəqəsində yerləşən kurslardan birində riyaziyyat fənni üzrə 5 ay tədris aparmış, 2018ci ildə Məzare Şərif şəhərinin Mirvəli məntəqəsində yerləşən “Fatimeyi Zəhra” məktəbində riyaziyyat və dari dili üzrə, ibtidai siniflərə isə ingilis dili üzrə 6 ay tədris aparmışdır. Subaydır, atası vəfat etmişdir, anası və beş bacısı var, hazırda anası və üç bacısı (iki bacısı evlidir və ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir) ünvan 1 (Yataqxana) ünvanında müvəqqəti məskunlaşmışdır. Ərizəçinin (iddiaçının) bacısı X1 keçirilən parlament seçkilərində namizədliyini irəli sürmüş, namizədliyinin qeydə alınması üçün topladığı imzalar taliblər tərəfindən ələ keçirilərək məhv edilmiş, bacısının namizədliyinə görə özü və yaxınları həm telefon vasitəsilə, həm də imzaları ona çatdırmalı olan şəxs vasitəsilə taliblər tərəfindən təhdid olunmuşlar. Bu səbəbdən bacısı könüllü şəkildə seçkilərdə iştirak etməkdən imtina etmişdir. Çoxsaylı təhdidlərə məruz qaldıqları üçün məcbur olub ailə üzvləri ilə birlikdə 2019-cu ilin oktyabr ayında Əfqanıstanı tərk edərək Azərbaycana gəlmişlər. x xxxxxx 2019-cu il tarixdə ərizəçi (iddiaçı) sığınacaq vəsatəti ilə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. O, müsahibədə bildirib ki, ümumi təhlükəsizliyinin olmadığı şəraitdə dini etiqadına və bacısı parlament seçkilərində namizədliyini irəli sürdüyü üçün təqib riski altında olduğundan, ölkəsinə qayıtmaq istəmir. x xxxx 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidməti İQ-49/1 saylı qərarı ilə ərizəçinin (iddiaçının) sığınacaq vəsatətini rədd etmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin (iddiaçının) iddialarının hüquqi əsası mövcud deyil. Xidmət əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən iş üzrə mühüm fakta münasibətdə lazımi əsaslandırma aparmamışdır. İş üzrə mühüm fakt ərizəçinin müəyyən sosial qrupa mənsubiyyətinə (qadın olması faktına) görə təqib edilməsi riskidir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərtliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qurxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4336/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4336/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı x xxxx 1996-cı il tarixdə doğulmuş hazırkı İddiaçı x xxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, bacısının parlament seçkilərində iştirak etməsi ilə bağlı taliblər tərəfindən təhdid olunması və təqiblərə məruz qalması və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə x xxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ökədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özü və ailə üzvlərinin həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin İddiaçı “qaçqın” statusunun verilməsindən imtina olunması barədə x xxxx 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. xx xxxxxx 2019-cu ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, ümumi təhlükəsizliyin olmadığı şəraitdə dini etiqadına və bacısı parlament seçkilərində namizədliyini irəli sürdüyü üçün təqib riski altında olduğundan ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi özü şəxsən Əfqanıstanda yaşadığı müddət ərzində heç vaxt və heç kim tərəfindən təhdid və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Ərizəçinin ölkəsini tərk etməsi və qayıdacağı təqdirdə təhdid və təzyiqlərə məruz qalacağı ilə bağlı gətirdiyi səbəblər inandırıcılıq baxımından qeyri-məqbul hesab edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4336/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-535/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-535/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver