Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-538/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən, 25/1 saylı yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, həmin mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin 560 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olmaqla yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı yaşayış evi arxiv sənədlərinə görə xx.xx.1955ci ildə tikilmiş, 1998-ci ildən iddiaçıya məxsusdur. Yaşayış evi mənzil kimi xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınsa da, evinin yerləşdiyi torpaq (həyətyanı və tikintialtı) sahəsi dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmamışdır. İddiaçı dəfələrlə evinin həyətyanı və tikintialtı torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması barədə aidiyyəti üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, lakin hər dəfə bir bəhanə ilə imtina cavabı verilmiş, evin yerləşdiyi torpaq sahəsinə dair balanssaxlayıcı təşkilatdan icazə istənilmişdir. Bununla bağlı, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi, 25/1 saylı evin 0,56 ha həyətyanı sahəsinin özəlləşdirilməsinə AR Dövlət Neft Şirkətinin xx.xx.2008-cı il tarixli 22\MQ-1440Mİ nömrəli məktubu ilə razılıq verilmiş, həmir məktubu da idarəyə təqdim etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ünvan 2 1 və 2 saylı mənzillərin fərdi yaşayış evinə keçirilməsi və digər fərdi yaşayış evinə birləşdirilməsi və həmin mənzillərin yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı ********** nömrəli, xx.xx.2021- ci il tarixli ərizəsinə cavab olaraq **********35 nömrəl xx.xx.2021-ci il tarixli məktubla bildirilir ki, mənzillərin fərdi yaşayış evinə keçirilməsi və yerləşdikləri torpaq sahəsinin onun adına dövlət reyestrinə alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8-ci maddəsinə və AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların müvafiq sənədlər toplusu təqdim olunmalıdır. O, xx.xx.2021-ci ildə təkrarən cavabdeh inziabti orqana müraciət etdi. Cavabdeh xx.xx.2021-ci il tarixli **********97 saylı məktubla ərizəsini təmin etmədi, imtinaya əsas kimi qeyd etdi ki, istifadədə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Həmçinin, Mənzil Məclləsinin 35.1-ci maddəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1. 8.0.9. 8.0.10-cu maddələrinə istinad edilərək ərizəsi təmin edilməmişdir. Qeyd edir ki, hələ xx.xx.1955-ci ildə Bakı Soveti Bakplan yanında Şəhər Hesab İnventarizasiya Bürosu tərəfindən qeyd olunan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin planda yaşayış evinin və torpaq sahələrinin ölçüləri konkret qeyd edilmişdir. Həmin texniki pasport hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biridir. Bundan əlavə, eynilə onun kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/2 saylı yaşayış evi sonradan rəhbəri olduğunuz İdarə tərəfindən yaşayış ev kimi daşınmaz əmlakın dövlət reyestrində “ev 25B” kimi qeydiyyata alınmış, yeni qaydada Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsiev 79 kimi qeyd edilərək, texniki pasportda qeyd olunan 1110 kv.m torpaq sahəsindən 621,8 kv.m sahə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni, iki mənzilə dair 1110 kv.n torpaq sahəsinin 621,8 kv.m hissəsi artıq xx.xx.2020-cı ildə X2 adına özəlləşmiş, ona aid hissə isə sənədləşdirilmir. Bununla da, Xidmətin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ayrı-seçkiliyə məruz qalmış Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati İcraat haqqında” Qanunda nəzərdə tutulan bərabərlik, sosial ədalət və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixi Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyani sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyi götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüquqi yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanun istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hesab edir ki, qeyd olunan qanuna uyğun olaraq mülkiyyətində olan fərdi yaşayış evinin həyətyani (tikintialtı) torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlə qeydiyyatına alınmalı və vahid əmlak kimi dövlət reyestrindən çıxarış verilməlidir. Görünüyü kimi, dövlətimiz müvafiq qanunla yaşadığımız evlərin torpaq sahələrini əvəzsiz olaraq mülkiyyətimizə verdiyi, habelə torpaq sahəsi ilə bağlı sənədlər mövcud olduğu halda, 1 saylı Bakı Ərazi İdarəsi əsassız olaraq imtina cavabları verir və hüquqların kobud pozuntusu ilə nəticələn hərəkətlər edirlər. 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri də yaşayış evinə dəfələrlə baxış keçirdib, ona məxsus daşınmaz əmlakın 1 yaşayış evindən ibarət olmaqla, fərdi yaşayış evi olduğunu müəyyən ediblər. Bu yaşayış evi bir talvar altında deyil və ya hansısa digər şəxsir paylı mülkiyyətində deyil. Daşınmaz əmlakın dövlət reyestri xidməti səhvən yaşayış evini mənzil kimi qeydiyyata almışdır kı, bu hal onun deyil, həmin təşkilatın səhvidir. Yəni, bu yaşayış evinin nə ümumi pilləkən meydançası, texniki mərtəbəsi, birdən artıq sahəyə xidmət edən texniki zirzəmisi, nədəki mühəndis qurğusu mövcuddur. Daha sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyatı alınır. 13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsindi yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olar sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Həmin halların heç birisi hazırki iş üzrə müəyyən edilməmiş, cavabdehin məktublarında imtinaya əsas olan hallar əsaslandırılmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etirazda qeyd edilmişdir ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya imtina cavabı ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, həmin mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin yerləşdiyi 560 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində xüsusi mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan imtina onunla əsaslandırılmışdır ki, sənədləri təqdim edilmiş əmlaklar daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilləri fərdi yaşayış evinə keçirilməsi və yerləşdikləri torpaq sahəsinin sizin adınıza dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır. Həmçinin istifadənizdə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançalar, piiləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya, xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 142412 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25 nömrəli yaşayış evinin 1 saylı mənzili, İddiaçı adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir. - Bakplan yanında Şəhər hesab-inventarizasiya bürosu tərəfindən xx.xx.1955-ci ildə tərtib olunmuş plana əlavə eskplikasiyasına əsasən ünvan 4 saylı fərdi yaşayış evi 1925-ci ildə tikilməklə 1 mərtəbədən və 122,60 kv.m sahədən ibarətdir. Həmin yaşayış evinin tikinti sahəsi 122,60 kv.m, tikintisiz hissəsi isə 987,4 kv.m olmaqla, cəmi 1110 kv.m təşkil edir. - Eskiz layihəsinə əsasən ünvan 4 ünvanda 2 mərtəbəli yaşayış evinin eskiz layihəsi «Layihə və Dizayn» mərkəzi tərəfindən tərtib olunmuşdur. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ünvan 4 ünvanda İddiaçı tərəfindən inşa ediləcək yaşayış evinin «Layihə və Dizayn» mərkəzi tərəfindən tərtib edilmiş eskiz lahiyəsinin təsdiq edilməsi Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı evin 0,56 ha həyətyanı sahəsinin özəlləşdirilməsinə AR Dövlət Neft Şirkətinin xx.xx.2008-ci il tarixli 22\MQ-1440Mİ nömrəli məktubu ilə razılıq verilmişdir. - ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********8 qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 25, 2 saylı mənzilə xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;.. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı yaşayış evinin yerləşdiyi 560 kv.m torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, Bakı Soveti Bakplan yanında Şəhər Hesab-İnventarizasiya Bürosu tərəfindən xx.xx.1955-ci ildə qeyd olunan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin planda yaşayış evinin və torpaq sahələrinin ölçüləri konkret qeyd edilmişdir. Həmin texniki pasport hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biridir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, iddiaçının mülkiyyətində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sözügedən sənədlərin - hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasını istisna edən faktiki şərtləri sübuta yetirmədiyini, iş üzrə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar olmadan iddiaçının müraciətindən imtina etdiyini, qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu nəzərə alaraq iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 227.1 Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı ilə bərabər qonşu olan və 2 saylı mənzil kimi qeydə alınmış mənzil mülkiyyətçisinin müraciəti əsasında xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş edərək, 42,7 kv.m olan 2 saylı mənzili Mədəniyyət küçəsi, 25B saylı fərdi yaşayış evi kimi, altındakı ümumi 1110 kv.m torpaq sahəsinin 621 kv.m hissəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-538/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-538/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver