Məhkəmə qərarları › İş №2-1(103)-537/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-537/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-537/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, ona təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi ondan tutulmuş pul məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilmiş və iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi iddiaçıdan tutulmuş pul məbləğinin İddiaçı qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh və iddiaçı apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Cavabdehin apelyasiya şikayəti : Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5. 9.5 və 20.14- cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən yuxarıda göstərilən əlavələrin, həmçinin hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən əlavənir iddiaçıya münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Eyni zamanda iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 5 may 2011-ci il tarixindən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 8 may 2007-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 857,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə-257.10 manat və mükafatlara görə əlavə 63,94 manat olmaqla orta aylıq əmək haqqı 1178.04 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasə iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək faizi-942.43 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 969.83 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 845,86 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 993.60 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə-298.08 manat və mükafatlara görə əlavə 74,13 manat olmaqla orta aylıq əmək haqq təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1365,81 manat) 80 faizi-1092,65 manat məbləğində müəyyən edilmişdir. Lakin ona 2013-cü ilin dekabr ayında 1124.42 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə ona 31,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşı 1159.20 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə- 347.76 manat və mükafatlara görə əlavə 86,48 manat olmaqla orta aylığ əmək haqqı 1593,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının "Məhkəmələr və hakimlər haqqında’’ Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvəaə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi haqqınızın (1593,44 manat) 80 faizi-1274,75 manat məbləğində xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1311,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1916,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşınız 1277,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə-383,10 manat və mükafatlara görə əlavə 95,27 manat olmaqla orta aylıq əmək haqqı 1755,37 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə ü£rə orta aylıq əmək haqqının (1755,37 manat) 80 faizı-1404,30 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1442,76 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 615,36 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1386,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə-415,80 manat və mükafatlara görə əlavə 103,40 manat olmaqla orta aylıq ənək haqqının 1905.20 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1905,20 manat) 80 faizi-1524,16 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1568.49 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində oha 620,62 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Xalıq Ələkbərova xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir, yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmamışdır Əlavə olaraq bildirilmişdir ki, Bakı inzibati Məhkəməsinin hazırkı iş üzrə təmin olunan hissəsində tələb olunan 4029,81 manat pul məbləğinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Lakin inzibati icraat materiallarından da göründüyü kimi, tələb olunan məbləğlə bağlı iddiaçının pensiyasından heç bir tutulma aparılmamışdır. İddiaçının apelyasiya şikayəti : Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 may 2008-ci il tarixli 8- 3/08 saylı sorğusu üzrə konstitusiya işinə baxaraq, Konstitusiya Məhkəməsi Plenumu 18 iyul 2008-ci il tarixində qərar qəbul etmişdir. Həmin Konstitusiya Məhkəməsi Plenumunun qərarı sabiq hakim kimi ona aiddir. Məhkəmə Kollegiyasından əmək pensiyamın yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı, nəzərə alınması barədə qərar çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu, ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın qismən təmin edilməsi ilə yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın qismən təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. İddiaçının ilk tələbinə və apelyasiya şikayətinə münasibət : Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin həqiqi hallarına əsasən, iddiaçı X4 xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilədək Sumqayıt şəhər xalq məhkəməsinin xalq hakimi vəzifəsində işləmişdir. İddiaçıya xx.xx.2011-ci tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2000-ci ilədək hakim vəzifəsində işləmişdir. Hazırkı ilkin tələbi isə hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 106-cı maddəsinin 1-ci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddəsinin 2-ci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 106-cı maddəsinin 3-cü hissəsinə əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 107-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. 109-cu maddəsinin 5-ci hissəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. xx.xx.2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinə əsasən 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilmişdir: "Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir». Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. Daha sonra isə 12 iyul 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü hissəsinə əsasən 106-cı maddə üzrə üçüncü hissə aşağıdakı redaksiyada verilmişdir: “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.”. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. xx.xx.2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin hissədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri 16 fevral 2001-ci il tarixli “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən əlavə edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 27 avqust tarixli 142 nömrəli qərarı ilə «Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası» təsdiq edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının “hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” ilə bağlı tələbində göstərilən hallar iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilikdə deyil, qanunvericiliyə olunan növbəti dəyişlik və əlavələrdə öz əksini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd edilən Plenum qərarına istinad edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi təminatların işlədiyi dövrdə almadığı üçün həmin təminatlar iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz” . İddiaçının ikinci tələbinə və cavabdehin apelyasiya şikayətinə münasibət : İddiaçının ikinci tələbi - ona təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi ondan tutulmuş pul məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Qeyd edilən tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, cavabdeh tərəf isə məhkəmənin qərarı ilə razı olmayaraq iddiaçıya artıq pensiya ödənildiyini, bu səbəbdəndə pensiyasının yenidən hesablandığını, həmçinin iddiaçıdan hər hansı pul məbləğinin tutulmadığını apelyasiya şikayətində qeyd etmişdir. Məhkəmə Kollegiyası ilk öncə cavabdehin iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılaraq yenidən hesablanması ilə bağlı qərarına münasibətdə qeyd edir : İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. İşdən göründüyü kimi cavabdehə pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. İş materiallarından iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən aparılan inzibati icraata iddiaçının cəlb olunması, bu barədə ona məlumat verilməsi və s. bu kimi halların baş verməsi müəyyən edilmir. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Kollegiya qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə haqlı olaraq «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarın ləğv edilməli və iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi iddiaçıdan tutulmuş pul məbləğinin İddiaçı qaytarılmasının cavabdehə həvalə edilməli olması qənaətinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin norma aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirilir. Kollegiya bildirir ki, iddiaçıya xx.xx.2011-ci tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir və bugünədək ödənilir. Daha sonra iddiaçıya pensiya məbləğinin düzgün hesablanmadığı qeyd olunmaqla pensiya məbləği azaldılmış və artıq ödənildiyi qeyd olunan vəsait iddiaçıdan tutulmuşdur. Lakin bu zaman cavabdeh tərəfindən inzibati icraat tam aparılmamış, iddiaçıya bu barədə məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və münasibəti aydınlaşdırılmamışdır. İş materiallarında olan iddiaçı X2 məxsus pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarından görünür ki, iddiaçı X2 təyin edilmiş hazırki pensiya məbləği 1568,49 manat, yenidən hesablanmış pensiya məbləği isə 1524,16 manat təşkil edir. İddiaçıya pensiya təyin olunduğu xx.xx.2011-ci ildən yenidən hesablamanın aparıldığı xx.xx.2020-ci ilədək dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi qeyd olunur. Lakin pensiya məbləğinin yenidən hesablanma nəticəsində azaldılması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildir və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi səbəbindən etimad hüququ qorunduğu müddətdə cavabdeh tərəfindən iddiaçının məlumatı və razılığı olmadan və heç bir əsaslandırma olmadan pensiya məbləğini azaltması və geri tələb etməsi əsassız hesab olunur. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Cavabdeh tərəf apelyasiya şikayətində iddiaçıdan tələb olunan məbləğlə bağlı pensiyasından tutulmanın olmadığını bildirsə də, bununla bağlı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının və cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının və cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2022 saylı saylı, xx.xx.2022-ci il tarixli tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar