Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-537/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: «Azərbaycan Respublikası Dövlət Neft Şirkəti») “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6819/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1998-ci ildən fasiləsiz olaraq istifadəsində olan, “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının protokoluna, bağçının üzvlük kitabçasına, bağ sahəsinin planına və “Azərelektroterm” EİB BakETAZ üzrə yoldaşlı-bağçılıq üzvlər arasında olmuş bölgü sxeminə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.m sahəsi olan, Z-77 nömrəli bağ sahəsinin və üzərində inşa edilmiş köməkçi tikilinin, bağ evinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…Azərelektroterm EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının Protokoluna əsasən İddiaçı “Azərelektroterm” bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu Hövsan bağ massivi ünvanında yerləşən Z-77 nömrəli bağ sahəsi bütün tikintilərilə birlikdə ona verilməsinə razılıq verilmişdir. İddiaçıya “Azərelektroterm” EİB Bağçılıq cəmiyyətinə üzv qəbul ediləndən dərhal sonra, 500 kv.m sahəsi olan, Z-77 nömrəli bağa aid Bağçının üzvlük kitabçası təqdim edilmişdir. Həmin Bağçının üzvlük kitabçasını alandan sonra üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, üzvlük haqqını vaxtı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. Təsdiqlənərək ona təqdim edilmiş: “Azərelektroterm”EİB BakETAZ bağçılıq yoldaşlığının üzvlərinin Siyahısının 5-ci səhifəsində 150 nömrəli sırada onun adı və bağsahəsi var.Bağ sahəsinin planında bağın sahibi olaraq onun adı qeyd edilmiş, üzvlər arasında bölgü sxemində Z-77 nömrəli sahə ona ayrılmışdır.Təqdim edilmiş arayışa əsasən həqiqətən “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının üzvüdür. 1998-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.m sahəsi olan, Z-77 nömrəli bağ sahəsini fasiləsiz olaraq istifadə edir. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 2.Z-77 nömrəli bağ sahəsində, torpaq sahəsində 2 otaqlı bağ evi və köməkçi tikililər inşa edilmiş, evdə yaşayış var, qaz, su, işıq sayğacları var. 1998-ci ildən fasiləsiz olaraq istifadəsində olan bağ sahəsindəki torpaq sahəsində inşa edilmiş köməkçi tikiliyə, bağ evinə və evinin yerləşdiyi torpaq sahəsinə reyesterdən çıxarışın və texniki pasportun verilməsi üçün ərizə ilə cavabdeh idarəyə ərizə ilə müraciətlər etmiş, lakin sonuncu tərəfindən **********27 nömrəli, xx.xx.2018-ci il tarixli, 3-213300/2-A05xx-xx/2023, **********65 nömrəli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, **********86 nömrəli imtina məktubları göndərilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, bağçılıq yoldaşının təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxivində olan “Azərelektroterm“ bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş bağın nömrəsi və sahəsi göstərilməmişdir. Bundan əlavə, bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Üçüncü şəxs də həmçinin iddia ərizəsinə dair etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sənədlərdə qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X2 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Əlavədə xəritədən çıxarış təqdim olunur… Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6819/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının Protokoluna əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.m sahəsi olan Z-77 nömrəli bağ sahəsinin və üzərində inşa edilmiş bağ evinin və köməkçi tikilinin dövlət qeydiyyatına alınaraq İddiaçı mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Həmin qərar əsassız və qanunsuzdur. Belə ki, işə baxan məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. Halbuki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cü maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan RespublikasıPrezidentinin 176 nömrəli xx.xx.1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu səbəbdən yuxarıda göstərilən torpaq sahəsinə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarımövcud olduğu halda həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “torpaq sahəsinin Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahlərinin daxilində yerləşməsinə dair üçüncü şəxsin və cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olsa da, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir”. Məhkəmənin göstərilən mövqeyi əsassızdır. Belə ki, mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanımühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İş materiallarından görünür ki, işə baxan məhkəmə tərəfindən zəruri olaraq cəlbetməyə dair qərardad qəbul edilmiş, lakin, birinci instansiya məhkəməsi tərəfindən zəruri olaraq üçüncü şəxs Dövlət Neft Şirkətinin cəlb edilməsinə dair qərardad qəbul edilsə də, bu formal xarakter daşımış, faktiki olaraq üçüncü şəxsin məhkəmədə iddiaya münasibəti nəzərə alınmamışdır. Belə ki, təqdim edilən sənədlərdə qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq "xxxx" Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Xəritədən çıxarışlar tərəfimizdən birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən AR İPM-nin 28-ci maddəsinin tələbləri pozulmuşdur…» Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məsələnin həllini məhkəmənin səlahiyyətlərinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarından cavabdeh apellyasiya şikayəti verməmiş, qərardan narazı qalıb ondan şikayət verən üçüncü şəxs Dövlət Neft Şirkətidir. İPM-in qeyd olunan 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollejgiyası hesab edir ki,, işə üçüncü şəxsin apellyasiya şikayəti həddində baxılmalıdır. Üçüncü şəxsin iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin dəlillərindən mübahisələndirilən məsələ isə təqdim edilən sənədlərdə qeyd edilən koordinatlarda yerləşən iddiaçıya məxsus torpaq sahəsi 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının (X2 Limited” Əməliyyat Şirkətinin) vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə üçüncü şəxsin qeyd olunan dəlilləri mübahisəli bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun qeyd alınmasını məhdudlaşdıra bilməz. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü...; İş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli bağ sahəsinin iddiaçının mülkiyyət hüququn rəsmiləşdirilməsinə əsas olan sənədlər mövcuddur. Belə ki, «Azərelektroterm» EİB bağçılıq yoldaşlığın idarə heyətinin xx.xx.1998-cı il tarixli iclasının protokolu ilə qərara alınmışdır ki, İddiaçı bağçılıq yoldaşlığa üzv qəbul edilsin, Z- 77 nömrəli bağ sahəsi bütün tikintililəri ilə birlikdə ona verilməsinə razılıq verilsin, Həsənov T.Ç. bağçılıq yoldaşlığı üzvlüyündən azad edilsin. Eyni zamanda, həmin Birliyinin bağçılıq yoldaşlıq cəmiyyətinin İddiaçı adına olan üzvlük kitabçasından, eləcə də həmin Birliyinin həmkarlar Komitəsinin arayışından görünür ki, xx.xx.1998-cı il tarixli protokoluna əsasən ona bağçılıq cəmiyyəti tərəfindən sahəsi 500 kv.m olan Z77 nömrəli bağ sahəsi ona daimi istifadə etməsi üçün verilmiş, üzvlük borcu yoxdur. Eyni zamanda, «Azərelektroterm» EİB BakETAZ üzrə bağçılıq-yoldaşlıq üzvlərinin siyahısından görünür ki, iddiaçının adı siyahıda 150-ci olmaqla Z 77 sahəsinin ona təhkim olunduğu təsbit edilmişdir. Eyni zamanda, «Bağ sahəsinin planı»ndan görünür ki, iddiaçıya ayrılmış Z 77 bağ sahəsi 20mx25 m ölçülərində olmaqla 70, 71 və 78 saylı bağ sahələri ilə qonşudur. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatların qeyd olunmuş sxemi, «Ortofoto» görüntüsü təqdim edilmişdir. Tədqiq olunan sənədlərdən göründüyü kimi, mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasını zəruri edən, Qanunun qeyd olunan 8.0.7-ci və 10.2-ci maddəsində nəzərdə tutulan, əsaslar mövcuddur. Üçüncü şəxsin, mübahisəli torpaq sahəsinin dövlət kadastr məlumatlarına əsasən neft şirkətinin ərazisi olduğunu mübahisələndirməsinə gəldikdə, iş materialları üzrə cavabdehin xx.xx.2024-cü il məktubları ilə məhkəməyə təqditm olunmuş «Ortofoto» görüntüyə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus bağ sahəsi «Azərelektroterm» EİB-yə ayrılan bağ massivinin sərhədləri daxilində yerləşir və bütövlükdə sözügedən massiv bağ sahələrindən ibarətdir. Yəni, boş sahə müəyyən olunmur, hər tərəf bağ sahələridir. Cavabdehin xx.xx.2024-cü il tarixli digər bir məktubu ilə məhkəməyə təqdim olunmuş arxiv sənədlərə əsasən isə müəyyən olunur ki, iddiaçının bağ sahəsinin qonşuluğunda olan digər şəxslərin bağ sahələrinə mülkiyyət hüquqları qeydə alınıb reyestrdən çıxarışlar verilmişdir (Həmin bağlar ortofotoda qırmızı rəngdə haşiyələnmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Konkret halda da iddiaçının mübahisəli torpaq sahsinə dair tam «dosye» hüquqmüəyyənedici sənədləri mövcuddur. Beləliklə də, qeyd olunanlar birmənalı şəkildə üçüncü şəxs, elektron kadastr məlumatlarına əsasən neft torpağı olduğuna istinadən, 26 ildən də artıq mübahisəli bağdan istifadə edən iddiaçıya, həmin bağ sahəsinin öz adına mülkiyyət hüququ ilə qeydə alınmasına maneçilik törətməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Odur ki, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6819/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6819/2024 saylı xx.xx.2024-cü il tarixli il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-537/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-537/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver