Məhkəmə qərarları › İş №2-1(103)-535/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-535/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-535/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Mirseyid oğlunun, Cavabdehin nümayəndəsi X1 ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti) “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6732/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üçüncü şəxslər qismində göstərilməklə, iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan hesablanıb tam məbləğdə ödənilməsinin cavabdehin üzərinə qoyulması və pulun ödənilməsi ilə bağlı zəruri sənədlərin cavabdehə təqdim olunması vəzifəsinin üçüncü şəxslər kimi qoyduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15.11.1979-cu il tarixdən ədliyyə orqanlarında xidmət etmiş, 19.06.1995-ci il tarixdə ehtiyata buraxılaraq, hərbi pensiya təyin edilmişdir. Pensiya həmin vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı” haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən hesablanmışdır. Lakin həmin qanunla ədliyyə orqanlarında xidmət etmiş əməkdaşların xidmət illərinə görə əlavə haqqın verilməsini tənzimləyən normalar olmadığı üçün, pensiyasına qulluq illərinə görə əlavə haqqı əlavə olunmamışdır. Müraciətlərindən sonra 1995-ci ildən 2020-ci ilədək pensiyada olduğu 25 il müddət üçün ona ödənilməli olan əlavənin əvvəlki illərə aid olan hissənin cəmi 3 ilinin ona ödənilməsi barədə qərar verilmişdir. 3 il müddətlə bağlı qanunda edilmiş dəyişiklik iddiaçıya şamil oluna bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə, hazırkı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, qulluq illərinə görə verilən əlavə əmək haqqının təqaüdə çıxdığı vaxtdan 01.10.2017-ci il tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6732/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin əvvəllərindən başlayaraq bu barədə aidiyyətli dövlət orqanlarına ərizə ilə müraciət etməyə başlamışdır. Onun müraciətindən sonra da, ödənilməli olan məbləğin tam ödənilməsi təmin olunmamışdır. Dəfələrlə etdiyi müraciətlərdən sonra 1995-ci ildən 2000-ci ilə qədər pensiyada olduğu 25 il müddəti üçün ona ödənilməli olan əlavənin əvvəlki illərə aid olan hissəsinin cəmi 3 ilinin ödənilməsi barəsində qərar verilmişdir. Qalan 22 ilinin aqibəti barəsində heç bir rəsmi cavab verilməmişdir. Qeyri-rəsmi surətdə eşitmişdir ki, guya 2017ci ildə pensiya barəsində əvvəlki ödəmələrə dair qanunda dəyişiklik edilmiş, əvvəlki ödəmələr ancaq axırıncı 3 il üçün həyata keçirilməsi qərara alınmışdır. Qanunda 2017-ci ildə belə dəyişiklik olunduğu halda ona aid edilə bilməz, çünki o, həmin hüququ bu dəyişiklikdən xeyli qabaq qazanmışdır. İşin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmçinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Məhkəmə kollegiyaslnın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı pensiya işinin surətindən görünür ki, iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 28 avqust 2020-ci il tarixli 186 nömrəli yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə 16.09.2020-ci il tarixdə qərar qəbul edilmiş və pensiyanın məbləği 666,32 manatdan 725,10 manata artırılmış və əvvəlki üç il müddət üçün hesablanmışdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün 01.07.2020-ci il tarixli müraciəti 27.07.2020-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş və 20.08.2020-ci il tarixli məktubla cavablandırılmışdır. Adıçəkilən şəxsin 22.09.2020-ci il tarixli növbəti müraciəti 03.10.2020-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş və 22.10.2020ci il tarixli məktubla cavablandırılmışdır. İddiaçı daha növbəti 09.12.2020-ci il tarixli müraciəti 17.12.2020-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş və 07.01.2021-ci il tarixli məktubla cavablandırılmış və bildirilmişdir ki, iddiaçıya sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş 28 avqust 2020-ci il tarixli 186 nömrəli yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faizi həcmində əlavə nəzərə alınmaqla əmək pensiyanızın məbləği yenidən hesablanaraq 666,32 manatdan 725,10 manata artırılmış və keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 1929,54 manat fərq məbləği 2020-ci ilin oktyabr ayından etibarən hissəhissə ( 321,59 manat) onun əmək pensiyasının (725,10 manat) üzərinə əlavə olunmaqla (725,10 + 321,59= 1046,69 manat) müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı cavabdehin imtinasını mübahisələndirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; Həmin Məcəllənin 37.7-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; Həmin Məcəllənin 32.1-1-ci maddəsinə (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya 20 iyun 1995-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 28 avqust 2020-ci il tarixli 186 nömrəli yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə 16.09.2020-ci il tarixdə qərar qəbul edilmiş və pensiyanın məbləği 666,32 manatdan 725,10 manata artırılmış və əvvəlki üç il müddət üçün, yani 01.10.2017-ci il tarixdən hesablanmışdır. Hazırda iddiaçı xidmət illərinə görə əlavə nəzərə alınmaqla əmək pensiyasının məbləğinin ilk təyin olunduğu 20.06.1995-ci il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr üzrə hesablanmasını tələb edir. Hazırkı məhkəmə baxışının predmetini 20.06.1995-01.10.2017 dövr üzrə pensiyanın yenidən hesablanması təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müvafiq qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 16.09.2020-ci il tarixdə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə Qərar ilə, yeni məlumat vərəqəsinə əsasən xidmət illərinə görə 40 faiz həcmində əlavə nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması, həmçinin ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – 01.10.2017-ci il tarixdən ödənilməsi qərara alındığından, iddiaçının həmin tarixdən (01.10.2017-ci il) əvvəlki dövrlər üzrə tələbi haqlı olaraq təmin edilməmişdir. İddiaçı apellyasiya şikayətində və ona edilən əlavələrdə bildirmişdir ki, onun iddiasının edilməsinin əsası AR Ali Məhkəməsi İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadı olmuş və əsassız olaraq, “Əmək Pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin tələbləri ona münasibətdə qanunsuz tətbiq edilmişdir. Hesab edir ki, həmin maddə Qanunun 2017-ci ildə əlavə edildiyi üçün həmin tarixdən əvvəl yaranmış pensiya mübahisələrinə tətbiq oluna bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Eyni zamanda hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6732/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar