Məhkəmə qərarları › İş №2-1(103)-536/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-536/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-536/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Nəbiyeva (Dörtyol) Zərifə İsmayıl qızı, X9 və X4) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6489/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lehiş bağlar massivində yerləşən 6 saylı order əsasında ona verilmiş 0,12 ha sahəli 3829 saylı bağ sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydə alınmaqla həmin bağ sahəsinə dair adına reyestrdən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 6 saylı order əsasında iddiaçıya verilmiş 1164,0 kv.m. sahəli 3829 saylı bağ sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydə alınmaqla həmin bağ sahəsinə dair iddiaçının adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Lehiş bağ massivində yerləşən 3829 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçıya BTK nəzdində eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrılmış, təqdim edilmiş orderin nüxsəsi idarənin arxivində aşkar edilməmiş, şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməmiş, göstərilən torpaq sahəsinə digər şəxsin müraciəti qeydə alındığı əsas göstərilməklə həmin bağ sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin qeyd edilmiş mövgəyi ilə razı deyil. Cavabdehə təqdim edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı əsasında iddiaçının adına Lehiş bağlar massivində 6 saylı order əsasında 0,12 ha sahəli 3829 saylı bağ sahəsi verilmişdir. O vaxtdan da həmin bağ sahəsi ailə üzvüləri ilə birlikdə istifadəsində olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialın xx.xx.2022-ci il tarixli məktubu ilə xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq Lehiş bağlar massivində 6 saylı order əsasında sahəsi 0,12 ha olan 3829 saylı bağ sahəsinin iddiaçıya Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı əsasında ayrılması təsdiq olunmuş və həmin qərarın surəti ona təqdim edilmişdir. Belə olduğu halda, cavabdehə təqdim etdiyim orderin nüsxəsi idarənin arxivində aşkar edilməməsi, şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməməsi, göstərilən torpaq sahəsinə digər şəxsin müraciəti əsasında qeydə alınması həmin bağ sahəsinə hüquqlarımın dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, bağın orderinin nüxsəsini idarənin arxivində qoruyub saxlamaq,bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim etmək iddiaçının səlahiyyətinə aid olan məsələ olmadığından cavabdehin tam qanuni əsaslarla ona verilmiş bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Cavabdehin idarənin arxiv məlumatlarına əsasən ona BTK nəzdində eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrıldığına dair istinad etdiyi dəlil də imtinanın əsası kimi qəbul edilməməlidir. Belə ki, həqiqətən də X7 ilə iddiaçı arasında ona 0,12 ha sahəli, 4226a saylı bağ sahəsinin ayrılmasına dair 36168 saylı müqavilə tərtib edilmiş olsa da, həmin müqavilədə onun imzası mövcud deyil. Cavabdehin ona BTK nəzdində eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrılmasını əsas göstərməklə istifadəsindəki bağa dair hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunazidd hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-6489/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 14 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 3829 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mövcud arxiv məlumatlarına əsasən iddiaçıya eyni BTK nəzdində eyni qərar əsasında başqa nömrə ilə (4226a) torpaq sahəsi ayrılmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahələrinin yerinə uyğun gəldiyi üçün həmin torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə digər şəxslərin (Nəbiyeva (Dörtyol) Zərifə İsmayıl qızı, X9 və X4) müraciəti qeydə alınmışdır. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixində torpaq sahəsinə texniki baxış keçirilən zaman iddiaçının nümayəndəsi tərəfindən şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu məlum olmuşdur. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin Məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Mübahisə ilə bağlı birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçıya Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı əsasında Ləhiş bağlar massivində 6 saylı order əsasında sahəsi 0,12 ha olan 3829 saylı bağ sahəsi verilmiş, o vaxtdan da o həmin bağ sahəsindən ailə üzvləri ilə birlikdə istifadə etmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialın xx.xx.2022-ci il tarixli məktubu ilə Ləhiş bağlar massivində 6 saylı order əsasında sahəsi 0,12 ha olan 3829 saylı bağ sahəsinin iddiaçıya Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı əsasında ayrılması təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı və 14 saylı BTK-nın siyahısı tələb edilərək təhqiq edilmiş və müəyyən edilmişdir ki, həmin BTK üzrə İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmış, 14 nömrəli BTK-nın üzvlərinin siyahısında 20-ci sırada İddiaçı adı var. Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarı ilə İddiaçı 14 nömrəli BTK nəzdində 0,12 ha sahəli 3829 nömrəli bağ sahəsinin ayrılması barədə 20 yanvar 1989-cu il tarixli order verilmişdir. Həmin orderin verilməsinə əsas iddiaçının Əfqanistan müharibəsi iştirakçısı olması olmuş, həmin fakt Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin arayışı ilə təsdiq olunmuşdur ki, Veteran vəsiqəsinin nömrəsi A458433 olmaqla 1956-cı il təvəllüdlü istefada olan baş leytenant Bağırov X5 müharibəsi veteranıdır. O cümlədən birinci instansiya məhkəməsinin mübahisə edilən qərarı ilə tamamilə əsaslı olaraq müəyyən edilmişdir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Cavabdehin idarənin arxiv məlumatlarına əsasən iddiaçıya BTK nəzdində eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrıldığına dair istinad etdiyi dəlilə gəldikdə isə hesab edir ki, birinci instansiya məhkəməsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, X7 ilə iddiaçının aralarında sahəsi 0,12 ha olan 4226a saylı bağ sahəsinin ayrılmasına dair 36168 saylı müqavilə tərtib edilmiş olsa da, iddiaçı həmin müqaviləni imzalamamış və məhkəməyə təqdim edilmiş həmin müqavilədə iddiaçının adı və soyadı yazılmış qrafada iddiaçının imzası müəyyən edilməmişdir. Bu əsasla da hesab edir ki, cavabdehin apellyasiya şikayətində BTK iddiaçıya eyni qərar əsasında başqa nömrə ilə torpaq sahəsi ayrılmasını əsas göstərməsi, istifadəsində bağa dair hüquqların müəyyən edilməsinə dair dəllilər həqiqətə uyğun olmaması öz təsdiqini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsinin inzibati və maddi hüquq normalarının tələbləri əsas götürülməklə çıxarılmış qərarı əsaslı və qanuni hesab edilməli, həmin qərardan verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 nömrəli qərarının və həmin qərara əlavə olan Ləhiş bağ massivində 14 №-li bağ-tikinti kooperativinin üzvlərinin siyahısının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ləhiş bağ massivində 14 saylı BTK-nın nəzdində torpaq sahəsi ayrılmışdır və həmin qərara əlavəyə əsasən 14 №-li bağ-tikinti kooperativinin üzvlərinin siyahısında 20-ci sırada İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X8 bağlar sahəsindəki 14 nömrəli kooperativin 6 saylı xx.xx.1989-cu il tarixli orderinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 9/512 saylı qərarına əsasən Ləhiş bağ massivində 14 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3829 nömrəli bağ ayrılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin qeyrimötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 9/512 nömrəli qərarına və Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X8 bağlar sahəsindəki 14 nömrəli kooperativin 6 saylı xx.xx.1989-cu il tarixli orderinə əsasən İddiaçı Ləhiş bağlar sahəsində 14 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3829 nömrəli bağ ayrılmışdır. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh idarənin arxivində orderin nüsxəsinin aşkar edilmədiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəməyə kollegiyası qeyd edir ki, bu, imtina üçün əsas hesab edilmir. Belə ki, sənədlərin arxivə verilməsi və arxivdə saxlanılması hallarına görə iddiaçı cavabdehlik daşımır. Bu, inzibati orqanların vəzifələrinə aiddir. Bundan başqa, orderin verilməsinə əsas olan qərarın arxiv çıxarışı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmişdir. İddiaçıda orderin əsli vardır və məhkəməyə təqdim edilmişdir, hazırda da iddiaçı qeyd olunan qərara və orderə əsasən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Bundan başqa, qeyd olunan bağ tikinti kooperativinin üzvlərinin siyahısı arxivdə də saxlanılır, həmin siyahının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir və həmin siyahıda 20-ci sırada iddiaçının adı qeyd olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə (baxış) aktına əsasən iddiaçıya məxsus Ləhiş bağ massivində yerləşən 3829 saylı bağ sahəsinə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, torpaq sahəsinin sənəd üzrə 1200 kv.m olması müəyyən edilmişdir. Həmin aktda 1164 kv.m torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması müəyyən edilərək həmin torpaq sahəsinin koordinatları da göstərilmişdir. İddia ərizəsindən və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, hazırda iddiaçı məhz həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarışın verilməsini xahiş edir. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar və order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sərəncam və orderə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Bundan başqa, cavabdeh iddiaçıya eyni BTK nəzdində eyni qərar əsasında başqa nömrəli - 4226a nömrəli torpaq sahəsinin ayrıldığını bildirsə də, iş materiallarında olan X2 və İstismarı Birliyinin “Ləhiş ərazisindəki 4226a nömrəli bağın istifadəyə verilməsi haqqında” 36168 nömrəli, 21 oktyabr 2005-ci il tarixli müqaviləsinin surətindən görünür ki, X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 22 nömrəli protokoluna əsasən Ləhiş ərazisində sahəsi 0.12 ha olan 4226a saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir, lakin Müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Belə olan halda həmin başqa bağ sahəsinin hansı əsaslarla iddiaçıya ayrılması öz təsdiqini tapmır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə imtina məktubunun dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1164 kv.m olduğu üçün və iddia tələbində də torpağın sahəsi 1164 kv.m göstərildiyi üçün birinci instansiya məhkəməsinin qərarı, həmin qərarın «qərara aldı» hissəsində torpağın sahəsi «0,12 ha» əvəzinə «1164,0 kv.m» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6489/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı, həmin qərarın «qərara aldı» hissəsində torpağın sahəsi «0,12 ha» əvəzinə «1164,0 kv.m» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar