Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-538/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4330/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli İQ-48/1 nömrəli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ümumi təhlükəsizliyin olmadığı şəraitdə dini etiqadına və qızı parlament seçkilərində namizədliyini irəli sürdüyü üçün təqib riski altında olduğundan ölkəsinə geri qayıtmaq istəmir. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının müəyyən sosial qrupa mənsubiyyətinə (qadın olması faktına görə) görə təqib edilməsi riskidir. DMX iddia üçün əsas ola bilən aşağıdakı elementləri müəyyən etməyib: iddiaçının qadın olması; Əfqanıstanda ümumi təhlükəsizliyin olmaması; iddiaçının etnik mənsubiyyəti; qızının ictimai-siyasi fəaliyyətlə məşqul olduğuna görə təqib edilməsi; Taliban tərəfindən ona və ailə üzvlərinə edilən təhdidlər. Mənşə Ölkəsi barədə ictimaiyyətə açıq olan məlumatlara əsasən 2001-ci ildən bəri Əfqanıstanda ictimai sahələrdə çalışan qadınların təhdid edilməsi, qorxudulması və zorakı hücumlara məruz qalması davam edir. Onlar anti-hökumət elementləri tərəfindən hədəfə alınırlar, ənənəvi yerli liderlərin və nüfuz sahiblərinin, icma üzvlərinin və hökumət orqanlarının hücumlarının hədəfinə çevrilirlər. İctimai həyatda iştirak etməyə çalışan qadınlar çox vaxt sosial normaları pozanlar hesab olunur, “mənəviyyatsız” şəxslər kimi ittiham edilir, qorxudulur, təqiblərə və ya zorakılıqlara məruz qalır, o cümlədən qətlə yetirilirlər. Hüquq müdafiə fəallarının məlumatlarına əsasən bir çox hallarda hüquq-mühafizə orqanları ictimai sahələrdə çalışan qadınlara qarşı təqib və hücum hallarının cəzasız qalması ilə mübarizə aparmırlar. Həmçinin, ərizəçi və ailə üzvləri etnik mənsubiyyətinə görə həzaradır. Bu fakt DMX tərəfindən təhlil olunmayıb, qərarda əks olunmayıb. Həzaralarla əlaqədar vəziyyət aşağıdakı kimidir: “Həzaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşdiyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Həzaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir”. Göstərilənlərdən hasil olan nəticələrə görə, iddiaçı öz ölkəsinin himayəsindən məhrumdur və onun ölkədaxili alternativ yerdəyişmə imkanları mövcud deyil. Odur ki, iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İşə apellyasiya qaydasında baxılarkən iddiaaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı iddiaçı Əfqanıstanın Sar-e-Pol vilayətinin Bəlxab ulusvaliliyinin Cey kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, heç bir təhsilinin olmadığını, 17 yaşında Abdul Ghaffari adlı şəxslə ailə qurduğunu, 20 yaşı olanda həm əri, həm də ailəsilə birlikdə İranın Məşhəd şəhərinə köçdüklərini, orada 2 il evdə xalça toxumağı öyrəndiyini, 20 il Məşhəd şəhərində yaşadıqdan sonra Əfqanıstana qayıtdıqlarını, ərinin İranda yaşadıqları müddət ərzində Məşhəd şəhərində tikintidə fəhlə işlədiyini, 23 il əvvəl vəfat etdiyini, ona görə də Əfqanıstana qayıtdığını, evdə müəllimlik edərək qızlara kulinariya və xalçaçılıqdan dərs dediyini qeyd etmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi özünün ailədə ən böyük uşaq olduğunu, 5 bacısı, 4 qardaşının olduğunu, 3 bacısı və 3 qardaşının İranın Məşhəd şəhərində, 2 bacısı və 1 qardaşının isə Əfqanıstanda yaşadıqlarını, 6 qızının olduğunu, qızlarından birinin Əfqanıstanın Bəlx şəhərində, birinin Kabil şəhərində, dördünün Bakı şəhərində (iki qızı ailəsi ilə birlikdə) yaşadığını bildirmişdir. İddaçının ölkəsini tərk etməsinin və qaçqın statusu almaq üçün müraciət etməsinin səbəbini qızı Sakinanın Əfqanıstanda 2010-cu il keçirilmiş parlament seçkilərində Sar-e- Pol vilayətindən namizədliyini irəli sürməsi və bu səbəbdən taliblər tərəfindən təhdid edilməsi ilə əlaqələndirmişdir. İddiaçı həmçinin 2018-ci ildə keçirilmiş parlament seçkilərində də qızının təkrar Sar-e-Pol vilayətindən deputatlığa namizədliyini irəli sürdüyünü, taliblər tərəfindən seçki kampaniyası zamanı toplanan imza vərəqələrinin ələ keçirildiyini, bu səbəbdən seçkidə iştirak edə bilmədiyini və bu fəaliyyətinə görə qızının taliblər tərəfindən təhdid edildiyini qeyd etmişdir. İddiaçının gələcəkdə özünün və qızlarının həyatı üçün yarana biləcək təhlükədən qurtulmaq məqsədilə xx.xx.2019-cu il tarixdə Əfqanıstanı tərk etdiyini, Özbəkistanın Daşkənd şəhərindən keçməklə xx.xx.2019-cu il tarixində işgüzar viza əsasında 4 qızı, 2 kürəkəni, 5 nəvəsi ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən mənşə ölkəsində yaşadığı müddət ərzində şəxsən heç bir təhdid və təqibə məruz qalmadığı, ölkəsini yalnız qızı Sakina Ghaffari təhdid edildiyi üçün onu müşayiət etmək məqsədilə tərk etdiyi müəyyən edilmişdir. İddiaçının müsahibə zamanı dediklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli İQ-48/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə görə, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. Vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini və ölkəsini tərk etməyə məcbur qalmasını qızının parlament seçkilərinə qatılması və bu səbəbdən taliblər tərəfindən təqibə, həmçinin həzara olduğu üçün etnik və dini ayrıseçkiliyə məruz qalması ilə əlaqələndirən iddiaçının müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır, ölkəsində həzaralarla bağlı dini və etnik dözümsüzlüyün hökm sürməsi ehtimalı isə ona qarşı da belə bir münasibətin nəticəsi kimi əsaslandırılmış təqib qorxusunun mövcudluğuna dəlalət etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4330/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-538/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-538/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver