Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-539/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Sabunçu rayon İcra Hakimiyyəti) qarşı «torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4629/2021 saylı 10.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı İnzibati məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 10 saylı, 08.10.1997-ci il tarixli qərarı ilə ünvan ünvanda yerləşən fərdi yaşayış evinin tikilməsi üçün ona ayırılmış 300 kv.m torpaq torpaq sahəsininin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş vərəqi 61; 74-76) İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 10 saylı, 08.10.1997-ci il tarixli Qərarı ilə ünvan ünvanda fərdi yaşayış evinin tikilməsi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. O, ərizə ilə cavabdehə müraciət edərək, həmin torpaq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh əsassız olaraq ərizənin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 25.02.2021-ci il tarixli imtina məktubunda imtinanın əsası kimi qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Torpaq sahəsi qəsəbə nümayəndəliyi tərəfindən ayrılıb və qəsəbə üzrə nümayəndəliyin fərdi yaşayış evinin inşası məqsədi ilə torpaq sahəsinin mülkiyyətə verilməsi səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmayıb. Bununla yanaşı texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ərizənizin icrası mümkün olmamışdır. Bu baxımdan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci və 15-ci maddələrinin tələblərinə əsasın iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazında eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4629/2021 saylı 10.09.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərarı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə düzgün hüquqi nəticəyə gəlməmiş, əsassız qərar qəbul etmişdir. Belə ki, “Daşınmaz əmlkın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların iqeydə alınmasının qanuni əsasları, 15-ci maddəsində isə daşınmaz əmlak üzrə hüquqların hüquqların qeydiyyata alınmasından imtinanın konkret əsasları nəzərədə tutulmuşdur. Əsaslardan yalnız biri mövcud olarsa, o zaman hüquqların dövlət qeydiyyatına alınmasıdan imtina edilə bilər. Cavabdehin imtinasında göstərilən hallar “Qanunun 15-ci maddəsində ənəzərədə tutulmamışdır. Beləliklə də cavabdehin imtina məktubunda göstərdiyi hallar qanunsuz və əsassızdır. İPMin 34.1, 58.1, 58.7 və 68.1-68.2 və MPM-in 385.1.2 və 386-387-ci maddələrinə istinadən iddiaçı hesab edir ki, şikayəti təmin olunmalı, birinci instansya məhekəməsinin qərarı ləğv edilməli onun iddiası təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Ş.Abduləzizli arpellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəmə kollegiyasının 13.01.2022-ci il tarixində keçirilən iclasında iştirak edən nümayəndəsi N.Rzazadə icra nümayəndəliyinin torpaqayırma səlahiyyətinin olmadığını bildirərək, iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etimişdir. Hazırkı məhkəmə iclası barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 08.10.1997-ci il tarixli 10 nömrəli qərarı(çıxarış) ilə iddiaçıya Zabrat-Maştağa şossesinin sağ kənarı sahə “215A” ünvanında fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri, o cümlədən, 08.10.1997-ci il tarixli, 10 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Eyni zamanda, məhkəmənin müvafiq sorğusuna üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 14.06.2021-ci il tarixli cavab məktubunda da bildirilmişdir ki, Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin qeyd olunan qərarı nümayəndəliyin arxivində mövcud deyildir. Bundan başqa, cavabdeh tərəfin işə əlavə olunmuş 07.05.2021-ci il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən olunur ki, aktda göstərilən koordinatlara malik, sahəsi 310,0 kv.m olan torpaq sahəsi “Maştağa Tərəvəzçilik-Südçülük Sovxozun ərazisində, sovxozun ayrıc aktı daxilində yerləşir. Hər bir halda, Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarı ilə İddiaçı torpaq sahəsi ayrılarkən qüvvədə olmuş torpaq qanunvericiliyinə, o cümədən: 27 fevral 2001-ci il tarixə qədər qüvvədə olmuş 9 noyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi 08.10.1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı Zabrat-Maştağa şossesinin sağ kənarı sahə “215A” ünvanında 300 kv.m torpaq sahəsi ayırmaq üçün qanunla müəyyən edilən səlahiyyətə malik olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbindən isə görünür ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar - daşınmaz əmlakın üzərində hüququn əmələ gəlməsi üçün əsasdır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda rayon icra hakimiyyətlərinin qəsəbə üzrə nümayəndəliklərinin torpaqayırma haqqında qərarları da nəzərdə tutulmamışdır. Qeyd edilən Qanunun 8.0.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər - daşınmaz əmlakın üzərində hüququn əmələ gəlməsi üçün əsas sayılır. Qanun sadalanan tələbləri onu deməyə əsas verir ki, iddiaçının Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 08.10.1997-ci il tarixli 10 nömrəli qərarı iddiaçının Zabrat-Maştağa şossesinin sağ kənarı sahə “215A” ünvanında 300 kv.m torpaq sahəsinə hüququnun dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun deyildir. Beləliklə də iddiaçının həmin torpaq sahəsinə olan hüququ bu qanuna əsasən dövlət qeydiyyatına alınması üçün əsaslar mövcud deyil. Qeyd olunan Qanunun 11.1-ci maddəsi isə tələb edir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qanunvericiliyin sözügedən tələbləri onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina olunması sonunucunun qanunla üzərinə düşən öhdəliyidir. Belə olan halda həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymtləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o hallarda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Uzun illər həmin torpaq sahəsinin iddiaçının sahibliyində mövcud olması və faktiki olaraq ondan istifadə etməsinə və onun mülkiyyət hüququnun qeydə alınmasına ümidlənən gəzləntisinə gəldikdə isə, birinci instansiya məhkəməsinin bu sarıdan Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarına əsaslanaran mövqeyi ilə razılaşır. Belə ki, “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Konkret halda isə mübahisəli torpaq sahəsinin iddiaçınının istifadəsinə verilməsinin hüquqi normaya uyğun olaraq verildiyi müəyyən olunmadığından, onun qanuni istifadəsində sayılması istisna olunur. Beləliklə də məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, düzgün nəticəyə gəlmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4629/2021 saylı 10.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4629/2021 saylı 10.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-539/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-539/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver