Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-536/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndələri X1 (işçisi) və Vəkil Bayram oğlunun (vəkil), cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6151/2021 saylı 16.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 aprel 2021-ci il tarixli **********832600 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulması ilə qərar çıxarılmışdır. Belə ki, cavabdeh İddiaçı MMC-də kameral vergi yoxlaması keçirmiş, tələb olunan sənədlər təqdim edilsə də, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.04.2021-ci il tarixli **********832600 saylı qərarı ilə iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı və Vergi Məcəlləsinin 224.1.2-ci maddəsində nəzərədə tutulan güzəştin ona aid olmadığı qənaətinə gələrək, iddiaçıya 2020-ci il üzrə 19.956,30 manat məbləğində əlavə vergi hesablamışdır. Halbuki, İddiaçı MMC pandemiyadan zərərçəkmiş müəssisədir. Pandemiya vaxtı iddiaçının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuş və işçilərin cəmi 50%-nə işləmə icazəsi verilmişdir. İddiaçı işçilərini virusdan qorumaq üçün müəssisədaxili növbəli iş rejimi tətbiq etmişdir ki, kütləvi yoluxmanın qarşısını alsın. Bu da öz növbəsində iddiaçının istehsal gücünün azalmasına səbəb olmuşdur. Həmçinin İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısında İddiaçı MMC-nin adı mövcuddur. Cavabdeh vergi orqanı iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə istinad edərək mənfəətinin 75 faiz miqdarında azadolma qeyd edilməsinə baxmayaraq, ididiaçının fəaliyyətinin həmin vergi güzəştinin şamil edildiyi fəaliyyət kateqoriyalarına aid edilmədiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6151/2021 saylı 16.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun 208 nömrəli qərarının 1.3-cü hissəsində, həmin qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarılq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barədə məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi qeyd olunmuşdur. Həmin qərarın 4-cü bəndində isə fəaliyyətinə icazə verilmiş sahələridə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarılq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri barəsində məlumatların həmin portala daxil edilməsinə nəzarət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı” kodlarına uyğun olaraq sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda fəaliyyətinə icazə verilən vergi ödəyicilərinin siyahısı hazırlanaraq (o cümlədən işçi sayı və 50 % nəzərə alınmaqla işçi sayı üzrə limit) Azərbaycan Respublikası Prezidenti yanında “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. İddiaçı MMC-nin uçot məlumatlarına əsasən fəaliyyət növü 24450 (sair əlvan metalların istehsalı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 208 N-li qərarının 4.10cu bəndində nəzərdə tutulmuş metallurgiya sənayesi üzrə fəaliyyətə uyğun hesab edildiyindən həmin siyahıda vergi ödəyicisi üzrə işçi sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Digər tərəfdən, vergi qanunvericiliyinin müvəqqəti vergi rejimini tətbiq etməsinin əsasında dayanan məqsəd vergi ödəyicisinin pandemiya nəticəsində fəaliyyətinin zərər görməsi və dövriyyəsinin azalması ilə bağlı vergi yükünün yüngülləşdirilməsindən ibarətdir. Lakin vergi orqanında olan uçot baza məlumatlarına əsasən İddiaçı MMC-nin ümumi gəlirləri 2019-cu il ilə müqayisədə 2020-ci ildə 6.06 dəfə, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə aprel-dekabr aylarında orta aylıq təqdim edilmiş malların dəyərinin 1.93 dəfə kommunal xidmətlərə görə əldə edilmiş orta aylıq eletron elektron qaimə-fakturaların dəyərinin isə 10.81 dəfə artdığı müəyyən edilmişdir. Bir halda ki, vergi ödəyicisinin 2020-ci il üzrə dövriyyəsində azalma müşahidə olunmur, sözügedən vergi güzəştinin tətbiq edilməsinin əsası mövcud deyildir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Nəsirli apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri H.Şəfiquliyev və Vəkil cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu, apellyasiya şikayətində cavabdehin qeyd etdiyi siyahının nə birinci instansiyada, nə də hazırkı halda məhkəməyə təqdim edilmədiyini, belə bir siyahının mövcud olmadığını, iddiaçının alüminium profillərin hazırlaması ilə məşğul olmasının isə metallurgiya sahəsinə aidiyyəti olmadığını, iddiaçı müəssisənin də fəaliyyətinin pandemiya dövründə məhdudlaşıdırıldığını və müəssisənin 50 faiz işçi payı ilə fəaliyyət göstərdiyini, bunun nəticəsi olaraq da müəssisəyə dövlət maliyyə dəstəyi göstərildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, cavabdeh vergi orqanının kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 aprel 2021-ci il tarixli **********832600 saylı qərarının ləğv edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşdən görünür ki, iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, İPMin 35-ci maddəsinin tələblərinə uyğun verilmiş və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə icraatı mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddia təmin edilərək cavabdehin mübahisələndirilən qərarı ləğv edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən iş materialları ilə müəyyən olunan hallara əsaslanmış və qeyd etmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi sahənin fəaliyyəti qismən məhdudlaşdırılmaqla pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapır. Lakin, cavabdeh bu halları nəzərə almamış, iddiaçıya vergi hesablayarkən onun əvvəlki dövr mənfəət vergisi bəyannamələri ilə müqayisədə dövriyyə artımının olmasına, nəticədə koronavirus pandemiyasından əziyyət çəkənlər üçün tətbiq edilməli güzəşt hüququnun olmamasına istinad etmişdir. Cavabdehin apellyasiya şikayətinin həmin qərarla razılaşmayan dəlillərində ilk öncə mübahisələndirilir ki: "xxxx" MMC-nin uçot məlumatlarına əsasən fəaliyyət növü 24450-dir (sair əlvan metalların istehsalı). Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı” kodlarına uyğun olaraq sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda fəaliyyətinə icazə verilən vergi ödəyicilərinin siyahısı hazırlanaraq (o cümlədən, işçi sayı və 50 % nəzərə alınmaqla işçi sayı üzrə limit) Azərbaycan Respublikası Prezidenti yanında “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Həmin siyahıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 208 N-li qərarının 4.10-cu bəndinə nəzərdə tutulmuş metallurgiya sənayesi üzrə fəaliyyətə uyğun hesab edildiyindən vergi ödəyicisi üzrə işçi sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır...” İş materiallarına əsasən isə müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətində istinad edilən, vergi orqanı tərəfindən hazırlanan “vergi ödəyicilərinin həmin Siyahısı” iddiaçı tərəfin təkidlərinə və məhkəmənin təklifinə baxmayaraq, birinci instansiyada işə baxılarkən, nə də apellyasiya mərhələsində təqdim olunmamışdır. Hazırkı mərhələdə məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin elektron saytlarında da belə siyahının mövcudluğu aşkar edilməmişdir. Elektron informasiya sistemi vasitəsilə yalnız 2020-ci ildə 4 mərhələ üzrə ayrı-ayrılıqda maliyyə dəstəyi ayrılan pul vəsaitlərinin ümumi məbəlğinə aid olan göstəricilər mövcuddur. Odur ki, qeyd olunanlar baxımından cavabdeh qeyd olunan dəlilləri sənədə-sübuta əsaslanmayan formal xarakterli dəlillərdir. İşdə olan iddia ərizəsinə, iddiaçının ********** saylı VÖEN-nə, mübahisəli məsələ ilə bağlı cavabdehə ünvanlanmış məktublarına, 11.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınımış “Uyğunluq Srtifikatı”na, “Fəaliyyət sahələri növlərinin Təsnifatına” və s. əsasən müəyyən olunur ki, İddiaçı MMC Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə STQ, ünvan 1 ünvanda yerləşir, 24450 kodu altında alüminium profillər hazırlamaqla məşğuldur ki, belə fəaliyyət növü ilə məşğul olan müəssisələr dövlət tərəfindən pandemiyadan zərər çəkmiş müəssisələrə aid edilmişdir. Birincisi, alüminium profillərin hazırlanmasında xammal kimi, iddiaçı müəssisə tərəfindən aliminum materialdan istifadə olunması heç də müəssisənin fəaliyyət növünün əlvan metal istahsalı və ya emalı sahəsinə aid olan fəaliyyətlə məşğul olması anlamını vermir. Ən azından ona görə ki, hamıya məlum olan haldır ki, Azərbaycan Respublikasında əlvan metal emalı mərkəzləri: Sumqayıt və Gəncə alüminium zavodları, Bakı və Gəncə əlvan metal emalı zavodları, Sumqayıt alüminium yayma zavodudur. Digər tərəfdən, aşağıdakılarla cavabdehin qeyd olunan dəlillərinin əsassız odlduğunu öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Nazirlər Kabinetinin 19.06.2020-ci il tarixli 208 nömrəli “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” digər bir qərarının 1-ci hissəsi ilə yeni növ koronavirus (COVİD19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilməsi qərar alınmışdır: “...1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “X2” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.... Həmin Qərarın 6-cı hissəsinə əsasən (Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarı ilə əlavə edilmişdir) müəyyən edilmişdir ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci (4.15. daş, metal və taxta məhsullarının istehsalı;), 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; 6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülkihüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır; Göründüyü kimi, xüsusi karantin rejmi dövründə iddiaçının fəaliyəti tam olmasa da, qismən məhdudlaşdırılmış, yalnız 50 faiz işçinin fəaliyyət göstərməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Tədbirlər Planı”nın 2-ci bəndi Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) nəzərdə tutulmuşdur. Həmin Tədbirlər planı çərçivəsində də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq olunmuş “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair metodik göstərişlər (Əlavə1) əsasında pandemiyadan zərəçəkmiş şəxslərə maliyyə dəstəyi göstərilmiş və dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahıları tərtib olunmuşdur. İddia ərizəsinə, eləcə də işə əlavə olunmuş (29-cu vərəq) 28.09.2020-ci il tarixinə olan məlumatı əks etdtirən həmin siyahının 1705-ci sətrindən, habelə, Maliyyə Nazirliynin iddiaçının “Ziraat Bank”-da olan bank hesabına köçürmələrinə (iş vərəqi 69-73) əsasən müəyyən olunur ki, pandemiyadadan zərərçəkmiş şəxs kimi İddiaçı MMC-yə də işilərinin müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 2020-ci ildə 4 dəfə və 2021-ci ildə 1 dəfə maliyyə dəstəyi göstərilmişdir və bu, cavabdehin apellyasiya şikayətinin dəlilləindən göründüyü kimi, mübahisələndirilmir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, pandemiya dövründə iddiaçı müəssisənin dövlət tərəfindən fəaliyyəti məhdudlaşdırılan sahibkarlıq subyektinə aid edildiyi sübuta yetirilir. Başqa sözlə, cavabdehin apellyasiya şikayətinin iddiaçı müəssisənin fəaliyyəti məhdulaşdıran sahəyə aid edilmədiyini mübahisələndirən dəlilləri əsassızdır. Belə olan halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Həmin Məxcəllənin 222.5-ci maddəsinə əsasən bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: “...222.5.9-cu maddəsinin tələbinə görə koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (Qanunun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 02.06.2020-ci il tarixli 1047 nömrəli Fərmanı) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla)” Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən isə həmin Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: “...224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi...; Vergi qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, koronovirus pandemiyası ilə əlaqadar fəailyyəti məhdudlaşdırılan müəssisə kimi əldə etdiyi mənfəətin 75 faizi miqdarında vergidən azad olma iddiaçı müəssisənin qanunla müəyyən edilən hüququdur. İşə əlavə olunmuş 2020-ci ilin mənfəət vergisi bəyannaməsindən və və şəxsi hesab vərəqəsindən də görünür ki, 2020-ci ildə vergitutma məqsədləri üçün iddiaçının mənfəəti 133.042,00 manat təşkil etmiş, həmin mənffətin 75 faizi, yəni 99.781,50 manatı hissəsi güzəştə aid edilmiş, qalan 15 faizi, yəni 33.260,50 manat mənfəətdən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsinə müvafiq olaraq 20 faiz dərəcə ilə 6.652,00 manat mənfəət vergisi hesablanraq dövlət budcəsinə ödənilmişdir. Lakin işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı ilə razılaşmayan cavadeh vergi orqanı kameral yoxlama qaydasında “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.04.2021-ci il tarixli **********832600 saylı qərarı ilə müəssisəyə 19.956,30 (99.781,50X20%) manat məbləğində əlavə mənfəət vergisi hesablamaqla, iddiaçını qanunla müəyyən edilən həmin güzəşt hüququndan əsassız olaraq məhrum etmiş, bununla da onun qanuni hüquqlarını pozmuşdur. İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını və cavabdehin qərarının 02.04.2021-ci il tarixli **********832600 saylı qərarıının ləğv edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin vergi güzəştinin tətbiq edilməsinin əsası olmadığını və məhkəmənin qərarının qanunvericiliyin tələblərinin pozulması ilə çıxarıldığını mübahisələndirilən dəlillərini əsassız sayır. Onun apellyasiya şikayətinin müəssisənin 2019-cu il ilə müqayisədə 2020-ci ildə ümumi gəlirlərinin və kommunal xidmətlərə görə qaimə-fakturaların dəyərinin artdığını mübahisələndirən dəlillərinə gəldikdə isə müəssisədə istehsal tempinin artması məhdud işçi qüvvəsi ilə əlaqələndirmək heç də ağlabatan hesab oluna bilməz. Çünki, istehsal tempi texnoloji proses çərçivəsində mövcud işçi qüvvəsinin, habelə, müəssisənin əsas vəsaitlərindən, sair istehsal vasitələrindən səmərəli istifadənin və digər amillərin kompleks şəkildə nəzərə alınmasından irəli gələn bir meyarla ifadə olunan nəticədən asılıdır. Ona görə də cavabdehin qeyd olunan dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6151/2021 saylı 16.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6151/2021 saylı 16.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-536/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-536/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver