Məhkəmə qərarları › İş №2-1(103)-539/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-539/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-539/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5296/2020 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5296/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim N.Abıyev). Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Xidmətin İQ-75/2 saylı xx.xx.2020ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi, onun xx xxxxxx 2020-ci il tarixli vəsatətini təmin edərək, onaqaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İran İslam Respublikası vətəndaşı və etnik olaraq fars, dini mənsubiyyətinə görə xristian protestantdır. xx.xx.1987- ci ildə İran İslam Respublikasının Tehran şəhərinin Şimran məntəqəsində anadan olub. 2002-ci ildə orta məktəbi bitirmiş, həmin ildə Şəhid Gofli adına peşə məktəbində memarlıq ixtisasına qəbul olmuş 2004-cü ildə oranı bitirmişdir. 2004-2007-ci illərdə X4 Səma adlı universitetdə memarlıq ixtisası üzrə təsil almışdır. 2011 -2019-cu illərdə əmlak alqı-satqısı ilə məşğul olmuşdur. 2010-cu ildə ailə qurmuş, bu evliliyindən bir oğlu olmuşdur. 2019-cu ildə boşanmış, oğlu onunla qalmışdır. Müsəlman şiə olaraq doğulsa da 2017-ci ildə Araş adlı iranlı vasitəsi ilə xristian dini haqqında məlumat almış, həmin ilin iyul ayında Ermənistan Respublikasına gedərək xaç suyuna salınaraq xristian dinini qəbul etmişdir. Dinini dəyişdikdən sonra mütəmadi olaraq Araşın evində toplaşıb dini mövzuda söhbətlər etmişdirlər. Sonuncu dəfə xx.xx.2019-cu ildə toplaşdıqları məkana təhlükəsizlik orqanlarının basqın edərək Araşı və bir neçə şəxsi naməlum istiqamətdə aparmışdırlar. O isə qaçaraq bir neçə gün Tehrandakı bacısı gilə getmişdir. Bir neçə gün sonra təhlükəsizlik orqanları bacısıgilə zəng edərək onu axtardıqlarını bildirmişdirlər. Bundan sonra İranda yaşamaqdan ehtiyyat etmiş, qalacağı təqdirdə dinini dəyişdiyi üçün edam ediləcəyindən qorxaraq xx.xx.2019-cu ildə İran İslam Respublikasını tərk edərək Azərbaycan Respubliksına gəlmişdir. xx xxxxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 19-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparıb. İddiaçı bildirib ki, dinini dəyişdiyi üçün dövlət orqanları tərəfindən təqib olunur və edam ediləcəyindən qorxduğu üçün İrana geri qayıtmaq istəmir. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 136 saylı xx.xx.2020-ci il tarixli qərar inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi sözlərlə) əsaslandırıb. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin İQ-75/2 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya və oğlu R.Madahazadmanjiriyə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. X1 Mohammadali xx.xx.1987-ci ildə İran İslam Respublikasının Tehran şəhəri, Şimran məntəqəsində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. X1 Mohammadali xx.xx.2020-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-cu il tarixli İQ-75/2 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, Xidmət tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından Xidmət tərəfindən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanı verilməsinə əsas kimi aşağıdakılar qeyd olunmuşdur: İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. Göründüyü kimi, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. Qaçqın statusunun verilməsi haqqında məsələlər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu və “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, X2 Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlillərini qəbul etmir, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5296/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar