Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-536/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4335/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli İQ-04/1 nömrəli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı Qəzni vilayətindən olan həzaradır. Onun ölkəni tərketmə səbəbi taliblər tərəfindən zorla orduya cəlb edilməsi cəhdi olub. Eyni zamanda, ərizəçi şiə həzara olduğuna görə taliblər tərəfindən təqib edilmək riski altındadır. Belə ki, hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan talib silahlı qüvvələri bölgədə dominantlıq edirlər. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının şərti siyasi əqidəsinə və həzara kimliyinə görə təqib edilməsi riskidir. Əfqanıstana dair Mənşə Ölkəsi Məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir. “Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Əfqanıstanın milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Əfqanıstan rəhbərliyi xüsusilə zəif olaraq qəbul edilir. Yüksək səviyyədə korrupsiya, səmərəsiz idarəetmə və cəzasızlıq mühiti müşahidəçilər tərəfindən qanunun aliliyinin zəiflədilməsi və dövlətin insan hüquqlarının pozulmasından qorunma qabiliyyətini zəiflədirən amillər kimi təqdim olunur. Hökumətin insan hüquqlarının qorunması imkanları bir çox rayonlarda təhlükəsizliyə və anti-hökumət qüvvələri tərəfindən çox sayda hücumlar səbəbindən səmərəsiz olur”. DMX iddianın maddi əsası üçün əhəmiyyətli olan digər elementləri müəyyən etməyib: 1. iddiaçının Taliban tərəfindən məcburi orduya cəlbedilməsinin mümkünlüyü; 2. iddiaçının həzara kimliyi. İctimaiyyətə açıq olan hesabatlarda üsyançı qrupların məcburi orduya cəlb etdiyini və insanların intihar bombaları kimi istifadə etdiyi bildirilir: “2018-ci ilin ilk altı ayı ərzində BMT-nin Əfqanıstana Köməkçi Missisiyası tərəfindən 22 oğlanın orduya cəlb olunması və istifadə olunması təsdiqlənib və silahlı münaqişənin tərəfləri tərəfindən yeddi oğlanın orduya cəlb olunması və istifadə olunmasına dair inandırıcı iddialar sənədləşdirilib. Bu uşaqlar partlayıcı qurğuların basdırılması və mülki şəxslərin öldürülməsi daxil olmaqla savaşlarda istifadə olunublar” (BMT –nin Əfqanıstana Köməkçi Missiyası, Əfqanıstan: Silahlı qarşıdurmada Mülki Şəxslərin Müdafiəsinə dair Yarım illik hesabat: 1 yanvardan xx xxxx 2018-ci ilədək, xx xxxx 2018-ci il, http://www.refworld.org/docid/5b5047137.html). Göstərilənlərdən hasil olan nəticələrə görə, iddiaçı şərti siyasi əqidəsinə görə təqiblərə məruz qalır və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanıstanın) himayəsindən istifadə edə bilməyən şəxsdir, ona qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İşə apellyasiya qaydasında baxılarkən iddiaaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı iddiaçı Əfqanıstanın Qəzni vilayətinin Nahor ulusvaliliyinin Qərnalə məntəqəsinin Payində kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Qərnalə məntəqəsində yerləşən məktəbdə 6-cı sinfə kimi təhsil aldığını, məktəbdə keyfiyyətli dərs keçirilmədiyinə görə təhsilini yarımçıq saxladığını bildirmişdir. O, orta məktəbdə təhsilini yarımçıq saxladıqdan sonra bir müddət kənddə əkinçilik, təsərrüfat işlərində valideynlərinə köməklik etdiyini, 2006-cı ilin qışında viza əsasında işləmək məqsədi ilə İrana getdiyini, Tehran şəhərində müxtəlif tikintilərdə fəhlə işlədiyini, lakin İrandan xoşu gəlmədiyinə görə təxminən bir ildən sonra könüllü olaraq Əfqanıstana qayıtdığını, bir neçə il kəndlərində əkinçilik, kənd təsərrüfatı işləri ilə məşğul olduğunu, təxminən 2011-ci ildə Zakir Hoseyn adlı bir nəfərlə şərikli yük maşını işlətməyə başladığını, ətraf kəndlərdən Qəznidə yerləşən bazara müxtəlif kənd təsərrüfatı məhsulları daşıdıqlarını, təxminən 3-4 il bu işlə məşğul olduğunu qeyd etmişdir. İddiaçı təxminən 2009-cu ildə Məlikə adlı qadınla ailə qurduğunu, bu nikahdan 3 oğlunun olduğunu, ailə üzvlərinin əvvəllər onunla birlikdə Qərnalə məntəqəsinin Payində kəndində yaşadıqlarını, 2019-cu ilin təxminən iyun ayında həmin kəndi tərk edərək X1 məntəqəsinə köçdüklərini, hazırda onun valideynləri ilə birlikdə həmin məntəqədə yaşadıqlarını demişdir. O, digər yaxın qohumları barədə məlumat verərək atasının əkinçi, anasının evdar qadın olduğunu, özündən başqa 5 bacısının və 1 qardaşının olduğunu, evli olan böyük qardaşı Zaker Hüseynin bazarda alverlə məşğul olduğunu, öz ailə üzvləri və valideynləri, habelə subay olan bir bacısı ilə birlikdə X1 məntəqəsində yaşadıqlarını, evli olan 4 bacısının isə Qəzninin müxtəlif kəndlərində yaşadıqlarını qeyd etmişdir. İddiası ölkəsini tərk etməsini və qaçqın statusu almaq üçün müraciət etməsini taliblərlə əlaqələndirmişdir. O, təxminən 2019-cu ilin may ayının axırlarında kənd məscidində axşam namazı qıldıqdan sonra evə qayıdarkən tanımadığı şəxslər tərəfindən saxlanıldığını, döyülərək əl-qolunun, gözlərinin bağlanıldığını, maşına mindirildiyini və naməlum bir istiqamətdə (iddiaçı Vərdək vilayəti istiqamətində aparıldığını ehtimal edir) aparıldığını, bir zirzəmiyə yerləşdirildiyini, gecəyarısı mühafizəçinin onu yuxarı mərtəbədə yerləşən bir otağa apardığını, orada puştu dilində danışan 4 nəfər şəxs tərəfindən sorğusuala tutulduqdan sonra ona xariciləri ölkədən çıxarmaq, onlara qarşı cihad etmək, verilən tapşırıqları yerinə yetirmək işlərində əməkdaşlıq etməyi təklif etdiklərini, həmin zirzəmidə 3 gecə və 4 gün saxlanıldıqdan sonra məcbur qalıb onların təklifləri ilə razılaşdığını və bundan sonra valideynlərinə baş çəkmək bəhanəsi ilə onlardan bir günlük icazə alaraq evlərinə getdiyini, başına gələnləri atasına izah elədiyini, ertəsi gün isə taliblərin təyin etdiyi yerə getdiyini və onlar tərəfindən əvvəllər saxlanıldığı ünvana aparıldığını və təxminən 10 gün orada saxlanıldığını söyləmişdir. O, bu 10 gün ərzində də taliblər tərəfindən onunla xaricilərə qarşı mübarizə aparmaq, cihad etmək barədə söhbətlər aparıldığını, taliblərin onu müvafiq hazırlıqlar keçmək üçün başqa bir yerə göndərmək niyyətində olduqlarını demişdir. İddiaçı taliblərdən canını qurtarmaq üçün onların təklifləri ilə razılaşmaq məcburiyyətində qaldığını, Ramazan bayramını bəhanə edərək evlərinə getmək üçün taliblərdən icazə almaqla bağlı müraciət etdiyini və ona 2 günlük icazə verildiyini, bu fürsətdən istifadə edərək valideynləri və ailə üzvləri ilə birlikdə yaşadıqları kəndi tərk edərək Qəzniyə getdiklərini, təxminən 3 gün Şəfiqə adlı bacısigildə qaldıqlarını, taliblərin onları Qəznidə tapa biləcəklərini ehtimal edərək oranı tərk etdiklərini və Kabil şəhərinin Dəşte Bərçi məntəqəsinə yerləşdiklərini və hazırda da ailə üzvlərinin və valideynlərinin orada yaşadıqlarını bildirmişdir. İddiaçı gələcəkdə taliblərin onu Kabil şəhərində tapa biləcəklərini, onların yanına qayıtmadığı üçün onu ciddi surətdə cəzalandıracaqlarını bildirərək xx.xx.2019-cu il tarixdə Əfqanıstanı tərk etdiyini, Özbəkistan Respublikasına gəldiyini, Azərbaycanın Daşkənddəki Səfirliyindən viza alaraq xx.xx.2019-cu il tarixində viza əsasında Azərbaycana gəldiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İddiaçı taliblərin yanından qaçdığına görə gələcəkdə taliblər tərəfindən cəzalandırılacağını, bu səbəbdən də Əfqanıstanı tərk etdiyini bildirməsinə baxmayaraq, onun yaşadığı kəndi tərk etdikdən sonra təxminən 3 aya qədər Kabil şəhərində yaşadığı, ötən müddət ərzində nə özünün, nə də digər ailə üzvlərinin hər hansı bir təhdidə və təqibə məruz qalmadığı məlum olmuşdur. Bundan əlavə, taliblərin öz sıralarına cəlb etmək istədikləri, habelə gələcək planları ilə tanış etdikləri bir şəxsi 2 dəfə nəzarətsiz olaraq evə buraxmaları inandırıcı hesab edilməmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli İQ-04/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı bu qərardan inzibati şikayət vermiş, lakin həmin qərar cavabdehin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 70 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə görə, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini Taliban tərəfindən zorla orduya cəlb edilməsi cəhdi, habelə dini (şiə) və etnik (həzara) ayrıseçkiliyə məruz qalması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Ölkəsində vəziyyətin qeyri-stabil olması, həmçinin həzaralarla bağlı dini və etnik dözümsüzlüyün hökm sürməsi ehtimalı isə ona qarşı da belə bir münasibətin nəticəsi kimi əsaslandırılmış təqib qorxusunun mövcudluğuna dəlalət etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4335/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-536/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-536/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver