Məhkəmə qərarları › İş №2-1(103)-538/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-538/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-538/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X10 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4396/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanları məhdud olan övladları X4 anadan olduğu müddətdən 18 yaşadək qulluq edilən müddətin sığorta stajı kimi tanınması, Vəlizadə (Qəribli) Leyla Vahid qızına İ qrup əlillik təyin edilən müddətdən pensiya yaşının tamam olan müddətə kimi 3 il 3 ay qəyyumluq stajının ona aid edilməsi və bunun sığorta stajı kimi tanınıb xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq imkanı məhdud olan xx.xx.1986-cı il təvəllüdlü, hazırda İİ dərəcə əlilliyə görə müavinət alan X7 və xx.xx.1993cü il təvəllüdlü, hazırda İ dərəcə əlilliyə görə pensiya alan Vəlizadə (Qəribli) Leyla Vahid qızı adlı övladları vardır. 01 fevral 2021-ci ildə iddiaçının 57 yaşının tamam olduğunu nəzərə alaraq güzəştli şərtlər daxilində pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə müraciət edərək tələb olunan müvafiq sənədlərin surətlərini, o cümlədən Sabunçu 3 saylı TSEK-nin arayışlarını ərizə ilə birlikdə təqdim etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının övladlarına qulluq eldiyi müddət də daxil olmaqla sığorta stajının 10 il 2 ay, tələb olunan müddətdən (25 ildən) az olduğu, iddiaçının pensiya kapitalıın isə cəmi 4149,20 manat, yəni tələb olunan 28.800,00 manat məbləğdən az olduğu əsas gətirilərək minimum 200 manat pensiya təminatına imkan verilmədiyi qeyd edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Belə ki, iddiaçının qızı Səbinə Qəribova uşaqlıqdan həkim qeydiyyatında olmuşdur. Ona uşaqlıqdan «debillik» əqli gerilik (oliqofreniya) diaqnozu qoyulmuşdur. Bu xəstəlik uşaqlarda anadangəlmə olur. İddiaçının qızı Səbinə Qəribova məktəb yaşı çatanda Bakı şəhəri 268 saylı orta məktəbdəki sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi komissiyanın təyinatına əsasən əvvəlcə S.Qəribovanı Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin köməkçi sinfinə, sonra isə Sabunçu rayonu 170 saylı orta məktəbin köməkçi sinfinə təyin etmişlər, 2-ci sinifdən sonra isə iddiaçının qızı evdə təhsil almışdır. 2001-ci ildə iddiaçının qızının 15 yaşı tamam olmuşdur və ona İİ qrup əlillik təyin edilmişdir. Həmin vaxta kimi isə iddiaçı hər ay müavinət almışıdır. Əvvəlki illərdə iddiaçıya hər ay 30 manat, sonrakı illərdə isə 50-60 manat müavinət verilirdi. 18 yaşı tamam olanda isə Səbinəyə əlillik arayışını müddətsiz vermişlər. Arayışların hamısında əliliyin səbəbi qrafasında - uşaqlıqdan sözləri qeyd edilmişdir. İddiaçının kiçik qızı Leyla da eyni ilə uşaqlıqdan həkim qeydiyyatında olmuş, eyni diaqnozla müalicə edilmiş, 170 saylı məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş sinifdə bir neçə il təhsil almış və sonradan təhsili ev şəraitinə keçirilmişdir. İddiaçının kiçik qızı Leylanın 15 yaşına qədər hər ay iddiaçı dövlətdən müavinət almışdır. 2008-ci ildə 15 yaşı tamam olanda isə iddiaçının qızı Leylaya İİ qrup əlillik, xx.xx.2017-ci ildə isə İ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin vaxt rayon qeydiyyatında olduğundan iddiaçını qəyyum kimi qəbul etməmişlər. Qəyyum kimi iddiaçını deyil, onu – yəni iddiaçının həyat yoldaşını seçmişlər. O, həmin müddətdə və hazırda işləyir, xəstəyə iddiaçı özü qulluq etmişdir. Qeyd edilən tarixdən iddiaçının pensiyaya çıxmaq hüququ yaranan xx.xx.2021-ci tarixədək olan 3 il 3 aylıq müddət üzrə qəyyumluq stajı iddiaçıya aid edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2 və 21.2.4-cü maddələrinin məzmunundan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi olaraq cavabdehə müraciət edərək sağlamlıq imkanları məhdud övladlarına qulluq eldiyi müddətin sığorta stajı hesab edilməsi ilə bağlı aktın verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı eyni məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə nümayəndəliyinə müraciət etmişdir. İddiaçının həmin kənddə şəxsi evi vardır və iddiaçı 2021-ci il tarixədək həmin ünvanda pasport qeydiyyatında olmuşdur. İddiaçının qızı Səbinə məktəbə gedənə qədər, yəni 1994-cü ilədək iddiaçı kənddə yaşamışdır. Mirzəbəyli kəndi üzrə nümayəndəliyin arayışına əsasən iddiaçının sağlamlıq imkanı məhdud olan qızı Səbinə Qəribova iddiaçı tərəfindən 8 yaşınadək tərbiyə edilmişdir. 1994-cü ildə isə iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Psixoloji-Tibbi- Pedaqoji Komissiyasına müraciət etmişdir. Belə ki, iddiaçının qızını adi məktəbə qəbul etməmişlər, İddiaçıya qeyd edilən komissiyaya müraciət edib 27 saylı forma göndərişi almaq lazım olduğunu bildirmiş, göndərişi almaq üçün isə iddiaçıdan qızının xəstəliyini təsdiq edən müvafiq sənədlər, arayışlar tələb etmişlər. İddiaçı həmin sənədləri təqdim etdikdən sonra iddiaçıya Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərən 53 saylı məktəbə göndəriş vermişlər. Lakin həmin məktəbdə iddiaçının qızı cəmi dörd ay təhsil almışdır. İddiaçı Sabunçu rayonuna köçdüyündən yenidən qeyd edilən komissiyaya müraciət etmişdir. Yenə də iddiaçıdan qızının xəstəliyini təsdiq edən sənədləri tələb etmişlər və iddiaçıya Sabunçu rayonunda fəaliyyət göstərən 170 saylı orta məktəbə göndəriş vermişlər. Cəmi bir il iddiaçının qızı məktəbə getmiş, sonra isə təhsilini Tibbi Komissiyanın rəyinə əsasən ev şəraitində almışdır. İddiaçının qızının 9-cu sinfi bitirmək barədə şəhadədnaməsi vardır. Beləliklə, Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə Nümayəndəliyinin arayışı ilə təsdiq olunarsa iddiaçının qızı Səbinə Qəribovaya etdiyi qulluq müddəti: anadan olduğu müddətdən 8 yaşadək olan müddət, 2 saylı PsixolojiTibbi-Pedaqoji Komissiyasının 27 saylı rəyləri, Bakı şəhəri 170 saylı orta məktəbin İX (köməkçi) sinfini bitirməsi barədə şəhadətnamə və 2001-ci ildən Sabunçu rayonu 3 saylı TSEK-nin arayışları ilə təsdiq olunarsa 1994-cü ildən 2004-cü illərdə köməkçi məktəbdə təhsil aldığı müddət iddiaçının stajına aid edilməlidir. İddiaçının qızı Leyla (Qəribli) Vəlizadəyə xx.xx.2017-ci il tarixdə İ qrup əlillik təyin edilmiş, həmin dövrdə iddiaçı rayon qeydiyyatında olduğundan qəyyum kimi əri olaraq onu qeyd etmişlər. Lakin xəstəyə iddiaçı qulluq etmişdir, qəyyumluq stajı iddiaçıya aid edilməlidir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilə kimi 3 il 3 ay staj hesablanarsa və əmək kitabçasına əsasən xx.xx.2006cı il tarixədək 5 il 3 ay stajının olduğu nəzərə alınarsa iddiaçının stajı 26 il 6 ay edir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı övladı sağlamlıq imkanları məhdud olan X4 1986-cı il tarixdən və İ dərəcə əlilliyi olan X8 2017-ci il tarixdən qulluq etdiyini iddia edir. İddiaçı övladları X4 18 yaşınadək (1986-2004) və X8 2017-ci il tarixdən 2021-ci il tarixədək qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunan, İ dərəcə əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövrlər ümumilikdə 25 ildən az olduğundan yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsindən də göründüyü kimi, qeyd olunan dövrlər yalnız şəxsin İ dərəcə əlilliyi olduqda və ya 18 yaşınadək uşaq sağlamlıq imkanları məhdud olduqda sosial sığorta stajına daxil edilə bilər. Sabunçu Rayon Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən arayışlar əsasında isə X5 İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, S.Qəribovaya münasibətdə qeyd olunan tələblərdən heçbiri ödənilmir. Belə olan halda iddiaçının 1986-cı il tarixdən 2004-cü il tarixədək (18 yaşadək) İİ dərəcə əlilliyi olan övladına qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4396/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1985-ci ildə Azərbaycan SSR Qutqaşen MİB.V.İ. Lenin adına Meyvə Sovxozu 2 nömrəli briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Klaypeda tara zavodu “Proqress” 28 nömrəli uşaq bağçasına yardımçı işçi kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə öz istəyi ilə işdən azad olunmuş (8 yaşına çatana qədər uşağa qulluq səbəbilə), xx.xx.1988-ci ildə “Zapremrıbflot GTB.Qərb gəmi təmiri zavodu. Lit. SSR, Klaypeda ş. 35 nömrəli uşaq bağçası-körpələr evinə sanitardayə işinə qəbul olunmuş (əsas işçinin dekret məzuniyyəti müddətinə), xx.xx.1989-cu ildə 35 nömrəli uşaq bağçası-körpələr evinə daimi əsaslı tərbiyəçi köməkçisi keçirilmiş, xx.xx.1990-cı ildə öz istəyi ilə işdən azad olunmuşdur (digər şəhərə köçmə səbəbilə). AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə mahiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 23 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvalıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən övladlarınıza qulluq illəriniz də daxil olmaqla Sizin ümumi sığorta stajınız 10 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 4 il 11 ay sığorta stajınıza əsasən 3.746,84 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 402,36 manat olmaqla, ümumilikdə 4.149,20 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Sabunçu rayon filialına müraciət etməyiniz tövsiyə olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən sığorta stajınız 5 il 3 ay 27 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək (3 il 11 ay 27 gün) sığorta stajına uyğun 2.287,93 manat, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 402,36 manat olmaqla, ümumilikdə 2.690,29 manat təşkil edir ki, bu məbləğ əmək pensiyası hüququnuz yaranan tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmas, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu maddəsinə əsasən İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qeyd olunanlara uyğun olaraq bildiririk ki, sözügedən aktı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra Sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixində daxil olmuş **********2 nömrəli xidməti məktuba Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1985-xx.xx.1985-ci illər, xx.xx.1986-xx.xx.1987-ci illər, xx.xx.1988-xx.xx.1990-cı illər üzrə əmək fəaliyyəti dövrünə əsasən sosial sığorta stajı 3 il 11 ay 27 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə müvafiq olaraq bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Bildiririk ki, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışlarına əsasən xx.xx.2004xx.xx.2005-ci illər, xx.xx.2008-xx.xx.2010-cu illər (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü), xx.xx.2017-xx.xx.2022-ci illər (İ dərəcə əlilliyi olan şəxsə qulluq etdiyi dövr) üzrə sosial sığorta stajı 7 il 5 ay 11 gün təşkil edir. Vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən övladına qulluq etdiyi dövr daxil olmaqla ümumi sığorta stajı 11 il 5 ay 8 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhər sakini X2 əlillik vəziyyəti barədə 15 mart 2022-ci il tarixli, 2-1(112)- 4396/2022 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, Səbinə Qəribovanın əlillik vəziyyəti xx.xx.2006-cı ildə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə (Diaqnoz:kəskin debillik dərəcəsində oliqofreniya) əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sonrakı dövrdə şəxsin digər diaqnoz ilə əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi məqsədilə 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021ci il tarixli, 2712003AAD3S nömrəli göndəriş (Əsas diaqnoz: proqressivləşən əzələ distrofiyası. Süst tetraplegiya, bütün ətraflarda hərəkət məhdudluğu) Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə əlillik dərəcəsinin gücləndirilməsi üçün 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2712003AAD8H nömrəli göndərişi (Əsas diaqnoz: proqressivləşən əzələ distrofiyası, yuvenil forma. Süst tetraplegiya. Hərəkətin və yerişin pozulmaları. Degenerativ miopiya, Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. Asteno-nevrotik sindrom) əsasında qiymətləndirilmə aparılmış və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Bildiririk ki, X3 18 yaşına qədər sağlamlıq imkanları məhdudluğu barədə “Əlillik” altsistemində məlumat aşkar edilmədi. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Qəbələ Rayon Mirzəbəyli kənd inzibati ərazi Nümayəndəliyində 2021-ci ilin mart ayınadək qeydiyyatda olan İddiaçı xx.xx.1986-cı il təvəllüdlü sağlamlıq imkanı məhdud olan övladı X6 yaşadığı evdə 8 yaşınadək tərbiyə etmişdir. xx.xx.2012-ci ildə verilmiş 004071 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1993-cü il təvəllüdlü X13 2012-ci ildə 268 nömrəli xüsusi təhsil məktəbində ümumi orta təhsili bitirmişdir. xx.xx.2004-cü ildə verilmiş 000895 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1986-cı il təvəllüdlü X7 2004-cü ildə Bakı şəhəri 170 saylı tam orta məktəbinin İX (köməkçi) sinifini bitirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 xx.xx.2022ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 xx.xx.2017ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş X4 məxsus 002271 saylı vəsiqənin surətindən görünür ki, X7 uşaqlıqdan ikinci qrup əlildir. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 225317 saylı X14 məxsus vəsiqənin surətindən görünür ki, X12 18 yaşadək xəstə uşaq, əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 382398 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X4 əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2002-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 514571 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X4 əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2004-cü ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 572698 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X4 əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2005-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 857480 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X4 əlilliyin səbəbi uşaqlıqdan olmaqla xx.xx.2006-cı ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-01 seriyalı, 068091 nömrəli arayışından görünür ki, 1986cı il təvəllüdlü X4 əlilliyin səbəbi uşaqlıqdan olmaqla müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının xx.xx.1964-cü il tarixdə doğulduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan - xx.xx.2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. 67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 67-ci maddəsinin 3-cü hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Həmin Qanunun 38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının qızı xx.xx.1993-cü il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışlarından görünür ki, iddiaçının digər qızı xx.xx.1986-cı il təvəllüdlü X2 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əlilliyin səbəbi uşaqlıqdan olmaqla ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Hər iki uşaq analarının (iddiaçının) himayəsində olmuş və iddiaçı hər iki uşağa qulluq etmişdir (İ dərəcə əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti). Kollegiya hesab edir ki, iddiaçının İ dərəcə əlilliyi olan qızı X8 (xx.xx.2017-xx.xx.2021 – 3 il 3 ay 26 gün) və digər qızı 18 yaşınadək sağlamlıq imkanları məhdud olan X4 (18 il) qulluq dövrü sığorta stajına daxil edilməlidir. Beləliklə, əmək kitabçasında qeyd olunan əmək stajı (3 il 11 ay), İ dərəcə əlilliyi olan şəxsə (3 il 3 ay 26 gün) və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti də (18 il) daxil olmaqla, iddiaçı pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 ildən çox staja malikdir. Kollegiya qeyd edir ki, iddiaçı 25 ildən çox sığorta stajına malik olduğundan və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan onun 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4396/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar